Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Bakıda «Azərbaycan miniatür sənəti--ənənə və müasirlik» sərgisi açıldı


Sərgi
Sərgi
«Bu sərgi başqalarından fərqli olaraq çox böyük bir dövrü əhatə edir. Bu, bütöv bir dünyadır».

Bu sözləri AzadlıqRadiosuna mayın 4-də Bakı Xətai Sənət Mərkəzində düzənlənən «Azərbaycan miniatür sənəti: ənənə və müasirlik» sərgisinin açılışında sənətşünaslıq doktoru Cəmilə Həsənzadə söylədi.

O, bildirdi ki, bu sərgidə həm müxtəlif əsrlərdə yaşayıb yaratmış nəsillər təqdim olunur, həm də fərqli cərəyanlar və maneralar: «Sərgi bu cəhətdən çox zəngin və peşəkardır».

SULTAN MƏHƏMMƏDİN ƏSƏRLƏRİ VAR

Cəmilə xanım klassik miniatürlərin nümayişini sevinclə qarşıladığını dedi:

«İlk növbədə ustad Sultan Məhəmmədin əsərləri var. Ondan aztanınan, amma onun kimi misilsiz sənət əsrləri yaradan rəssamlar da həmçinin. Məsələn, İlhani dövründə yaşayan Əhməd Musa, Cəlair dövründən Ustad Şəmsəddin Təbrizi və nəhayət, Şeyxi və Dərviş Məhəmməd—Ağqoyunlu dövründən. Bu sənətkarları tanımaq və təbliğ etmək lazımdır. Çünki onların səviyyəsi Sultan Məhəmməddən heç də aşağı deyil. İnşallah, gələcəkdə kitablar çıxsa, onların da şah əsərlərini tanıda biləcəyik».

XIII ƏSRDƏN SAĞ QALAN YEGANƏ MİNİATÜR…

Cəmilə Həsənzadə XIII əsrin yadigarı olan bir miniatürü xüsusi qeyd etdi:

«Bu, XIII əsrdən sağ qalan yeganə miniatürdür. Əyyubinin «Vərqa və Gülşah» əsəridir. Topqapı Sarayında qorunur. Parçalanmamış, bütöv halda qalıb. Çox gözəl əsərdir. Rəssamı da Azərbaycanlıdır».

MÜASİRLƏR DƏ TƏMSİL OLUNUB

Cəmilə xanım sərgidə təmsil olunan müasir rəssamları da unutmadı:

«Fərman Qulamovun, Nailə xanım Sultanovanın, Qəyyur Yunusun, İsmayıl Məmmədovun, Arif Hüseynovun, yaxın klassiklərimiz—Əzim Əzimzadənin, Mir Cavadın, Altay Hacıyevin, Toğrul Nərimanbəyovun və başqalarının miniatür üslubunda çəkdiyi əsərləri sərgilənir. Mənim üçün çox xoşdur ki, bu rəssamlar miniatür yoluna, miniatür yozumuna qədəm qoyublar. Ənənə davam edir».

Xətai Sənət Qalereyasında açılan sərgi «Eurovision 2012» Mahnı Yarışmasına həsr edilib. Sərginin məqsədi mahnı müsabiqəsinə gələn xarici qonaqları Azərbaycan təsviri sənətinin qədim və zəngin ənənələri ilə tanış etməkdir.

Sərgidə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin ingiliscə nəşr olunmuş «XII-XVI əsr Azərbaycan miniatür məktəbi» kitabının da təqdimatı oldu.

Açılışa ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri qatılmışdı.

Sərgi bir ay davam edəcək.
XS
SM
MD
LG