Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Bakıda bir mənzil 25 min manata sığorta olunur


Arxiv foto
Arxiv foto
Azərbaycanda aztəminatlı ailələrin evi dövlətin hesabına sığorta olunacaq. Bu barədə Nazirlər Kabineti fevralın 24-də qərar verib. Hökumətin sərəncamında deyilir ki, ünvanlı sosial yardım alanların evləri və ya mənzillərinin icbari sığortası üçün dövlət maliyyə ayıracaq.

MƏNZİLİNİ SIĞORTA ETDİRMƏMƏK ÜÇÜN 10 MANAT CƏRİMƏ

Ölkədə mənzil və evlərin icbari sığortasına ötən ilin dekabr ayından başlanıb. Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyir. Onun sözlərinə görə, artıq 8 sığorta şirkətinə evlərin icbari sığortasını aparmaq üçün icazə verilib.

Bəs əhali bundan necə xəbər tutur? Namiq Xəlilov:

- Burda məlumatlandırma iki istiqamətdə aparılır. Bildiyim qədər, evlərə məlumat bukleti paylayırlar, bir də poçtlarda bu barədə informasiya əldə etmək olar. Üstəlik, bütün məlumatlar İcbari Sığorta Bürosunun rəsmi saytında var: isb.az – icbari sığorta ilə məşğul olan şirkətlərin internet səhifələrinə keçid var. Sığorta agentləri ilə əlaqə saxlayıb onları evə dəvət eləmək də olar ki, gəlib evinizi sığortalasın.

Namiq Xəlilov deyir ki, mənzilini sığorta etdirməyən İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunacaq. Amma o əlavə edir ki, burda söhbət heç də cərimənin məbləğindən getmir, ev sahibləri icbari sığorta vasitəsilə müəyyən güzəştlər əldə edirlər.

İCBARI SIĞORTA MİNİMUM TƏMİNAT VERİR

Namiq Xəlilov (Foto: Trend)
Namiq Xəlilov (Foto: Trend)
Müsahibimiz bildirir ki, Bakıda bir mənzil 25 min manata sığorta olunur və bunun üçün sığorta haqqı 50 manatdır. Sumqayıt və Gəncədə isə sığorta məbləği 20 min, sığorta haqqı isə 40 manatdır. Bu sığorta məbləği qəzaya uğramış evin yenidən konstruksiyasını və təmirini nəzərdə tutur:

- Bu sığorta növünün məqsədi minimum təminat verməkdir. Məsələn, biz görürük ki, yanğın olur, ya qazdan partlayış baş verir, ya da qonşu su axıdır. Bakıda yardım üçün 25 min az pul deyil.

- Qonşu evə su axıdarsa, o, hansısa məsuliyyətə cəlb olunurmu?

- Bu halda başqasının əmlakına vurduğu ziyana görə əlbəttə, inzibati məsuliyyət var, amma maddi məsuliyyəti də sığorta şirkəti qarşılayır.

- Qaz partlayışı dediniz, bəzən belə xəbərlərdə oxuyuruq ki, günah ev sahibində olub, ya qazı açıq qoyub, ya mənzilə qaz xəttini texniki qaydalara uyğun çəkməyib, bu halda necə, sığorta haqqı ödənirmi?

- Əlbəttə. İcbari sığorta məsuliyyət sığortasıdır. Əgər hamı hər şeyi düzgün etsə, onda sığortaya ehtiyac olmazdı ki. Yalnız o halda sığorta təminatı verilmir ki, adam hadisəni bilə-bilə törətsin.

QEYDİYYATSIZ EVİN SIĞORTA PROBLEMİ

Aztəminatlı ailələrin mənzillərinin sığortasına gəlincə, Nazirlər Kabinetinin qərarında göstərilir ki, dövlət hesabına mənzili sığorta olunan şəxslər evin onlara məxsus olmasın təsdiqləyən sənədin surətini də aidiyyəti quruma təqdim etməlidirlər. Bəs qeydiyyatsız evlərdə yaşayan aztəminatlı ailələr bu güzəştdən necə yararlanacaqlar? Namiq Xəlilov deyir ki, əgər mənzil sığorta olunursa, deməli, evin sənədi olmalıdır. «Sənədsiz ev sığorta edənin problemi deyil axı», - deyən Xəlilov əlavə edir ki, hökumət yaxın vaxtlarda sənədsiz evlərin qeydiyyat problemini həll edəcək.

SÜRÜCÜNÜN MƏSULİYYƏTİ SIĞORTA OLUNUR, MAŞINI YOX

Bu ilin əvvəlindən maşınların da icbari sığortasına başlanıb. Sığorta haqqı maşının mühərrikindən asılı olaraq dəyişir. Ötən ilə qədər sığorta haqqı 10 manatıydısa, indi bu rəqəm azı 50 manata qalxıb. Amma bəzi sürücülər narazılıq edirlər ki, sığorta şirkətinin təklif etdiyi müqavilədə konkret öhdəliklər göstərilmir. Namiq Xəlilov deyir ki, avtomobillərin icbari sığortası zamanı burda sürücünün məsuliyyəti sığorta obyektidir, maşını yox:

- Əgər sürücü gedib başqa bir maşını əzərsə, onda onun xətər yetirdiyi avtomobilə dəyən zərər ödəniləcək. Öz avtomobilinə dəyən zərər yox. Maşınını könüllü sığorta etdirə bilər.

AZƏRBAYCANDA SIĞORTA BAZARI YAXŞI FORMALAŞMAYIB

İcbari sığorta ilə baş verən yenilikləri AzadlıqRadiosuna şərh edən bəzi ekspertlər isə deyirlər ki, Azərbaycanda sığorta bazarı yaxşı formalaşmayıb. Üstəlik də şirkətlər adətən korporativ maraqlardan çıxış edir, daha çox mənfəət əldə etməyə çalışırlar. Müsahiblərimiz deyirlər ki, bazar normal tənzimlənsə, dövlət nəzarət sistemi qurarsa, onda bunun faydasını görmək olar.
XS
SM
MD
LG