Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Abidələr Günündə abidələrimizə üç baxış…


Bakıda sökülən tarixi bina
Bakıda sökülən tarixi bina
18 Aprel-- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə 3 şəxsə eyni sualla müraciət etdik: Bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Bu sahədə ölkədə vəziyyət necədir—Sevinək yoxsa üzülək?

ABİDƏLƏRİN QORUNMASININ ƏN YAXŞI YOLU…

Fəxrəddin Miralay —memar— Prinsipcə, vəziyyət yaxşıdır. Qanunlarda bir az uyarsızlıqlar var. Bu nədən ibarətdir? UNESCO-nun sənədlərində, Azərbaycanın da mövcud qanunlarında abidələrin qorunma səlahiyyəti Mədəniyyət Nazirliyinə verilib. Amma abidələrin bir çoxu heç bu nazirliyin balansında deyil. Balansında olmayan abidəni nazirlik necə mühafizə edə bilər? Mədəniyyət nazirliyində böyük bir sistem var. Bütün rayonlarda abidə mühafizəçiləri var. Ancaq onlar polis deyillər. Bütün günü abidənin keşiyini çəkə bilməzlər. Dağın başında abidənin böyründə oturası deyillər ki? Fikrimcə, Azərbaycanda abidələrin reklamı—təbliği çatışmır. Bir də, abidəni təkcə Mədəniyyət Nazirliyi qorumamalıdır. Bunu millət olaraq biz də mühafizə etməliyik. Çünki öz tariximizdir. Təbliğat və reklam olarsa, bunu da yoluna qoymaq olar. Daha bir nüans. Fikrimcə, abidələrin qorunmasının ən yaxşı yolu onun istifadəsidir. Baxın, İçərişəhərdə abidələrin istifadəsinə başlayıblar. Ya Qala qoruğu. Mən ora tez-tez gedirəm. Turistlərin sayı artıb. 10 il qabaq ora turist gəlməzdi. Sonra, Yanardağa hər 5-10 dəqiqəyə bir turist gəlir. Yəni istifadə lazımi səviyyədə qurulursa, gələnlər artır. Belə olanda ora millət də gələcək, onu qoruyacaq da, təbliğ də edəcək. Fürsətdən istifadə edib hamını –bərpaçıları, memarları, sənətkarları bu gün münasibətilə təbrik etmək istərdim. Bir şeyi də əlavə edərdim ki, son illər ölkədə arxeoloji qazıntılar aparılır—Şəmkirdə, Ağsuda, Beyləqanda və s. Bu qazıntılarda xaricilər də iştirak edir. İndiyədək bizə bəlli olmayan mükəmməl abidələr tapılıb. Bu da çox fərəhləndiricidir.

