Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:08

İrandan daha bir xəbərdarlıq


Iran -- Iran's Supreme Leader Ayatollah Ali Khamenei attends a meeting with Iranian nuclear scientists and managers in Tehran, 22Feb2012
Iran -- Iran's Supreme Leader Ayatollah Ali Khamenei attends a meeting with Iranian nuclear scientists and managers in Tehran, 22Feb2012
BEYNƏLXALQ MÜFƏTTİŞLƏR İRANA SƏFƏRDƏN ƏLİBOŞ DÖNÜB

Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri İrana iki günlük səfərdən gələn kimi məyusluqlarını ifadə ediblər.

Agentliyin director müavini, İrana gedən nümayəndə heyətinin rəhbəri Herman Nackaerts Vyana hava limanında deyib ki, onlar proqramın hərbi istiqamətləri haqda məlumat toplamaq və şübhə doğuran bir kompleksə baş çəkmək istəsələr də buna nail olmayıblar:

“Təəssüf ki, biz heç bir məsələdə razılaşa bilmədik. Nə kompleksə girə bildik, nə də hərbi istiqamət haqda suallara cavab ala bildik. Odur ki, indi biz baş verənləri haqda direktora və Martın əvvəlində toplanacaq İdarə Heyətinə məlumat verib, gələcək addımlarımızı müəyyənləşdirəcəyik”.

BMT-nin Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano isə fevralın 22-də missiya ilə bağlı bəyanat yayıb. Bəyanatda İrana səfərin nəticəsiz başa çatması və şübhələndikləri Parçin hərbi kompleksinə girişlərinə icazə verilmədiyini deyib.

Sonuncu dəfə Agentliyin müfəttişlər Parçindəki hərbi kompleksdə 2005-ci ildə ola biliblər. Atom Enerjisi Agentliyinin ötən ilin sonundakı hesabatında isə, məhz bu obyektdə İranın nüvə proqramının hərbi istiqamətdə irəliləməsi haqda şübhələr olduğu bildirmişdi.

İranın Atom Enerjisi Agentliyindəki nümayəndəsi Ali Asghar Soltahieh bu məsələ ilə bağlı daha uzun danışıqlar gözlədiklərini bildirmişdi. Ancaq Agentlik başqa müzakirələr planlaşdırılmadığını bildirib.


İRANDAN ARD-ARDA XƏBƏRDARLIQLAR

Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri hələ İranı tərk etməmişdən Tehran başqa bir xəbərdarlıq edib. İran Silahlı Qüvvələrinin komandir müavini Mohammad Hejazi deyib ki, onlar milli maraqları qorumaq üçün heç bir yoldan çəkinməyəcəklər və düşmənlərin ilk addım atmasını gözləməyəcəklər.

Eyni vaxtda İranın cənubundakı Buşehr nüvə zavodunun yaxınlığında hava hücumundan müdafiə təlimləri də başlanıb. "Sarollah" və ya Allahın qisası adı verilən təlimlər 4 gün davam edəcək. Təlimlərdə radarlardan, zenit artilleriyasından, raketlər və təyyarələrdən istifadə edilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məyusluğunu ifadə etməsindən bir neçə saat sonra isə Tehrandan növbəti xəbərdarlıq gəlib.

İranın Ali Ruhani lideri Ayatollah Ali Khamenei deyib ki, onları heç nə ilə qorxuda bilməzlər və nüvə proqramı davam edəcək: "Hansısa xalq öz mövqeyində israr edirsə, sanksiyalar və siyasi təzyiqlər heç bir işə yarmayacaq”.

Ancaq Khamenei ölkənin rəsmi mövqeyini bir daha təkrarlayıb. Deyib ki, İran nüvə silahı əldə etməyə çalışmır. İran gücü nüvə silahında görmür, amma nüvə silahı olanların hegemonluğuna da son qoymaq istəyirlər.

"ONLARIN BİZİM NEFTİMİZƏ EHTİYACI VAR"

Khameneinin açıqlamaları ilə eyni zamanda, ölkənin Neft naziri Rostam Qasemi də bəyanat verib Onun sözlərinə görə, Avropa Birliyinin İrandan neft məhsulları alınmasına qoyduğu embarqo onlara təsir etməyəcək. İranın yetərincə müştərisi var. NAzirin sözlərinə görə, əksinə, o ölkələrin özlərinin İran neftinə ehtiyacları var. Qasemi xəbərdarlıq edib ki, İrana qarşı düşmən mövqeyini dəyişməyən dövlətlərə qarşı da, Britaniya və Fransaya qarşı olduğu kimi, özləri tədbir görəcəklər.

Bazar günü İran Britaniya və Fransaya neft satışını dayandırdığını bildirmişdi. Və bundan sonra neftin qiyməti dünya birjalarında son 9 ayın ən rekord səviyyəsinə yüksəlmişdi.

Avropa Birliyi iyuldan etibarən İrandan neft alınmasına embarqo qoyduğunu bildirib. Ancaq Birlik ölkələrinin bəziləri alternativ mənbələr tapa bilsinlər deyə, sanksiyanı dərhal tətbiq eləməmişdi. Avropa Birliyi İran neftinin 1/5-ni ixrac edir.
XS
SM
MD
LG