Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:26

Şirməmməd Nəzərli "Səhləb çiçəyi" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Şirməmməd Nəzərli


SƏHLƏB ÇİÇƏYİ

(çəkiliş üçün hekayə)

Qəhrəmanlarımı adları ilə göstərmək istəmirəm. Onları başqa adla da təsvir etməyəcəm. Sadəcə, «Qız» və «Oğlan» deyəcəm. Oxucular təsəvvürlərində canlandırdıqları Oğlan və Qızı həyatda mütləq kiməsə oxşadacaqlar, onda adlarını da özləri qoyacaqlar…

Nəşriyyatda işləyirdilər. Oğlan rəssam idi, çap olunacaq kitablara illüstrasiyalar çəkir, bədii tərtibat verirdi. Sakit, başıaşağa, ortaboylu, yaraşıqlı bir gənc idi. Qaydasından bir qədər uzun saçı, makina ilə qırxılmış qısa saqqalı onu dərhal «yaradıcı insan» qrafasına salırdı. Çox vaxt tünd mavi «cins» şalvarda, dama-dama köynəkdə görünərdi. Sadə oğlandı.

Nəşriyyatda işlədiyi müddətin üçüncü ilində mühasibat şöbəsinə Qız gəldi. Qaraqaş, zil qara gözlü, ağbəniz bir qız. Nahar fasiləsində nəşriyyatın yeməkxanasında üz-üzə gələndə Oğlanın içindən bir cərəyan keçdi, yemək qoyulmuş sini əlində xəfifcə titrədi, qaşığın kompot dolu stəkana aramla dəyib cingildəməsinə özü də utandı, Qıza salam verdi və cavabı gözləmədən pıçıldadı:

- Xoş gəlmisiz… Ömrümdə heç kimdən, heç nə istəməmişəm, amma sizdən böyük bir xahişim olacaq: özünüzü elə apara bilərsiz ki, guya biz ötəri də olsa tanışıq, əvvəllər bir-birimizi hardasa görmüşük?

İnsafən, qız sərt üz göstərmədi, hətta xəfifcə gülümsədi də. «Bunun nə mənası var ki?» - soruşdu.

Oğlan rahat nəfəs aldı. Demək, nəşriyyat işçiləri onların məhz indi - yeməkxanada tanış olduqları qənaətinə gəlməyəcəkdilər, artıq dedi-qodu da, yəqin ki, olmayacaqdı.

Boş stolda oturdular. Oğlan ömründə ilk dəfə fərasətli, yerində və zamanında bir “taktika” işlədə bildiyinə və ən başlıcası, bu “taktika” alındığına görə özünü uğurlu adam kimi xoşbəxt hiss elədi. Heç olmasa, o gün, o dəmdə.

O qədər sadə idi ki, ürəyindən keçirdiklərini, bu tanışlıq üsulundan məqsədini Qıza açıb dedi. Dedi ki, Qızın hörmət - izzətinə, nüfuzuna xələl gəlməsin deyə belə elədi, istəmir ki, kollektivə təzəcə qədəm basmış gənc bir qız haqqında ayrı cür düşünsünlər. Qız da yüngülcə çiyinlərini çəkdi, yəni “nə deyirəm ki?”

Beləcə, onların tanışlıq səhnəciyi təbii alındı və tanışlıqları zəmanənin diplomatları demişkən, «yüksələn xətlə inkişaf etməyə başladı».

Bütün ilkin hazırlıqlara baxmayaraq, Oğlan iş yerində onunla az-az görüşür, pərdə saxlayır, nadir hallarda bir tutarlı bəhanə ilə hər hansı sənədlə baş mühasibin yanına gəlir və o da rəssamı belə xırda şeylərə görə sıravi mühasibə - Qıza tərəf yönəldirdi.
Sonralar işdənkənar görüşlər başladı. Qız ona əməlli-başlı öyrəşmişdi. Oğlanı görmədiyi günlər sanki havası çatmırdı, boğazından tikə keçmirdi, gecələr ilanvuran yatırdı, o yox. İki gəncin münasibətləri işçilərdən, artıq, gizli deyildi və qızlardan kimsə bir dəfə sözarası ağına-bozuna baxmadan soruşmuşdu da:

- Ürəyini açıb, yoxsa elə-belə fırladır səni?

