Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:08

Cəlil Cavanşirin 20-liyə düşməyən hekayəsi


Jalil Javanshir
Jalil Javanshir
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib


Cəlil Cavanşir


OĞLUMA BEŞ MƏKTUB


Birinci məktub

Salam oğlum.

Təəssüf ki, sən hələ çox balacasan və yazdığım bu məktubu oxuya bilməyəcəksən.

Amma o günləri, uşaqlıq illərini xatırlayanda bu məktublar sənin köməyinə çatacaq. O gün... O gün ananla bərk mübahisə elədik. Yaxşı yadımdadır, sən qorxub ağlamağa başladın. Məcbur olub mübahisəni kəsdim.

Utandığımdan siqaretimi götürüb evdən çıxdım. Kirayədə qaldığımız həyətdə beton parçasının üstündə oturub bir siqaret yandırdım.

Qəhərdən boğazım sızıldayırdı. Amma ananın yanında ağlamaq istəmirdim. Ağlamadım da. Axşam nənən gəldi. Həmişə boynumu qucaqlayıb üzümdən öpən arvad bu dəfə heç üzümə də baxmadı. Başını bulayıb, ağlayan qızının yanına keçdi. Əvvəlcə ananın, sonra da sənin paltarlarını yığmağa başladı. Sonra baban gəldi. Mənimlə salamlaşanda üzünə baxdım, deyəsən, məsələdən xəbərdar deyildi. Evə qalxdı, yığılmış çantaları maşına daşıdılar. Sən ağlamağını kəsib qonşudan gətirdiyimiz dəmir beşikdə mışıl-mışıl yatırdın. Ayaqqabımı soyunmadan evə keçib üzündən öpdüm. Ağlamadım. Amma elə ağlamaq istəyirdim ki...

Sonra anan səni qonşudan gətirdiyimiz dəmir beşikdən götürüb bağrına basdı və əsəbi şəkildə evi tərk elədi. Uçuq-sökük mətbəxdə bir cüt nəm corabın, bir də bapbalaca köynəyin qalmışdı. Götürüb qoxuladım. Yuyucu tozun qoxusuna qarışmış qoxun hələ də köynəyində qalmışdı... Qonşu otaqdakı ev sahibi səsimi eşitməsin deyə, dişimi-dişimə sıxıb ağladım...

***
Qoy bir az da sənə qaldığımız ev haqqında danışım. Hələ universiteti bitirməmişdim və sən doğulmamışdın. Anan kənddə qalmaq istəmədiyi üçün, birlikdə Gəncəyə gəldik. Anan hamilə, mən isə işsiz idim. Ümid yerim tələbə təqaüdüm və nənəmin təqaüdü idi. İndi qaldığımız evin sahibi ilə baban dost idi.

80 yaşlı ev sahibi siqareti həmişə “Kolxoz bazarı”nda alver eləyən babandan alırdı. Tək-tənha yaşayan bu qoca evin iki otağını bizə kirayəyə verdi. Bizim qaldığımız otaqlara bitişik digər iki otaqda isə o qalırdı. Əslində bu yarıuçuq tikilini ev adlandırmaq da olmazdı. İt damından bir az babat tarixi bir tikilidə soyuq qış gecələrində ananla bir-birimizə qısılıb isinirdik.

Evin nə suyu, nə də hamamı vardı. Suyu küçədəki ehsan üçün tikilmiş bulaqdan daşıyırdıq. Mən dövlət imtahanlarına hazırlaşanda sən dünyaya gəldin. Amma sənin üçün beşik almağa pulum yox idi. Qonşulardan biri bizə dəmir bir beşik verdi və sən səkkiz ay o dəmir beşikdə yatdın. Bu xaraba evdə ananla mübahisələrimiz daha çox şəraitsizliyə görə düşürdü. “Suyu niyə doldurmamısan?”, “Üzümü harada qırxım?”, “Çay niyə yoxdur?” və bu cür mənasız mövzularda qanqaraldıcı mübahisələrimizin sonu əməlli-başlı davaya çevrilirdi. Bu mübahisəmizin səbəbi o qədər mənasız idi ki, yazmağa utanıram. Amma anan: “Daha bu cür yaşamaqdan bezmişəm,” – deyib getməyə üstünlük verdi.

