Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:17

Reyhan Yusifqızı "Bir gecənin sirri" (Onluqdan hekayə)


Reyhan Yusifqızı Şıxlinskaya
Reyhan Yusifqızı Şıxlinskaya
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçib.


Reyhan Yusifqızı


BİR GECƏNİN SİRRİ

Masanın üstü cürbəcür yeməklərlə dolu idi. Qarşı-qarşıya oturmuşdular. Kişi və qadın. Alaqaranlıq salonun bir tərəfi açıq idi, dənizə baxan tərəfi. Hərdən külək qalxır, sərin dəniz havası açgözlüklə içəri dolurdu.

- Üşümürsən ki? – deyə kişi soruşdu.

Qadın cavab vermədi. Fikri başqa yerdə idi.

- Sokratın bir sözü var, eşitmisən? Deyir hər gizli şey tez-gec aşkar olur.

Kişi gülümsədi; nədən söhbət getdiyini yaxşı başa düşürdü.

- Bir dəfə işdə qızlarla söhbət edirdik. Gülər dedi ki, mənim hamıdan gizli
bir sirrim var, onu heç vaxt heç kim bilməyəcək. Sonra Seva dedi, o gombul Seva, dedi ki, mənim də gizli bir sirrim var, onu özümlə qəbrə aparacağam. Demək Sokrat düz deməyib?

- Elədir, düz deməyib.

Qadın davam etdi:

- Mən heç nə demədim, ürəyimdə fikirləşdim. Fikirləşdim ki, hər kəsin
sirri var. Mən də elə hamı kimiyəm – mənim də sirrim var. Çox ümid edirəm ki, bunu heç vaxt heç kim bilməyəcək.

- Niyə özünə əziyyət verirsən? Təmiz hava ud, dincəl.

- Hərdən sənə hirslənirəm – sakit həyatımı pozduğuna görə, məni bu sirlə
yaşamağa, yalan danışmağa məhkum etdiyinə görə. Amma sonra...

- Sonra nə?

- Sonra düşünürəm ki, bu, talenin işidir. Sənin nə günahın var?

Kişi təsdiq etməyə tələsdi:

- Sənin də günahın yoxdur – talenin işidir.

- Nə yaxşı! Hər şeyi talenin üstünə atıb oturmuşuq!

Kişi narahat oldu:

- Mənimlə gəlməyinə peşman olmusan?

O, uzun kirpiklərini endirib cavab vermədi.

- Bilirsən, mən insan həyatını əvvəli və sonu olan bir parçaya bənzədirəm.
İnsan ömrü başlayır və onun üçün ayrılmış zaman ərzində əvvəldən müəyyən olunmuş qaydalarla bu parçanı keçib sona çatır. Əsrlər boyu qərarlaşmış bu qaydalar insan əxlaqını azadlıqdan məhrum edib, ailə adı altında çərçivəyə salıb. Onları pozmaq, cəmiyyətə qarşı getmək çətindir. Amma məncə insan bəzən bu qaydaları pozmağa, heç nəyə baxmadan ürəyi istəyəni eləməyə özündə güc tapmalıdır. Sonra geri baxanda o bəlkə də məhz bu anları görəcək. Bu gizli məqamlar onun həyatını bəzəyəcək, bəlkə elə həyatının mənası olacaq.

Sakitlik oldu. Yemək yeməyə davam etdilər. Onlar dəniz qırağındakı ən sakit, gözdən uzaq oteli seçmişdilər ki, tanış-bilişə rast gəlməsinlər. Hər ikisi ailəli idi. Özündən daha çox qadın üçün qorxurdu. Kişilərə xəyanəti bağışlayırlar, qadınlara isə yox. Niyə bu riskə getmişdilər? Onları nə vadar etmişdi? Niyə insan ona aid olmayanı istəyir? Niyə payına düşənə qane olmur? Əlbəttə, qane olanlar da var, amma onlar da nədənsə çəkindikləri üçün qane olurlar.

