Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:59

İnal Pliev "Müharibə" (Hekayə)


O an həyatla vidalaşırmış kimi, birağızdan bağırdıq. Uşağın sifəti büzülüb-yığıldı, dostum heç özü düz-əməlli toxtamağa macal tapmasa da, hər halda təhlükənin indilik sovuşduğunu anlayıb, əlini onun saçlarına çəkdi: «Ağlama, kişi ol...

"Oxu zalı"nda başladığımız yeni tərcümə layihəsində sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış edəcəyik. Layihəyə Qafqaz xalqlarının yazarlarının əsərlərindən başlayırıq.


İnal PLİEV



MÜHARİBƏ

(Seyfəddin Hüseynli ruscadan tərcümə edib. "Oxu zalı" hekayəsinin Azərbaycan dilinə çevrilərək çap olunması üçün müəllifdən icazə alıb).



1991-ci ilin yayında Kiyevdəydim, Vətəndaş müharibəsində həlak olan qırmızı qvardiyaçıların abidəsinin yanında dayanmışdım. Yaxınlıqda gənc bir ana
balaca oğluyla gəzişirdi. Uşaq sual verdi:

- Ana, bu kimin abidəsidir?
- Müharibədə həlak olanların.
- Bəs müharibə nədir?

Ana cavab verməyib, bir az kənara çəkildi. Uşaq bu dəfə məndən soruşdu:

- Böyümüş oğlan, sən de, nədir müharibə?
- Müharibə odur ki... Sənin neçə yaşın var?
- Mənim cəmisi dörd yaşım var, çox az şey bilirəm mən...
- Bağışla, balaca, mən sənə cavab verə bilmirəm. Sən bunu bilməməlisən... Soruşma məndən, müharibə nə deməkdi...



1992-ci ilin 25 mayı Tsxinvala günəşli, isti bir gün kimi gəldi. Mülayim yaz yavaş-yavaş çəkilib gedir, qızmar yaya yol verirdi.

Quşlar oxuyur, yarpaqlar pıçıldaşırdı. Son sutkalar ərzində şəhərdə atəş səsi eşitməyən əhali o qədər ürəklənmişdi ki, böyüklər uşaqları küçədə-bayırda oynamağa buraxmışdılar.

Uşaqların şənlənib hay-küylə oynamaları adamı kövrəldir, ürəyini əzirdi.

Dostumla mən yenicə canlanmış küçələrin birində gəzişir, baş verənlər barədə, bunların sonrası haqqında düşündüklərimizi bölüşürdük.

Söhbətə elə aludə olmuşduq ki, uzaqdan eşidilməyə başlayan zəif, boğuq partlayış səslərinə əhəmiyyət vermirdik.

Ancaq ətrafdakıların təlaşlı davranışları gözümüzdən qaçmadı: bayaqdan sakitcə, rahat öz işlərilə məşğul olan adamlar birdən təşviş içində evlərindən çıxıb, balalarını təhlükəsiz yerlərə dartıb aparmağa başladılar.

Yan-yörəmizdə yeriyənlər bir andaca yüyürənlərə çevrildilər.

Partlayışlar durmadan artırdı. Bəzən guppultular lap yaxından gəlirdi. Bunlar ağır silahlardan açılan yaylım atəşləri idi. O vahiməli səslərə avtomatların, iriçaplı pulemyotların kəsik-kəsik yayılan quru, sərt şaqqıltısı da qarışırdı. Ətrafımızda bir nəfər də qalmamışdı. Az əvvəl qaynayan, həyat dolu küçə bir dəqiqədə boşalmışdı!

Mərmi, raket partlayışları dalbadal guruldayır, avtomat, pulemyot atəşləri isə heç ara vermirdi. Atılan mərmilər, raketlər, bizi hədələyirmiş kimi, bəzən lap yaxınlığımızda partlayırdı.

