Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:31

Bakının Berlinlə problemi nədir?


İlham Əliyev və Almaniya kansleri Angela Merkel, 4 fevral 2010
İlham Əliyev və Almaniya kansleri Angela Merkel, 4 fevral 2010
Son zamanlar Azərbaycanda hökumətyönlü televiziya və qəzetlərdə Almaniya əleyhinə materiallar tez-tez yer alır. Məsələn, «Yeni Azərbaycan» qəzeti 18 aprel tarixli sayında yazır:

«Bu gün Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya aparır. Rəsmi şəxslər, dövlət strukturları, media, QHT-lər, bir sözlə, bütün instansiyalar Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçiblər».

Qəzetin analitik qrupu onu da yazır ki, Almaniyanın Xarici İşlər naziri Guido Westerwelle bu ilin martında Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Bu zaman nazirin Almaniyanın müxalifətə dəstək göstərməsi məsələsi ətrafında fikir mübadiləsi aparıldığı deyilir.

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löning isə «Azərbaycana qarşı həyata keçirilən kampaniyanın əsas təşkilatçılarından biri» adlandırılıb.

Eyni zamanda, məqalədə Bundestaqın və Azərbaycandakı alman fondlarının müxalifət liderlərinə, xüsusən də AXCP sədri Əli Kərimliyə maliyyə və siyasi dəstək verdiyi də deyilir.

ƏLİ KƏRİMLİ: «YENİ AZƏRBAYCAN ALMANİYANI ŞANTAJ ETMƏKLƏ MƏŞĞULDUR»

Partiya sədri Əli Kərimli:

«Həmişə olduğu kimi şər, böhtan yazırlar. Mənim Almaniya fondları ilə əlaqələrim olması haqda yazdıqlarının hamısı yalandır. Nəinki Almaniyanın, heç başqa ölkələrin fondları ilə əlaqələrim yoxdur. Mən siyasətçiyəm. Mənim əlaqələrim siyasi əlaqələrdir, dövlət orqanları ilə, partiyalarla siyasi münasibətim var, bu da Azərbaycanın maraqları üçün istifadə edilir.
Əli Kərimli
Əli Kərimli
«Yeni Azərbaycan» qəzeti isə bildiyim qədər Almaniyanı şantaj etməklə məşğuldur. Hər şey ordan başladı ki, Almaniya ombudsmanı Markus Löning Azərbaycanla bağlı prinsipial açıqlamalar verdi. Almaniya mətbuatında Azərbaycanla bağlı ciddi tənqidi materiallar getdi. Azərbaycan hakimiyyəti anlaya bilmir ki, Almaniyada mətbuat azaddır. Nəinki İlham Əliyevi, hətta kansleri də tənqid edir və onun yazdıqları əsasında prezident istefaya getdi».

ALMANİYA SƏFİRİ: «MƏTBUAT ZİDDİYYƏTLƏRLƏ ÜZLƏŞDİ»

Almaniyanın Azərbaycandakı səfirliyi baş verənlərə münasibət bildirmədi.

Amma Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle bu haqda «Yeni Azərbaycan» qəzetinə ötən ay məqalə yazıb. Məqalədə deyilir ki, «Eurovision» mahnı müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa başlayıb:

«Mətbuat mövzu axtarışı zamanı Ell və Nikki, habelə mədəniyyət və turizm mövzularından çox tez bir zamanda digər ziddiyyətli məzmunlara rast gəldi. ATƏT, Aİ, Avropa Şurasının mövqeləri, «Amnesty International» təşkilatının Azərbaycan haqqında illik hesabatı bu mövzulara diqqəti cəlb etdi. Bu qurumların 2011-ci ildə siyahıya aldıqları Azərbaycan haqqında əsas tənqidi məqamlar – apreldə Bakıda icazəsiz keçirilmiş nümayişlərin iştirakçılarının həbsləri, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi, Leyla Yunusa məxsus evin sökülməsi, Bakının şəhərsalma layihələri çərçivəsində sakinlərin öz mülklərindən məhrumetmə prosesində qeyri-şəffaflığı və toplaşma azadlığının mütəmadi məhdudlaşdırılmasıdır. Həm də Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Christof Strasser’in Azərbaycana buraxılmaması rol oynayır».