- Ləman necədir? –Həyat yoldaşının adını eşidən kişi diksindi.

- Nə?

- Başqası ilə əlaqən olduğunu hiss eləmir ki? Adətən qadınlar həssas
olurlar, ərlərinin fikri başqa yerdə olanda hiss eləyirlər, - o diqqətlə tərəf-müqabilinin üzünə baxdı, - ümid edirəm ki, bunu hiss etdirəcək dərəcədə ağılsız deyilsən.

- Yoox! – Kişi gülümsədi , - əksinə, son vaxtlar daha da mehribanlaşmışıq,
- qabağa əyilib yavaşca əlavə etdi, - gücüm ikiqat artıb. Əvvəl həftələrlə ona yaxın durmurdum, indi...

- Afərin! Sənə qalan o olacaq. Mən bu gün varam, sabah yox. Bunu unutma.

- ...

- Mısmırıq eləmə, əvvəldən şərtimiz belə olub. İstədiyim zaman məni buraxacaqsan .

Kişi əlini uzadıb onun biləyindən tutdu.

- Bunu elə tez-tez xatırladırsan ki. Sənə pisdir mənimlə?

- Yaxşıdır. Təsəvvür eləmirsən ki, nə qədər yaxşıdır.

O, dənizə tərəf baxdı. Yüngül meh saçlarını yellədi, yaraşıqlı üzünü
sığalladı. Gözlərinin yanındakı nazik qırışlar gözəlliyini pozmurdu.

- Ləmanla necə oldu evləndin?

- Universiteti bitirəndən sonra işə düzəlmişdim. Pulum çox olurdu, elə bil
ki, Allah yetirirdi. Nəyə əl atırdımsa, pul çıxırdı. Yataqxanada məni bir nömrəli alverçi kimi tanıyırdılar – dəbdə olan hər şeyi birinci mən satırdım.

O gülümsədi:

- Demək alver də eləmisən.

- Sola-sağa gəzirdim özümçün, gəzdikcə də tanışlarım, əlaqələrim artırdı.
Amma oxumağı da buraxmadım: aspiranturaya girdim, yataqxanada özümə yaxşı yer elədim. Günlərin birində atam məni kəndə çağırdı. Sən demə, kişi mənə tələ qurubmuş, xəbərim yox imiş. Getdim, gördüm toydur, məni evləndirirlər. Ləman qonşumuzun qızı idi, uşaqlıqdan bir böyümüşük. Nə isə, aradan çıxa bilmədim. Kişinin fikri qəti idi, əlini stola çırpıb dedi: ”Köpəkoğlu! Oğulluqdan çıxararam səni!” Sonra Bakıda bizə ev alıb yerləşdirdi. Cibimə min manat qoyub, “Ailənə bax, adam ol!” deyərək getdi.
Gülüşdülər.

- Ləman yaxşı qadındır.

- Mən onu sevmədim, amma bağlandm. Balalarımın anasıdır, həyatını bizə
verib. Yaxşı günümdə də, pis günümdə də yanımda olub. Evdə pul olmayanda ac oturub, şikayət eləməyib. Xəstələnəndə mənə baxıb. Sola-sağa gəzməyimə dözüb. Əslində çox pis xasiyyətim var – mız-mızın, vasvasının biriyəm. Sağ olsun, odur mənə dözən.

- Həyatını ailəsinə həsr edən qadınlar ən layiqli qadınlardır.
O susdu. Özü haqqında düşündü. Yox, o belə biri deyildi.

- Elə eləməliyik ki, bizə doğma və əziz olan adamlar rahatlıqlarını
itirməsinlər.

Kişi başını tərpədərək təsdiq etdi.

- Sən necə?

Qadın bu sualı gözləyirdi.

