Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:53

Anar Mahmudov "Yutub" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Anar Mahmudov


YUTUB

- Yutub, bu tədə rəit nətər adamdı? Tərdar müəllimi deyirəm e.

- Yutub yox, Yusub. Mən daha öyrəşmişəm, amma adam ol, rəisin adı Tərdar deyil, Sərdardır. Özü də yaxşı adamdır. Yeyib-yedirdən kişidir. İşçiyə gün ağlayandır. Amma torbasını tikiblər yazığın. Vurub bura atıblar. Deyirlər, yazıq axırıncı yarım milyonunu verib bizə rəis gəlib.

“Yazıq” sözüylə “yarım milyon” birləşməsinin arasında elə hamar keçid etdi ki, Əşrəf az qala ağlayacaqdı:

- Vay-vay. Ay yadıq. Yaxşı, hara gedirik?

- Burda uşaq-muşaq yığışıb nəsə aksiya keçirdir, onlara 1-2 zopa çəkək, dağılışsınlar. Amma rəis tapşırıb ki, ehtiyatlı olaq. Restoranın müdiri rəisdən özü xahiş eləyib. Gediş-gəlişə mane olurlar.

- Yutub, axı yağış yağır, kimdir o rettorana gedib-gələn?

- Restoranın əsas qapısı o biri küçəyə baxır, intəhası bunların hay-küyü müştəriləri qaçırdır. Bilirsən də, restoranın müdiri kimdir: bələdiyyə başçısının qardaşı. Rəis dedi ki, sizə balıq qonaqlığı da verəcəklər. Yeməyinizi yeyin, restoran müdiri sizə əmanət verəcək, onu da mənə çatdırın.

Yusubun “uşaq-muşaq” dediyi qrupda hər cür adam vardı - hippidən tutmuş mollaya qədər. Bu adamları birləşdirən yeganə səbəb onların yaşadıqları ərazidə yağış suyunun dizə çıxması idi. Hər dəfə yağış yağanda qəsəbə özü boyda hovuza çevrilirdi.

Etiraz aksiyası ideyasını Makkey ləqəbli bir emo ortaya atmışdı. İdeya belə idi: hərə bir qarmaq və bir diri balıq alıb əraziyə gəlir, balığı qarmağa keçirib suya sallayır, vaxtaşırı çıxarır, yenidən suya sallayır. Guya su o qədər artıb ki, burda balıq tuturlar. Nə qədər qəribə də olsa, bu fikrə dodaq büzən tapılmadı. Əslində qəsəbə üçün tarixi an idi: insanlarda ictimai şüur yaranırdı. Ömür boyu ən elementar hüquqlarından istifadə edə bilməyən, seçkiyə getməyən, abadlıqla bağlı ən sadə problemlərin həllində 2-3 qonşu şəklində belə birləşə bilməyən kiçik bir qəsəbənin sakinləri indi qeyri-adi ağzıbirlik nümayiş etdirirdilər: görünür, yağış suyu camaatı doğrudan bezdirmişdi.

Sərdar kabinetində oturub “Yutub”a baxırdı. Köhnə rəisin canlı mirası – Güllü arvad arada gəlib Sərdarın ayaqlarını qoyduğu vannaya qaynar su tökürdü ki, soyumasın. Girib-çıxanda monitora baxıb qəşş edən, qımışan rəisin halına acıyırdı: “Allah baisin evini yıxsın. Yazıq kişini gör nə günə qoyublar. Öz-özünə gülür”.

Sərdar müəllimin külli-İKT sahəsində baş çıxartdığı yeganə şey “Yutub” saytına baxmaq idi. Bu, rəisin az qala yeganə əyləncəsi idi. Arada fikirləşirdi ki, insan yaranandan bəri onun “Yutub”dan böyük kəşfi olmayıb. Amma “Yutub” onun təkcə əyləncəsi deyildi, həm də kabusu, qarabasması idi, yuxularının ən qorxunc qonağı idi. Adam döydüyü, rüşvət aldığı yerdə gizli kameralara düşüb “Yutub”da zühur eləyən paqon yoldaşlarını görəndə arxasını qaşıyar, qulağını çəkər, bir taxta parçasını tıqqıldadar və deyərdi: “Şükür sənə, xudaya, məni belə rüsvay eləməmisən.”

