Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

Polis mitinq təşkilatçılarına, təşkilatçılar da polisə xəbərdarlıq edib


8 aprel mitinqi
8 aprel mitinqi
İctimai Palatanın 22 aprelə təyin edilən mitinqi ilə əlaqədar təşkilatçılar aprelin 21-də Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunublar.

Bu barədə AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyasının (AXCP) nümayəndəsi Asəf Quliyev məlumat verib. Görüşdə mitinqin təhlükəsizliyi və ictimai asayişin qorunması ilə bağlı məsələlər müzakirə edilib.

Asəf Quliyev deyir ki, əvvəlcə ötən mitinq zamanı, mitinqin keçirildiyi əraziyə marşrutların işləməməsi ilə bağlı yaranan problem müzakirə edilib. Təşkilatçılar polisin diqqətinə çatdırıblar ki, 22 aprel mitinqində də belə hal yaransa, metronun «28 May» stansiyasının qarşısından «20-ci sahə»yə qədər yürüş edəcəklər:

«Polisdə bizə marşrutlarla bağlı vəd verilmədi. Deyildi ki, bu, polisin səlahiyyətində olmayan məsələdir. Amma bizim yürüş təklifimizə prinsipcə razı olduqlarını dedilər. Bildirdilər ki, bir şərtlə ki, yolboyu şüarlar səslənməsin və plakatlar qaldırılmasın».

«ELEKTRİK ENERJİSİNDƏ PROBLEM OLSA, MİTİNQ DAYANDIRILACAQ»

Asəf Quliyev deyir ki, onlara mitinq keçirilən meydana əlavə elektrik generatorların gətirilməsinə icazə verilməyəcəyi bildirilib:

«Ərazidə elektrik enerjisi zəif olduğu üçün və işıqların sönməsi ehtimallarına görə meydana generatorlar aparmışdıq. İndi deyirlər, buna icazə verilməyəcək. Biz də dedik ki, aksiya zamanı elektrik enerjisi ilə bağlı problem yaransa, mitinqi dayandıracağıq».

«18+» ŞƏRTİ

Müzakirələrdə aksiya təşkilatçılarına bildirilib ki, meydana 18 yaşından aşağı uşaqlar buraxılmayacaq. Bundan başqa, təşkilatçılara mitinqdə səslənəcək şüarlarla bağlı da xəbərdarlıq edilib. Bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciət məktubundakı şüarlardan əlavə şüarların səsləndirilməsinə icazə verilməyəcək.

«ÇƏKİLİŞ APARACAQ MÜLKİGEYİMLİLƏR POLİSƏ TƏHVİL VERİLƏCƏK»

AXCP-nin nümayəndəsi Asəf Quliyev deyir ki, onlar ötən mitinqdə videoçəkiliş aparan tanımadıqları mülkigeyimlilərlə bağlı da narahatlıqlarını dilə gətiriblər:

«Biz dedik ki, yenə həmin adamlar çəkiliş aparsalar, partiyaların öz mühafizə xidmətləri o, adamları saxlayacaq, kameraları əllərindən alınacaq və özləri də polisə təhvil veriləcək».

Görüşdə Asəf Quliyevlə yanaşı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Rafiq Manafov da iştirak edib.

Kütləvi aksiyadan öncə hər dəfə Bakı şəhər Baş Polis İdarəsində aksiya təşkilatçıları ilə bu cür görüş keçirilir.

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın 22 aprel mitinqi üçün Səbail rayonunun «20-ci sahə»sindəki sürücülük məktəbinin meydanında yer ayırıb.
XS
SM
MD
LG