Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:26

Orxan Fikrətoğlu: “Vicdan əzabi çəkirəm Azərbaycanda baş verən bir çox hadisələrə görə”


Orxan Fikrətoğlu "Pen klub" proqramında!
Gözlə

No media source currently available

0:00 0:54:56 0:00
Direct-ə keçid

Orxan Fikrətoğlu "Pen klub" proqramında!

Yazıçı, teleaparıcı, ssenarist və nəhayət “köhnə azərbaycanlı” Orxan Fikrətoğlu “Pen klub” verilişinin qonağıdır. PROQRAMI DİNLƏ


“BİZ BABALARIMIZIN ÖLÜMÜNÜ TƏKRAR EDİRDİK, QƏLƏBƏLƏRİNİ DEYİL”

- Ondan başlayaq ki, Orxan Fikrətoğlu daha çox yazıçıdır, yoxsa jurnalist?

- Əvvəla, mən sizi salamlayıram. Mən AzadlıqRadiosunun bu studiyasına qədəm basan kimi nədənsə 20 il öncəyə getdim. Həqiqətən də biz milli tənhalıq yaşayanda mənim ilk təmasım bu radio ilə olmuşdu. 1990-cı ilin 20 yanvarında.

Bu radioda mənim “Qurban” hekayəmi səsləndirirdilər. “Qurban” Azərbaycan taleyini əks etdirən bir hekayədir. Özümü öymürəm. Qısaca danışım həmin hekayəni.

Deməli, bir uşaq 6-7 yaşında yuxudan ayılır və dərk edir ki, bunun atası yoxdur. 4-5 il bunun fikrini edir. Bir məsciddə qeybanə səs gəlir ki, sənin atan o dağı aşaraq düşmənlərlə vuruşmağa getdi. “Sən də onun ölümünü təkrar etmək istəyirsənmi?” Həyatını yox, ölümünü deyir. Uşaq “bəli” cavabı verir. Deyir ki, get gör. Bu uşaq dağı aşır və bir dəryaya rast gəlir. Uşaq da heç vaxt dərya görməyib – bütün bunlar rəmzlərdir təbii ki – dəryada gəmi var, onun içində də silahlı düşmənlərdir, vurub uşağı öldürürlər. Sonra görürlər ki, bu uşaq onların üstünə bir ovuc qarla, tərtəmiz qarla gəlirmiş.

Bizim təbii ki, qələbələrimiz də olub, amma Azərbaycan əsrlər boyu işğal altda, əsarət altda yaşayıb. Bu, bizim taleyimiz idi, biz atalarımızın, babalarımızın ölümünü təkrar edirdik, qələbəsini deyil... AzadlıqRadiosu o vaxt bizim əlimizi tutan, səsimizi dünyaya çıxaran yer idi və yadımda belə qalıb. Və bizim hamımızın AzadlıqRadiosuna borcumuz var.

- Xoş sözlər üçün təşəkkürlər. Bir fikir diqqətimi cəlb etdi. Dediz ki, azərbaycanlılar atalarının ölümünü təkrarlayıblar, qələbələrini yox. Son 20 ildə necə, qələbələr gəlirmi? Yoxsa yenə ölümlər təkrarlanır?

- Mən niyə jurnalistikaya gəldim, ANS-də işlədim? Ancaq ona görə ki, bu xalq düşünsün. Anlasın ki, kimdir, nəçidir, hardan gəlir, bu çətin coğrafiyada, bu etnik birliklər arasında, bu geopolitik məkanda kimliyini dərk etsin. Və təşkilatlanıb millət olaraq formalaşsın. Mənə elə gəlir ki, biz son 20 ildə düşünüb kim olduğumuzu, bu regionda, dünyada hansı missiyanı daşıdığımızı, hansı məqsədlərə xidmət etməli olduğumuzu dərk etməmişik. Mən Azərbaycanda heç bir qütbü, heç bir tərəfi təmsil etmirəm. Bitərəfəm. Məncə, Azərbaycanda hərə öz paradiqmasından, baxış bucağından baxdığı üçün digərini düşmən sayır. Aydın Məmmədov adlı mərkəzçi bir siyasətçi vardı. Mən onun fikirlərini bölüşə bilərdim. Azərbaycan düşünməlidir və bilməlidir kimdir. Bütün proseslər də bundan sonra başlayacaq.

