Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:11

Prezident təqaüdünü kimə və nəyə görə verirlər? (Sorğu)


Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yarıdan çoxu prezident təqaüdü almaq üçün növbə gözləyir.

AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyir ki, AYB üzvlərinə prezident təqaüdü 2007-ci ildən yazıçıların yaradıcılıq fəaliyyətini təmin etmək məqsədilə verilir. Hər il 50 yaşlı və 20 gənc yazara prezident təqaüdü verilir. Yaşlılar 300 manat, gənclər isə 200 manat olmaqla 1 il müddətinə bu təqaüddən yararlanırlar.

AYB-nin 2000-dən çox üzvü var. Onların 1000-dən çoxu hazırda bu təqaüdü almaq üçün ərizə ilə müraciət edib növbəyə dayanıblar. Ədalət Əsgəroğlu deyir ki, ərizələr araşdırılır, təqaüd ilk növbədə fəaliyyəti ilə diqqət çəkən və daha çox ehtiyacı olan yazarlara verilir:

«Burada işləməyənlər, evində xəstəsi olanlar, həmin il yubileyi olanlar nəzərə alınır. Amma əsas nəzərə alınan əlbəttə ki, öz fəallığını nümayiş etdirə bilən yazıçılar, şairlərdir. Amma bu fəallığı da nümayiş etdirmək hər yazıçıya, şairə nəsib olmur. Halbuki, təqaüd üçün hər kəs müraciət edir».

AYB sözçüsü əlavə edir ki, indi yazıçıların əksəriyyətinin bu təqaüdə ehtiyacı var. Çünki onların dolanışığı o qədər də yaxşı deyil. Bu səbəbdən də hər il yeni siyahı müəyyənləşəndə, adını orada tapmayanlar narazı qalırlar. Hətta bəzən bölgünün düz aparılmadığını deyənlər də olur.

TƏQAÜD KİMƏ VERİLMƏLİDİR?
Kənan Hacı
Kənan Hacı

Elə yazar Kənan Hacı deyir ki, əslində bu təqaüd müəyyən qədər yazarların dolanışığına müsbət təsir edə bilir. Amma həmin təqaüdün verilmə bölgüsü ədalətsiz həyata keçirilir. Elə bu səbəbdən də o, 2010-cu ildə AYB üzvlüyündən istefa verib:

«2010-cu ildə prezident təqaüdünə gedən siyahıda mənim adım var idi. Amma son məqamda məlum oldu ki, mənim adım çıxardılıb, başqa kimlərinsə adı salınıb siyahıya».

Kənan Hacının fikrincə, əslində bu təqaüd ilk növbədə istedadlı və daha çox ehtiyacı olan yazarlara verilməlidir.

ƏLƏBAXIMLILIĞA ÖYRƏDƏN TƏQAÜD

«Alatoran» jurnalının baş redaktoru, Azad Yazarlar Ocağının yaradıcılarından biri olan şair Rasim Qaraca isə hesab edir ki, əslində bu təqaüd yazıçını ələbaxımlılığa öyrədir. Onun fikrincə, AYB özü ədəbi mühiti, yazıçıları nəzarətdə saxlamaq üçün yaradılmış bir qurumdur. Bu baxımdan təqaüd də bu prosesə xidmət edir:

Maarif Teymur
Maarif Teymur
«Mən AYB-ni ədalətli qurum hesab etmədiyim üçün orada təqaüdlərin və ya hansısa güzəştlərin düzgün verildiyini düşünmürəm».

Rasim Qaraca hesab edir ki, əslində bu mükafatı almaq üçün də AYB-yə üzv olanlar az deyil.

Prezident təqaüdü almaq üçün AYB-yə ərizə ilə müraciət edənlərdən yazıçı-publisist, ədəbiyyatşünas Maarif Teymur isə düşünür ki, bu təqaüdün verilməsi yaradıcı adamlara lazımdır. Deyir onun işlədiyi sahədə indi maaşlar o qədər də yüksək deyil. Bu baxımdan həmin təqaüdə ehtiyacı var. Maarif Teymurun fikrincə, prezident təqaüdünün verilməsi dövlət tərəfindən əməyin qiymətləndirilməsidir. Bilmir adı növbəti siyahıda olacaq ya yox. Amma olsa, ona çox köməyi dəyəcəyini bildirir.

2007-ci il avqustun 6-da prezident İlham Əliyev yaradıcı adamların yaradıcılıq fəaliyyətini təmin etmək məqsədilə Bəstəkarlar və Rəssamlar İttifaqları, həmçinin Yazıçılar Birliyi üzvlərinə hər il birillik prezident təqaüdünün verilməsi üçün fərman imzalayıb. Bu təqaüdü həmin qurumlardan birinə üzv olan hər kəs yalnız 1 dəfə ala bilər.
XS
SM
MD
LG