Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:12

Bəyənməyib "Like" düyməsini basana lənət


Redaktor bloqu


BƏYƏNMƏYİB "LİKE" DÜYMƏSİNİ BASANA LƏNƏT

Kitablar niyə satılmır? Niyə qoca it kimi kədərli gözləri ilə piştaxtadan müştərinin üzünə şöngüyür? Niyə ona yal verən, başını tumarlayan yoxdu? Vallahi-billahi camaat dəli deyil pulunu çölə ata.

"Siqaret almağa pul tapırlar, kitaba yox" - deyə qınayır onları naşir Şahbaz Xuduoğlu. OK... Zəhərdi-zəqqumdu, cana ziyandı, hər nədi, pulun verib ondan bir anlıq da olsa ləzzət ala bilirsən. Bilirsən ki, alacaqsan, qutunun içindən dəvə qığı, kərtənkələ quyruğu, yaxud da ki əjdaha başı çıxmayacaq, siqaret çıxacaq!

Kitablar ona görə satılmır ki. DƏYƏR İTİB.

O dəyər ki, onu timsah göz yaşları töküb ləl-cəvahirat qismində təqdim etdiyi kitablarının alınmamasından gileylənən YAZIÇI yaratmalıdır. Facebook-da araq dostunun, rəfiqəsinin, yerlisinin "bezdarnı" şeirlərini bəyənmədiyi halda "like" eləməməlidir. "Sən mənim romanımı təriflə, mən də sənin" əxlaqından imtina etməlidir. "Ramiz Rövşən" İmzasına hörmət qoyub Ağdam haqda "ağlamalinski" sicilləmələr toplusuna ön söz yazmamalıdır.

O dəyər ki onu ƏDƏBİYYAT DƏRGİSİ yaratmalıdır. Ağına-bozuna, şəkərinə-duzuna baxmadan hər göndərilən şeiri-hekayəni manşetə yapışdıranlar, hər yerindən duranın adının qabağına "tanınmış" sözü qoşanlar, əsərlərdən çox, əsərlər haqda tərifnamələr çap edənlər ədəbiyyat cameəsinə əxlaq dərsi keçməməlidirlər. Bədii mətnləri müzakirə etmək, yaxşı əsərlərin digərlərindən fərqləndirilməsinə, diqqət mərkəzinə gəlməsinə imkan yaratmaq əvəzinə xalq yazıçısının küçə söhbətlərini reytinq xətrinə "polemika"ya çevirməməlidirlər.

O dəyər ki onu NAŞİR yaratmalıdır. Kitab bazarını roman, şeir kitabı adına həqarət olan zir-zibillə doldurmamalı, müəllifin hesabına çıxırsa, vəzndə ağır, dəyərdə yüngül əsərlərin təqdimat mərasimlərini öz qədəmləriylə, nitqləriylə şərəfləndirməməlidir. Müasir ədəbiyyat adına çap elədiyi bir yaxşı kitabın adından istifadə edib oxucuya 10 dəstə də makalatura sırımağa çalışmamalıdır. Oxucu hərif deyil. Kitab dükanının qapısını açanlar piştaxtadakı 50 kitabdan birini seçib evə aparırsa, bir fəsil oxuyub da "indikilər yaza bilmir" deyirsə, günah kimdədir?

O dəyər ki onu DÖVLƏT yaratmalıdır. Özəl kanal ədəbiyyat verilişi vermirsə, reytinq gətirmir - deyirsə, bu işi dövlət TV-si, ictimai TV görməlidir. Öndərlər, oftalmoloqlar haqda kitablar ekranları "işğal etməməlidir", odenli-medallı, əməkdar-yeməkdar-köməkdar və s. yazarların istehsal etdiyi "kağız kərpicləri" kitab adına reportaj mövzusuna çevrilməməlidir. Hökuməti tənqid edən yazarların da yaxşı kitabları Azərbaycanın dünyanın məşhur kitab yarmarkalarındakı stendlərində yer almalıdır. Dövlətin puluyla əcnəbi dillərə çevrilməlidir.

Sonra da deyirik ki, kitab niyə satılmır. Bunun adına BUMERANQ deyirlər.

Bəyənməyib "like" düyməsini basana lənət!
XS
SM
MD
LG