“BU XALQ MƏNİM QARŞIMDA SOSİAL TƏLƏB QOYMALIYDI Kİ, QARABAĞI AL, BUNU İSTƏMƏDİ”

- ANS-in “Zorxana”sındakı jurnalist Orxan yazıçı Orxanın kürəyini yerə vura bilrəmi?

- Yox, heç vaxt. Mən ilk növbədə yazıçıyam. Bunu heç vaxt unutmuram. Əslində, mən Azərbaycanin informasiya dilinə virus salmış adamam. Xəbər dilinə ədəbiyyatı, Bakı ləhcəsini, jarqonu gətirmiş adamam. Bunun kökü Mirzə Cəlildən gəlir. Günün baş xəbərini seçib, sonra onu xalqa aydın anlatmaq, 10 il hər gün bunu etmək və təkrar olmamağa çalışmaq bir proses idi. Jurnalistika mənim yazıçılığıma çox böyük ziyan
vurdu. Bunu məni sevənlər deyir. Fellini deyirdi ki, televiziya bütün sənətlərin kanalizasiyasıdır. Bütün sənətlər ora axır və ordan xalqla təmasdadır. Televiziya kütləvi sənətdir.

- Onda niyə getdiz televiziyaya?

- Televiziyaya gəlməyim onunla bağlıdır ki, bu xalq düşünsün. Təsəvvür edin ki, bu xalq hələ dostunu-düşmənini tanımır. Mən də bunları anlatmağa çalışırdım.

- Amma deyəsən sonda təslim olduz və “Zorxana” bağlandı?

- Təslim olmadım, yox, “Zorxana”nın bağlanması da mənimlə bağlı deyildi. Mən anladım ki, xalq əyləncə istəyir. Bu xalq Orxan Fikrətoğlunun qarşısında sosial tələb qoymalıydı ki, əlində silah get savaş, Qarabağı al. Bu xalq bunu məndən istəmədi. Bu xalq söz istədi. Vətəndaş jurnalistikası peşəkar jurnalistikanı üstələdi. Bizim jurnalistikada həm savaşırlar, həm hüquq, həm səhiyyə problemlərini həll edirlər. Səhv yanaşmadır.

- Azad məhkəmə yoxdursa, vətəndaş da sözünü jurnalistika vasitəsilə demək istəyir bəlkə...

- Mən elə deməzdim. Kim özünü hakim təyin edə bilər ki? Orxan Fikrətoğlu 10 il efirdən heç kimi sənədsiz, sübutsuz, faktsız tənqid etməyib.Təhqirdənsə söhbət belə gedə bilməz. Azərbaycan jurnalistikasında nə baş verir? Kimsə tapşırıq alır, pul alır, o bunu söyür, bu onu söyür. Bu qeyri-peşəkar jurnalistikadır. Mən ədəbiyyat adamıyam, kino adamıyam. Jurnalistikaya ona görə gəldim ki, xalqın sözə ehtiyacı vardı. Öz dövrüm üçün bunu etdim. Amma artıq reytinqlər əyləncə verilişlərinin, serialların baxıldığını göstərir.

“MƏNİM SON VERİLİŞLƏRİM EKZOTİKDİR”

- Bəlkə xalqa sadəcə seriallar, əyləncə təqdim edildiyi üçün ona baxır?

- Mən də sizin kimi buna inanmaq istəyirdim. Amma belə deyil təəssüf ki. Bir teleprodüsser lazımdır ki, Orxan Fikrətoğlunu, ya da mənə bab adamların intellektual verilişlərini reklamsız, pulsuz efirə versin. Hər şey pula xidmət eləməməlidir ki... Nə qədər əylənmək olar?

- Orxan bəy, deyirsiz ki, intellektual veriliş istəyən yoxdur. Amma bir dinləyici sizdən insanları əyləndirən yox, düşündürən bir veriliş hazırlamağınızı istəyir.

- Mən də bunu istəyərdim. Mənim bütün verilişlərim düşündürücü olub. Son verilişim - “Bakı vaxtilə” də elə-belə veriliş deyil. Arxivdən səsləri seçirəm və onu yeni baxışla təqdim edirəm. Tarixin elə detalları var ki, zamanın üzünü onlar bəlirləyir.

- Bu verilişin reytinqi necədir?

