Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Kilsədə "hoqqa çıxarmış" musiqi qrupunun üzvləri hələ də həbsdədir


Pussy Riot
Pussy Riot
Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirən iki rusiyalı qadının həbsi ilə bağlı ictimai narazılıq artmaqdadır.

«Pussy Riot» qrupu ötən ay İsa Məsih Məbədinə girərək orada sarkastik «ayin» icra edib. Qrup üzvlərinin hamısı qızlardan ibarətdir.

Martın 3-də həbs olunmuş xanımlar o vaxtdan aclıq aksiyasına başlayıblar. Dini nifrət motivli xuliqanlıq törətməkdə təqsirli bilinsələr, 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

«PARTİZAN KONSERTİ»

Matın 8-də Moskvada polis idarəsi qarşısında aksiya keçirənlər qızların buraxılmasını tələb ediblər. 19 yaşlı tələbə Olqa bu aksiyada iştirak edənlərdən biridir:

«Düşünürəm ki, Nadejda TolokonnikovaMariya Alyoxinanın həbsdə saxlanılması doğru deyil. Onların hər ikisinin azyaşlı uşaqları var».

Bu, «Pussy Riot» qrupunun təşkil etdiyi ilk «partizan konserti» deyil. Qrup əvvəllər də ictimai yerlərdə bir çox belə dissident mahnılar ifa edib. Bir qayda olaraq parlaq paltarda çıxış edən və üzlərini gizlədən qrup üzvləri ölkədəki avtoritar rejimi hədəf seçirlər. Məsələn, qrupun Kremlin düz yanında, Qızıl Meydanda ifa etdikləri mahnının adı belə olub – «Putin şalvarını batırıb».

Mariya Alyoxinaya dəstək aksiyası
Mariya Alyoxinaya dəstək aksiyası
QIZLAR ƏNDAZƏNİ AŞIB

Ancaq bir çoxları düşünür ki, «Pussy Riot» kilsədəki aksiyası ilə əndazəni aşıb. Ortodoks Kilsəsini Kremllə sıx əlaqəyə görə tənqid edən həmin qalmaqallı mahnını möminlərin çoxu özləri üçün böyük təhqir sayır. Rusiyanın Pravoslav Kilsəsinin sözçüsü Vsevolod Çaplin qızların həbsini alqışlayaraq, onların ciddi cəzalandırılmasını istəyib, hərçənd həbsə layiq olmadıqlarını da xatırladıb.

Prezident seçkisindən yenicə qalib çıxmış Putin dini icmadan «Pussy Riot» adından üzr istəyib və bu cür hadisələrin bir daha təkrarlanmayacağına ümidini ifadə edib.

Lakin Ortodoks icmasının heç də bütün üzvləri «Pussy Riot»a qarşı sərt tədbirlərin görülməsinə tərəfdar deyil. İcmanın minlərlə üzvü Patriarx Kirilə açıq məktub ünvanlayaraq, onu xanımların xeyrinə məsələyə müdaxilə etməyə çağırıblar. Patriarx hələ indiyədək məsələyə münasibətini bildirməyib.

Məktubda deyilir: «Biz anlayırıq ki, kilsədə bu cür hərəkət yolverilməzdir. Ancaq eyni zamanda düşünürük ki,
Vladimir Putin və Patriarx Kirill
Vladimir Putin və Patriarx Kirill
bu hadisəyə belə reaksiya – cinayət işi, həbs, Pravoslav Kilsəsindən sərt fikirlər – daha da yolverilməzdir».

«SIRAVİ İNSANLAR PATRİARXDAN VƏ PUTİNDƏN DAHA MƏRHƏMƏTLİDİRLƏR»

Məktubun müəllifi, Kilsə üzvü Lidiya Monyava deyir ki, martın 6-da müraciət hazırlanandan bəri ona 5 mindən artıq adam imza atıb.

«Pussy Riot»un özünü Serafima kimi təqdim edən üzvü AzadlıqRadiosunun rus xidmətinə bildirib ki, Tolokonnikova və Alyoxinanın həbsi onların hakim elitaya qarşı qəzəbini daha da artırıb:

«Sıravi insanlar, ibadət edənlər Patriarxdan və Putindən daha mərhəmətlidirlər», – deyən Serafima onu da əlavə edib ki, hakimiyyətin onlara qarşı belə sərt davranacağını gözləmirmişlər. O deyib: «Belə görünür, bizim ifalarımız onları təşvişə salıb. Bu həbslər isə bizi geri çəkilməyə vadar edə bilməz. Biz qorxmuruq».
XS
SM
MD
LG