Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Aydan Salahova Moskvadakı qalereyasını bağlayır


Aydan Salahova
Aydan Salahova
Rəssam Aydan Salahova Moskvadakı «Аydan qalereya»nı bağlamaq qərarına gəlib.

Xəbəri «RİA Novosti» yayıb.

Qalereya 1992-ci ildən fəaliyyət göstərir və Moskvanın ən qədim özəl qalereyalarından sayılır.

Aydan Salahova qalereyanı öz istəyi ilə bağladığını bildirib və qalereyaçı kimi öz missiyasının bitdiyini söyləyib:

«Onun yerində öz yaradıcılıq emalatxanamı—«Aidan Studio»nu açacağam».

Xanım Salahova indi rəssam olmağın qalereyaçı olmaqdan daha əlverişli olduğunu da vurğulayıb.

Xəbərdə qalereyanın bağlanmasının bir səbəbi də Rusiyada art-bazarın pis inkişaf etməsi ilə əlaqələndirilir və Aydan Salahovanın son vaxtlar rəssam kimi daha çox populyarlaşdığı önə çəkilir.

Onun məşhurlaşmasına ötən il Venesiya Müasir Sənət Biennalesinin Azərbaycan pavilyonunda açılan sərgisinin də təkan olduğu bildirilir.

Xatırladaq ki, ötən il bu Biennaledəki Azərbaycan pavilyonunda 6 rəssamın əsəri təqdim olunmuşdu.

Aydan Salahovanın orada göstərilmək üçün gətirilən heykəllərindən ikisi qadağan olunmuşdu.

Qara daş
Qara daş
«Telegraph» və «Independent» kimi tanınmış nəşrlər qadağaya səbəb kimi açılışdan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin pavilyona gəlişini və A. Salahovanın «Nevesta» və «Çernıy kamen» əsərlərini bəyənmədiyini göstərirdi.

Bəzi mətbuat orqanları bu qadağanı belə formulə etmişdi: «Dünyəvi dövlət qapalı Şərq qadını obrazında görünməyi özünə yaraşdırmaz».

Birinci heykəldə qara çadraya bürünmüş müsəlman qadın, ikincidə isə Məkkədəki qara daş əks olunmuşdu.

Aydan Salahova isə mediaya açıqlamasında əsərlərinin siyasi senzuraya uğradığını danmışdı və bildirmişdi ki, həmin əsərlər yolda daşınarkən zədə alıb.

Xəbərdə «Аydan qalereya»nın aprelin 23-dən sonra bağlanacağı bildirilir. Çünki həmin gün qalereya 20 yaşını qeyd edəcək.

Emalatxanasını isə tanınmış rəssam payızda açmağı planlaşdırır.

Aydan Salahova bundan sonra da pedaqoji fəaliyyətlə məşğul olacağını bildirib.

O, 2000-ci ildən Surikov adına Rəssamlıq İnstitutunda dərs deyir.

Salahovanın əsərləri Rusiyanın məşhur Tretyakov qalereyasında və Moskva Müasir İncəsənət Muzeyində, həmçinin Romanın və Nyu-Yorkun qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın hər bir işinin orta hesabla 20-25 min dollar arasında satıldığı xəbər verilir.

Onu da xatırladaq ki, Aydan Salahova Azərbaycanın tanınmış rəssamı Tahir Salahovun qızıdır.
1964-cü il martın 25-də Moskvada doğulub.
İndi dərs dediyi Surikov adına Rəssamlıq İnstitutunu bitirib.
Moskvada «Pervaya qalereya» adlandırdığı ilk şəxsi qalereyanı o açıb.
1992-ci ildə isə onu « Аydan qalereya» ilə əvəzləyib.
XS
SM
MD
LG