Biz əvvəlcə küçədəki yoğun gövdəli ağacın arxasında daldalandıq. Sonra, nədənsə, yerimizi dəyişmək keçdi ağlımızdan, əyilə-əyilə səkiyə çıxdıq, yüyürüb bir evin divarı ilə yaxınlıqda saxlanılmış maşının arasına sığındıq. Elə o an vıyıltı-fışıltıyla uçan bir mərmi indicə arxasından çıxıb gəldiyimiz ağaca sancılıb gövdəsini parçaladı.

Qəlpələrdən biri maşının yanacaq bakına sancıldı, daha bir partlayış qopdu. Partlayışın zərbindən yaxındakı evlərin şüşələri qırılıb töküldü.

Mən tez daldaya yatıb, birtəhər özümü qoruya bildim, amma şüşə qırıqlarından biri dostumun əlinin üstünü yaraladı. Yarada şüşə qırığı qalıb-qalmadığını yoxlayandan sonra dostumun əlini təmiz burun dəsmalımla sarıdım. Tez də, əyilə-əyilə başqa bir yerə yüyürdük: alışıb yanan maşının yaxınlığında dayanmaq mümkün deyildi. Ağız-ağıza vermiş silahlar susmaq bilmirdi.

Bir-birinin ardınca güllələr açılır, mərmilər atılıb partlayırdı. Bu səslər bir-birinə qarışanda dəhşətli ahəng alır, ölüm havasına çevrilib yayılırdı. Yer partlayışlardan qızdırmalı kimi titrəyir, iztirab altında inləyirdi. Öldürücü yanar kürələr gətirən raketlərin, mərmilərin vıyıltı-gurultusu ətrafa dəhşət saçırdı. Gözümüzün qabağında raketlər düşən iki-üç ev dağıldı, yanğın başladı. Hər yerdə atəş altındaydıq, başqa çarəmiz qalmamışdı, tez-tez ora-bura qaçıb daldalanmalıydıq. Can çox şirin şeydi axı!


Osetin yazıçısı İnal Pliev 1972-ci ildə doğulub. 1992-2002-ci illərdə Cənubi Osetiya Televiziyasının diktoru olub. Sonralar “Cənubi Osetiya”, “Osetiya gəncləri” qəzetlərində müxbir, məsul katib, redaktor müavini işləyib. İctimai-siyasi məzmunlu məqalələr, sosial-iqtisadi mövzuda təhlillər yazır, həm də bədii yazılar müəllifidir.

Nəhayət, təkcə üst tərəfi açıq olan bir yerə qaçıb sığındıq, dedik, vəssalam, indi azacıq nəfəs dərmək olar. Elə bunu dediyimizi gördük: göydən düz yanımıza mina düşdü. Kəlmə kəsmədən qucaqlaşdıq: son nəfəsdə bir-birimizi qorumaq gəlmişdi ağlımıza! Ancaq nə möcüzə oldusa, ölümsaçan «oyuncaq» partlamadı.

Dönüb minaya baxdıq, hansımızsa «sənin nə səfeh zarafatların varmış» deyən kimi gic gülmək tutdu bizi. Dostum minanı götürüb bizdən aralı tullamaq istəyəndə qolundan tutub dartdım, ordan uzaqlaşıb, başqa bir sığınacaq tapdıq. Hərbi şəhərcikdə yaşayan bir rus zabiti də, balaca uşaqları ilə birlikdə, orda daldalanmışdı. Görünür, günəşli havaya, şəhərdəki sakitliyə uyub, vəziyyətin qəfil bu cür dəyişəcəyini gözləmədiyindən, uşaqlarını gəzməyə çıxarıbmış. Uşaqlar partlayışlardan qorxub ağlaşırdılar. Dostum qəsdən, hərbçiyə eşitdirmək üçün ucadan səsləndi: «Baxın də, baxın: rus uşaqları öz atalarının xəyanətinin altını çəkirlər...» Hərbçi üzümüzə baxdı, ancaq dillənmədi. Dostumun sözlərinə mən cavab verdim, elə onun özünü nəzərdə tutub: «Axı rusların da arasında yaxşı adamlar var» - dedim. Birdən evlərin üzərindən, üstündə SSRİ Hərbi Hava Qüvvələrinin nişanları olan vertolyot uçub keçdi. «Gürcülərinkidir?» - soruşdum. «Hə» - dostum cavab verdi. Hərbçi isə: «Yox, Rusiyanındır» - dedi. Dostum, rusa tərəf baxmadan, dişlərinin arasında mızıldandı: «Cəhənnəm olsun e... nə fərqi var ki?!»
Atışma seyrəlmişdi. Avtomat-pulemyot atəşləri ara verməsə də, partlayışlar azalmışdı. Bir ara tamam sakitlik yarandı. Nə gurultu vardı, nə şaqqıltı. Biz durduğumuz yerdən çıxıb, atəş üçün əl içi kimi açıq olan mərkəzi küçələrdən birini qaça-qaça keçdik. Yaxınlıqda bir-birinin üstünə qalaqlanmış dəmir-beton lövhələri görən kimi özümüzü onların arxasına verdik, qalağın mərmi-güllə tutmayacaq tərəfində gizləndik. Biz çatanda orda tanış bir qadın, yanında da beşyaşlı oğlu vardı. Oğlunu bağrına basıb sakitləşdirməyə çalışır, oxşayıb əzizləyirdi.