Bu dəfə də nəsə gördü. Tez arxasını qaşıdı, qulağını çəkdi, masanı tıqqıldatmaq istəyəndə qapının tıqqıltısını eşitdi. “Gətir!”, - dedi – rəislər “gəl” deməzlər. Yusub idi. Məruzə etməyə gəlmişdi.

- Əmanəti gətirdin? Yeyib-içdiz?

- Yox, rəis. Orda qarışıqlıq yaranıb.

- Nolub?

- Ora çökək yerdir, yağış yağanda su hər yanı basır. Qəsəbə camaatı tilov-zad götürüb ora yığışıblar. Guya balıq tuturlar. Amma qarmaqlara balıq da keçiriblər.

- Müxalifətçilərdir?

- Aralarında hər cür adam var. Restoranın mühafizəçiləri bəzilərinin tilovlarını, balıqlarını müsadirə eləyib, amma qalanları dağılışmaq istəmir. Rəis...

- Hə.

- Əşrəf bir-ikisini vurdu. Kamerayla çəkdilər.

Rəis cin atına mindi:

- Bəs sizə demədim ehtiyatlı olun?

- Görmədik, rəis. Əşrəfi çəkən uşaq da qaçıb aradan çıxdı.

Rəis yumruğunu stola çırpıb bağırdı:

- Gedin, tapın onu!

Əşrəfin vəhşiliyini lentə alan adam həmin Makkey idi. Operatoru çox operativ şəkildə tapdılar. Dindara bir zopa dəyən kimi dedi ki, filan cəbhəçinin tanışıdır, cəbhəçiyə bir şapalaq dəyən kimi dedi ki, filan tələbənin qonşusudur. Qısası, ictimai şüur 5-10 şillə-şapalaqdan sonra elə rüşeym halından koma vəziyyətinə düşdü.

Əşrəflə Yusub ünvanı alıb Makkeyin evinə tələsdilər. Onlar çatanda emo materialı kompyuterinə təzəcə köçürüb qurtarmışdı. Serjantların bir neçə zərbəsindən sonra yazığın gözlərindən od çıxdı. Diski polislərə verdi. Əşrəflə Yusub ordan qalxıb balıq qonaqlığına getdilər.

Rəis serjantları tapşırığa yollayandan sonra iştahla nahar etdi, adəti üzrə kreslosuna yayılıb “Yutub”u açdı, bir neçə materiala baxandan sonra elə bil onu ildırım vurdu: “Ay allah. Bu yaramazlar o materialı “Yutub”a qoysalar, batdı mənim yarım milyonum. İti qovan kimi qovacaqlar”. Tez ayağa qalxıb arxasını qaşıdı, qulağını çəkdi, masanın tıqqıldatmaq istəyəndə yenə qapının tıqqıltısını eşitdi. Əşrəf idi, məruzəyə gəlmişdi.

- Material hanı?

- Yutubda.

Rəis tirtap yerə sərildi. Şöbədə hamı bir-birinə dəydi. Əşrəf çaşıb qaldı, gördüklərini başında necə düzüb-qoşdusa, nə fikirləşdisə, rəisin ayılmağını da gözləmədi. Hələ restoranda yeyib-içməkdə olan Yusubun yanına qaçdı. Xəbəri çatdırar-çatdırmaz rəisdən Yusuba zəng gəldi:

- Harda yaşayır o gədə?

Yusub ünvanı dedi. Sonra Əşrəfdən soruşdu:

- Bu nə məsələdir, Əşrəf?

- Kişi kimi de, ditki neynəmitən? Tən də müxalibətdəntən?