“Fırladır” sözü, doğrudan da, dünyanı Qızın başına fırlatmışdı. Rəng verib rəng almışdı, qulaqları sanki alovlanmışdı, hiss eləmişdi ki, pörtüb, qulaqları da yəqin xoruz pipiyinə oxşayır… Od tutub alışan Qız Oğlanla növbəti görüşlərində buz kimi soyuq, qış küləyi kimi sərt idi. Oyuncağı əlindən zorla alınmış qızcığazlar kimi dodağı büzülmüşdü, qaşları düyünlənmişdi.

- Sənə nə olub?

- Nə olacaq, sən yalançısan!.. - Qız dedi və ardınca da iki damla şəffaf muncuq diyirlənib gözlərindən sürətlə ətəyinə düşdü. Oğlan həyəcanını, təəccübünü, narahatçılığını gizlədə bilmədi:

- Mən? Mən yalançıyam? Nə vaxt sənə yalan danışmışam?

- “Nə vaxt, nə vaxt…” Elə tanışlığımızın ilk günündən! İndi başa düşürəm ki… fırlatmağa adam tapmısan!...

Fırlatmaq sözü Qızın səsində çox qəribə çıxdı. Onun danışığında heç vaxt buna oxşar səs, söz eşitməmişdi. Yabançı bir söz, yabançı bir əhval idi bu.

Oğlan barmağını dişlədi, yelin hansı tərəfdən əsdiyini öyrənmək istədi, amma indi buna macal yox idi, ona görə də vəziyyəti yumşaltmağa çalışdı. Əlbəttə, bacardığı kimi:
- Mən… mən çox ciddi adamam. Həyatda aldatdığım olmayıb. Dilim yalana öyrəşməyib. Sənə də münasibətim çox ciddidir…

- Görürəm elə… - Qız burnunu çəkdi.

“Aydındır, məndən elə indi, bu dar məqamda, göz yaşları içində məhəbbət etirafı istəyir. Zorakılıqdır…”

-- Bilirsən ki, anam xəstədir, qoy arvad bir-iki həftəyə özünə gəlsin, ürəyimiz açılsın, istəyirəm hər şey təbii, vaxtında və gözəl olsun, - oğlan mehribancasına dedi. -- Bir qədər səbr edək...

Fırtına, elə bil sakitləşdi. Əvvəlki görüşlərin hərarəti olmasa da, həmin gün sülhlə ayrıldılar və qız vəd olunmuş bir-iki həftəni səbirsizliklə gözləməyə başladı.
Oğlanın isə qayğılı, həyəcanlı günləri idi. Onsuz da az olan maaşları gecikdirilirdi. Xəstə anasının dava-dərmanına güclə pul çatdırırdı. Yazıq arvad canının ağrısından hərdən dilə gəlib deyərdi: «Şükür Allahın məsləhətinə! Mənə kasıb həyatı, dövlətli xəstəliyi qismət eləyib!». O, şəkərdən əziyyət çəkdiyindən bəzən bu cür ah - uf edərdi. Oğlanın satış-sərgiyə qoyduğu əsərlərdən isə hələ ki, səs-soraq yox idi. Nə yaxşı ki, xalası onlara əl tuturdu, üstəlik də şənbə-bazar günləri gəlib evlərində biş-düş edir, təmizlik işlərinə baxırdı. «Aha! Xala -- mənim mehriban xalam!» - Oğlanın başından bir «xala» uğultusu keçdi, amma ağrıtmadı bu uğultu onu, əksinə, ayıltdı və o, elə sevindi ki, elə bil, xəzinə tapmışdı.