- Pis deyil. Amma yaxşı da deyil.

- Demək ki, düşündürücü verilişə baxanlar var.

- Mənə elə gəlir ki, bu, mənim “Zorxana”dan qalan sadiq tamaşaçılarımdır. Mənim son verilişlərim ekzotik verilişlərdir: “Gərək qala”, “Keçmişə salam”, “Bakı vaxtilə”. Onlar ödül-filan da aldı. Bu verilişlərə böyük enerji də sərf etmirəm. Son illər ədəbiyyata qayıtmışam.

- Siyasi verilişləriniz isə yoxdur. Amma sizə gələn suallardan bəlli olur ki, kimlərsə sizin yenə də efirdən danışmağınızı istəyir. Sizcə, buna meydan varmı?

- Bunu mən həll etmirəm. Bunu Azərbaycan televiziyaları həll edir. Mən, sadəcə, işçiyəm. Bu, mənim səlahiyyətimdə deyil.

“MƏN ÖZÜMÜ GÜNAHKAR SAYIRAM... VİCDAN ƏZABI ÇƏKİRƏM”

- Nələr yazırsız? Azərbaycanda son illər bir roman bumu yaşanır. Sizin də ürəyinizdən keçirmi ki, roman yazasız?

- Mən hekayəni həmişə romandan daha çətin janr saymışam. Kiçik hekayədə böyük fikir söyləmək böyük romanda heç nə söyləməməkdən çətindir. Mən roman yazıram. Amma bu gün yazılan publisistik romanları deyil. Əslində mən də özümü günahkar sayıram. Bugünkü ədəbi dilin formalaşmasında, ədəbiyyata bu cür yanaşmada. Mən və mənim kimilər özümüzü ziyalı sayırıqsa biz hər şeyə cavabdehik. Ziyalı əslində kimdir, xalqa təmənnasız xidmət edən insandır. Təmənnasız, maaşsız, filansız xidmət edir. Hər şeyə görə özünü cavabdeh sayır.

- Varmı belə insanlar?

- Mən özümü belə insan hesab edirəm. Vicdan əzabı çəkirəm, ədəbiyyatın zəifləməsinə, kinematoqrafın problemlərinə, televiziyanın bu vəziyyətə düşməsinə və Azərbaycanda baş verən bir çox hadisələrə görə.

“ONU CİDDİ YAZIÇI 3 DƏQİQƏYƏ HAMAMDA YAZAR”

- Oxuyursuzmu Azərbaycanda çıxan son romanları?

- Mən çox az oxuyuram. Vaxtım azdır. Mən ad çəkmək istəmirəm. Roman adı ilə elə əsərlər sırınıb ki, publisistika da deyil. Onu ciddi yazıçı 3 dəqiqəyə hamamda yazar.

- Bu da bir mərhələdir bəlkə?

- Dalğa var ki, özüylə sahilə heç nə gətirmir, heç nə də aparmır. Dalğa var ki, özüylə bir
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
qayıq dartıb gətirir, gedəndə insan aparır. Bu dalğa ki, var, heç nə gətirməyib, heç nə də aparmayacaq. Bu, bir publisistik bumdur. Vətəndaş ədəbiyyatıdır. Hamı yazır.

- Dediz ki, çoxunu oxumursuz, oxumadan qiymət vermək də düz olmazdı yəqin.

- Mən qiymət vermirəm. Heç kimi mühakimə edə bilmərəm, heç kim haqda yaxşı və ya pis danışa bilmərəm. Mən oxucu deyiləm, bu işlə məşğul olan bir adamam. İki dərzi bir-birinin tikdiyi şalvara necə qiymət verə bilər. Orxan Pamukun “Mənim adım qırmızı” romanı nəydi? Avropanın türk təfəkkürünə, Şərqə, İslama bir baxışı var. Bu romanda Xorasan miniatür məktəbinin, bizim - səlcuqların, İran türklərinin minatürə, ilk insan sifətinin çəkilməsinə münasibəti əslində Avropanın türkə olan münasibətiydi. Mən bu yazıçını ona görə sevirəm ki, bu ona görə böyük romandır ki, burda türkün böyüklüyünü, türkün dünyaya yeni insan təqdim etməsini önə çəkir. Böyük əsərdir. Etap romandır. Servantesin “Don Kixot”u kimi. Ona qədər cəngavər romanları dəbdəydi, hamı cəngavərlikdən yazırdı. Servantes qəfil “Don Kixot”u ortaya qoydu ki, bu, ironik bir qəhrəmandır, yel dəyirmanları ilə döyüşür. Və bir etap çöndü. Dünya ədəbiyyatında yeni bir etap başladı. Markes kim idi, Borxes kim idi? Bunlar Kolumbdan sonra ispan dilinin Latın Amerikasına gəlib iki mədəniyyətin toqquşacağının kvintessensiyası idi. Magik realizmlə, magiyayla qədim ispan mədəniyyətinin toqquşmasından doğan etap idi. Bax bunlar yeni mədəniyyət gətirdilər. Bizdə yarana biləcək mədəniyyət nə ola bilər bəs? Sırf sufizmə, hürufizmə, qədim miniatürə söykənən... İran kinosu bu gün niyə dünyada öncüllərdəndir?