- Disk cibimdə. Bayaq sənə verəcəkdim ki, rəisə çatdırasan, amma yadımdan çıxdı.

- Yalan demə. Tərdar müəllim tənin adını eşidən kimi ödündən getdi.

- Nə?

- Düdünü de, Yutub.

- Yutub? Kül başına! Getdik!

Rəis ünvanı öyrənən kimi elə ayaqyalın qaçıb maşınına mindi, düz Makkeyin yaşadığı evə sürdü. Yolboyu qulağında bir uğultu vardı, Yusubun telefon zənglərini də eşitmirdi.

Əslində materialı “Yutub”a yerləşdirmək Makkeyin heç ağlına da gəlməzdi. Polis zorakılığını və etiraz aksiyasını da özü üçün, maraq naminə çəkmişdi. O həmin tədbiri fləşmob kimi fikirləşmişdi, mətbuata çıxmaq isə klassik fləşmobun prinsiplərinə yaddır. Amma Makkey evində döyüləndən sonra fikirləşdi ki, polis işçilərinin bu özbaşınalığından heç olmasa rəisə şikayət etməyə dəyər. Bədənində dəyənəyin izləri, qançır yerləri qalmışdı. Köynəyini soyundu, kompyuterində videoçəkiliş proqramını aktivləşdirib qarşısında oturdu. Bu vaxt qapı arxadan zərblə açıldı. Sərdar vəhşi kimi içəri soxulub bağırdı:

- İt oğlu it. Materialı “Yutub”a qoymusan?

- Yo..

“X”nı gətirməyə macal tapmadı. Rəisin kumpul yumruğu uşağın ağzında mərmi kimi partladı. Dişləri ipdən üzülən boyunbağı muncuqları kimi yerə töküldü. Gözləri hədəqəsindən çıxmış rəis yumruğu yumruğa calayır, “tez ol, sil o videonu”, – deyib bağırırdı. Makkey burda anlaşılmazlıq olduğunu başa düşürdü, amma nitq aparatının əsas ünsürlərini birinci zərbədən itirdiyinə görə heç bir söz deyə bilmirdi.

Əşrəflə Yusub özlərini çatdıranda rəis günorta yediyi kababın son kalorilərini də şillə-
təpiyə sərf edib haldan düşmüşdü. Serjantları görən kimi dedi:

- Ayıldın bunu, nə qədər ki, o videonu nazirlikdə görən olmayıb, silsin onu. “Yutub”a düşsəm, mən batdım.

Yusub rəisi sakitləşdirməyə çalışdı:

- Rəis, o video “Yutub”da deyil. Məndədir.

- Bu Yutubdadır, Tərdar müəllim.

Polislər məsələni aydınlaşdırıb sakitləşdilər, amma onlar bu səhnənin Makkeyin kompyuterinin kamerasına çəkilməsindən xəbərsiz idilər.

Evdən çıxanda, kandarda bir qadınla üz-üzə gəldilər. Məlum oldu ki, bu qadın evin sahibəsi, Makkeyin bibisidir. Emonun valideynləri çoxdan vəfat ediblər və o, bibisinin himayəsində böyüyür. Qadın Makkeyi qan içində, huşsuz vəziyyətdə görəndə dəhşətə gəldi. Polislərə qarğış yağdıra-yağdıra dedi ki, onların hamısını məhkəməyə verəcək. Sərdar da borclu qalmadı:

- Get yetimçənə tərbiyə ver. Ağzını açıb bir nəfərə bir söz desən, səni də onun gününə salacam. Bu evi traktorun ağzına verib kürüyərəm burdan. Onsuz da sənədsiz-sərəncamsız evdir. Bir də mənim qabağıma çıxma, peşman olarsan. Nə özün, nə də bu kəkilli uşaq!

Qadın səsini içinə qısıb hönkürməyə başladı. Deyəsən, qorxmuşdu. Hər halda rəisə elə gəldi ki, qadının köpü yatdı.