Çox keçmədi Oğlan Qızı önəmli görüşə çağırdı və ona tapşırdı ki, bu xüsusi bir tədbirdir, ömürlərində ilk dəfə və bir dəfə olan şeydir. Tədbirə münasib geyinsin və gələndə ürəyində Oğlana qarşı xıltlı heç nə gətirməsin.

Qızı həyəcan, sevinc və qəribə maraq bürümüşdü. Doğrudanmı Oğlan bu gün elə bir addım atacaq ki, həyatını büsbütün dəyişəcək, ağzıgöyçəklərin dili qısalacaq? Sualın cavabını görüşə düz vaxtında gələn Qızın gülümsər gözlərindən, alışıb-yanan çöhrəsindən, qızılı-sarımtıl uzun donunun sol yaxasına taxdığı açıq qəhvəyi parça-çiçəkdən də oxumaq olardı.

Bahar fəsli olduğundan Oğlan da yüngül geyinmişdi: Qara şalvar, mavi uzunqol köynək və üstündən də qolsuz qara jilet.

Taksiyə oturdular. Oğlan dodaqlarını Qızın qulağına yaxınlaşdırıb pıçıldadı: «Xahiş edirəm, heç nə soruşma, sürprizdir, yaxşı?»

Qız başı ilə razılıq işarəsi verdi. Taksi şəhərin mərkəzindən aralanıb aeroport yoluna istiqamət götürəndə qız ciddiləşdi, ürəyində dedi: «Olmaya məni qaçırdır?!» Sualına cavab tapmamış oğlan taksinin şüşəsindən bayırı göstərdi:

- Yolun sağında - solunda hasarlara diqqət elə. Divarların naxışları gör necə də maraqlıdır…

Qız diqqət elədi. Rahat asfalt yolun sağını-solunu cürbəcür bəzək, gül kolları, ağaclar bəzəyirdi. Bir, iki mərtəbəli evlərin səliqəsi göz oxşayırdı. «Yol özü bir əhvaldır», deyiblər. Yol rahat və ətrafı gözəl olanda isə ovqatın üstünə ovqat gəlir. Doğrudan da, yol getdikcə Qızda romantik hisslər baş qaldırırdı. Taksi sürücüsünün güzgüdə Oğlanla ani baxış mübadiləsindən sonra isə maqnitofondan gələn gözəl musiqi uyuşdurucu kimi maşının içinə yayıldı.

Taksi aeroporta tərəf dönməyib sağa gedən yolla qabağa şütüyəndə Qız xumarlanan göz qapaqlarını açıb yenə nəsə soruşmaq istədi, amma Oğlanın tapşırığı yadına düşdü, susdu, musiqiyə qulaq asmaqda, ətrafın gözəlliyini seyr etməkdə davam elədi. Maşın xeyli gedəndən sonra Qız düşündü: «Aha, Pirallahı adasına aparır. Yox, qaçırdır məni». Yenə ağzını açıb nəsə demək istəyirdi ki, Oğlan izahat verməyə başladı:

- Ora bax, görürsən heykəlləri? Bütün rayonları bəzəmək üçün nə lazımdırsa buradan daşınır…

Qız ceyran, maral, kiçik uşaq heykəllərinə, iri fil, dəvə müqəvvalarına, yol kənarında sıra ilə düzülmüş ağla gələn və gəlməyən mücəssəmələrə, daşınıb aparmaq üçün nəzərdə tutulmuş növ-növ kol, ağaclara heyrətlə baxırdı. Amma taksi Pirallahı adasına getmədi, elə bu əsrarəngiz mənzərənin yanında, hündür, yaşıla bürünmüş talvarın qabağında dayandı. Oğlan çıxdı, cəld maşının o biri tərəfinə keçib qapını açdı, əlini Qıza uzatdı. Sürücüyə «Çox sağ ol!» dedi, maşın geri dönüb getdi. Sürücüyə yol pulunun verilməməsi və onun da istəməyib gülümsəyərək başını tərpətməsi Qızın diqqətindən yayınmadı.

