Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:51

İlqar Fəhmidən yeni hekayə: "Atvyorka söhbəti"


Mən bu hekayəni klassik qaydada başlasaydım, gərək əvvəl təbiət təsvirini verərdim.

Amma bunu bunları eləməyə məndə nə həvəs, nə də istedad var.

Zəhləm gedir təbiətdən də, onun təsvirindən də. Ona görə də, bu vaxtacan Bakıdan kənara çıxmamışam.

Lakin əgər sən, əziz oxucu, qədim ədəbi ənənələrə sadiq adamsansa və hekayənin əvəllində təbiət təsvirinə əşhəddü-ehtiyac hiss edirsənsə, onda zəhmət çək, başını pəncərədən bayıra çıxart və təbiətin hansı vəziyyətini görürsənsə, hesab elə ki, mən də hekayəmin əvvəlində həmin şeyi təsvir edirəm.

Məncə bu sənə o qədər də çətin olmaz. Babam demişkən, üzüyünün qaşı düşməz.

Təbiət təsvirini yola verəndən sonra mən yenə də qədim ənənələrə uyğun olaraq baş qəhrəmanımı təsvir etməliyəm, amma bu saat balıq ləvəngisi yeyib gəlib oturmuşam kompyuterin arxasında, yeməkdən sonra hamı kimi mən də ağırlaşmışam, ona görə baş qəhrəmanımı da təsvir eləməyə halım olmayacaq.

Amma yox, belə olmaz, az da olsa təsvir eləməliyəm. Adı Minaxanımdı, 30 dənə böyük yaşı var, 3 dənə də balaca uşağı. On ildi ki ərə gedib, Abşeronun ucqar kəndlərindən birindəki ata evini Vağzalı sədaları altında tərk edərək, şəhərin köhnə məhəllələrindən birinə gəlin köçüb, o vaxtdan ailəsiylə birgə burda yaşayır. Başı aşağı, isməti yuxarı bir qadındı.

Qapalı kənd mühitindən çıxdığına görə, zamanənin qlobal küləkləri onun ruhuna o qədər də toxunmayıb, yəni əvvəl Braziliya, sonra Türk seriallarına baxsa da, internetdən-çatdan hələ çox da xəbəri yoxdu, adlarını indi-indi eşidir, Facebookda səhifə açmayıb, Odnaklassnikdə şəkil yerləşdirməyib. Mobil telefonun dilini də təzəlikcə öyrənib. Onu da tam yox. Belə desək, Minaxanım iyirmi birinci əsrdə yaşasa da, bir ayağı hələ də iyirminin axırlarındadı.

O ki qaldı zahiri görkəminə, yenə də, əziz oxucu, səndən xahiş edirəm ki, məni bu ağır yükdən də qurtarasan, eləcə başını çevirib ətrafına baxasan, gözünə sataşan qadınların içində yaşı Minaxanımın yaşına uyğun gələn istənilən birini tapasan və Minaxanımı həmin qadının görkəmində təsəvvür edəsən. Əlbəttə əgər sən kişi türməsində deyilsənsə.

Yox, türmədəsənsə, onda gərək xəyalını işə salasan, azadlıqda bəyəndiyin bir qadını xəyalən gətirib qoyasan Minaxanımın yerinə. (Məbadə arvad yerinə, türmədəki «duniçka»lardan birini təsəvvür edəsən. Atamın qəbriyçün inciyərəm səndən. Elə şey eləmə, ayıbdı)

Beləcə, təbiətin və baş qəhrəmanın təsvirindən qurtarıb keçdik əsas hissəyə yəni, Minaxanımın yuxusuna.