- Mən sevib ərə getmişəm. Özümü dünyanın ən xoşbəxt qadını sayırdım.
Elə bilirdim ki, həmişə belə olacaq. Amma sevgi öz-özünə ömürlük olmur. O hər gün dəyişə, artıb-azala bilər – bunu sonralar başa düşdüm. Sevgini hər gün, hər saat qazanmalısan, sanki indicə tapmısan. Tərəf müqabilin üçün maraqlı olmalısan - ən maraqlı və ən arzuolunan. O səni itirməkdən qorxmalıdır. Bu proses dayansa sevgi azalacaq. Sonra tamamilə yox olub alışqanlığa çevriləcək və heç bir romantika qalmayacaq. O zaman sən onu başqalarında axtaracaqsan...

- Qadınların naturası çox mürəkkəbdir. Təəssüf ki, biz onları hərdən başa
düşmürük. Bizim görüb sevdiklərimiz yalnız üst qatdı, alt qatlarda nələr olduğunu bilmək üçün xeyli əziyyət çəkməli oluruq.

Sakitlik oldu. O, fikrə getmişdi.

- Oğlum zəif uşaq idi, hey xəstələnirdi. Bütün vaxtımı və diqqətimi uşağa
sərf etməli olurdum. O isə, sanki bundan məmnun kimi, öz işləri ilə məşğul idi, tanımadığım insanların hüquqlarını müdafiə edirdi. Bir də gördüm ki, ayrı-ayrı dünyalarda yaşayırıq. Ən pisi o idi ki, bizim dünyalarımız kəsişmirdi. Onun dünyasında siyasətçilər, ictimai xadimlər, dünyanın dərdi-səri əsas yer tuturdu. Mənim dünyam isə... Bəlkə sən o barədə daha çox bilirsən. Çətini odur ki, o məni öz dünyasına buraxmır. Mənim dünyama isə gəlmək fikri yoxdur.

- Xoşbəxt deyilsən?

- Xoşbəxtliyin çox calarları var. Onlardan biri də kiminsə səni sevdiyini
bilməkdir. Qadın üçün bu çox vacibdir, ruhun ehtiyacıdır.

- Xoşbəxtsənmi? – təkrar soruşdu.

- Onunla boşanmağa qalxdığım anlar da olub, yanımda olduğu üçün qürur
duyduğum anlar da. Hər kəs xoşbəxt cütlük olduğumuzu düşünür. Adam arasında mənə qarşı çox diqqətli davranır – bunu özünün kişilik borcu sayır. Bu davranışına görə çox qadınlar mənə həsəd aparır. Əslində isə mən onu bir qadın kimi maraqlandırmıram, mənə dəyər vermir...

- Heç onunla bu barədə danışmısan?

- Bir-iki dəfə cəhd eləmişəm. Nə istədiyimi, nədən narazı olduğumu başa
düşmədi. Onun fikrincə, hər şey qaydasındadır.

- Səni şübhəyə salmaq istəmirəm, amma... bəlkə kimisə var?

- Bilmirəm. Məncə yox, - bir az düşünüb əlavə etdi, - olsa da, bundan
sonra nə fərq edər ki? Bircə mən xəstələnəndə narahat olub əl-ayağa düşür. Qorxur ki, mənə bir şey olar, onun rahatlığı pozular. Özü də bunu gizlətmir, “Sənə bir şey olsa, neyləyərik” deyir.

Onun səsi titrədi, gözləri yaşardı. Bu halı ilə qarşısındakı adamı təəccübləndirdi.

- Əsəblərin pozulub, bir az sakitləşdirici qəbul elə.

O, gözlərinin yaşını silib gülümsədi:

- Yəqin mənə dəli kimi baxırsan.

- Yox, niyə ki. Amma bu dediklərin ağlamaq üşün səbəb ola bilməz.

- Düzünü de, nə düşünürsən mənim haqqımda?

- Ağıllı xanımların təhlükəli suallarından qaçmışam həmişə.

- Kişilər ağıllı xanımları sevmirlər.

- Başqalarını bilmirəm, mən valeh oluram.

