Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:32

Bakıdakı incəsənət festivalı 21 həftə davam edəcək


Bakıda "012 Bakı public art festival” keçiriləcək.

Trend Agentliyinin yaydığı xəbərə görə, incəsənət festivalı böyük bir dövrü--fevralın 25-dən sentyabrın 1-dək olan müddəti əhatə edəcək.

Festival Azərbaycan incəsənətinin inkişafı və təbliği məqsədi ilə yaradılan “YARAT” təşkilatının ikinci tədbiridir.

Festivalın sponsorları “Bank Respublika” və “Azərcell Telekom” dur.

Festivalda 21 rəssam—həm tanınmış, həm də yenicə sənət həyatına başlayan rəssamlar iştirak edəcək. Onlar Bakının tarixi yerlərinin rəsmini çəkəcəklər.
Xəbərdə rəssamların artıq bu yerlərin tarixini öyrəndikləri vurğulanır.

Açılış “Üns” Yaradıcılıq səhnəsində baş tutacaq. Layihənin ideyası, konsepsiyası, toplanmış fotoşəkillər, qeydlər, eskizlər fevralın 25-dən martın 1-dək tamaşaçılara göstəriləcək.

Martın 9-dan başlayan layihə 21 həftə davam edəcək.

Rəssamlar hər cümə günü növbə ilə əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Şəhər sakinləri hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirə biləcək.
Rəssamlar əsərlərini açıq məkanda təqdim etməklə qalereyaların və muzeylərin yaratdığı məhdudiyyətlərdən azad olacaqlar.

Festival dövründə sənədli film də çəkiləcək. Gənc kinorejissor Rüfət Həsənov festival iştirakçıları ilə ünsiyyətdə olacaq, layihənin inkişafını izləyəcək və hər həftə təqdim olunacaq əsərlərin tamaşaçılarla görüşünü lentə alacaq. Sənədli film festivalın sonunda—bağlanış mərasimində göstəriləcək.

“YARAT” təşkilatının qurucusu Aida Mahmudovadır. Təşkilatın ilk sərgisi ötən ilin oktyabrında “Ön Söz” adı ilə keçirilib.

Aida Mahmudova 14 yaşından Londonda təhsil alıb, daha sonra məşhur Central Saint Martins İncəsənət və Dizayn Kollecində oxuyub.

Mediaya açıqlamasında o “dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakıda” belə bir festivalın açılacağına sevindiyini bildirib.
XS
SM
MD
LG