- Özünəməxsusdur, öz mədəniyyətinə, fəlsəfəsinə söykənir.

- Bəli. Özü də həm də bizim mədəniyyətdir. Fateh İstanbulu fəth edərkən arxasında kim dururdu - Ağ Şəmsəddin, Təbriz türkü, azərbaycanlı, yəni bizdən biri. Mən söhbəti yeni romanıma gətirirəm. Bu təfəkkür, hürufi, sufi, sevgi, daxildə olan qeyri-adi, irfani yeniliklər bu günkü kontekstdə, bu günkü texnoloji intibah dönəmində uzlaşarsa, yazıda bu təqdim olunarsa və bu xalqın təfəkkürü dəyişərsə, məncə bu ədəbiyyat nümunəsinin – romanın ictimai proseslərə böyük təsiri ola bilər. Mənim son romanım “Mətn” adlanır, çalışacam onu əski əlifbada çap etdirim. Bu romanda bir uşaq gəlir bir xocanın yanına – bu da özüməm – və ona bir roman təqdim edir ki, müəllim, bu roman əski əlifbada yazılıb. Mən əski əlifbanı bilmirəm, mən rusca oxumuşam və çalışıram əski əlifbanı öyrənəm ki, görüm bu uşaq nə yazıb? Və mən əski əlifbada qalmış böyük mədəniyyətimizi, fəlsəfə tariximizi, dil tariximizi, düşüncəmizi o əski əlifbanın içindən açıram. Ümumiyyətlə, əlifba sehrdir. Bu yazıda da həmin sehr önə çıxır.

ƏNVƏR PAŞANIN SON AVANTÜRASI

- Roman nə vaxt hazır olar?

- Mən onu özüm bəyənəndə.

- Yəni bu romanı şah əsəriniz sayırsız?

- Şah əsər gurultulu səslənir. Bəlkə də mən çox zəif bir şey yazıram. O yazı 6-7 variantdadır, köçürürəm, köçürürəm, hələ ki alınmır. Hələ ki hiss eləmirəm bu roman çap olunacaq və bomba kimi partlayacaq.

- Orxan bəy, siz həm də başqa kitablar, ssenarilər üzərində işləyirsiz. Məsələn, Nuru Paşa haqda bildiyimə görə nəsə yazırsız. Türk şirkətlərinin birindən sifariş almısız. Bəlkə bu işlər romanı tamamlamağa qoymur?