Əslində hekayəni yuxuyla başlamaq da, elə qədimfason bir şeydi. Ancaq o qədər də qədim yox, belə demək olarsa, yarımqədim ənənədi, 30-40 il əvvəl yaranıb. O vaxt demək olar ki bütün hekayələr, romanlar məhz bu cür başlayırdı: filankəs yuxuda görürdü ki siqaretin belində Kislavodskiyə uçur, özü də göydə az qalır Moskva- Yesentuki reysiylə hərəkət edən Tu-134 təyyarəsiylə toqquşsun; filankəs görürdü ki, öz ayaq barmaqlarıyla şahmat oynayır, özü də sol ayağının baş barmağı nədənsə Qari Kasparova yaman oxşayır; filankəs də görürdü ki, ilan cildinə girmiş atası boğazına dolanıb boğur onu, özü də düz Rayon partiya komitəsinin qabağında…

Hər nədisə, mən bu hekayəyə Minaxanımın yuxusuyla da başlamazdım, əgər atvyorka söhbəti olmasaydı.

Minaxanımın yuxuda atvyorka görməyində qeyri-adi heç nə olmazdı, əgər o, yuxuda atvyorka ustası olmasaydı.

Minaxanımın yuxuda özünü atvyorka ustası hesab eləməyində də qeyri-adi heç nə olmazdı, əgər dünyavü-aləmdə belə bir sənət olsaydı.

Dünyavü-aləmdə belə bir sənətin olmağında da qeyri adi heç nə olmazdı, əgər Minaxanım urus dilini bilsəydi. (Uzatdım ey, deyəsən.)

Minaxanım rus dilini bilmədiyinə görə atvyorka sözünün mənasından da xəbərsiz idi. Lakin buna baxmayaraq, yuxuda görürdü ki, yarıqaranlıq bir emalatxananın qəbul məntəqəsində oturub, başının üstündəki lövhədə də yazılıb: «Bütün şəhər üzrə düzəlməyən atvyortkaların təminatlı təmiri. Usta Minaxanım.»

Yuxuda başının üstündəki bu lövhəyə baxdıqca, Minaxanım beynini qurdalayaraq yadına salmağa çalışırdı ki, görəsən, bu sözün mənası nədir? Sözü əri Mamedin dilindən çox eşitmişdi, bilirdi ki, evdəki alətlərdən biridi. Amma hansıydı, bunu heç cür xatırlaya bilmirdi. Bunu heç cür xatırlaya bilmədiyinə görə də içində ilanabənzər bir qorxu dolaşırdı, sümüklərinin arasında burulurdu, oynaqlarını sıxırdı. Minaxanım qorxurdu ki, bu saat bir pəzəvəng kişi xaylağı girər içəri və xarab olan bir atvyorkanı onun qabağına qoyub deyər ki, buyur görüm, düzəlt bunu. Və Minaxanım qalar gözlərini döyə-döyə.

Minaxanım da qorxurdu kişilərdən. Bircə əri Məmmədağadan başqa. Ondan qorxmurdu, anasının tapşırığına uyğun olaraq, əvvəldən cəld tərpənib Mamedin gözünün odunu almışdı, əvəzində, ona üç dənə oğul vermişdi. Daha doğrusu, oğlan uşağı. Böyüyüb nə dərəcədə oğul olacaqdılar, bunu Allahdan başqa heç kim bilmirdi. Çox yox, elə atalarına oxşasınlar, bəsdi, artığı təpələrinə dəysin, Minaxanım həmişə fikirləşirdi. Düzdü, əri Mamed də dağı dağ üstə qoyan Rüstəm-Zal deyildi. Dostları demişkən, elə «Mamedik»di də. Balaca bir rəssamdı, böyük bir teatrda işləyirdi, işi gücü də bütün günü yekə-yekə pərdələrin, dekorasiyaların üstündə cürbəcür şəkillər çəkmək idi. Hərdən onu teatra da aparanda, aktyorların dalındakı şəkilləri Minaxanıma göstərib fəxrlə deyirdi ki bax, bunu mən çəkmişəm, onu mən rəngləmişəm və sair və ilaxır.
Amma Minaxanım görməmiş qadın deyildi, ər deyilən dəryadan elə bircə Mamed kimi balığın ona nəsib olması kifayət edirdi, artığını heç ağlına da gətirmirdi, əgər bu atvyorka söhbəti olmasaydı.