«Vəziyyət yaxşıdırmı?» - dostumun bu sözləri heç yerinə düşmədi, yəqin, həyəcandan idi. «Yaxşıdırsa əgər, düşmənlərimiz düşsün bu vəziyyətə! – qadın ağlamsındı. – Adam öz evində rahat otura bilmir. Əvvəllər, heç olmasa, gecələr atırdılar, indisə… Mən lap yatacağımızı da zirzəmiyə daşımışam. Evə qalxmağa qorxuruq - bilinmir axı, nə vaxt atacaqlar...»

Həmin an sakitlik pozuldu, atışma yenidən qızışdı. Ən dəhşətlisi bu oldu ki, raketlərdən biri dəmir-beton lövhənin qarşı tərəfinə çırpılıb qulaqbatıran gurultuyla partladı. Beton titrəsə də, deşilib-dağılmadı. O an həyatla vidalaşırmış kimi, birağızdan bağırdıq. Uşağın sifəti büzülüb-yığıldı, dostum heç özü düz-əməlli toxtamağa macal tapmasa da, hər halda təhlükənin indilik sovuşduğunu anlayıb, əlini onun saçlarına çəkdi: «Ağlama, kişi ol. Bax, daha qorxmalı heç nə yoxdur, elə deyilmi?» Uşaq çevrilib burnunu anasının donuna dirədi, kürəyi səyridi. Anası yenə başladı onu ovundurmağa.

Qonşu küçənin tinində, sinəsində ordenlər cərgələnmiş, ahıl bir kişi göründü. O, qəddini şax tutmağa çalışır, əyilmədən, qısılmadan yeriyirdi. Yeddi-səkkiz addım atmışdı ki, üstünə düşən mərmi onu parça-tikə elədi. Tıncıxdım, nəfəsim tutuldu. Saniyələr əvvəl gözlərim önündə bir insan addımlayırdı – İkinci dünya müharibəsinin veteranı! Ağ köynək, boz kostyum geyinib qalstuk vurmuşdu, gözündə eynək vardı, əlində əsa... Yəqin, əyilməyi, gizlənməyi özünə rəva bilməmişdi, bunu ayıb saymışdı. Mən bir insan görmüşdüm az əvvəl – onun öz siması, xarakteri, öz istəyi, iradəsi vardı. Bunların hamısı o insanla birlikdə məhv oldu. Hər insan – bütöv bir kainatdır… Amma artıq o kainatın biri yox oldu.

Mən kürəyimi divara söykəyib gözlərimi yumdum: «Oyy, İlahi!..»

