Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:30

Zaur Qasımov: «Rəsulzadə konfransı Varşavada keçirilirdi, nə Novxanıda, nə Bakıda…»


Zaur Qasımov
Zaur Qasımov
Moskvalı alim Salavat İshakovun «Rus müəllifləri Rəsulzadəni niyə gözdən salmaq istəyirlər?» sərlövhəli müsahibəsi saytımızda yerləşdirilən kimi AzadlıqRadiosunun Bakı Bürosuna Almaniyadan telefon açdılar. Danışan Almaniyada yaşayan araşdırmaçı Zaur Qasımov idi. Zaur bəylə söhbətin saytımızın oxucuları üçün də maraqlı olduğunu düşündük. Müsahibə qarşınızdadır.

- Zaur bəy, rus tarixçisi Salavat İshakovla müsahibə saytımızda çıxan kimi bizi axtarıb tapdınız. Bunun səbəbi nədir?

- Artıq bir neçə ildir ki, AzadlıqRadiosunun saytını gündə bir dəfə yox, 3-5 dəfə açıb oxuyuram. Ona görə də, reaksiya belə tez oldu.

«PROMETEY» HƏRƏKATINI ARAŞDIRIRAM

- Çox sağ olun bizi seçdiyiniz üçün. Lütfən, özünüzü
AzadlıqRadiosunun dinləyicilərinə tanıdın, elə bizə də…


- Mən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxumuşam. Magistraturanı Almaniyada davam etdirdim-Ayxştett Katolik universitetində - Bavariyada. Burada dissertasiya da müdafiə elədim. İxtisasım—Polşa tarixiylə bağlı idi. Polşa və postsovet tarixi. Sonra isə Mayntsdakı Avropa Tarixi İnstitutunda çalışmağa başladım. İndi tədqiqatlarımı Mayntsda davam etdirirəm. Tədqiq etdiyim mövzu 1920-30-cu illərdəki «Prometey» hərəkatıdır.

- Çox maraqlı bir mövzunun izinə düşmüşsünüz. Necə görünür dediyiniz tarix? Nələr üzə çıxıb? Nələr sürprizdir?

- Maraqlı sualdır. Əslində Azərbaycanda Polşa tarixinə aid və yaxud polyak-Azərbaycan münasibətlərinə aid publikasiyalar, hətta kitablar da çap olunub.


POLŞA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ FENOMENDİR

- Məsələn, ötən il Vilayət Quliyevin kitabı da çıxmışdı…

- Bəli…Bəli…Vilayət Quliyev Varşavada 5 il işləyib. Fikrimcə, çox səmərəli işləyib. Azərbaycan mediasında da xeyli yazıları çıxıb. «525-ci qəzet»də və AzadlıqRadiosunda da polyak-Azərbaycan əlaqələrinə dair yeni məlumatlar çatdırıb. Nəsiman Yaqublu da Polşada tədqiqatlar aparıb. Polyak-Azərbaycan əlaqələri çox maraqlı bir fenomendir. Bilirik ki, Rəsulzadə orada bir neçə il yaşayıb. Polyak bir qadınla ailə qurub. Varşavadakı «İnstıtut Vsxodni» (Instytut Wschodni), yəni Şərq İnstitutunda mühazirələr oxuyub. O institutun əməkdaşları ilə Rəsulzadənin fəal işbirliyi də vardı. Hətta Varşavadakı “Vsxud” (Wschod) adlı dərgidə onun bir neçə yazısı çıxmışdı. 1938-ci ildə polyak dilində bir kitab da nəşr olunub. Azərbaycanla bağlı, tarixi, coğrafiyası ilə, ədəbiyyatı ilə bağlı.


GÖRÜŞ YERİ—VARŞAVA

- Zaur bəy, Azərbaycan mühacirətinin izinə necə düşdünüz? Telefonda mənə hətta araşdırıcı Georgi Mamulia ilə də tanış olduğunuzu söylədiniz?

-
Mamulianı mən çoxdan tanıyıram. Bu da çox maraqlı fenomendir. Əslində «Prometey» hərəkatını araşdıranlar bir-birlərini kifayət qədər yaxşı tanıyırlar. Çünki görüşdüyümüz yer Varşavadır. Varşava Universitetinin professoru Yan Malitski və onunla birgə çalışan gürcü mənşəli bir tarixçi--David Kolbaya 2002-2003-cü illərdən Qafqazla bağlı bir konftrans təşkil edirlər. Bu konfrans çərçivəsində «Prometey» hərəkatı, tarixi həmişə işıqlandırılır. Georgi Mamulia da bir neçə dəfə bu konfransa qatılıb. Demək, ən azı ildə bir dəfə onunla görüşürdük.