Minaxanım yuxudan oyanıb pəncərədən bayıra baxanda əvvəlcə diksindi. Çünki günəş şüşəbəndin əks tərəfində idi. Amma sonra yadına düşdü ki, səhər deyil, axşamçağıdır, uşaqları küçənin başındakı İnternet-klubda futbol oynayırdılar, ona görə də evdə sakitlik idi, o da, elə divanda oturduğu yerdə mürgüləmişdi.

Durub əl-üzünü yuyandan sonra Minaxanım yenə yuxusunu xatırladı, yenə də o məşum emalatxana və qapının girəcəyindəki yekə lövhə gəlib durdu gözünün qabağında – «Atvyorkaların təminatlı təmiri»

Yenə canını vahimə basdı, fikirləşdi ki, tutalım bu zibil atvyorkanı birtəhər təmir eləyib düzəltdim, mən hardan təminat verə bilərəm ki, təzədən xarab olmayacaq?

Ağlına nə gəldisə, gedib rəfdən yuxuyozmalar kitabını götürdü, amma birinci bölümün lazımi yerində yalnız at, ata, atraksion, atmosfer, atlas sözləri vardı. Atvyorka yox idi.
Minaxanım kitabı büküb rəfə qoyandan sonra bir az toxdadı, fikirləşdi ki, əgər yuxuda atvyorkayla bağlı nəsə görmək qorxulu bir şey olsaydı, mütləq bu kitabda yazardılar, yazmayıblarsa, deməli, elə də əhəmiyyətli şey deyil.

Lakin hər ehtimala qarşı kurtkasını çiyninə atıb bayıra çıxdı ki, aşağı düşüb qonşu Sveta xala ilə də məsləhətləşsin. Hər nədisə, arvad neçə ildi Polis idarəsində mühasib işləyirdi, yəqin ki belə şeylərdən də başı çıxardı.

Çünki, özü həmişə deyirdi, bizim idarədə elə hadisələrlə rastlaşırsan ki, gecə adamın yuxusuna girsə, qorxudan ağzı əyilər. Deməli, Sveta xalanın da yuxu məsələlərində təcrübəsi olmamış deyildi.

Minaxanım bayıra çıxanda havanın soyuğundan sifəti üşüdü. Külək yox idi, amma fevral soyuğu elə bil adamın dərisini qaşıyırdı.

Kurktasının orta düyməsini bağlayıb pilləkənlə həyətə düşəndə, fikirli olduğundan necə oldusa, ayağının altına fikir vermədi, hələ buzu təmizlənməmiş pilləkəndə ayağı sürüşdü, pəncəsi aşağı pillənin əyri taxtasının arasına girdi, altdakı mismar baldırını çızıb dağıtdı.

Ağrıdan Minaxanımın az qala beyni dağılsa da, səsi çıxmadı, elə bil boğazı da qəfildən qupquru oldu, eləcə «immm» eləyib pilləkənin üstündə oturdu, ufuldayaraq birtəhər ayağını pilləkənin arasından çıxartdı və qeyri-ixtiyari deyinməyə başladı ki, zibilə qalsın bu pilləkən, hər dəfə Mamedə deyirəm düzəlt bu zibili, deyir sabah atvyorkayla bərkidərəm….

Elə bu vaxt Minaxanımın sanki beyni açıldı, atvyorkanın hansı alət olduğunu xatırladı, lakin ayağındakı ağrı şiddətləndiyinə görə bu barədə düşünməyi sonraya saxladı. Yuxarı qalxmağa taqətinin çatmayacağını anladığından, ağrıdan yaşarmış gözlərini də silmədən aşağı düşdü, pilləkənin altındakı otağın qapısına söykənib dişlərini sıxaraq inildəməyə başladı.