Səfir həmçinin deyib ki, Almaniya hökuməti mətbuatın yazdıqlarına qarışmır.

«BU O DEMƏK DEYİL Kİ, ALMANİYA AZƏRBAYCANI «EUROVISION»DAN SONRA BİRDƏN-BİRƏ KƏŞF ETDİ»
Zahid Oruc
Zahid Oruc

Milli Məclisin üzvü, Almaniya-Azərbaycan dostluq qrupunun üzvü Zahid Oruc deyir ki, əslində mətbuatdakı həmin tənqidlər Azərbaycandan qaynaqlanmayıb. Bu, cavab reaksiyası sayıla bilər:

«Təəssüflə qeyd etməliyəm ki, «Eurovision»dan sonra Almaniyanın ayrı-ayrı beyin mərkəzləri, siyasi institutlarından Azərbaycana çoxlu tənqidlər gəlməyə başladı. Bu məsələdə səfərbərlik görünməkdədir. Almaniya mətbuatında son 5 ayda yazılan yazıların tezislərində, çeşidində fərqliliklər var. Bu o demək deyil ki, Almaniya Azərbaycanı «Eurovision»dan sonra birdən-birə kəşf etdi və əllərinə xeyli problemlər düşdü. Ona qədər də Azərbaycan siyasi kimliyi Almaniyaya bəlliydi».

O zaman Almaniya mətbuatı niyə Azərbaycandakı problemləri işıqlandırmaqda bu qədər maraqlıdır? Zahid Oruc da buna aydın cavab verə bilmir:

«Bəlkə iqtisadi çıxarlardır, bəlkə geopolitik şəraitə təsir etmək istəyir və ya Azərbaycanın xarici siyasət kursunu dəyişmək niyyətidir. Demək çətindir...».

«GÖRÜNÜR, HƏMİN MESAJLAR AZƏRBAYCANA ALMANİYA VASİTƏSİLƏ ÇATDIRILIR»

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:

«Görünür, Azərbaycan hakimiyyəti Qərbin mesajlarını ilk növbədə Almaniyadan alıb. Biz sadəcə Bakıya olan səfərlərə baxsaq görərik ki, son 1 ildə Azərbaycana Avropadan gələn ən yüksək rəsmi Almaniyanın xarici işlər naziridir. Görünür, həmin mesajlar Azərbaycana Almaniya vasitəsilə çatdırılır. Bu mesajların məzmunu da Azərbaycanı qane etmədiyindən Almaniyanı hədəfə alıb».
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«BU, ANGELINA JOLIE'Nİ BƏYƏNMƏMƏYƏ BƏNZƏYİR»

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Azərbaycan qəzetləri informasiya verməklə yox, təbliğatla məşğuldurlar. Bu da sovet mətbuatının son dövrlərini yada salır. «Onlar da informasiya vermir, Mərkəzi Komitənin göstərişləri əsasında xalqın beyninin yalanla doldururdular. Nəticə də bəllidir» - deyir politoloq:

«Azərbaycan hakimiyyəti Almaniyanı bəyənmir, bu, gülüncdür. Almaniya ən qüdrətli, demokratik dövlətlərdən biridir. Hansısa 100-cü yerdə olan Azərbaycan onu bəyənmirsə, bu, gülüncdür. Bu ona bənzəyir ki, ucqar kəndində oturan bir oğlan Angelina Jolie'ni bəyənmir. Buna fikir vermək lazım deyil. Çünki alman mətbuatı Azərbaycan haqda qanunsuzluqları, işgəncə hallarını, sifarişli məhkəmə qərarları haqda yazır. Onların isə deməyə sözü yoxdur».
XS
SM
MD
LG