Hə, oğlum, bax sən təsvir elədiyim bu xaraba evdə böyüyürdün.

***

O gün, siz gedəndən sonra küçəyə çıxdım. Dostlarla görüşüb oradan-buradan danışdıq. Sizin getməyiniz barədə danışa-danışa hiss elədim ki, göz yaşlarımı saxlaya bilmirəm. Dostlar mənə ürək-dirək versə də, qaşqabağım açılmırdı. Onları mənimlə babanın qapısına getməyə məcbur elədim.

Dostlarım babanla söhbət eləyəndən sonra məni də evə çağırdılar. Mənasız mübahisəmizdən xəbərdar baban danışmağa söz tapmırdı. Yazıq kişi, heyrətlə arvadının üzünə baxırdı. Söhbətimiz uzun çəkmədi və biz üçümüz birlikdə evə qayıtdıq. O gecə səhərə qədər ağladın və anan narahat olmasın deyə, səni qucağıma alıb küçəyə çıxdım. Sabaha qədər şəhərin yarıqaranlıq küçələrində ata-bala ağladıq. Sən bütün uşaqlar kimi ağlayırdın, mən isə öz şanssızlığıma, başıma gələnlərə ağlayırdım.

Səhəri birlikdə açdıq. Ananla axşama qədər küsülü qalsaq da, sənin şirin hərəkətlərin bizi birlikdə güldürürdü. Gülə-gülə bir-birimizə baxdıq və... və barışdıq. Onda heç küsülü qala bilmirdik. Bir-birimizə ehtiyacımız vardı. Mən özümü sənsiz təsəvvür edə bilmirdim və sənin ağlamağın belə mənə yaşamaq həvəsi verirdi. Yadımdadır, üç ayın tamam olan günün axşamı o qədər ağlamışdın ki...Ananla mən də sənə qoşulmuşduq. Xəstələnməyindən qorxurduq. Həmin gecə mən sənə layla yazmışdım. Sən bütün mübahisələri xoş sonluqla həll etməyimizə yardımçı olurdun...

Dekabr, 2009


İkinci məktub

Salam oğlum.

Yenə ananla mübahisə elədik. Mübahisəyə nə üçün başladığım yadımda deyil, amma bərk mübahisə elədik. Mən anana möhkəm bir şillə vurdum, o yerə yıxıldı. Əsəbdən əllərim əsirdi. Mübahisə edəndə ananın gözü heç kəsi görmür. Söyür, qarğayır, qıcıq yaradan ittihamlarla adamı hövsələdən çıxarır. Sanki yüz ilin düşməniyik. Mənim isə təhqirə dözümüm yoxdur.

Sözün düzü, vurduğum şilləyə peşman olsam da, anan da borclu qalmadı. Üz-gözümü, qollarımı dırnaqları ilə elə hala saldı ki, utandığımdan yayın istisində şəhərə çıxanda uzunqol köynək geyinməyə məcbur oldum. Sonra yenə nənən gəldi, yenə mənimlə salamlaşmadan evə keçib sizin paltarlarınızı yığışdırdı. Bu dəfə baban gəlməmişdi, çünki Rusiyaya pul qazanmağa getmişdi. Nənən sizi aparıb getdi. Bu dəfə siz gedəndə artıq sən bir az böyümüşdün. Bir yaşın təzəcə tamam olmuşdu. Bu mübahisədən bir ay əvvəl balaca bir kafedə, sənin ad gününü qeyd eləmişdik. Artıq tıpış-tıpış yeriyirdin. Yıxıla-dura evdə qaçırdın. Biz də sənin ayağından stola bağlayırdıq ki, sobaya toxunub əl-ayağını yandırmayasan. Bir-birimizə elə isinişmişdik ki... Nənənlə anan isə bizi düşünəcək durumda deyildi. “Ata,” – deyib qucağıma qaçmağa çalışsan da, səni götürüb apardılar. Artıq əvvəlki evdə qalmırdıq.