Pilləkənin qabağındakı bu iri, ancaq işıqsız otağı Mamed özüyçün emalatxana eləmişdi. İçəri cürbəcür taxta çərçivələrlə, şəkillərlə, rəngli əskilərlə dolu idi. Otaqdan həmişə elə qatı spirt və yağ iyi gəlirdi ki, Minaxanım bura girə bilmirdi, başını içəri soxan kimi ürəyi bulanırdı. Hətta qapısının ağzından da keçəndə burnunu tuturdu, lakin dözürdü, başa düşürdü ki külfətin çörəyi bu yağlı boyalardan, bu cırım-cındır parçalardan, bu spirt iyindən çıxır.

İndi də başını emalatxananın qapısına söykədəndə burnuna hücum edən yağlı boya iyindən ürəyi bulandı, lakin ayağının ağrısı elə şiddətliydi ki, tərpənə bilmədi. Hətta əyilib baldırına baxmağa da qorxdu, elə bildi ki, yaranı görsə, halı bir az da pisləşəcək.
Mamed içəridəydi. Bayaq, ikilik taxtaya oxşayan o arıq köməkçisiylə gəlmişdilər, teatrda hansısa tamaşa üçün eskizlər hazırlayırdılar. Minaxanım əvvəl qapını döyməyə cəsarət eləmədi. Məmmədağa iş görəndə onu narahat eləməyi qəti qadağan eləmişdi, həmişə deyirdi ki, hesab edin, teatrdayam, heç evdə deyiləm. Və Minaxanım yeganə hal idi ki, bu məsələdə ərinə güzəştə getmişdi, çünki ortada külfətin çörək pulu məsələsi vardı.

Ərinin köməyinə ehtiyacı olsa da, yenə bir müddət tərəddüd elədi Minaxanım. Həm də Mamedin bu nərmənazik köməkçisiylə üz-üzə gəlmək istəmirdi. Zəhləsi gedirdi əzilib büzülən oğlanlardan, televizorda elələrini görəndə əsəbləşirdi, amma lağa qoymağa qorxurdu, hər dəfə onların dalıyca nəsə danışmaq istəyəndə, yadına düşürdü ki evinin içində üç dənə oğlan uşağı böyüyür, allah eləməsin, biri gedib onlara oxşayar… Sonrasını təsəvvür eləməyə Minaxanım qorxurdu, qulaqlarını çəkib fikrini yayındırırdı.
İndi də fikirləşdi ki, o nərmənazik oğlanla üzbəüz gəlib təzədən dilxor olmaqdansa, birtəhər yuxarı dırmaşsa yaxşıdı. Evdə yod da var, bint də.

Amma gördü ki hələ qalxmağa heyi yoxdu. Ağrı elə bil hörmüçək toru kimi getdikcə bütün baldırını qucaqlayırdı. Onunçün də başını qapıya söykənib nəfəsini dərməyə çalışdı. Televizorda hansısa verilişdə eşitmişdi ki, tez-tez dərindən nəfəs alıb verəndə, adamın ağrı hissi keyiyir.

Elə də elədi, başını emalatxananın taxta qapısına söykədərək, gücünü toplayıb dərindən nəfəs almağa başladı. Amma bu vaxt emalatxananın qapısının azca aralanmış taxtalarının arasından içərini gördü…

Qapının taxtaları çox az aralanmışdı, arasına olsa olsa bir kibrit çöpü soxmaq olardı, ondan qalın heç nə yerləşməzdi, ancaq bu kiçik çat da kifayət elədi ki…


… ayağının ağrısı, xırp, kəsdi. Minaxanım hətta xırp səsini də çox aydın eşitdi. Sözün axırındakı “P” hərfi elə bil ayağındakı bütün ağrını hopp eləyib uddu. Amma Minaxanım «xırp» səsindən fərqli olaraq «hopp» səsini eşitmədi, çünki hiss elədi ki qulaqları tutulub.