YANLIŞ TİKİNTİ SİYASƏTİNİN QURBANLARI…

Aytəkin İmranova—Sevinmək üçün heç bir əsas yoxdur. Son 5-6 ildə tarix-mədəniyyət abidələrinin məhv edilməsi daha da kütləviləşib. Deməklə də iş düzəlmir. Hüquqi müstəvidə də kömək olmur.
Bakıda söküntü- 2010
Bakıda söküntü- 2010
Hökumətin yetərsiz tikinti siyasətinin birinci qurbanı tarixi abidələr olur. Məsələn, ancaq 2010-cu ildə «Qış Bulvarı»nın ərazisində--Şəmsi Bədəlbəyli və Füzuli küçələri arasında 17 tarixi bina məhv edildi. Bunlar dövlət tərəfindən qoruma altına alınan, dövlət qorunma nömrəsi verilən binalar idi! 100 manat rüşvət alanı mühakimə edirlər. Burada isə milyonlarla maddi və ölçülməz mənəvi dəyəri olan və uçurulan 17 tarixi-mədəniyyət abidəsindən söhbət gedir. Hazırda isə Mirzə Ağa Əliyev və Şəmsi Bədəlbəyli arasındakı 26-dan çox abidə məhv edilir. 3-4-ü qalıb. Şəmsi Bədəlbəyli-8-də üçmərtəbəli gözəl bina idi. Bir də, həmin küçədəki 20 nömrəli ev— yiyəsi xanım xəstəxanaya yerləşdirildi—müqavimət göstərdiyinə görə. Hər ikisi barəsində də məhkəmə qərarı var idi—söküntünü dayandırmaq üçün. Nə məhkəmə qərarına baxdılar, nə də tarixiliyinə. Söküldü, darmadağın olundu...Və bu siyasət «uğurla» davam etdirilir. Mərkəzdə--hamının gözü qabağında, mətbuat nümayəndələrinin xəbəri ola-ola bu işlər gedirsə, əyalətlərdə vəziyyətin necə olacağı məlumdur. Bərpadan danışım. Elmi-bərpa texnologiyalarına, demək olar ki, əməl olunmur. Nizami küçəsindəki bəzi binalar, 132-134 saylı məktəblərin binasının tarixi görünüşü tam təhrif olunub. Artıq bu binalar abidəlikdən çıxıb. Eyni «bərpa» indi «Nizami» metrosunun yanındakı binaların başına gətirilir. Azərbaycan 2010-cu ilin əvvəlindən Avropa memarlıq irsini qorumaq barədə konvensiyaya qoşulub. Dövlət üzərinə öhdəliklər və məsuliyyət götürüb. Böyük çinli məmurlar isə deyirlər ki, heç kimdən qorxumuz yoxdur. Azərbaycanın özünün də normal qanunları var—Azərbaycan konstitusiyası, Mədəniyyət haqqında Qanun, Tarix-mədəniyyət abidələrinin qorunması haqqında qanun və s. Qorumaq o demək deyil ki, hər şey müəyyən səlahiyyət sahibinin subyektiv zövqü ilə formalaşmalıdır. Bunun sonu yoxdur.

QOBUSTANDA ÇATI ÇOBAN GÖRÜBMÜŞ...

Firuzə Rüstəmova—Qobustanın tədqiqatçısı—Sevinməliyik. Mən arxeologiya sahəsində 50 ildən çoxdur çalışıram.
Qobustan
Qobustan
Abidələrlə sıx bağlıyam. Mən abidələrə indiki qədər maraq, abidələrin bu dərəcədə qorunmasını görməmişəm. Abidələrin qorunmasında hər addımda nazir Əbülfəs Qarayevin qayğısını hiss edirəm. Bax, bu yaxınlarda Qobustan qoruğunda çatlar yaranması barədə xəbərlər çıxdı. Nazirlik mənə müraciət elədi. Nazirliyin nümayəndəsi ilə Qobustana getdik. Mən orda çat görmədim. Minilliklər boyu dağın əsas hissəsindən müəyyən hissələr zaman-zaman qopub tökülüb və qayalar meşəsi əmələ gəlib. Onların altında insan düşərgələri yaranıb, üstündə rəsmlər çəkilib. 60-cı illərdə dağın üstündə (Böyükdaşda) daş karxanası açmışdılar. Növbəti karxananı Kiçikdaşda planlaşdırırdılar. Səs-küydən sonra karxananı dayandırdılar. Karxana açmaq üçün ilk növbədə torpaq layını götürmək lazım idi. Bu iş dağın çox hissəsində görülmüşdü. Mən indi baxanda nə dağın əsas hissəsində, nə də ayrılmış hissədə heç bir dəyişiklik görmədim. Bu ilki yağışlar nəticəsində dağın başındakı torpaq təpəsində dağılma olub. Həmin torpağı sel suları yuyub dağın əsas hissəsi ilə kənar hissənin arasına doldurub. Sürüşmə buna deyirlər. Amma mən tədqiqatçı kimi buna sürüşmə deyə bilmərəm. Bu, torpağın su ilə yuyulmasıdır. Bunun dağa, abidələrə, qayaüstü təsvirlərə heç bir qorxusu yoxdur. Bu yersiz hay-küy idi. Hadisəni çoban görüb. Gəlib xəbər eləyib—sağ olsun! Amma məsələni bundan sonra bu qədər şişirdən adam ilk növbədə mənə müraciət etməliydi. Hamını bir-birinə qatmaq nəyə lazım idi? Axı mən yarım əsrdir bu yeri müşahidə edirəm.
XS
SM
MD
LG