Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:35

Astarada İran helikopteri təlaşı...


Foto: Arxiv
Foto: Arxiv
Fevralın 21-də səhər saat 11 radələrində Astara rayon Mərkəzi Xəstəxanasının üzərində İran helikopterinin iki dəfə dövrə vurduğu bildirilir.

Şahidlərindən Elçin İbrahimli AzadlıqRadiosuna deyib ki, həmin vaxt büdcə təşkilatlarının əməkdaşları xəstəxananın açılışı ilə əlaqədar ərazidə iməcilik keçirirmiş:

«Xəstəxana düz sərhədin kənarında yerləşir. Mart ayında prezidentin Astaraya gəlişi ilə əlaqədar xəstəxana təmir olunub. Büdcə təşkilatlarının əməkdaşları orada işləyirdi. Birdən İran tərəfdən helikopterin iki dəfə dövrə vurduğunu gördük. Hamı təlaş işində idi, qaçaqaç düşdü».

Astara rayon Polis Şöbəsindən növbətçi AzadlıqRadiosuna bildirib ki, saat 11 radələrində sərhəd yaxınlığında İran helikopterinin səsi eşidilib:

«Ancaq onlar hava məkanımızı pozmayıb, insident olmayıb. Öz tərəflərində uçublar. Uçuş keçirən İran helikopteri olub».

Dövlət Sərhəd Xidmətindən və Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

DÖVLƏT SƏRHƏD XİDMƏTİ: «MƏLUMAT HƏQİQƏTƏUYĞUN DEYİL»

Dövlət Sərhəd Xidmətindən [DSX] «APA»ya deyiblər ki, Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib.

«Fevralın 21-də İran Astarası üzərində qonşu dövlətə məxsus helikopterlərin uçuşu müşahidə olunub. Lakin həmin helikopterlər Azərbaycanın hava sərhədini pozmayıb və Azərbaycan ərazisinə daxil olmayıb».
XS
SM
MD
LG