Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:46

Fransada “soyqırımın inkarına görə cəza” qanunu dayandırıldı


Mübahisəli qanunun Fransa Senatında müzakirəsi, 23 yanvar, 2012
Mübahisəli qanunun Fransa Senatında müzakirəsi, 23 yanvar, 2012
Fransa Konstitusiya Məhkəməsi “Soyqırımın inkarına görə cəza nəzərdə tutan” qanunu ləğv edib.

Bu barədə Reuters agentliyi xəbər verir.

Bu qanun Türkiyədə də böyük narazılıqla qarşılanmışdı. Çünki “erməni soyqırımının inkarına görə” 1 illik həbs və ya 45 min avro cərimə nəzərdə tuturdu.

Qüvvəyə minməsi üçün qanun prezident Sarkozi tərəfindən fevralın sonunda imzalanmalıydı.

Fransa Senatı qanunu qəbul etdikdən sonra Senatdakı Avropa Demokratik və Sosialist Birliyi qrupu qanuna etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Bu müraciətə parlamentin aşağı palatasından 77, yuxarı palatasından isə 65 imza atılmışdı.

Konstitusiya Məhkəməsinə müraciət üçün imza sayını asanlıqla toplayan qrup həmin qanunun Fransa Konstitusiyasındakı 33-cü maddədə təsbitini tapan ifadə azadlığına zidd olduğunu bildirmişdi.

Konstitusiya Məhkəməsi də qanunun Fransa Ana Yasasındakı ifadə azadlığı prinsipiylə ziddiyyət təşkil etməsi qənaətinə gəlib.

Türkiyədə qərara ilk reaksiya hakim Ədalət və İnkişaf Partiyasının yetkilisi Nurettin Caniklidən gəldi: “Yanlış yoldan qayıtdılar. Bu qərar Fransada sağlam düşüncənin hələ də hakim olduğunu göstərir”.

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Konstitusiya Məhkəməsinin qərarından "məmnun qaldıqlarını" bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, Senatın qərarı Türkiyə və Ermənistan arasında tarixi mövzuya aid mübahisədə ermənilərin tərəfini tutması, yəni birtərəfli qərar verməsi idi.

Nazirlik ümid edir ki, Fransa bundan sonra problemləri dərinləşdirən yox, çözən yanaşmalara üstünlük verəcək və bu da Fransa və Türkiyə arasında işbirliyinin genişlənməsinə xidmət edəcək.

Qanunun Senatdan keçməsi Türkiyə ilə Fransa arasındakı münasibətləri gərginləşdirmiş, Ankara Parisi sanksiyalarla hədələmişdi.
XS
SM
MD
LG