- Vaxt çatdırmaq olmur. Məişət var. İndi daha çox Türkiyəyə gedib gəlirəm. Son 3 ildə davamlı olaraq ordayam, universitetlərdən birində mühazirə oxuyuram. Biz havadan dolanmırıq. Bir şirkətlə müqavilə bağlandı, pulu aldım və deməli yazını verməliyəm. Bir döyüşçü haqda olan “Tək” ssenarisini yazdım. Amma Nuru Paşayla bağlı dediyinzə gəlincə... Siz bilirsizmi ki, Ənvər Paşa Moskvada Leninlə görüşüb? Nuru Paşa Azərbaycanı qaytarandan sonra, bizi bir millət olaraq ayaq üstə qoyduqdan sonra Atatürk xəbər yolladı ki, gizli saziş əldə olunub. Nuru Paşa Türkiyəyə qayıtdı. O dönəmdə Ənvər Paşa da, Nuru Paşa da Atatürk dövlətində sevilməyən personalarıydılar. Ənvər Paşa gedib Moskvaya deyib ki, mənə silah verin, ordu verin, Orta Asiyada sosializm qurum. Bu, Ənvər Paşanın son avantürası idi. Balaca bir orduyla, özünün 300 əsgəriylə Orta Asiyaya getdi. Orda çevrilib basmaçı hərəkatını yaratdı. Leninə qarşı, sovetlərə qarşı basmaçı hərəkatını Orta Asiyada Ənvər Paşa yaradıb. Böyük Turan ideyası onda ölməmişdi. 1924-cü ilə qədər vuruşdu. Üstünə Budyonnı gəldi, ordular tökdülər, onunla bacara bilmirdilər. Ölümü də maraqlıdır. O vaxt paşalar öləndə ağ əlcək
geyərdilər. Ənvər Paşa da ağ əlcək geyib 32 əsgərlə rus ordusuna qarşı çıxdı. O öləndə cibindən bir Quran, bir də sevdiyi qadının şəkli çıxdı. O qadın ki, Atatürk də onu sevirdi. Ənvər Paşa sonuncu Sultanın kürəkəniydi. Bu da ədəbiyyat üçün böyük materialdır. Atatürk də bu qadını sevib, amma o, Ənvər Paşanı seçib.

- Bu, romandır?

- Bu, bədii filmin ssenarisidr. Amma mən onu həm də kitab kimi işləyirəm. “Tək” filmi isə daha çox Azərbaycanla bağlıdır. O da Türkiyədə sifariş olunub, çəkilir. Qarabağ savaşından keçən azərbaycanlı haqqındadır. Dünyaya çıxarılacaq bir Azərbaycan qəhrəmanıdır. Məğlubedilməz bir qəhrəmandır.

- Bu. real qəhrəmandır?

- Mənim gördüklərim, eşitdiklərim əsasında yazılıb.

- Sizcə, bu gün döyüşçü obrazına Azərbaycanda maraq varmı?

- Bu filmdə bir Devi Kaplan obrazı var. O, əlbəyaxa döyüş üzrə menecerdir. Bu qəhrəman da Afrikadakı çempionatda eşidir ki, Xocalı faciəsi baş verib. Qayıdır Azərbaycana və döyüşməyə başlayır. O Devi Kaplan isə müharibəni idarə edənlərdən biridir. Qarabağ haqda çəkilən ilk film olacaq ki, savaşı yazıb arxada gizlənənlərin obrazı kinoya gətirilir... Biz indi kimlərinsə bədəlini ödəyirik. Osmanlı imperiyası çökəndə kimlərsə ermənilərə, yunanlara dövlət, torpaq vəd vermişdi. Biz də onun bədəlini ödəyirik. Biz bu sirri bilməliyik.

FİKRƏT SADIQIN OĞLU OLMAQ

- Dinləyici soruşur ki, Orxan Fikrətoğlu üçün Fikrət Sadığın oğlu olmaq yaxşıdır, yoxsa Fikrət Sadıq üçün Orxan Fikrətoğlunun atası olmaq?

- Fikrət Sadıq mənim atamdır bioloji. Mən bioloji olaraq Fikrət Sadığın davamıyam. Nə o mənim üçün şairdir, nə mən onun üçün yazıçı. Biz ata-balayıq, mən atamı çox sevirəm, bütün normal, qonşudan olmayan uşaqlar kimi. O da məni çox sevir, çünki onun yolunu davam etdirmişəm. Fikrət Sadığın oğlu olmaq mənim üstümə məsuliyyət qoydu. Fikrət Sadıq üçün Orxan Fikrətoğlu nədir, özündən soruşsaq yaxşı olar. Mənim üçün şairdir, mərd adamdır, sözü üzə deyəndir. Bunlar hamısı heç. O mənim atamdır, onunla fəxr edirəm, çalışıram qulluğunda duram. Amma bunu ideallaşdırmaq lazım deyil.

“ŞİRVAN MƏDƏNİYYƏTİNDƏN QORXURLAR”

- Amma bir dəfə demişdiz ki, Fikrət Sadıq qiymətini almayan adamdır.

- Təbii, qiymətini almayıb.

- Nə baxımdan deyirsiz bunu?