RƏSULZADƏ VƏTƏNDƏN UZAQ DÜŞMÜŞDÜ, AMMA…

- Elə isə bilmədiyimiz hansı yeni faktlarla bizi təəccübləndirə bilərsiniz?

- (gülür) Hansı yeni faktlarla təəccübləndirə bilərəm? Bax, indi masamın üzərində Fransada 1926-cı ildən 1939-cu ilə qədər nəşr olunmuş «Prometey» dərgisinin surətləri var. Burada Mirzə Bala Məmmədzadənin, Rəsulzadənin Mir Yaqubun yazıları çıxıb. Sonra bayaq adını çəkdiyim «Vsxud» jurnalı—1930-cu ildən 1939-cu ilə qədər Varşavada çıxıb. Orada da Rəsulzadənin yazıları dərc olunub—polyak dilində. 1929-dan 31-ci ilə qədər İstanbulda çıxan «Odlu yurd» jurnalında da Rəsulzadənin yazıları olub. Azərbaycanda gedən siyasi prosesləri təhlil edirdi və təhlillər kifayət qədər dərin idi. Halbuki o vaxt Rəsulzadə Azərbaycandan illərdir uzaq düşmüşdü…Buna baxmayaraq təhlillər çox maraqlıdır. «Prometey» hərəkatı nəhəng bir hərəkat idi, intellektual məkan idi. Bunu araşdırmaq üçün bütün disskuslara bələd olmaq lazımdır.Yeni faktlar əslində çoxdur. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Azərbaycanlı mühacirlərin böyük bir qismi Türkiyəyə gəlir və burada fəal siyasi həyat sürürlər. Bu dövr Azərbaycanda demək olar ki, yetərincə tədqiq olunmayıb. Bəzi publikasiyalar var, amma mən görürəm ki, araşdırmalar arasında da böyük bir məsafə var. Məsələn, Topçubaşovla və Rəsulzadə ilə bağlı İshakovun kitabı çıxıb (Moskvada təzəcə çapdan çıxan «А.М. Топчубашы и М.А. Расулзаде – переписка 1923-1926» («Ə.M.Topçubaşı və M.Ə.Rəsulzadə -- Yazışmalar. 1923-1926-cı illər» kitabı nəzərdə turtulur—S.İ.). Amma Topçubaşovun bioqrafiyası 90-cı illərin sonunda Türkiyədə yetərincə araşdırılıb. Vüqar İmanov imzalı Azərbaycanlı alim bu kitabı 2004-cü ildə İstanbulda Boğaziçi Universitetinin nəşriyyatı tərəfindən çap etdirib. Böyük bir kitabdır.

DİL PROBLEMİ VAR

Hər bir tarixçi, demək olar ki, «Prometey» hərəkatını araşdırır, amma «Prometey» hərəkatı azərbaycanlılardan, gürcülərdən, polyaklardan, fransızlardan ibarət idi. Bu o demək deyil ki, həmin tarixçi bu dillərin hamısını bilir…Çox hallarda dil problemi yaranır. Məsələn, İshakovun bu kitabı çox maraqlıdır. Amma əvvəlki kitabda (Из истории азербайджанской эмиграции. М., 2011.) Rəsulzadənin məqalələrini originalda təqdim edir. Bu oxucu üçün o qədər də asan qavranılmır. Çünki azərbaycanca çıxmış məqalələr əski əlifba ilə verilib. Polyakca və fransızca məqalələri də orijinaldadır. Yəni hər oxucu bunu oxuya bilməz.

VARŞAVADA KEÇİRİLƏN RƏSULZADƏ KONFRANSI….

- Zaur bəy, qarşıda nələr var? Nələr gözlənilir?

-İki il əvvəl maraqlı bir konfransda iştirak etdim. Polşada keçirilirdi. Məhəmməd Əmin Rəsulzadənin adına keçirilən bir konfrans idi. Biz qəribə bir hisslə bu konfransa qatılmışdıq. Çox qəribərdir…(gülür) Rəsulzadə konfransı Varşavada keçirilirdi…Nə Novxanıda, nə Bakıda, nə də Azərbaycanın başqa bir şəhərində…O konfransa Parisdən Georgi Mamulia, Moskvadan Salavat İshakov, Bakıdan Nəsiman Yaqublu qatılmışdı. Türkiyədən də gələn var idi.

