Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:15

Azərbaycanda 150, 200 və 500 nominallıq əsginaslar ola bilər


«Azərbaycanda daha böyük nominalda əsginasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədini güdür». APA-nın məlumatına görə, bunu mayın 8-də Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə yuxarı nominallı əsginasların xüsusi çəkisi həddindən artıq çoxalıb və belə şəraitdə dünya praktikasında əlavə olaraq böyük nominalda əsginaslar buraxılır ki, yuxarı nominallı əsginaslara düşən yük aradan qalxsın: «Böyük nominalda əsginasların buraxılması, həmçinin dövlət vəsaitinə qənaət etmə baxımından düzgündür. Belə ki, üzərinə yük düşən əsginasların sifarişi nə qədər çox olursa, bir o qədər dövlət xərci çox olur və belə halda iri nominallı əsginasların buraxılışı dövlət xərclərinə qənaət etməyə imkan verir».

E. Rüstəmov onu da bildirib ki, AMB ölkədə əsginasların xüsusi çəkisini izləyir və daha sonra müvafiq qərar qəbul edir: «İqtisadi tədqiqatlar göstərir ki, denominasiyadan sonra Azərbaycanda iri nominallı əsginasların dövriyyəsi artıb. Ümumiyyətlə, daha böyük həcmdə əsginasların buraxılmasının sırf iqtisadi mənası yoxdur. Bu pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədi ilə olunur».

Azərbaycanda daha böyük nominalda əsginasların buraxılması gözlənilir. Bunlar 150, 200 və 500 nominallı əsginaslar ola bilər. Hazırda bununla bağlı layihə-dizayn işləri aparılır və müvafiq qərardan sonra əsginasların buraxılması mümkün olacaq. Əsginasların buraxılacağı konkret müddət bəlli deyil. AMB hökumətlə bu məsələni müzakirə edib və yeni əsginaslar yaxın illərdə buraxıla bilər.
XS
SM
MD
LG