Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:03

Nicat Yusifov. Səni axtarmağa qorxuram


.
Münsiflər bu şeiri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.


Nicat Yusifov

(Hazırda hərbi xidmətdədir)


SƏNİ AXTARMAĞA QORXURAM

Səni axtarmağa qorxuram!
Qorxuram ki, tapsam səni...
Qorxuram ki, tapsam səni..
Yazmağa da gəlmir əlim,
Yenə qorxu basır məni...
Qorxuram ki, tapsam səni,
İtdiyin kimi tapmayım,
Yolda kuklasını itirən uşaq kimi,
Qorxuram ki, tapsam səni,
Tam tapmayım,
Səni “o adam” tapmayım,
Əl-ayağın qırıq tapım,
Hər tərəfin sınıq tapım...
Qorxuram ki, tapsam səni,
Görərəm ki, məndən əvvəl tapan olub...
Ya kiməsə satıb səni,
Bəlkə də heç bəyənməyib atıb səni...
Qorxuram ki, tapsam səni,
Görərəm ki, kimsə tapıb, məndən yaxşı tutub səni.
Qorxuram ki, tapsam səni,
Hər yerində bir az tapım:
Barmaq izi, tapdaq izi...
Üzərində nəfəs izi...
Ötəri bir həvəs izi...
Qucağında uşaq izi...
Ürəyində ayaq izi...
Mən səni bir bataqlıqda itirmişəm,
Indi necə təmiz tapım?
Tapsam əgər, üzərindən bu izləri silmək üçün
Ya bir silah, ya bir kəndir, ya da ki bir dəniz tapım...
XS
SM
MD
LG