Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

Ilk detektiv roman 150 ildən sonra təkrar nəşr edildi


Britaniya kitabxanası ilk detektiv roman sayılan “Nottinq Hillin sirri” romanını (The Notting Hill Mystery) 150 ildən sonra təkrar nəşr edib.

Əsərin müəllifi naməlumdur.

Müəllif romanı “Çarlz Feliks” gizli imzası ilə yazıb.

“The Guardian” yazır ki, kitab 1862-1863-cü illərdə hissələrlə “Once a Week” jurnalında çıxıb.

1863-cü ildə isə ayrıca kitab şəklində “Bradbury & Evans” nəşriyyatında çap edilib.
Ötən ilin martından Britaniya Milli Kitabxanası X1X əsrdə çıxmış əsərlərdən müəyyən bir hissəni seçərək təkrar çap etməyə girişib.

Dünyanın ilk detektiv romanı da onların arasında olub.

Təkrar çap olunan kitabların satışında maraqlı bir cəhət ortaya çıxıb.

Kitabxananın bildirdiyinə görə, başqa kitablar 2-3 ədəd satılsa da, “Nottinq Hllin sirri” romanı tamamilə satılıb qurtarıb.

Romanın müasir oxucular arasında belə populyar olmasının bir səbəbini də kitab barədə The New York Times qəzetində çıxan məqalə olduğu deyilir.

Xatırladaq ki, indiyədək detektiv janrın yaranmasını Edqar Ponun 1840-cı illərdə yazdığı hekayələrlə, həmçinin Uilki Kollinzin yazdığı “Ağ geyimli qadın” (1860) və “Ay daşı” (1868) romanlarıyla bağlayırdılar.

Araşdırıcılar bir az da geri boylanırdılar. Deyilənə görə, Uilyam Qodvinin 1794-cü ildə yazdığı bir romanın qəhrəmanı da xəfiyyə olub.

1975-ci ildə Britaniya detektiv romanlar yazıçısı və şair Culian Simmons üzə çıxardı ki, ancaq “Nottinq Hllin sirri” romanı əsl detektiv roman təsiri bağışlayır.

Simmons sübut etdi ki, süjetin dağınıqlığından tutmuş, xəfiyyələrin topladığı sübutların müxtəlifliyinəcən və günahın sübutunun metodlarına qədər bu əsl müasir detektivdir ki, var.

Simmonsun sözlərinə görə, kitabın müəllifi Çarlz Feliksin təsvir etdiyi üsullar—şahidlərin dindirilməsi, maddi sübutların toplanması və s. ancaq 1920-ci illərdən sonra yazılan detektiv romanlarda istifadə olunmağa başlayıb.

Yeri gəlmişkən, Çarlz Feliksin bu romanında öz həyat yoldaşını öldürməkdə təqsirli bilinən bir baron təsvir edilib. Müstəntiq Ralf Xenderson istintaq prosesində nəinki bu işin, hətta daha iki cinayətin üstünü aça bilir.

Araşdırıcılar Çarlz Feliks gizli imzası altında o dövrün məşhur vəkili Çarlz Uorren Adamsın (Charles Warren Adams) gizləndiyini güman edirlər. Onun başqa romanlar da yazdığı məlumdur.

Qaldı 150 ildən sonra təkrar nəşr olunan kitaba—indiki nəşri elə ilk çapındakı orijinal illüstrasiyalar bəzəyir.

İllüstrasiyaları 1863-cü ildə ingilis yazıçısı və karikaturaçısı Corc dü Morye çəkmişdi.
XS
SM
MD
LG