Oğlan Qızın sol əlini əlinə aldı. Nəhəng və uzun talvara daxil oldular. Yollarına al-qırmızı pəyandaz salınmışdı, üzərində ağ qızılgül ləçəkləri ayaz gecələrdəki ulduzları xatırladırdı. Bu rahat, cənnətə gedən cığırın sonunda dairəvi ağ örtük salınmış stol vardı. Stolun üstündəki büllur şamdanda iki böyük şam boya-boya vermişdi. Stolun çevrəsi boyu düzülmüş al qızılgül ləçəkləri bəyaz süfrə fonunda çox cazibəli görünürdü. Süfrəyə şəkərbura, paxlava, iki ürəyi xatırladan qutuda şokoladlı konfet, bircə şamla qızdırılan şüşə çaynik qoyulmuşdu. Beş büllur ulduzun birləşdiyi yastı qabda qoz, fındıq, badam, püstə ləpəsi, kişmiş vardı.

Oğlan stolun ətrafındakı hündür sökyənəcəkli ikicə stuldan birini ehmalca arxaya çəkib Qızı otuzdurdu, sonra da özü cəld gedib ikincisində əyləşdi. Əlini atıb zərli, kiçik parça dəsmalın altından alışqanı götürüb şamları yandırdı.

Qız ətrafı seyr eləməkdən doymurdu. Onların oturduğu stol sanki rəssam tərəfindən çəkilmiş günəş və ağ, sarı, bənövşəyi, qırmızı zanbaq ləkləri isə günəşdən aralanan şüalar idi. Talvar boyu yastı yeşiklərdə rəngbərəng çiçək dibçəkləri düzülmüşdü. Başqa dibçəklərdəki yumruqdan da kiçik kaktusun düz təpəsindən sarı, qırmızı çiçəklər boylanırdı. Talvarın dayaqları boyu irili-xırdalı qəfəslərdə rəngbərəng tutuquşuların, bülbüllərin səsi bir-birinə qarışmışdı. Hardansa gələn həzin melodiya bu məkanın dəyərinə dəyər qatırdı. Qız hara düşdüyünü anlamaq istəyirdi, ancaq başa düşə bilmirdi, yəqinliyi isə buna idi: deyəsən, Oğlan onu qaçırtmır. Hələ ki qaçırtmır.

- Əzizim! - Oğlan düz onun gözlərinə baxıb dilləndi. - Səni indiyə kimi çox nigaran qoymuşam, görüşlərimiz səviyyəli-səviyyəsiz keçib, neyləmək olar...İstəyirəm indi bunların hamısı keçib getsin, yaddan çıxsın və bu gün, məhz bu məqam yadımızda qalsın. Gələcəyimizin, birgə həyatımızın bünövrəsi beləcə qoyulsun… Bilirsən ki, gözəl danışmaq mənim peşəm deyil. Gərək bağışlayasan!

Oğlan əlini onun əlinin üstünə qoydu. Soyuq deyildi Oğlanın əlləri. Yoxsa, Qızın ürəyi buzlanacaqdı. İsti də deyildi, yoxsa onsuz da qanı qaynayan Qız hərarətdən tərləyərdi. İlıq, möhkəm, işdə zəhmətdə bişmiş əl idi. Adama rahatlıq, əminlik gətirirdi…
Oğlan cibindən kiçik bir məxmər qutu çıxarıb stolun üstünə qoydu, açdı, içindəki üzüyü çıxartdı. O, iki mərci boyda qızıl başın bir-birinə dolaşması kimi düzəldilmiş üzüyü ehmalca qızın adsız barmağına keçirtdi.

