Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:51

Sulutəpədə yenidən evlərin sökülməsinə başlanılıb [VİDEO]


Sulutəpədə yenidən evlərin sökülməsinə başlanılıb
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00
Direct-ə keçid

Sulutəpədə yenidən evlərin sökülməsinə başlanılıb

Bakının Sulutəpə yaşayış massivində yenidən evlərin sökülməsinə başlanılıb.

Bir tərəfdə polisin müşayiəti ilə Dövlət Neft Şirkətinin əli dəyənəkli təhlükəsizlik xidmətinin əməkdaşları, digər tərəfdə əlində daş, taxta parçası evlərini qorumağa çalışan sakinlər. 4-cü neft mədəni ərazisindəki sakinlər deyirlər ki, əli dəyənəklilər, ağır texnika ilə səhər saatlarından başlarının üstünü alıb. Evlərdə yaşayış ola-ola söküntüyə başlanıb.

Müsabi Namazov: «Neft şirkətindən gəlmişdilər. Bir neçə evi sökə-sökə gəlib bura da çıxdılar. Sakinlər tökülüb gəldilər, nə qədər çalışdılar, güc göstərdilər köməyi olmadı. Vurub uçurdular, getdilər».

Rəhilə Nurəliyeva: «Şəraitimizi qura bilmirik, hara gedək, harada məskən salaq, yerli adamlarıq. 5 ildir burada yaşayıram. Tikməyinə pul ver, ona ver, buna ver, axırda da gəlsinlər uçursunlar».

Sakinlər deyirlər ki, əgər yaşayış massivi deyilsə nəyə görə bu ərazidə məktəb, bağça tikilir? Dediklərinə görə, burada yaşadıqları gündən torpaq vergisindən tutmuş bütün kommunal xərclərədək bütün ödəmələri edirlər. Əllərində evlərin tikilməsinə dair bələdiyyədən icazə sənədi də var.

«Ev tikməyə qoymurlarsa, bu boyda məktəbi niyə burada tikiblər? Bağça da var burada. Ətrafda neftə aid heç nə yoxdur. Kompensasiya da ödəmirlər. Amma biz buranın vergisini də ödəyirik, torpaq vergisini veririk, işıq, qaz, su pulu da veririk».

Evlərinin sökülməsinə etiraz edən sakinlər bir neçə dəqiqə ərzində yaxınlıqdan keçən avtomobil yolunu da bağlayıblar. Lakin polis tez bir vaxtda bunun qarşısını alıb.

Mühafizə xidmətinin əməkdaşları ilə qarşıdurmada xəsarət alanlar da olub.

Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev ərazidə aparılan söküntü işləri ilə bağlı AzadlıqRadiosuna açıqlama verib. Bildirib ki, həmin ərazilər neftli ərazilərdir və həmin torpaqlar da «Binəqədi Oil»-a məxsusdur.

«Həmin ərazilər qanunsuz zəbt olunduğundan «Binəqədi Oil» Azərbaycan dövləti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Bu səbəbdən də həmin ərazidə evlər sökülür. Bu iş hələ davam edəcək».

Bir müddət əvvəl isə mətbuata açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də deyib ki, sökülən evlər yalnız son 1-1,5 il ərzində tikilən evlərdir və söküntü «Binəqədi Oil Operation Company» ilə hökumət arasında imzalanmış beynəlxalq müqavilə ilə bağlıdır. Başqa sözlə, müqaviləyə əsasən şirkət götürdüyü yatağı tam abadlaşdıraraq, neftin hasilatını iki dəfədən çox artırmalıdır.

Rövnəq Abdullayev deyir ki, sözügedən ərazilərin 66 faizi sakinlər tərəfindən qeyri-qanuni zəbt edilib. Bu səbəbdən neft şirkəti həmin ərazilərdə olan evləri sökür, həm də heç bir təzminat ödəmədən.
XS
SM
MD
LG