Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:18

Sabirabadda icra nümayəndəsi işdən çıxdı


Sabirabadda aksiya, 23 aprel 2011
Sabirabadda aksiya, 23 aprel 2011
Kənd sakinlərinin etirazından sonra Sabirabad rayonu Minbaşı kəndinin icra nümayəndəsi Bəylər İsgəndərov və onun müavini Qədir Əliyev işdən çıxıb.

Aprelin 3-ü və 4-də Minbaşı kəndinin sakinləri daşqından zərərə görə onlara çatacaq kompensasiyanı hələ də ala bilməmələrinə etiraz etmişdilər.

Sakinlərin dediyinə görə, onlara ayrılan vəsait kənd icra nümayəndəliyi tərəfindən mənimsənilib.

Sabiq icra nümayəndəsi Bəylər İsgəndərov isə vəsaitin mənimsənilməsi barədə deyilənləri təkzib edir:

«Bu kənddə 215 evə Fövqəladə Hallar Nazirliyi (FHN) baxış keçirib. Həmin evlərin 90-na bərpa-gücləndirmə üçün pullar ayrılıb. Həmin pullar da verilib. İndi yerdə qalan sakinlər elə bilir ki, pul hamıya verilməlidir. Ona görə də bəzi qüvvələr belə fikir yayırlar ki, guya biz pulu mənimsəmişik. Axı həmin pula bizim heç əlimiz də dəymir, onu necə mənimsəyə bilərik. Gördük söz-söhbət səngimir, ərizəmizi yazıb işdən çıxdıq».

Sakinlər isə bildirirlər ki, onların tələbləri kompensasiyaları mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi, onlara ayrılan kompensasiyaların verilməsidir.

İcra hakimiyyətindən isə sakinlərə deyilib ki, kompensasiyalarla bağlı məsələyə aprelin 10-da baxılacaq.

Minbaşı kənd sakinləri deyirlər ki, onlar həmin tarixi gözləyirlər. Verilən vədlər yerinə yetirilməsə, yenidən aksiyalara başlayacaqlar.
XS
SM
MD
LG