Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:03

Prezident Aparatı qarşısında müəllimlərin etiraz aksiyası [VİDEO]


Prezident Administrasiyasına bu dəfə müəllimlər toplaşdı
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

Prezident Administrasiyasına bu dəfə müəllimlər toplaşdı

Martın 6-da Prezident Administrasiyasının qarşında Qarabağdan məcburi köçkün olan 100-dən artıq müəllim toplaşıb. Müəllimlər Nazirlər Kabinetinin sərəncamı ilə onlara verilməli olan müavinətlərin dayandırılmasına etiraz ediblər.

«Deyir pulumuz qurtarıb. Bu qədər pulu hara xərcləyiblər? Yüz manat pul alırdıq, onu da əlimizdən alıblar ki, gedin, küçədə dilənçilik edin».
Cəbrayıl rayonundan məcburi köçkün Nüşabə Bayramova 2 aydan çoxdur ona verilməli olan müavinəti ala bilmir. Dövlət iş yerini itirdiyinə görə Nüşabə Bayramovanı ya işlə təmin etməli, ya da hər ay orta aylıq əmək haqqı həcmində ona müavinət ayırmalıdır. Ayda 170 manat müavinət alan Nüşabə Bayramova deyir ki, 1994-cü il Nazirlər Kabinetinin sərəncamına əsasən ayrılan vəsait 2012-ci ildən heç bir səbəb göstərilmədən dayandırılıb:
«Mən kimya-biologiya müəllimiyəm. Özüm də necə oxumuşam, daha indikilər kimi yox. Mənə 2007-ci ildə dedilər ki, get işlə təmin olun. Bizə, ali təhsilli kadrlara aşpaz, konduktor işləri təklif etdilər. Mən beş il gecələri yatmayıb universitet oxumuşam ki, gedib aşpaz, konduktor işləyim? İndi də bizə verdikləri qəpik-quruşa göz dikiblər».

«EUROVİSİON»A AYIRDIQLARI PULDAN...

«Dövlət bizim ərazi bötüvlüyümüzü qoruya bilməyib və biz həm də iş yerlərimizi itirmişik. Dövlət ən azı bizi işlə təmin etməlidir. İşğal olunmuş ərazilərdə iş yerlərini itirən insanlar Nazirlər Kabinetinin sərəncamına əsasən işlə təmin olunmalıdır. 65 yaşı tamam olanları təqaüdə göndəriblər, qalanlarına da deyirlər ki, işlə təmin olunun. Mən hansı işlə təmin edəcəklər ki, təzə kadrlar kənarda qalıb».

Etirazçılar bütün adiyyatı qurumlara müraciət etsələr də heç bir nəticəsi olmadığını deyirlər:

Etiraz aksiyasından görüntü
Etiraz aksiyasından görüntü
«Prezident Administrasiyasına, Nazirlər Kabinetinə dəfələrlə müraciət etmişik. Bir kəlmə deyirlər ki, müavinətlərin verilməsi dayandırılıb, artıq verilməyəcək. Dövlət bizi işlə təmin etmir, dolanmaq üçün verdiyi müavinəti dayandırır. Bəs, biz nə edək? Ya oğurluq, ya cibgirlik, ya da yolkəsənlik edək? «Eurovision»a ayırdıqları puldan biz azərbaycanlılara, müəllimlərə, Qarabağlılara da ayırsınlar».

ƏN YÜKSƏK 180 MANAT ALIRDIQ

- Biz nə maaş alırıq ki?! Dövlət büdcəsindən bizə verməyə pul yoxdur? Ən yüksək 170-180 manat maaş alırıq, onu da kəsirlər.
- Ailədə dörd nəfərik. Biri aspiranturanı bitirib, biri ingilis dili müəllimidir, mən də taxirçi. Hamımız işsizik.

Riyaziyyat müəllimi İman İmanov 15-18 il öncə ilə bu günkü dövlət büdcəsini müqayisə edir. Deyir ki, o vaxtlar müavinət alanların bəziləri vəfat edib, bəziləri təqaüdə çıxıb. Amma buna baxmayaraq, müəllimlərə müavinətlərin verilməsi dayandırılıb:

«O dövrdə dövlət büdcəsi demək olar ki, boş idi. Amma indi büdcənin həddi-hüdudu yoxdur. Buna baxmayaraq o vaxtlar müavinətləri verirdilər, amma indi vermirlər. Sadəcə vermək istəmirlər. 20 ildir bu insanlar işsizdir. Gedib təzədən daş daşıyaq, ya süpürgəçi işləyək?»

«DAYANDIRILIBSA, DEMƏLİ BELƏ MƏSLƏHƏTDİR»

Elman Məmmədov
Elman Məmmədov
Şuşa-Füzuli-Xocavənd rayonlarından seçilmiş millət vəkili Elman Məmmədov isə deyir ki, müavinətlərin verilməsinin uzadılması ilə bağlı ötən illərdə də problemlər olub. Hökumət ilin əvvəlində müavinətlərin verilməsini müzakirə edir:

«Müavinətlərin verilməsinin dayandırılması Nazirlər Kabinetinin, hökumətin qərarıdır. Dayandırılıbsa, deməli belə məsləhətdir. Amma ola bilər ki, hazırda bu məsələyə yenidən baxılır. Ötən il də ilin əvvəlində dayandırılmışdı, amma sonradan bərpa olundu»

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli müvinətlərin dayandırılıb-dayandırılmayacağı ilə bağlı sualımızı eşitdikdən sonra dəstəyi asdı. Sonradan isə telefon zənglərinə cavab vermədi.

Şikayətçilər isə müavinətlərin verilməsinin bərpası və ya iş yerləri ilə təmin olunmaları ilə bağlı prezident İlham Əliyevə daha bir müraciət yazdılar.
XS
SM
MD
LG