Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Saatlı və Sabirabadda müəllimlərin maaş problemi


Arxiv foto
Arxiv foto
Saatlı və Sabirabad rayonlarında müəllimlər maaş problemi ilə üzləşib. Ötən ayın maaşını ala bilməyən müəllimlərə həm də xəbərdarlıq edilib ki, onlara 2 «okladdan» -yəni 24 saatdan artıq dedikləri dərsin pulu verilməyəcək. Elə bu xəbərdarlıqdan sonra Saatlı rayonun Qara Nuru kənd orta məktəbinin müəllimləri fevralın 15-də aksiya keçirəcəklərini bəyan etmişdilər. Amma son anda məktəbin direktoru müəllimlərə söz verib ki, problem yaxın vaxtlarda həllini tapacaq.
Qara Nuru kənd tam orta məktəbin müəllimi Qabil Aslanovun AzadlıqRadiosuna dediyinə görə, onlara bu barədə fevralın 13-də xəbərdarlıq ediblər:
«Biz 30, 32 və 36 saat dərs demişik. Fevral ayının 13-də isə bizə dedilər ki, yanvarın maaşı 24 saatla veriləcək. Biz də qərara aldıq ki, bu məsələyə etiraz olaraq dərslərə girməyək və yuxarıdan nümayəndə gəlsin bu məsələyə aydınlıq gətirsin».
«MÜƏLLİMLƏR AKSİYANI ONA GÖRƏ TƏXİRƏ SALDI Kİ...»
Qabil Aslanov deyir ki, son anda onları fikirlərindən məktəbin direktoru daşındırıb:
«Direktor söz verdi, and-aman elədi ki, maaşlarınızı alacaqsınız. Hələ də yanvarın maaşını almamışıq. O da bilinmir 24 saatla alacağıq, yoxsa nə qədər dərs demişik onu. Mən 36 saat dərs demişəm, yanvara qədər də pulumu tam almışam. İndi necə olacaq, bəs mənim dediyim artıq 12 saatın pulu hara gedəcək?»
Saatlı rayon təhsil şöbəsinin müdir köməkçisi Xəyal Zeynalov məsələni təsdiqləyir. Və deyir ki, müəllimlərə yalnız 24 saatın pulu veriləcək:
«Maliyyə Nazirliyi qərarı bizə göndərib. Maliyyə şöbəsi bizə deyir ki, 24 saatdan artıq 1 saat da heç kimə dərs verilə bilməz. Biz də bilmirik bu nə məsələdir. Bu baxımdan müəllimlərin artıq dediyi dərsin pulu verilməyəcək».
Qaldı ki, müəllimlərin yanvar maaşına, rayon maliyyə şöbəsindən deyirlər ki, artıq pullar hesablara köçürülüb.
RAYONLARIN GƏNC MÜƏLLİM SİYASƏTİNİN YARATDIĞI PROBLEM
Nazirlər Kabinetinin 2010-cu il 10 noyabr tarixli sərəncamı ilə orta məktəblərdə müəllimlərin həftəlik dərs yükü 24 saat müəyyənləşib. Təhsil naziri də bununla bağlı ötən ilin fevralında əmr verib.
Saatlı rayon Novruzlu kənd orta məktəbin müəllimi Əlisa Həsənov deyir ki, əslində bu, gənc müəllim kadrlarının işlə təminatına hesablanmış bir addım olsa da hələki məsələ özünü doğrultmayıb. Onun sözlərinə görə, indi kənd məktəblərində müəllim qıtlığı yarandığından direktorlar məcbur olub 24 saatdan artıq dərs yükünü digər müəllimlər arasında bölüşdürüb:
«Müəllim 24 saatdan artıq dediyi dərsin pulunu niyə almamalıdır ki? Əgər belə bir məsələ var idisə onda niyə sentyabr ayında dərs bölgüsü aparılanda bunu demədilər. Onda biz bilərdik və 24 saatdan artıq dərsin pulunu ala bilməyəcəkdiksə, heç o dərsi deməzdik».
MALİYYƏ VƏ TƏHSİL NAZİRLİKLƏRİNİN FƏRQLİ MÖVQEYİ
İndi Maliyyə Nazirliyi maaşların köçürülməsi bağlı məsələdə Nazirlər Kabinetinin sərəncamını və Təhsil Nazirinin verdiyi əmri əsas götürür.
Amma Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə deyir ki, müəllim nə qədər dərs deyibsə, dediyi dərsin də pulunu tam almalıdır. O, hesab edir ki, bu məsələnin araşdırılmasına ehtiyac var:
«Əgər müəllim dərs deyibsə, onun tam maaşı verilməlidir. Əgər müəllimin əməkhaqqını ödəmək mümkün deyildisə, artıq dərs saatı müəllimə niyə verilirdi? Dərs yükünün 24 saat olması ilə bağlı nazirin əmri olub, onun bu məsələyə aidiyyatı yoxdur. Hansısa anlaşılmazlıq var, bu aradan qaldırılmalıdır».
Müəllimlərin maaşlarının gecikdirilməsinə gəldikdə, Bayram Hüseynzadə deyir ki, rayon məktəblərinin maliyyəsi icra hakimiyyətlərindən asılı olduğundan Təhsil Nazirliyi məsələlərinə qarışa bilmir.
XS
SM
MD
LG