AZƏRBAYCAN ALİMLƏRİNİN AVROPA İLƏ DİALOQU ZƏİFDİR

Qaldı qarşıda nələr gözlənilir—sualına, tezliklə böyük bir kitab layihəsi sona çatmaqdadır. Varşavada bu il nəşr olunacaq. Xatırladım ki, keçən il Varşavada «Prometey»lə bağlı böyük konfrans keçirlmişdi. Bu hərəkatla bağlı kitab polyak dilində çıxacaq. Orada da yazılarımız veriləcək. Artıq bütün dünyada bu hərəkat beynəlxalq bir hərəkat kimi qəbul olunur. Yaxşı olardı ki. Azərbaycanlı alimlər gürcülərlə, polyaklarla birgə konfrans təşkil etsinlər. Konfransın Bakıda olmasını istərdim. Çünki bəzi arxivlər hələ də Bakıdadır. Belə olsa, yazılarını da Avropalı tədqiqatçılara çatdıra bilərlər. Çünki dialoq çox zəifdir…

- Dialoq zəifdir—dediniz?

- Bəli. Dialoq çox zəifdir! Azərbaycanlı tarixçilərlə Avropalılar arasında dialoq Qafqazda ən zəifdir…

MAMULİA BU MƏKTUBLARI AZƏRBAYCANA GÖNDƏRSƏYDİ…

- Elə isə İshakova verdiyim sualı sizə də ünvanlayıram. Parisdə Topçubaşovla Rəsulzadənin məktublarını tapan Georgi Mamulia niyə məktubları Azərbaycan tarixçilərinə yox, rus tarixçisi Salavat İshakovua verdi?

- Bu suala yəqin ki, Georgi Mamulia özü daha dəqiq cavab verərdi. Məncə, Mamulia bu məktubları Azərbaycan aliminə göndərsəydi də, heç bir problem yaranmazdı. Bu arxivlər məndə də var. Mamiliadan almışam. Bir yandan da, S.İshakov Moskvadadır, orada işləyir. İki kitabı da Moskvada nəşr olunub. Və bir də Ramiz Abutalıbov Moskvadadır. Onun da İshakovla kontaktı var. Mamulia çoxdan Parisdədir. Onun dissertasiyası 4-5 il əvvəl dərc olunub. Dissertasiyasında da gürcü mühacirlər barədə araşdırmalar aparıb. «Prometey» hərəkatının Fransa dönəmini, Qafqaz mühacirlərini kifayət qədər yaxşı bilir. Mən bilirəm ki, Azərbaycanlı alimlərlə də onun əlaqələri var. Eldar İsmayılovu, Cəmil Həsənlini də yaxşı tanıyır. Bunu da demək lazımdır ki, G. Mamulia azərbaycanlı tarixçilərin Bakıdan Fransaya gəlmələri üçün körpü rolunu oynamışdı.

- Zaur bəy, təşəkkür edirəm yazdıqlarımıza belə tez reaksiya verdiyiniz üçün. Heç soruşmadım, necə yaşayırsınız Almaniyada? Neçə ildir oradasınız?

- 9 ildir Almaniyadayam. Elmi işçi kimi çalışıram. İnstitutumuz Avropa tarixi ilə məşğuldur. XV əsrdən XX əsrə qədər olan bir dönəmi əhatə edir. Sırf araşdırmalar institutudur. Amma bəzən dərs də deyirik. Mən özüm iki semester—birində Qafqaz tarixi ilə, o birində Polşa tarixi ilə bağlı dərs demişəm. Həyatımız belə keçir—kolloqviumlar, çıxışlar, məqalələr, kontraktlar, məzuniyyətlər, ezamiyyətlər…(gülüşmə)

TARİX BELƏ YAXIN OLUR!

- Doğrusu eşitmişdim ki, Avropada cümhuriyyət tariximizi araşdıran yeni tarixçilər var. Sevindim ki, onlardan birini tanıya bildim.

- Siz sağ olun ki, tarixi mövzuları işıqlandırırsınız. Belədə tarix indiki cəmiyyət üçün daha yaxın olur.

BİZƏ QONAQ GƏLİN

- Son sual. Heç Bakıya gəlirsinizmi?

- Yox, çoxdandır olmamışam.

- Onda Bakıya gələndə, AzadlıqRadiosunun Bakı Bürosuna da baş çəkin.

- Məncə Praqa Bürosu, ya da elə Almaniya daha realdır… (gülüşmə). Zarafat bir yana, nə vaxtsa, nə vaxtsa, nə vaxtsa gəlsəm, mütləq AzadlıqRadiosuna baş çəkəcəm.
XS
SM
MD
LG