Bu evi sən 8 aylıq olanda kirayələmişdim. 5 otaqlı rahat bir mənzil. Nə ev sahibi vardı, nə də onun ucuz siqaretinin tüstüsü. Daha qapının arasından evə siqaret və yemək qoxusu dolmurdu. Rahat mətbəx, rahat hamam, isti ev. Qışı elə rahat başa vurmuşduq ki...

Atam kənddən bir çarpayı düzəltdirib göndərmişdi. Sən bu çarpayıda balaca şahzadə kimi mışıl-mışıl yatanda özümü dünyanın xoşbəxti sayırdım. Amma siz gedəndən sonra sənin çarpayın da, bizim çarpayımız kimi boş qaldı. Səhərə qədər siqaret çəkib kədərli musiqilər dinlədim. Ağladım. Amma arxanızca gəlməyi qüruruma sığışdıra bilmirdim. Axı, günah ananda idi. (ya da mən belə düşünürdüm).

Doqquz gün ağladım. Sonra qonşuları sizin arxanızca göndərdim. Sağ olsun anan, məni qırmadı. Bəlkə də, yenidən mübahisə eləmək, məni günahlandırmaq üçün geri qayıtdı. Biz həmin gecə səni yuxuya verib illərin həsrətlisi kimi bir-birimizə sarıldıq. Çox darıxmışdı. Hiss etdirməsə də, başa düşürdüm ki, mənim üçün darıxıb. O gecə bir-birimizi bir daha incitməməyə söz verdik.

Aprel, 2010


Üçüncü məktub

Salam, oğlum.

Ananın bərk xəstələnməyini yəqin ki, xatırlamırsan. Əslində, biz birlikdə yaşayanda anan heç sağalmırdı. Nənən ona qəribə diaqnozlar qoyur, biz də bu diaqnozları dəqiqləşdirmək üçün xəstəxanaları gəzirdik. Həftənin üç gününü xəstəxanalarda keçirirdik. Sənə isə nənən baxırdı. Artıq getdikcə əsəblərim ananın bu halına dözmürdü. Bilirdim ki, tez-tez “xəstələnməyinin” səbəbi adicə qadın şıltaqlığıdır. Məcburən ananı və səni kəndə, atamgilə göndərməli oldum. İlk dəfə səndən bu qədər ayrı qalacaqdım. Bütün günü yeni iş yerimdə internetdə başımı qatırdım. Hər gün zəng edib qığıltına, gülüşünə qulaq asırdım. Bir gün...

Yalançı sevdalara uyduğum zamanlar idi. Bir qadına sevdalanmışdım. Mənasız boşluqdan qurtulmaq üçün bir təsəlli uydurmuşdum. Guya, sevgi var idi həyatımda. Qeyri-səlis bir sevgi...

Kəndə arxanızca gələndə, anana hər şeyi danışmağa qərar vermişdim. Çünki etdiyim yanlışa son verməyi düşünürdüm.

O gecə pəncərədən görünən aya baxa-baxa anana bütün yaşadıqlarımı nağıl elədim. Sevişdik və ananın məni bağışladığını düşünüb yuxuya getdim. Səhər yenidən Gəncəyə, kirayə evimizə qayıtdıq. Siz sonuncu çərşənbəni nənəngildə keçirdiniz. Mən isə evdə tək qalıb düşünməyi üstün tutdum. Ondan ayrılmaq əsil əzaba çevrilmişdi.
Üstəlik anan bu qeyri-səlis sevgidən xəbər tutmuşdu. Məndən çox şübhələnir və hər gələn mesaja, zəngə diksinir, internetdəki yazışmalarımı ciddi şəkildə nəzarətdə saxlayırdı.

Artıq o qadından ayrılmağa qərar vermişdim və münasibətlərimizi soyutmağa çalışırdım. Yaşadıqlarım əsəblərimi pozmuşdu. Ürək ağrılarından əziyyət çəkirdim. Yenə hər gün ananla mübahisə edir, bir-birimizi incidirdik. Bu gərginlik içində yaşadığımız günlərin birində axşam o qadından mesaj gəldi və hər şey gözlənilmədən dəyişdi. Biz yenə ananla mübahisə elədik. Bu dəfə də nənən gəldi, salam-kalamsız evə girib mənimlə mübahisə eləməyə başladı. Onun təhqiramiz sözlərinə ancaq sənə və anana görə dözürdüm. Bu dəfə anan getmədi, nənən isə səni aparıb getdi. Ananla küsülü olduğumuzdan mən qonaq otağındakı divanda yatdım. Bu ərəfədə mən Bakıya köçməyə hazırlaşırdım.