Oğlan:

- Bu üzüyün adı «Öpüş»dür… Hm…Səni...hm..səni çox sevirəm, istəyirəm ailə quraq. Bu üzük isə sadəcə… sənə münasibətimi bildirmək üçündür. Anam özünə gələn kimi dədə-baba qaydası ilə nişanımız olacaq, inşallah!

Qızın damarlarına elə bil zəif cərəyan buraxdılar, dərisinə də sanki qarışqalar daraşdı. Qulaq nahiyəsində, boynunda məxmər kimi incə tüklər biz-biz durdu. Oğlanın «nişan» işindəki səriştəsizliyi, məktəb şagirdi kimi ağzından tökülən sözlər o qədər təbii və səmimi idi ki, Qız bu eşitdiklərini, gördüklərini bir ətək pula toy aparan masabəyilərin cilalanmış, pardaxlanmış, uzun-uzadı nitqinə dəyişməzdi. Yox, qətiyyən dəyişməzdi!
Oğlan sonra qrafindən balaca büllur qədəhlərə şərbət süzdü, zəfəranın ətir qoxusu gəldi. Bir neçə qurtum içib gözlərini bir-birilərinə zillədilər.

- Elə çiçək var ki, eyzən sənə oxşayır...

- Hansı çiçəkdir o? - Qız soruşdu və ətrafdakı gül-çiçəklərə nəzər saldı.

- Sənə oxşayan çiçək bizlərdə bitmir. Onun varlığı haqqında çoxunun heç xəbəri də yoxdur, - Oğlan cavab verdi.

-Bəlkə , nəhayət deyəsən o nə çiçəkdir?

- Orxideya, yəni Səhləb çiçəyi. Malaziyada Kinabalu qoruğunda bitir. Əsl qız təbiətli çiçəkdir.

- Necə yəni qız təbiətli?

- Demək istəyirəm ki, sənin kimi qıza oxşarı çoxdur.

«Elə deyir danışa bilmirəm. Amma gör necə düz-qoş elədi. Demədi sənin ona oxşarın, dedi onun sənə oxşarı çoxdur…» - deyə Qız ürəyindən keçirtdi və istəklisinin nəvazişi, ehtiramı, qayğısı onu açıqca fərəhləndirdi.

- Səhləb kolu on beş yaşından sonra çiçək açır, neçə ki biz on beş aydan sonra bir qərara gəldik, mən ürəyimi sənə aça bildim. Düzdür, əvvəlcə bircəciyini açır. Sonralar isə açdığı çiçəklərin sayı altıdan çox olmur. Mənə elə gəlir ki, altı uşaqdan çox indi heç kim…

Qız sinəsini yüngülcə arıtdı. Oğlan səhv addım atacağından ehtiyatlanıb söhbətin məcrasını dərhal dəyişdi: - Hmm…Çiçəyin rəngi sənin paltarın rəngində olur, üzərində də o çiçəkdən bir qədər tünd rəngdə xalları - Oğlan Qızın sol döşünə sancılmış açıq qəhvəyi parça çiçəyi göstərdi.-- Qəribədir ki, bu çiçəyin ortası bir qədər uzunsov və bərkdir , ortadan ayrılan ləçəklər üfiqi uzanır. Ən qiymətlisi isə odur ki, onun ətri adamı bir neçə addımlıqdan məst edir.

- Ondan satırlar?

Oğlan bu cür sualları indi eşitmək istəməzdi, amma soruşulmuşdu, gərək doğru cavab verəydi.

- Həddindən artıq baha satılır, amma alanlar da az deyil.

- Məsələn , neçəyədir?

