Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:41

Borc verilmiş «Mavi donlu qadın» evinə qayıdacaq


Johannes Vermeerin «Mavi donlu qadın»ı
Johannes Vermeerin «Mavi donlu qadın»ı
Johannes Vermeerin «Məktub oxuyan mavi donlu qadın» tablosu (1663-64) martın 30-da bərpadan sonra əvvəlki yerinə- Hollandiyanın Reyksmuzeum-na qaytarılacaq.
Xəbəri The Art Newspaper yayıb.
Tablo Hollandiyaya Yaponiyadan gətiriləcək. Vermeerin «Mavi donlu qadın»ı bu ölkənin müxtəlif şəhərlərində səyyar sərgidə («Communication: Visualising Human Connection in the Age of Vermeer») göstərilirdi.
Tablonun restavrasiya olunması üçün vəsaiti də Yaponiya tərəfi verib. Məsələ burasındadır ki, tablo yaponlara bir illiyə borc verilib.
Bərpa 2010-cu ildə gerçəkləşdirilib, amma hollandlar «Mavi donlu qadın»ın yeni üzünü hələ görməyiblər.
Xoşbəxt yaponlarsa bu tabloya keçən ilin iyulundan tamaşa edirlər. İndi əsər Tokio İncəsənət Muzeyində göstərilir.
Martın 14-dək tablo burada qalacaq. Sonra onu «evinə» qaytaracaqlar.
Bərpa prosesində yapon mütəxəssislər «Mavi donlu qadın» tablosunun üst qatındakı tündləşmiş cilanı aradan götürə biliblər. Həmçinin əvvəlki bərpa proseslərinin izləri yox edilib.
Ötən illərdəki «bərpa»ların əsərə xeyli ziyan gətirdiyi bildirilir.
Görənlər son bərpadan sonra «Mavi donlu qadın»ın tərtəmiz və apaydın göründüyünü vurğulayırlar.
Xatırladaq ki, Hollandiyanın «Reyksmuzeum» dövlət muzeyi (1808) dünyanın ən böyük muzeylərindən sayılır.
Orada holland rəssamlığının «qızıl» dövrünün əsərləri toplanıb.
Muzeyi Hollandiyanın 4 böyük rəssamının – Frans Hals, Jacob van Ruisdael, Vermeer və Rembrandtın şedevrləri bəzəyir.
2013-cü ildə muzeyin əsas binası rekonstruksiyadan sonra açılacaq. Elə bu üzdən də muzey bəzi əsərlərinin bərpasına çalışır.
Yeri gəlmişkən, muzeydə Vermeerin daha bir məşhur əsəri - «Südçü» (1658-1660) tablosu da var.
XS
SM
MD
LG