- Fikrət Sadıq 60-cı illər ədəbiyyatına Şirvan şeir məktəbindən gələn şairdir. İroniyasıyla, sarkazmıyla. Şirvan mədəniyyəti böyük və 3 dilli mədəniyyətdir. Və bu mədəniyyətdən nədənsə qorxurlar. Amma bu mədəniyyəti Azərbaycan mənəviyyatının kökünə qoymaq məncə, heç də pis olmazdı. Bilirsizmi, Şirvanşahın idarəçiliyi necəydi? Şirvanşah özü, sərkərdəsi, ruhani alim, üçü bir yerdə qərar verərdi. Nə qədər demokratik idarəçilkdi! Şirvanşah donanması rus donanmasını 2 dəfə Xəzərdə udub. Bu, Azərbaycan tarixində yazılmır. Nəsimi, onun qardaşı Şah Xəndan havadan gəlmədi ki? Bir maraqlı hadisə danışım. Nəimi öləndə vəsiyyətnaməsində Nəsimiyə yazır ki, sən Hələbə getmə, qəndilə hazır ol, səni ağacdan asacaqlar. Nəimi öncəgörən idi. Nəsimi gəlir Şah Xəndana deyir ki, mən gedirəm Hələbə, zərrənin tamama necə qovuşduğunu göstərim. İsa peyğəmbərin, Yusif Həllacın ölümünü təkrarlayaraq sübut edim ki, zərrə Allaha necə dönür. Şah Xəndan deyir ki, bildiyini kimsəyə faş eləmə, hamı sən bildiyin lal-cəvahirata layiq deyil. Bu, iki baxışdır. Biri ədəbiyyata xidmət edən, kütlə səviyyəsinə düşməyən, elitar Şah Xəndanın baxışıdır, o biri də inqilabçı baxışı – Nəsiminin kütləyə azadlıq gətirmək istəyi. Bu iki baxış bir Şirvanşah ailəsində mövcud idi. Bu fəlsəfəni dirçəltməyin zamanıdır məncə. Bizim tarixdir bu.

- Dediniz ki, bu mədəniyyətdən qorxurlar. Kimlər qorxur?

- Yox qorxmurlar. Mən mədəniyyəti bölgələrə bölmək istəmirəm. Sadəcə bilmirlər.

XEYBƏR

- Bir dəfə demisiz ki, Xeybərin halından halıyam, amma danışmıram. Niyə? Xeybərdən yazmayan yazıçı, jurnalist kimə maraqlıdır?

- Xeybərdən ən çox danışan mən olmuşam. İndisə siyasi tribunam yoxdur axı, harda danışım?

- Xeybərin halı necədir sizcə?

- Qoyun düşünüm. Birdən-birə danışmaq olmaz... Bir sual verim, Xeybər özü nə istəyir axı? Jurnalist faktı çatdırmaq üçündür də. Bu xalq, Xeybər neylədi ki, mən çatdırmadım? Mən Xeybərin yerinə hərəkət edə bilmərəm, təfəkkürünə müdaxilə edə bilmərəm. Bu jurnalistika qanunlarına ziddir.

- Ötən həftə İctimai Palata mitinq keçirdi. Xeybər də ordaydı yəqin.

- Vallah bilmirəm.

KÖHNƏ, YOXSA YENİ AZƏRBAYCANLI?

- Köhnə azərbaycanlı olaraq qalırsızmı?

- Təbii.

- Amma indi hamı yeni azərbaycanlı olmaq istəyir. Sayları da bir milyona çatır.

- (Gülür) Yox, Mən köhnə azərbaycanlı Orxan Fikrətoğluyam. Köhnə azərbaycanlı avtobusda yaşlı adama yer verər, qocayla rəqabət aparmaz, gənci təhqir etməz.

- Son zamanlar gənclər mentalitetə, adət-ənənələrə qarşı çıxırlar. Bu baxımdan bəlkə yeni təfəkkürlü azərbaycanlıya ehtiyac var?

- Mən gəncləri dəstəkləyirəm, yaxşı edirlər. Amma köhnə azərbaycanlı yenilikdən geri qalan, papağı başında motal şoru yeyən deyil. Bayrağımızın 3 rəngi var, bununla o ənənələri qoruyur, türkçülüyü, müsəlman əxlaqını qoruyur, amma dünyanın yeni dəyərlərini də tətbiq edir.
XS
SM
MD
LG