Oğlana elə gəldi ki, birinci sual onu yerə yıxmışdı, ikincidən sonra isə onu sürüməyə başladılar. O, fağır-fağır sağ əlinin barmaqlarını göstərib əlavə etdi:

- Yanında da üç sıfır. Dollarla. Hm… Mənim qələmim yoxdur, söz ustası deyiləm. Mənimki fırça, boyadır. Sənin, maşallah, yaxşı qələmin var, yazdıqlarını oxumuşam, çox xoşuma gəlib. Bəlkə, Səhləb çiçəyilə bağlı sonra özün bir şey yazasan, hə?

- Məhv olduq, bacıoğlu, məhv olduq!!!

Uzun talvarın o başından orta yaşlı, gözündə gözlük, əlində kağız-qələm tutmuş bir xanım başılovlu onlara tərəf gəlirdi. Arxasınca da əyinlərində tünd göy rəngli kombinizon olan iki fəhlə tələsirdi.

Oğlan qadını görcək, dik ayağa qalxdı, bənizi Qızın paltarı rəngini aldı, əlləri titrədi.

- Nə məsələdir, xala? - həyəcanla soruşdu, - anama bir şey olmayıb?

- Yoox, bacım yaxşıdır. Xozeyinimiz gəlir, yoldadır, - qadın təşviş içində onlara lap yaxın gəlib durdu.

- Bəs demirdin təyyarəyə bilet alıb vətəninə uçur bu gün? -Bu sözlər Oğlanın dilindən yox, guya qurumuş ağacın gövdəsindən çıxdı.
Qadın günah sahibi kimi boynunu büküb yavaşca:

- Nə bilim, ağlına nə gəlibsə, təyyarə ayağından qayıdıb. Şoferi sağ olsun, telefonla məni xəbərdar elədi… Deyəsən, birbaşa bura gəlir ifrit…

Qız üçün səhərdən başlanmış cənnət həyatı guya bir bəzədilmiş bayram xonçası idi, indi Oğlanın xalası gəlib məjmeyini tərsinə sevirdi. Gəldikləri uzun yolun sağ-solundakı bərbəzəkli divarlar indi Qıza kömürlə qaraldılmış taxta hasara, hasarın arxasındakı səliqəli kiçik evlər qumaşı sökülmüş tabuta, nəvazişlə gülümsəyən taksi sürücüsü həbsxanadan yeni azad edilmiş fırıldaqçıya, nəhəng talvar və onun altındakı, yanındakılar isə ilğım görüntülü cəhənnəmi yada salırdı. Qız qətiyyətlə, dik ayağa durdu, üzünü Oğlana tutub bağırdı:

- Yalançı !!!

***

Bu axşam toy olacaqdı. Çox məşhur, bahalı şadlıq sarayında. Bəy, gəlin, gəlinin rəfiqəsi, bəyin cangüdəni və sağdışı oturmuş qırmızı lentlərlə, güllərlə bəzədilmiş çox uzun, ağ minik maşını şəhərin mərkəzinə tərəf gedirdi. İrəlidə yol polisi maşınları küçənin sağına sıxışdırıb bəylə gəlin gedən maşına yol açır, ondan sonra xüsusi maşında kamera olan maşın irəliləyirdi. Eynən bu maşından biri də ağ, uzun avtomobilin arxasınca şütüyür, arada əks istiqamətdə yolun boşluğunu görüb irəlidəki maşınla yanaşı gedir və içindəki cavan operator iri kamera ilə işləyirdi. Onlardan sonra gələn maşın qatarının sonu isə görünmürdü.

Uzun, ağ maşın Nəbatət bağına çatanda Qız qurcalandı. Kürəyini gön söykənəcəyə sıxmış bəy gəlinin narahat olduğunu görüb soruşdu:

- Nə var, bir şey olub?

- Mən ora baxmaq istəyirəm, - deyə Qız bağın darvazası yanında bilet kassasının qabağında durmuş bir dəstə adamın başı üstündən bağın dərinliyini göstərdi.

- Orda nə var ki? - bəy dodaqlarını büzə-büzə, təəccüblə soruşdu.

- Bu gün orada qəribə bir çiçək göstərirlər. Elanını televiziyada eşitmişəm.

