Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Romadakı parkda ən gözəl heykəl - Nizami Gəncəvinin!


Səlhab Məmmədov
Səlhab Məmmədov
«Aşığını desəm, inanmazdım ki, Romanın mərkəzində-- «Villa Borgeze» parkında bizim heykəlimiz ucalsın».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Romada Nizami Gəncəviyə ucaldılan heykəlin müəlliflərindən biri—xalq rəssamı Səlhab Məmmədov söylədi.

«Villa Borgeze» parkının tarixinin əsrləri aşdığını söyləyən Səlhab müəllim «orada siz hər əsrə aid heykəl görə bilərsiniz» dedi.

PARKDA KİMLƏRƏ HEYKƏL QOYULUB?

Aparıcının: «Parkda kimlərə heykəl qoyulur» sualını Səlhab Məmmədov belə cavabladı:

«İctimai xadimlərə, böyük şairlərə, yazıçılara heykəllər qoyulur. Orada Qoqolun, Rustavelinin, Sədinin, Firdovsinin heykəllərini gördüm. İspan şairinin, Latviya şairinin, Polşa şairinin də heykəlləri vardı».

Səlhab müəllim parkın çox böyük olduğunu bildirdi: «Parkın iki girişi var. Romanın düz mərkəzində yerləşir. Üzünü hara çevirsən, dünya klassiklərin tanış siması ilə qarşılaşırsan».

NİZAMİNİN YERİ NECƏ SEÇİLDİ?

Səlhab müəllim heykəlin yerini Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevlə, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovla birgə müəyyənləşdirdiklərini dedi: «Bizə bir inam var idi. Hər adama orada yer vermirlər. Amma bizim ölkəyə, mədəniyyətimizə xüsusi diqqət hiss etdim. Orada yer qıt deyildi. Amma biz mərkəzi yer istəyirdik. Ona görə də giriş qapısında yer seçdik. Deyəsən, o yeri nə üçünsə saxlamışdılar. Amma uzun görüşlərdən sonra Mehriban xanıma görə o yeri bizə verdilər. Orada Mehriban xanım Əliyevanın çox böyük hörməti var. Bilirdilər ki, bu işin başında Heydər Əliyev adına Fond durur».

Səlhab Məmmədov «Villa Borgeze» parkında ən yaxşı yerin Nizamiyə məxsus olduğunu vurğuladı: «Heykəlin üstündə yazılıb: Azərbaycan şairi Nizami Gəncəvi. Doğum və Ölüm ili».

KOMİSSİYA BİZİM ESKİZİ BƏYƏNDİ
Romada Nizami Gəncəvinin heykəli
Romada Nizami Gəncəvinin heykəli

Parkın yerinin təxmini təyin olunmasından sonra Səlhab Məmmədov Vətənə dönüb: «Dedilər, gedin eskizləri hazırlayın. Yerin fotolarını çəkdik Bakıya gətirdik. Müsabiqə elan olundu. Mən də Əli İbadullayevlə birlikdə iki eskiz verdik. Nizaminin ayaqüstü və oturaq variantda təsvirini. Müsabiqəyə 20-yə yaxın iş təqdim olunmuşdu. Komissiya bizim oturaq rəsmimizi seçdi».

BURA İTALİYADIR!

Eskizlərin Bakıda bəyənilməsindən sonra qarşı tərəfin fikirlərini bilmək üçün təkrar İtaliyaya qayıdan Səlhab müəllim italyanların işə münasibətindən heyrətlənib: «Gördüm hər şeyə konservativ yanaşırlar. Bu belə olsun! Amma bu belə olacaq! Başa düşdüm ki, bura İtaliyadır. Təsadüfi deyil ki, onlar hər şeylərini min illərdir qoruyub saxlayırlar... Anladım ki, bu parka heykəl qoymaq elə də asan olmayacaq...».

ÇOXDANDIR BELƏ GÖZƏL HEYKƏL GÖRMƏMİŞDİK!

Onların fikirlərini öyrənən azərbaycanlı rəssamlar təkmilləşmiş eskizləri Roma meriyasına—meriyanın abidələr idarəsinə göndərib: «Səfirimiz eskizi idarənin rəisinə təhvil verib. O da bir nəfəri çağırıb, xeyli müzakirə aparıblar. Və sonra qayıdıb cənab səfirə deyib ki, çoxdandır belə gözəl heykəl görməmişdik!».

Səlhab müəllim hələ bunun işin bəyənilməsi demək olmadığını da əlavə etdi: «Hələ bu iş idarənin iclasında--20-30 nəfər heyət üzvü arasında müzakirəyə çıxarılacaqdı. Zəng vururam, 20 gün keçir, 1 ay keçir, hələ toplantı olmayıb... Qalmışıq nigaran—düz iki ay!».

PARKDA ƏN GÖZƏL HEYKƏL... NİZAMİNİNDİR!

«Heykəlin hazır variantını italyanlar necə qarşıladı» sualının cavabında Səlhab müəllim belə söylədi: «Romalı mütəxəssislər çox yaxşı qarşıladılar. Hətta dedilər ki, bəlkə də parkda ən gözəl heykəl Nizaminindir».

-- Abidələr İdarəsi eskizə hansı əlavələr etdi?
-- Eskizdən heykəlin açılışına qədər olan dövr necə keçdi?
-- Heykəlin hündürlüyü nə qədər oldu?
-- İtalyan ustaları heykəlin yaradılmasında hansı xidmətləri göstərdi?

Bu «İz»i Səlhab müəllimin şirin dili ilə dinləyin. Elə burada.
XS
SM
MD
LG