İki gün sonra anan da getdi. Ayrılmaq, biryolluq məndən canını qurtarmaq istəyirdi və bunu dilə gətirməklə məni daha da ruhdan salır, həyatdan bezdirirdi. Bu mübahisədən sonra yaşadıqlarımı sənə daha münasib bir vaxtda yazacağam.

Sonra yenə barışıb birlikdə bizim kəndimizə getdik. Sizi kənddə qoyub Bakıya yollandım. Bakıda iş tapandan sonra kəndə qayıdıb sənin iki yaşını qeyd elədik. Sonra mənim Bakıda sərgərdan həyatım başladı. Əvvəl bir nəşriyyatda, sonra isə televiziyada işləməyə başladım. Televiziyada maaşım o qədər az idi ki, yol puluna güclə çatırdı. Tanıdığım hər kəsə müəyyən qədər borcum vardı.

Bu ərəfədə eşitdim ki, anan səni də götürüb Gəncəyə, anasının yanına qayıdıb. Artıq bir aydan çox idi ki, səni görmürdüm. Bütün günü birlikdə keçən o günləri, sənin qayğısız, dəcəl, şirin-şəkər günlərini, hər anı səninlə dolu olan xatirələri xatırlamaqla məşğul idim. Hələ ananla danışırdıq. O da, mən də darıxdığımızı bildirir, bir-birimizi görməyə can atırdıq. Yayın dəhşətli istiləri, pulsuzluq və ehtiyac, işdə üzləşdiyim haqsızlıqlar məni çox bezdirmişdi. Günlərin birində anan zəng eləyib Bakıya gələcəyini dedi. Dayısı oğlu hərbi xidmətdən qayıdır, xalası qızı nişanlanırdı. Siz gəldiyiniz gün axşam özümü ananın dayısı oğlugilə çatdırdım.

Mən şəhərin ən xaraba yerində kirayədə qalırdım. Sən isə ananla Lökbatana qonaq gəlmişdin. Gəldim, görüşdük, oynadıq və mən qaldığım evə qayıtdım. Həmin gün səhərə qədər öz talesizliyimə, öz şansızlığıma ağladım. Sənsiz qalmağıma, sənə qovuşmaq üçün heç bir imkanım olmadığına ağladım. Sonra anan məni xalası qızının nişanına dəvət elədi. Pulsuzluqdan gələ bilmədim. Sonra anan dayısı oğlunun maşınında səni parka, dənizə apardı. Bir neçə gün yanıb qovrulsam da, sənin üzünü görə bilmirdim. Anan artıq xalasigildə qalırdı. Bir gün borc alıb gəldim səni görmək üçün. Ananla mübahisə elədik və anan məndən yenə küsdü. Sonra ona nə qədər zəng elədimsə, zənglərimə cavab vermədi. Siz Gəncəyə qayıtdınız. Mən isə sərgərdan və səfil bir həyat yaşamağa başladım. Bir ay sonra toparlandım, bir dostumdan borc alaraq sizi Bakıya gətirmək üçün arxanızca gəldim. Əvvəl səninlə gəzdik, sonra anana zəng elədim ki, hazırlaşsın. Amma nənən sənin arxanca parka gəldi, boşanmaq üçün ərizə verdiklərini dedi. Anan isə mənimlə, ümumiyyətlə, danışmaqdan qaçdı. Bakıya qayıdıb içkiyə qurşandım...

Evim və işim olmadığı üçün anan məndən ayrılmaqda israr elədi və günlərin bir günü mənə məhkəmədən çağırış gəldi. Üç dəfə məhkəməyə getməkdən imtina elədim. Amma gec-tez getməli idim.

Noyabr, 2010


Dördüncü məktub

Salam, oğlum.