Bəyin üzü turşudu. Sürücü ayağını əyləcə basdı. Qızın rəfiqəsi sinəsini arıtdı, çünki gəlinin nə istədiyini yaxşı anlamadı. Sağdış, eyni zamanda bəyin cangüdəni, əlini sağ böyrünə atıb silahını yoxladı.

Qızın bu gözlənilməz arzusu bəyi heç açmadı, amma özünü o yerə də qoymadı. Tanış olduqları müddətdən toy gününə kimi Qız ondan heç nə - qətiyyən heç nə istəməmişdi. Bəy dəfələrlə, israrla «nə alım səninçün?» deyə az qala yalvarmışdısa, Qız imtina eləmişdi. İndi birdən-birə, şadlıq sarayına gedən məqamda, ali mənsəbli qonaqların gözü yolda ikən, qohum-qardaşın, dostların, ailə üzvlərinin, yaxın-uzaqların arxa maşınlarda gəldiyi vaxt Qızın şıltaqlığı bəyi özündən çıxartmalı idi. Amma o, gələcək arvadının ilk istəyini - nə olursa-olsun - yerinə yetirməyə özündə qüvvə tapdı. Qızın rəfiqəsinə dedi:

- Yaxşı, düşün, gedin baxın, amma tez qayıdın, camaat çox gözləməsin.
Cangüdən bəyə məəttəl-məəttəl baxdı, bəy halını pozmadı, yekəpərin qulağına yavaşca dedi:

- Düş, onları gözdən qoyma, biletdi, nədi, tez al, növbəsiz baxıb tez qayıdın, sonra mənə danış görüm bu nə matah çiçəkdi belə. Camaatda həvəs var e, vallah.

Bəy sonra Qızın, onun rəfiqəsinin və onları qarabaqara izləyən cangüdənin dalınca baxa-baxa cibindən zərlə işlənmiş siqaret qutusunu çıxarıb, içindən qızılı müştüyü üstündə olan bir siqaret götürdü, dodağına qoyub patron şəklində alışqanla yandırdı. Arxadan gələn maşınlar siqnal verə-verə onun maşınına çatıb dayandılar.

Bağın orta hissəsinə yaxın yerdə izdiham vardı. Xeyli adam növbə gözləyirdi. Hansı uşağınsa “gəlin gəlir, gəlin gəlir !” nidası insanların diqqətini geri yönəltdi. Ağ, uzun ətəkli, yaraşıqlı gəlin bir qızın və cangüdəninin əhatəsində onlara yaxınlaşanda izdiham sağa-sola çəkilib aralandı. Onlar irəli getdikcə xoş, eyni zamanda da qəribə ətirin rayihəsini ciyərlərinə çəkirdilər. Səhləb çiçəyi dörd-beş metr aralıdan qırmızı lentlə çevrəyə alınmışdı. Çiçəyin yanında qəribə bir dağ daşı vardı, görünür, Kinabalu dağından çiçəyi torpaqqarışıq və bu daşla bərabər gətirmişdilər. Bağın orta yaşlı qadın əməkdaşı gözlüyünü düzəldə-düzəldə Səhləb çiçəyi, onun bitdiyi şərait, xüsusiyyətlərindən həvəslə danışırdı:

--Çiçəyin ətrindən danışmağın yeri yoxdur, onu siz özünüz də hiss edirsiz. Məsələ burasındadır ki, ətəyində Səhləb bitən Kinabalu dağı hər il beş millimetr boy atıb yüksəlir!

“…Ətəyində Səhləb bitən Kinabalu dağı hər il beş millimetr boy atıb yüksəlir!”—bu sözlər Qızın qulaqlarında aramsız səslənməyə başladı…

***

Bir ay sonra Oğlanın telefonuna Qızdan mesaj gəldi: «Sabah səhər tezdən işə gəlib öz şeylərimi götürəcəm».