Dünya başına fırlandı Minaxanımın. Əvvəlcə saat əqrəbi istiqamətində, sonra da tərsinə.
Gözlərini yumub açandan sonra cəsarətini toplayıb başını yenə qapıya söykətdi, taxtaların arasından bir də içəri baxdı. Şübhə yox idi. Gözləri onu aldatmırdı… Əri Mamed emalatxanadakı köhnə divanın üstündə oturub öz arıq, nərmənazik köməkçisiylə dodaq-dodağa öpüşürdü.

Təbii ki əvvəl gördüyünə inanmadı. Atalar üçdən deyib, məsəlini fikrinə gətirərək, qeyri-ixtiyari yenə gözlərini yumdu. Ürəyində fikirləşdi ki, bəlkə ağrının təsirindən gözləri onu aldadır. Bir neçə saniyədən sonra gözlərini açıb yenə içəri diqqət elədi. Bu dəfə oğlan Mamedin bədənindəki yeganə tüksüz yer olan boğazını öpməklə məşğul idi.


… Hardansa qatar səsi eşitdi. Elə bil iri bir paravoz uğuldaya-uğuldaya onların həyətinə yaxınlaşırdı və bu ikimərtəbəli balaca həyət evini qabağına qatıb aparıb bir baş dənizə atmaq istəyirdi. Minaxanım gördü ki, ayaq üstə dayanmağa daha taqəti yoxdu. Pilləkənin üstünə oturub başını məhəccərə söykətdi və hiss elədi ki, beyni qaynar qazanına dönüb. Xırda düşbərələr kimi bükülmüş fikirlər, xəyallar qaynar beyninin suyunda pıqhapıqla qaynamağa başlayırlar.

Minaxanımın on il əvvəl Mamedi ilk dəfə görməyini xatırladı. Bacısıyla birlikdə Məsmə xalaqızının toyundan çıxanda görmüşdü ki, əmisi nəvəsi Ağasadıq bir nəfər yad oğlanla qucaqlaşıb yellənə-yellənə harasa gedirlər, hər ikisindən də möhkəm araq iyi gəlir. Bacısı ona demişdi ki, bu oğlan şəhərdə yaşayan uzaq qohumlarımızdandı. Minaxanım onda nifrət eləmişdi Mamedə və sonra ona elçi düşəndə də bir müddət tərəddüd eləmişdi. Amma sonra Məmmədağanı ayıq vaxtı görüb baxmışdı ki, pis oğlana oxşamır, razılaşmışdı. İndi həmin səhnə - Məmmədağayla əminəvəsi Ağasadığın qucaqlaşıb yellənə-yellənə harasa getməkləri Minaxanımın gözünün qarşısına gələndə təzədən ürəyi bulandı, fikirləşdi ki, allah bilir, elə o vaxtdan Mamedin belə əyri işləri olub. Amma heç kim bilməyib. Bəlkə də biliblər, ancaq ondan gizlədiblər.

Minaxanımın xəyalında canlandı ki, kənddə yol gedəndə kişilər onun ardıyca baxırlar, bir-birinə pıçıldayırlar ki, gül kimi gəlindi, amma heyif ki əri bunnandı. Sonra da barmaqlarından dairə düzəldirlər.

Ağlamaq tutdu Minaxanımı, kənddəki divar qonşuları Gülbalanı xatırladı. Məktəb vaxtından ölürdü Minaxanımçün, amma o tərpənənə qədər Mamedgil artıq elçi düşmüşdülər Minaxanıma və axırıncı dəfə küçə qapısının yanında təsadüfən Gülbalayla üz-üzə gələndə, oğlan Minaxanıma baxıb həsrətlə demişdi ki, bəyənmədin məni, şəhər uşağına gedirsən, amma elə bilmə ki, orda əlin bala batacaq.