Nəhayət, sonuncu çağırışdan sonra məhkəməyə getdim. Artıq məhkəmədən yayınmaq xeyrimə deyildi. Sözün düzü, ananla qarşılaşsam, barışacağımızı düşünürdüm. Həm də səni görmək üçün burnumun ucu göynəyirdi. Məhkəmə saatında nənən gəldi. Nə anan, nə də sən məhkəmədə yox idiniz. Məhkəmə çox qısa çəkdi, nənən məni xeyli tərifləsə də, ananın nümayəndəsi kimi onun boşanmaqda israrlı olduğunu dilə gətirdi. Məhkəmə qısa çəkdi və biz ananla boşandıq.

Hər şey o qədər sürətlə baş verdi ki, düşünüb bir qərar vermək imkanım olmadı. Artıq iki ay olardı ki, səni görmürdüm. Məhkəmədən sonra kəndimizə getdim. Heç bir təsəlli məni ovutmurdu. Əlimdən nə gələrdi ki? İki ay yeddi gün sonra görüşdük və o görüşü xatırlayanda indi də gözlərim dolur. Görüşümüzdən əvvəlki telefon danışığımızı xatırlayıram. Eyni cümləni təkrarlayıb, dururdun: “Atası, gəy məni kayuselə apay”. Uzun müddətdən sonra çətinliklə də olsa, görüşdük. Bu iki ay yeddi gün çox dəyişmişdi səni. Düz bir saat boynumu qucaqlayıb buraxmadın. Parkdakı insanlar bizə elə qəribə baxırdı ki...Elə bil müdrik bir kişi olmuşdun. Baxışların çox şey deyirdi mənə.

Əlinlə üzümə, saçıma, qulağıma, burnuma toxunub sanki mənim, atan olduğuma, yanında olduğuma əmin olmaq istəyirdin.

Birdən məni məhv eləyən, qürurumu qıran bir sual verdin: “Atası, sənin niyə puyun yoxdu?” Utandım cavab verməyə. Səni bağrıma basıb ağlamağa gücüm çatdı.
Sonra bir il öncə aldığım bapbalaca çantanı açdın. Əl yaylığına bükdüyün iki beş qəpikliyi ovcuma qoydun: “Atası, indi puyun oyajax...”

İki həftədə 3 dəfə görüşdük. Hər dəfə də səni küçədə, sinəmə sıxıb yuxuya vermişəm. Çünki getmək, məndən ayrı qalmaq istəmirdin. Bilirsən oğlum, sənin ən böyük haqqındı mənimlə bir yerdə olmaq, mənimlə oynamaq, başını sinəmə qoyub yatmaq... İnan ki, bu ayrılığa mən nə səbəbkaram, nə də günahkar. Ananı da günahlandırma heç vaxt. Ən qəzəbli vaxtlarımda belə mən ona haqq qazandırıram. Bilirsən, hərdən evin kirayəsini verə bilmədiyim üçün internet klubda qalıram. Məncə, anan düzgün hərəkət elədi məni tərk eləməkdə. Onu özümə dərd ortağı eləməyə haqqım yox idi... Onu çox incidirdim axı... Sənin verdiyin iki beşqəpikliyi ümidsiz anlarımda bərk-bərk əlimdə sıxıram.Özümə də, taleyə də lənət yağdıra-yağdıra səfil həyatıma davam edirəm. Böyüyəndə məni anlayacağına, mənsiz qaldığın günlərin hesabını məndən sormayacağına inanmaq istəyirəm...

Dekabr, 2010


Beşinci məktub

Salam, oğlum.

Sənin üçün çox darıxmışam. Əvvəllər sənin üçün darıxanda hər gün ağlayırdım, hər gecə sənin balaca corablarını əlimdə sıxıb, qoxlayıb sonra yuxuya gedirdim. İndisə, ən gözəl fotolarını divara asdım və gecələr işığı söndürmədən, sənin məsum üzünə baxa-baxa yuxuya gedirəm. Bir il əvvəl telefonda danışanda: “Gəl məni karuselə apar!” – deyirdin, indi telefonu götürən kimi məni ittiham eləyirsən. Bu gün bir ay bir həftədir ki sənə sarıla, bağrıma basa bilmirəm. Hərdən düşünürəm ki, mən bütün bunlara layiq deyildim.