Sanki bu sözlərin doğru olub-olmadığını yoxlamaq üçün ona baxan gözlərin
dərinliklərinə nüfuz etdi.

- Sənə rast gəldim, həyatım dəyişdi. Qadın olduğumu mənə xatırlatdın.
Həyat gözümdə başqalaşdı, gözəlləşdi. Bildim ki, məni hələ sevmək olar, mən kimin üçünsə maraqlı, istəkli ola bilərəm.

- Sən çox gözəlsən. Sən gözəl qadın və gözəl anasan.

...O, səhər yuxudan gec oyandı. Əhval-ruhiyyəsi yüksək idi. Yanındakına sığınanda vərdiş etmədiyi təmasdan diksindi - əri deyildi. Gözlərini açıb harada olduğunun fərqinə vardı. Nəşəsi pozuldu.

Tavana baxıb düşünürdü. Bu onun son on ildə keçirdiyi ən möhtəşəm gecə idi, bunu dana bilməzdi. Amma ürəyində bir səksəkə vardı.

- Sabahın xeyir!

Başını döndərib key-key baxdı.

- Necəsən?

- O biri dünyada bir yerdə cavab verəcəyik.

- Necə?

- Deyirəm ki, bu günahımıza görə o biri dünyada bir yerdə cavab
verəcəyik.

Kişi güldü. Barmağı ilə onun çılpaq qolunu sığalladı.

- Sən yox, mən cavab verəcəm – hər ikimizin yerinə.

- Elə olmur. Hər kəs özünə cavab verir.

Telefonun zəngi onu diksindirdi. Oğlu idi.

- Ana, sabahın xeyir!

Özünü toplayıb cavab verdi.

- Kənddən indicə çıxmışıq. Axşama gəlib çatarıq.

- Sağ-salamat! Toy necə keçdi?

- Əla! Gərək gələydin! Cavanların məclisi ayrı idi, kef eləmişik. Mənim
toyumu da kənddə eləyərsiniz!

- İnşallah!

- Atam soruşur, bizsiz darıxmamısan ki?

Acı-acı güldü:

- Darıxmışam...

Oğlu ilə danışandan sonra əhvalı bir az da korlandı. Analıq duyğusu baş qaldırdı, onu ailəsinin, ocağının xofu basdı. Kişi telefonu onun əlindən alıb uzağa itələdi. İsti nəvazişlərə fikir vermədən tavana baxırdı.

- Soruşur ki...

- Bəlkə bəsdir? Yataqda da ərindən danışırsan?

- Bağışla...

Səhər yeməyini nömrəyə sifariş verdilər. Qadın heç nə danışmırdı. Kişi sözlərini götür-
qoy edəndən sonra ehtiyatla dedi:

- Markesin xoşuma gələn bir ifadəsi var: “Kədərlənmə ki, dünən olub
keçdi, sevin ki, dünən var idi”

O sanki eşitmirdi. Əşyalarını çantasına toplayıb qalxdı.

- Mən taksi ilə gedəcəm.

- Maşınla aparım...

- Yox! Ayrı-ayrı getsək yaxşıdır.

Qarşı-qarşıya dayandılar. Kişi onun zərif əllərindən tutub dodaqlarına
yaxınlaşdırdı.

- Çox sağ ol.

- Nəyə görə?

- Mənə güvəndiyin, mənimlə olduğun üçün. Mənə qüvvət verdiyin üçün.
Sən mənim həyatımın ən gözəl səhifəsisən.

- Ən gizli demək istəyirsən.

- Həm gizli, həm də gözəl. Bu gecənin xəyalı hələ uzun zaman mənə ilham
verəcək.
- ... .
- Bir söz deməyəcəksən?

O dalğın-dalğın baxdı. Demək istədikləri vardı, amma...

- O biri dünyada axtarıb taparsan məni, - dedi, - Bu dünyada deyə
bilmədiklərimi bəlkə orada deyərəm sənə.

Geriyə baxmadan qapıdan çıxıb getdi..
XS
SM
MD
LG