Minaxanım fikirləşdi, bəlkə Gülbala da hər şeyi bilirmiş. Hə, bilirmiş. Gülbalanın gözlərindəki təəssüfün səbəbi elə bil yalnız indi aydın oldu Minaxanıma. Ürəyində söydü oğlanı. Belə şey vardısa, əvvəldən deyərdin də mənə. Mən də işimi bilərdim…
Xəyalən o illərə qayıtdı, gördü ki, Mamedə rədd cavabı verir, Gulbalaya ərə gedir, Gülbala onu Zaqsa aparır, toyda da heç bir gəlin maşını filan lazım olmur, Minaxanım elə öz ayağıyla divarın o tərəfinə tullanıb Gülbalagildə bərqərar olur və onun həyasızlıqda kənddə ad çıxartmış anası Püstəxanımı bir ayın içində muma döndərir, sonra Gülbala üçün beş-altı dənə uşaq doğur….

Yenə beyni qarışdı Minaxanımın. Zaman futbol topu kimi dər-divara dəyərək həyətin ortasında tullanıb düşməyə başladı. Minaxanımına elə gəldi ki, vaxt geri qayıdır, o sürətlə balacalaşır, boyu kiçilir, saçı qısalır, beli dikəlir, azca sallanmış sinəsi tarıma çəkilir, əllərindəki qırışlar yox olur. Elə bildi, bu saat şəhərdə yox, kənddədi, beş yaşı var, nənə babaları da hələ sağdı. Gözünün qabağına gəldi ki, rəhmətlik babası Seyid Rza şam namazından sonra hamını yatırdıb samanlığa çəkilir, Mamedin babası Hacı Kərimlə dodaq dodağa öpüşür, Seyid Rzanın ağzının suyu Hacı Kərimin saqqalıyla aşağı süzülür, samanlığı su basır. Marçamurç səsi də kəndi başına götürür…

İyrəndi Minaxanım. «Kino»nun ardına baxa bilməyib gözlərini yumdu. Fikirləşdi ki bəlkə bu da nəsillikcə keçən xəstəliklər kimi ata-babadan keçir adama? Mamedin nəslində də belələri olub, indi ona da keçib, sonra oğlanlarına ….

Minaxanımı vahimə basdı, oğlanlarını xatırladı, ağlamaq tutdu onu, fikirləşdi ki əgər bu zibil nəsillikcə keçən şeydisə, onda mütləq oğlanlar da atalarının yoluyla gedəcək və bir də gördün, sabah əsgərlikdən qayıdandan sonra, uşaqlardan biri nərmənazik bir oğlanın əlindən tutub evə gətirdi ki, bəs, mən bu oğlanı sevirəm, zəhmət çəkin elçi gedin, alıb gətirin mənimçün, yoxsa sizi də öldürəcəm, özümü də.

Minaxanım da çarəsizlikdən ağbirçəkləri başına yığır, xonça tutub kamalü-əbədlə elçiliyə gedirlər, o oğlanın anasıyla oturub şirin çay içirlər, sonra barmağına üzük taxırlar…

Düşüncələrinin bu yerində birdən-birə Minaxanım çaşıb qaldı, fikirləşdi ki, tutalım, hansısa bir oğlum atasının yoluyla getdi, bir dənə oğlan uşağını gətirib otuzdurdu ocağımın başına. Lap yaxşı. Bəs, bu oğlan uşağı mənim nəyim olacaq? Gəlinim, yoxsa kürəkənim?

Yenə ağlamaq tutdu onu, fikirləşdi ki, kül başına, Minaxanım, üç dənə oğlun var, amma özün də bilmirsən ki, sabah evinə gəlin gələcək, yoxsa kürəkən…

Hələ bəs çörək pulu? Əgər uşaqlar atasının yoluyla getsələr, harda işləyəcəklər? Kimdi beləsini fərli yerə işə götürən? Yüz faiz, gedib qaşlarını aldıracaqlar, sonra da televizora çıxıb mahnı oxumaq bəhanəsiylə mikrafonu yalayacaqlar…

Elə bu vaxt içəridən gülüş səsi eşidildi. Mamedin qəhqəhəsiydi. Başını hələ də taxta qapıdan aralaya bilməyən Minaxanım yenə də gözünün ucuyla qeyri-ixtiyari içəri baxdı. Oğlan Mamedin qulağına yavaşca nəsə deyirdi, Mamed də qəhqəhə çəkərək gülürdü.
Mamedin sifətində elə bil güllər açmışdı. Axırıncı dəfə onun evdə nə vaxt belə ürəkdən güldüyünü xatırlamırdı.