Dostum kilsəyə getmək fikrinə düşmüşdü. Guya biz Tanrıya yalvarsaq, O bu dəli-tərsinə gedişatı dayandıracaqdı. Əgər məhz biz Ona yalvarsaq…

Ağır-ağır ayağa qalxıb, getməyə razılıq verdim. «Getməyin, ağlınız olsun!» - tanış qadın arxamızca qışqırdı, ancaq biz artıq ensiz küçə ilə «Uşaq aləmi»nə sarı qaçırdıq – ordan kilsəyə birnəfəslik yol vardı. Heç şübhəsiz, gürcü mövqelərindən bizi görmüşdülər: yenicə «Uşaq aləmi»nin geri tərəfinə hərlənib yerə uzanmışdıq ki, bizdən onca metr aralıda asfalta iki raket düşdü. Qəlpələr qandonduran vıyıltı ilə başımızın üstündən uçub ətrafa səpələndi. Kilsəyə getmək fikrindən daşındıq: ən çox da ona görə ki, yola çıxsaq, gürcü atıcıların ovcunun içində olacaqdıq.

Bir müddət uzanılı qaldıq, ətrafda partlayışlar seyrələndə zibil konteynerlərinin arasında gizləndik. Burda bizi, minomyotdan başqa, heç bir silahla vurmaq olmazdı. «Uşaq aləmi»nin arxa həyətindəydik, başımızın üstündən minalar, mərmilər uğultuyla uçub keçirdi. Yadıma sala bilmirəm, onda mən dua edirdimmi...

Dostumla belə razılaşdıq ki, atışma səngiyən kimi, təxminən yetmiş metrliyimizdə olan Ali Sovet binasına qaçıb girək, ara tam sakitləşənə qədər orda qalaq.

Bir az keçmiş, sakitlik yarandı, biz parlamentin yandakı girişinə doğru götürüldük.
İnformasiya Nazirliyində elə atışma vaxtı da iş gedirdi. Bizi görəndə ordakıları təəccüb bürüdü: «Siz burda neynirsiz?! Görmürsüz vurhavurdu?! Özünüzü verin bunkerə, tez!»
Zirzəmidəkilər gərginlik içində susub qalmışdılar. Zaqafqaziya Hərbi Dairəsindən də zabitlər vardı burda.

İnformasiya nazirliyinin sürücüsü bir neçə dəqiqəliyə gəlib dəydi - bu atışmada o öz motosikletində yaralıları xəstəxanaya aparırdı. Təzə xəbərlər vardı sürücüdə: tanışlarımızdan bəzilərinin evləri dağılıb; mərmi qəlpəsindən yazıçı Aleş Quçmaztı həlak olub; zərərçəkənlər arasında gürcülər də var – onlar şəhərdə qalmağı, davanın gətirdiyi hər şeyi osetin həmyerliləri ilə bölüşməyi üstün tutublar; şəhərin üstündən uçan yeddi-səkkiz raket Tamaraşenidə partlayıb, ölənlər, şikəst olanlar var (bunu tuta bildiyimiz radiodanışıqlardan öyrəndik).

Kimsə dedi: «Sabah onlarda Müstəqillik Günüdür. Bax, bu cür qeyd edirlər...»
Ön xətdən birbaşa buraya gəlmiş bir neçə gəncin söhbəti çox həyəcanlıydı: «…Tək bircə atəş... Qumbaraatanı götürdü... Yalvardıq ki, dəqiq nişan al, yoxsa məhv olarıq! Tuşlayıb atdı – düz tankın qülləsinə!..»

Bunkerdən, qarşı tərəflə atəşkəs haqqında gərgin danışıqlar aparılırdı. Çək-çevir gedirdi: birinci hansı tərəf atıb... Axır ki, gecə saat on bir üçün razılığa gəldilər, həmin saata ad da qoydular - «Ç».

Atışma səngiyir. Gecdir. Getmək lazımdır. Ordakılarla vidalaşıb bayıra çıxırıq. Küçələrdə bircə lampa da yanmır. Dostumla mən fərqli uclarında oluruq şəhərin: buna görə də indi hərəmiz bir səmtə üz tuturuq. Sakitliyi hərdənbir avtomat atəşləri pozur. Ancaq elə alışmışıq ki, heç qorxmuruq.

...Müharibənin bir günü də belə keçdi. Bəs, sülh dövrünün ilk günü – o necə olacaq, görəsən?

Tsxinval, 1992
XS
SM
MD
LG