Mənim daha çox haqqım vardı səninlə birlikdə olmağa. Ananla ayrılanda sən çox kiçikdin, heç nə anlamırdın. İndi günbəgün böyüyürsən, ətrafında baş verənləri anlamağa çalışırsan. Əvvəl mənsiz qalmaq sənin üçün çox çətin idi, hər dəfə görüşəndə ayrılmaq istəmirdin. İndi mən sənin üçün uzaqlarda, hansısa uzaq bir şəhərdə yaşayan tanıdığın bir adam kimiyəm. Böyüdükcə atasızlığı dərk edəcəyindən, məni ittiham edəcəyindən qorxuram, oğlum! Sənin qarşında çox günahkaram. Səndən çox utanıram.
Bir gün mənim üçün utanmayasan deyə, hər şeydən imtina etməyə, hər şeyi yenidən başlamağa çox cəhd eləmişəm. Amma bacarmamışam. Olmur! Heç nəyə yenidən başlamaq olmur, gözümün nuru!

Bilirsən, oğlum, bu şəhərdə “dayılar”, “əmilər”, “xalalar” çox qəddardır. Burada hər kəs başqasını əzməyə, incitməyə meyllidir.

Bilsən nələrə qatlanıram? Yaşamaq, sənin xoş gələcəyini qurmaq, sənə layiq olmaq üçün çox çalışıram. Bəzən şəxsiyyəti beş qəpiyə dəyməyən adamlara əyilməyə məcbur oluram.
Yuxusuz gecələr, depressiya, içki…

Eh…sən hələ bunları anlayacaq yaşda deyilsən. Gəl, sənin anlayacağın dildə danışaq.
Bax, oğlum, sənə təzə paltar, oyuncaq, şirnilər almaq üçün çoxlu işləməliyəm.
Gözümün nuru, gecə-gündüz işləsəm də, ayda bir dəfə gəlib səni görə bilmirəm.
Amma bilirəm ki, təzə paltarın, oyuncağın, şirnilərin var.

Oğlum, bu şəhərdə yaxşı insanlar da var.

Mehriban, qayğıkeş dayılar, əmilər, xalalar da var. Sən və yaxşı insanlar olmadan bircə gün də həyatın dadı qalmaz, yaşaya bilmərəm.

Yadındadır, balaca bir oyuncaq maşının vardı? Sonuncu dəfə gələndə əlində bərk-bərk sıxmışdın, sonra onu itirdin. Onun əvəzinə sənə çoxlu oyuncaqlar aldım. Sənə bir sirr açım. O oyuncaq maşının hara düşdüyünü bilirdim. Amma tapıb sənə vermədim.

Bilirsən niyə? Sən yanımda olmayanda onunla başımı qatmaq üçün. Yəqin atanın bu hərəkətini bağışlayarsan. Gözümün nuru, sənin üçün hər gün daha çox darıxıram.
Əminin balaca, şirin-şəkər qızları çığıra-çığıra evdə qaçışanda otağımın qapısını arxadan bağlayıb ağlayıram. Balaca uşaqlarının əlindən tutub gəzməyə gedən valideyinləri görəndə, utanıram. Niyə bütün bunları yaşadıq?

Sənin atasız böyüməyin, ata xiffəti eləməyin məni hər şeydən daha çox incidir.

Bilirəm, sən də atasının əlindən tutub karuselə gedən balaca uçaqları görəndə kövrəlirsən. Sənin istəklərindən xəbərsiz səndən uzaqda yaşamaq çox çətindir.

Hər görüşdə bir az da böyüdüyünü görüb sevinsəm də, səninlə ürəyim istəyən qədər, sənə lazım olan qədər vaxt keçirə bilməməyimə çox üzülürəm.

Bağışla məni oğlum…bağışla..

Sənə deyiləcək o qədər sözüm var ki…

Amma qəhər məni boğur, yaza bilmirəm…

Sənə yenə yazacam.

Öpürəm…

Sənsizliyə məhkum olan, gülüşünə həsrət qalan atanı anlamağa çalış, gözüm nuru. Böyüdükcə, məni bağışlamağı da öyrən.

Yanvar, 2012
XS
SM
MD
LG