…Yenə qulaqlarına qatar səsi gəldi Minaxanımın. Özü də indiki elektrik qatarları yox, köhnə kinolarda gördüyü paravoz səsiydi, tüstü verə-verə onların həyətinə yaxınlaşırdı… Minaxanım gözünü yumub açanda gördü ki paravoz onların yekə darvazalarının qarşısından keçir və əri Məmmədağa ilə bu nərmənazik oğlan paravozun sobasının üstündə at belindəymiş kimi oturub, tüstü çıxan yoğun trubanı qucaqlayıblar. Daha doğrusu, Mamed trubanı qucaqlayıb, oğlan da arxadan Mamedi. Hər ikisinin də əynində qırmızı hamam fitəsi vardı. Deyəsən, saunada doyunca kisələnəndən sonra, paravoza minib gəzməyə çıxmışdılar. Paravozun borusundan qap-qara tüstü qalxdıqca Məmmədağa da qəhqəhə çəkib ürəkdən gülürdü…

Amma Minaxanımı əsəbləşdirən təkcə bu deyildi. Ən pisi oydu ki paravozun arxa hissəsindəki maşinist budkasında öz oğlanları görünürdü. Uşaqlar hay-küylə paravozun idarə panelindəki düymələri basırdılar, linglərini əlləşdirirdilər, gülürdülər, sevinirdilər…
Uşaqların qəhqəhələri atalarının gülüşünə qarışmışdı. Uzaqdan baxanda istirahətə çıxan xoşbəxt ailəyə oxşayırdılar…

…Atacaq məni. Yüz faiz…

Paravoz onların qapılarından keçib Nərimanovun heykəli istiqamətdə uzaqlaşandan sonra Minaxanımın ilk ağlına bu fikir gəldi. Hə, boşayacaq, sonra da gedib bu nərmənazik oğlanı alıb gətirəcək evə, mənim qızıl-tənələrimi keçirdəcək onun boynuna. Uşaqlara da deyəcək ki, köhnə ananız çox deyingən idi, başınıza oyun açırdı, amma bu təzə ananız… yox atanız.. yox ey, ananız…

Minaxanımın beyni tormozlandı. Ana, ata, ana, ata…

Yox, uşaqlar qəbul eləməzlər… Ancaq bilmək olmaz, əgər atalarının xəstəliyi onlara da keçibsə, deməli elə ana yerinə də, bir dənə kişi xaylağı gəlib otursa, heç nə deməzlər. Hətta sevinərlər .

Minaxanımın qulağına Sveta xalanın televizorunun səsi gəldi. Arvad deyəsən, xəbərlərə baxırdı, televizorun səsini qaldırmışdı…

«Misir və Liviyadan sonra Suriyada da vəziyyət gərginləşir. Ölkə qaynar qazan kimi qaynamaqdadı….»

Aləm dağılır ey, Minaxanım fikirləşdi, Liviya, Misir nə gündə, İran,Suriya elə, Məmmədağa da belə? Dünyanın axırı çatıb. Ölən günündü, ay Minaxanım…
Necə qan ağlamasın daş bu gün… Qəfildən Minaxanım hiss elədi ki, gözləri dolur. Mərsiyə deyib sinə vurmaq istədi. Hə də, ölüm bundan yaxşıdı, üç dənə oğlun, bir dənə ərin ola, hamısı da bu gündə, hamısı da….

