Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Təbrizdəki konsulluq şairlərin həbsi haqda məlumatı araşdırır


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
«Mayın 1-i mənimlə danışıb, deyib ki, 2-si çıxıram. Yola çıxanda su almağa düşüblər, onda da tutublar onları. Kim tərəfindən tutulub, nə məsələdirsə mənə bəlli deyil. Aidiyyəti orqanlar da mənə cavab vermirlər. Mən anayam, uşağımı salamat göndərmişəm, salamat da qayıtmağını istəyirəm. Elə bir yazısı da yoxdur ki, fikirləşim ki, ona görə tutublar».

Tahirə Hüseynova Təbrizdə həbs olunmuş şair Fərid Hüseynin anasıdır. 23 yaşlı Fərid Hüseyn öz həmyaşıdı Şəhriyar del Gerani (Hacızadə) ilə birlikdə Poeziya Festivalına qatılmaq üçün aprelin 29-da İrana səfər edib. Mayın 2-si Təbriz-Bakı avtobusu ilə geri – Azərbaycana qayıtmalı olsalar da, hələ də valideynlərin gözü yolda qalıb. Dediklərinə görə, hər iki şairi yola düşmək ərəfəsində mülkigeyimlilər saxlayıb həbs ediblər.

«BƏLKƏ TÜRKÇÜLÜKDƏN DANIŞIBLAR»

Şəhriyarın atası Hacı Mayıl Hacızadə deyir ki, mayın 2-si oğlu Şəhriyar Fəridlə birlikdə Təbrizdə İmişlidən olan 2 nəfərlə rastlaşıblar. Bunlar Şəhriyarın keçmiş məktəb yoldaşları olub. Gənc şairlərin həbsi barədə də onlar məlumat veriblər. Dediklərinə görə, mülkigeyimlilər əvvəlcə gənclərin dördünü də saxlayıb. Sonradan həmin 2 nəfərin otel otağında axtarış aparıblar, onları azad ediblər. Hacı Mayıl Hacızadə də hadisənin hansı səbəbdən baş verdiyini təxmin belə etmədiyini deyir:

«Bu haqda heç nə bilmirəm. Düzünü ancaq özü deyə bilər. Şairdirlər də, bəlkə indi orda azərbaycançılıqdan, türkçülükdən nə isə danışıblar, bu da onların xoşuna gəlməyib».

Valideynlər artıq bir neçə dövlət qurumuna, o cümlədən İranın Azərbaycandakı səfirliyi, Milli Təhlükəsizlik və Xarici İşlər Nazirliklərinə də müraciət ediblər. Səfirlikdən isə AzadlıqRadiosuna bu barədə məlumatsız olduqlarını bildirdilər:

– Sizdən əvvəl də bu sualı veriblər bizə. Bu barədə heç bir məlumatımız yoxdur.

– Bəs siz araşdırmırsız ki, belə bir məsələ var, ya yox?

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
– Rəhbərliyə demişəm ki, bizə mətbuatdan belə sual verirlər. Hələ ki bir məlumatımız yoxdur.

BAŞ KONSULLUĞA GÖSTƏRİŞ VERİLİB

Milli Təhlükəsizlik Nazirliyinin də mətbuat xidmətinin rəhbəri Arif Babayev şairlərin həbsi barədə mətbuata heç bir açıqlama vermədiklərini bildirdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev isə dedi ki:

«Həmin Azərbaycan vətəndaşları barədə Təbrizdəki baş konsulluğumuza təlimat verilib ki, məsələ araşdırılsın və bizə məlumat verilsin. Hal-hazırda konsulluq mətbuatda gedən bu məlumatların doğru olub-olmadığını araşdırır».

Gənc şairlərin valideynləri isə narahatdırlar ki, rəsmilər məlumatın düzgünlüyünü yoxlayanadək onların övladları işgəncəyə məruz qala bilər.

AKSİYA TƏXİRƏ SALINDI

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri və «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru şairlərlə bağlı bəyanatlar yayıblar. Hər iki qurum rəhbəri hadisə ilə bağlı öz narahatlıqlarını bildiriblər və İran tərəfini çağırıblar ki, gənc şairlərin öz ölkələrinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaradılsın.

Bakıda İran səfirliyi
Bakıda İran səfirliyi
Bir qrup yazar mayın 7-də Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırsa da, sonradan fikirlərindən daşınıblar. Şəhriyar del Geraninin atası Hacı Mayıl Hacızadə deyir ki, yazarların aksiya keçirməsinə o mane olub, çünki məsələnin konsulluq səviyyəsində araşdırıldığına və oğlunun dostu ilə birlikdə bu gün-sabah geri qaytarılacağına inanır.

BUNDAN ÖNCƏ DƏ...

Gənc şairləri İrana – Poeziya Festivalına dəvət edən AYŞO-nun (Azad Yazarlar və Şairlər Ocağı) rəhbəri Bəhram Sürgün ilə əlaqə yaratmaq cəhdimiz isə nəticəsiz qaldı. Bu qurum daha çox Azərbaycan dilində kitablar nəşr etmək, Azərbaycan dilini təbliğ etməklə tanınır.

Bundan öncə - 2008-ci ildə elmi fəaliyyət üçün İrana dəvət almış Azərbaycan alimi Rəşid Əliyev də eyni taleyi yaşayıb. O, həbs olunub, haqqında uzun müddət heç bir məlumat almaq mümkün olmayıb. Sonradan bəlli olub ki, onu lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham ediblər. Azərbaycanlı alim iki ölkə arasında rəsmi danışıqlardan sonra – yalnız 2010-cu ildə Bakıya qayıda bilib.
XS
SM
MD
LG