İki saatdan sonra hər iki material həqiqətən “Yutub”da idi və həndəsi silsilə ilə artan baxış sayına görə ilk onluğa, birinci səhifəyə düşmüşdü. Amma rəis bu dəhşətli xəbəri heç də sevimli saytından almadı. Birdən-birə ağlına gəldi ki, emodan müsadirə elədikləri diskə baxsın. Zəng vurub Əşrəfi çağırdı. O gələnə qədər nə fikirləşdisə, yenə qalxıb arxasını qaşıdı, qulağını çəkdi, amma qərara gəldi ki, bu dəfə masanı yox, başqa bir taxta əşyanı tıqqıldatsın. Ayaqlarını isti vannadan çıxarıb pəncərəyə yaxınlaşdı, tıqqıldatmaq istəyəndə.. qapının tıqqıltısını eşitdi. Əşrəf idi.

- Ə, material hanı?

- “Yutub”da.

- Yusubda?

- Yox, rəit. “Yutub”da!

Rəis yenə tirtap yerə sərildi. Bütün şöbə bir-birinə dəydi. Rəisi ayıldıb vəziyyətdən təzəcə hali etmişdilər ki, dəhlizdə bir səs-küy qalxdı. Sərdar başının işarəsi ilə Yusubu dəhlizə göndərdi ki, gedib məsələnin nə yerdə olduğunu öyrənsin.

Dəhlizin o başına, foyeyə xeyli jurnalist doluşmuşdu. Hamının başı rəisə qarışdığına görə növbətçi onların binaya girməsinə mane ola bilməmişdi. Bir qız səsini başına atıb çığırırdı. Üstündə Bi-Bi-Si-nin loqosu olan mikrofonu az qalırdı növbətçinin başına keçirtsin.

Yusub bilirdi ki, yerli jurnalistləri dağıtmaq çətin deyil, amma bu əcnəbilərlə dil tapmaq müşkül işdir. Odur ki, cəld rəisin kabinetinə qaçıb vəziyyət haqqında məruzə etməyə
çalışdı.

İçəri girən kimi rəis soruşdu:

- Nolub? Kimdir?

- Rəis, Bi-Bi-Si...

Sözü yarımçıq qaldı. Sərdar “Ay onun bibisini...” – deyib piy basmış gövdəsinə yaraşmayan cəldliklə Yusuba sarı qaçdı. Yusub elə bildi ki, rəis onu vuracaq. Dərhal iki əlini başına tutub ani bir tabelik-iltimas pozası aldı. Amma rəis onu vurmadı. Əl atıb bir hərəkətlə Yusubun dəyənəyini qurşağından qapdı, elə oradaca başı üzərinə qaldırdı, qapıdan çıxıb dəhliz boyu foyeyə - səs-küy gələn yerə qaçdı... Yusub özünümüdafiə instiktindən, bu bəndə pozasından çıxıb vəziyyəti başa düşüncə, özünü rəisə çatdırınca, iş işdən keçmişdi – Sərdar foyeyə çatmış, kameraların qarşısında donuxub qalmışdı...

İki aydan sonra Sərdar bağ evini satdı və başqa bir rayona sahə müvəkkili təyin edildi. Deyilənlərə görə, artıq mayasının yarısını çıxardıb. Məhkəmədə heç nəyə nail ola bilməyən Makkey hazırda Norveçdə mühacir həyatı yaşayır. Əşrəf köhnə peşəsinə - müğənniliyə qayıdıb. Yusub əvvəlki vəzifədə çalışır və hesab edir ki, köhnə rəis həqiqətən yaxşı adam idi. Rəislə bağlı materiallar indi də “Yutub”dadır. Silsilənin sonuncu - üçüncü hissəsini əli dəyənəkli, ayağı yalın polis rəisinin kameralar üzərinə şığıması səhnəsi təşkil edir.
XS
SM
MD
LG