Başqa vaxt olsaydı, atvyorkaynan basıb gözlərini çıxardardım… Bu kəlmə Minaxanımın beynini işıqlandırdı, elə bil, hardansa ona güc gəldi, hiss elədi ki damarlarındakı qan daha sürətlə axmağa başlayır.

Ölmüşdü Minaxanım. Kənddən bura basa-basa onunçün gəlin köçüb ki, gədənin biri gəlib onun evini dağıtsın? Hamısının gözünü çıxardacam, özü də atvyorkaynan.
Minaxanım özü də bilmədi ki qapını sındırmağı necə baş verdi. Elə bil altşüurunda nəsə bir klapan açıldı, amerikan kinolarında gördüyü səhnələr gözünün qabağından keçdi, qapıdan iki addım aralanıb var gücüylə sağ çiynini anbarın qapısına çırpdı, taxta qapının cəftəsi sındı, və Minaxanım silahlı dəniz piyadaları kimi özünü otağa atdı.

-Hamınızı parça-parça eləyəcəm, atvyorkaynan basıb gözünüzü çıxardacam, qulaqlarınızı kəsəcəm…

Çənəsi dizinəcən sallanmış Məmmədağa bir şey başa düşənəcən, bir də onu gördü ki, qapını sındıran arvadı pantera kimi ildırım sürətiylə tullanaraq onun köməkçisinin üstünə dırmaşdı, divandan qalxmağına imkan verməyərək saçlarını çəngələdi.
-İt oğlu, beynivi dağıdacam sənin, ağzını cıracam, bağırsaqlarını tökəcəm, qulaqlarını kəsəcəm…

Minaxanım qışqırdıqca altındakı qurbanın başını divanın qırağına çırpırdı, sifətini sillələyirdi, qollarını cırmaqlayırdı, yaxasından tutub silkələyirdi, amma yenə də hirsi soyumurdu, hiss eləyirdi ki, gədəni bu saat təpiyinin altına salsa da sakitləşməyəcək, hirsi soyumayacaq, beyni rahatlanmayacaq… yox, atvyorka lazımdı, ancaq atvyorka, basıb bunun gözünü çıxartmasa, hirsi soyumayacaq.

….altındakı qurbanın yaxasından tutub silkələyəndə birdən Minaxanımın əli təsadüfən Məmmədağanın köməkçisinin sinəsini sıxdı… Əvvəl heç nə anlamadı, ona elə gəldi ki, əli nəsə yumşaq bir yerə dəydi. Ola bilməz… Yaxasını əlindən buraxmayaraq, yenə də altındakı qurbanın sinəsini yoxladı. Yox, bəs eləmədi ona. Sanki özündən də ixtiyarsız əl atıb onun köynəyini cırdı…

Şübhə ola bilməzdi. Qız idi…

Birdən-birə Minaxanım özünü anasının yasında hiss elədi, bayaqdan bəri vəhşicəsinə döydüyü qızı qucaqlayıb dəli kimi hönkürərək ağlamağa başladı.

-Qurban olaram sənə, adam da belə iş tutar, burda niyə gizlənirsiz, uşaqsız bəyəm, oğlan paltarı niyə geyinmisən, məndən qorxursan, qorxma, gəl yuxarı, stol açım sənə, aş bişirim, bacımsan, istəyirsə qoy birdəfəlik alıb gətirsin səni, mən də tək darıxıram, qızım da yoxdu, elə yaxşı yola gedərik, bundan sonra nə deyinərəm, nə dava salaram, istəyirsən lap bacını da gətir, ananı da gətir, qohum-əqrabanda nə qədər arvad varsa, hamısını gətir Məmmədağayçün, qoy üç dənə arvadı olsun, beşə dənə arvadı olsun, amma kişi olsun, qurban olum sizə, təki kişi olsun….

Bayırdan Sveta xalanın televizorunun səsi eşidilirdi.
«Dünya bazarında neftin bir barrelinin qiyməti…..»

Fevral. 2012
XS
SM
MD
LG