İşin başlanmasına bir saat qalmış Oğlan artıq yerində idi. Otağının qapısını bilə-bilə açıq qoymuşdu. Dəhlizdə hələ ki, heç kim görünmürdü. 15, 20, 30 dəqiqə keçdi. Heç hənirti belə yox idi. Haçandan-haçana dikdaban ayaqqabıların taqqıltısı eşidildi. Oğlanın ürəyi dikdabanın ritminə uyğun döyünməyə başladı. Tuk-tuk, tuk-tuk!

Qız gəlib açıq qapı önündən keçdi, içəri baxmadı, düz gedib şöbələrinin qapısını açdı. Otağa, dəhlizə yenidən sükut çökdü. Bu cür səssizliyə nahaq yerə “qəbir sükutu” deyirlər, çünki belə deyən və ya yazan axı qəbirdə olmayıb. Qəbirdə olsaydı, “dəhliz sükutu” deyərdi. Bu sükutun hələ nə meyarı tapılıb, nə də müddətini ölçən cihaz.

Oğlanın içi dəfələrlə qıvrılıb açılandan sonra mühasibliyin qapısı açıldı, dikdaban ayaqqabılarının aram səsi eşidildi. Oğlan dərhal sarı-qızılı rəngli parça üzlüklü dördkünc bükülünü götürüb qapıdan çıxdı, Qıza tərəf addımladı. Üz-üzə, göz-gözə gəlirdilər. Qız bir əlində sintetik torba, o biri əlində isə jurnal tutmuşdu. Sintetik torbada, yəqin onun şöbədə qalmış əşyaları idi.

Qızın ayaqqabısının səsi: Tuk-tuk, tuk-tuk!
Oğlanın ayaqqabısının səsi: Tap-tap, tap-tap!
Qızın ürək döyüntüləri: Gup-gup, gup-gup…
Oğlanın ürək döyüntüləri: Duk-duk,duk-duk…

Qızdan ayrıldığı aylar, onun toyda, sonra xaricdə keçirtdiyi bal mövsümü oğlana bu qədər uzun görünməmişdi - bu dəhliz zəhrimar nə uzun imiş!

«Kaş məndən, xoşbəxtsənmi?- deyə soruşmayaydı», - deyə Qız ürəyini yeyirdi.
Üzləşdilər. Oğlan:

- Necə dincəldin?

Qız:

- Dincəlməli günlərimdə bununla məşğul oldum, - o, əlindəki jurnalı Oğlana uzatdı.

- Mən də həmin ərəfədə bunu çəkə bildim, - deyə oğlan əlindəki bükülünü Qıza uzatdı.
Əşyalar mübadiləsi beləcə başa çatdı və onlar ləngimədən getdikləri istiqamətdə addımladılar. İki-üç addımdan sonra Oğlan jurnalın əlfəcin qoyulmuş səhifəsini açdı. Səhifənin başında qəmli, pərişan baxışlı Qız ona baxırdı. Altında qara şriftlə «Səhləb çiçəyi», onun da altında mötərizədə nə üçünsə «hekayə» yerinə «hekayət» yazılmışdı.

Qız sintetik torbanı qoltuğuna vurub tez-tələsik dördkünc bükülünü açdı. Qəşəng çərçivəyə alınmış, qara fonda Səhləb çiçəyi təsvir olunmuşdu. Çiçəyin arxasında, lap uzaqda bir siluet görünürdü. Daha doğrusu, siluetin yalnız mavi köynəyi və dumanlı üzü. Qalan yerlər isə fonla eyni rəngdə - qara idi. Qız bükülünü açan kimi ondan gələn xoş ətrin rayihəsi ətrafa yayıldı. O, şəkli yaxına tutub iylədi. Əsl Səhləb çiçəyi qoxusu gəlirdi…

Bakı, 4-5 mart, 2012
XS
SM
MD
LG