Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Zəlzələdən ziyan çəkən sakinlər çadır çatmadığını deyirlər


Zaqatalada zəlzələdən dağılan evlərdən biri.
Zaqatalada zəlzələdən dağılan evlərdən biri.
-
«Evimin bütün əşyaları çöldədir, evə girmək mümkün deyil. Nə etməliyik, necə dolanmalıyıq? Dünən demişik, söz veriblər ki, kömək edəcəklər. Bir mən deyiləm, yüzlərlə ailə mənim kimi çöldə qalıb, evləri uçulub. Gecə də yağış yağıb, bütün əşyalar qalıb suyun altında. Çıxara bildiyimiz mebellər, yorğan-döşək də indi palçıq və sudur».

Mayın 7-də səhər saatlarında Zaqatalada 7 ballıq zəlzələ və təkrar təkanlar olub. İnsan tələfatı olmasa da, 3000-də çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb. Zaqatala rayonunun Qımır kəndindən olan Gülnarə Gözəlova da evi qəzalı vəziyyətdə olan sakinlərdən biridir.

Danışır ki, zəlzələ baş verən gündən evlərinə ayaq basa bilmirlər, tamamilə yararsız hala düşüb. Həyətdə açıq havada gecələməli olublar, qapılarını döyüb hallarını soruşan da olmayıb. Gülnarə Gözəlova deyir ki, yalnız televiziya vasitəsilə müraciətindən sonra 6 nəfər ailə üzvü ilə birlikdə növbəti gecəni çadırda keçirə bilib. Ailə hələ neçə gecəni çadırda keçirəcəyini, ümumiyyətlə, evlərinin aqibətinin nə olacağı barədə məlumatsızdır.

«MARAQLANAN YOXDUR»

Gülnarə Gözəlovanın qonşusu Qərənfil Ramazanova da deyir ki, divarı uçmuş evinə hələ ki yalnız icra nümayəndəsi gəlib baxıb:

«Kənd sovetindən gəlib baxıblar, uçota alıblar, amma evin içinə girib gəzməyiblər. O da birinci tərpənişdən sonra gəliblər, ikinci, daha güclü zəlzələdən sonra gəlib bizimlə maraqlanan olmayıb».

Zaqatalada təkrar təkanlar hələ də davam edir. Rayon sakinlərinin dediyinə görə, indi hətta 3-4 bal gücündə təkanlar belə onlar üçün təhlükə ilə nəticələnə bilir. Çünki güclü zəlzələdə çatların əmələ gəldiyi divarlar üçün bu cür təkanlar kifayətdir ki, uçulan evlərin sayı artsın.

Elə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna etmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər, rayona dəyən zərər
Kəmaləddin Heydərov və İlham Əliyev fəlakət zonasında, 9 may 2012
Kəmaləddin Heydərov və İlham Əliyev fəlakət zonasında, 9 may 2012
dəqiqləşdirilir.

«YƏQİN ƏLAVƏ VƏSAİT DƏ AYRILACAQ»

Jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov deyib ki, evləri uçulmuş sakinlərin hamısına çadırlar paylanıb, onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar:

«Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işləri aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq». Bunu da nazir deyib.

«İstidən, havadan yata bilməmişik. Gecə yağış da yağıb, baxın, bütün üstümüz yaşdır» - Ədalət Əliyeva ailəsi, 2 azyaşlı nəvəsi ilə Qımır kəndində Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlardan birinə sığınıb. Dediyinə görə, 24 nəfər üçün nəzərdə tutulan çadırda 30 nəfər gecələyib. Onun dediklərini çadırın digər sakinləri də təsdiqləyir:

- «30 nəfər burada qalmışıq, az qala bir-birimizin üstündə yatmışıq».

- «Gündüz istidən dayana bilmirik, gecə isə yağış, nəmişlikdir. Yata bilməmişik. Kiminin başı, kiminin böyrəyi, ayaqları ağrıyır. Hər dəqiqəmiz də qorxu, həyəcandır. Ürəyimiz artıq üzülüb qorxudan, həyəcandan».

TİKİNTİ-BƏRPA İŞLƏRİ BAŞLANMAYIB
Zaqatala
Zaqatala

Nazir Kəmaləddin Heydərovun da dediyi kimi, prezidentin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat ayrılıb və vəsaitin artırılacağı gözlənilir.

Nazir bölgədə bərpa-tikinti işlərinin aparılacağını, o cümlədən uçmuş evlərin yenidən tikiləcəyini bildirib. Sakinlərin dediyinə görə, hələ ki rayonda tikinti-bərpa işlərinə başlanmayıb.

Zaqatala zəlzələsi Fövqəladə Hallar Nazirliyinin son illər üzləşdiyi yeganə hadisə deyil. 2 il öncə - 2010-cu ilin yazında Kür və Araz çaylarının səviyyəsinin qalxması nəticəsində 30-a yaxın rayonda 20 mindən çox yaşayış binası və 110 min hektar əkin-örüş yerlərini su basmışdı. Həmin vaxt daşqının gətirdiyi bəlanı aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti nümayəndələrindən ibarət komissiya yaradıldı.

TƏCRÜBƏ GÖSTƏRİR Kİ...

Prezident göstəriş verdi ki, bir neçə ay ərzində zərər çəkən sakinlər yeni mənzillərlə təmin edilsin. Rəsmi məlumata görə, Kür-Araz çayı üzərində bəndqurma işləri həyata keçirildi, çayın deltası təmizləndi, yeni evlər tikildi. Daşqınla bağlı bütün bu və digər işlərin görülməsinə 300 milyon manatdan çox vəsait ayrıldı. Pulun təxminən 252 milyonu tikinti və bərpa işlərini həyata keçirmək üçün Fövqəladə Hallar Nazirliyinə verildi.

Sabirabad, 2010
Sabirabad, 2010
Həmin hadisədən 2 il vaxt keçsə də, heç də bütün zərərçəkmişlər eyni vaxtda isti evlərinə köçə bilmədi. Kiminin evi ümumiyyətlə tikilmədi, kimininki isə aylarla gecikdi. Hazırda 100-dən çox daşqından zərər çəkmiş ailənin şikayətinə məhkəmədə baxılır. Onlardan biri də Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Şirinovdur. O, deyir ki:

«Camaata verilən pul onun heç yardımçı tikilisinin pulu deyil. Ən çox verdikləri pul 2600 manatdır. Evsizlər üçün də ev tikirlər, amma tikdikləri ev də fərli deyil. Prezidentin sərəncamında var idi ki, evlər 3 ay müddətinə tikilməli idi. Amma tikinti hələ də davam edir. Təmir işləri aparılmır, çünki təmir üçün pul verirlər, hər evə cəmi 1000 manat. 1000 manata ev təmir etmək olar?! Bərpa-gücləndirmə işləri isə ümumiyyətlə aparılmayıb. Mən özüm evimin bərpa-gücləndirmə işlərinə 8500 manat xərcləmişəm, mənə isə cəmi 1000 manat pul ödənib».

«ƏSAS PROBLEM ŞƏFFAFLIĞIN OLMAMASIDIR»

«Kür» Vətəndaş Cəmiyyətinin rəhbəri Mehman Əliyev deyir ki, ölkədə cavabdeh qurumlar hətta fəlakət baş verən zaman bundan öz mənfəətləri üçün yararlanırlar:

«Ən böyük problem şəffaflığın olmamasıdır. Zaqatala ilə bağlı da yenə aydın deyil ki, əsl zərər nədir, nə qədər ev uçub, nə qədəri qəzalı vəziyyətdədir?

Mehman Əliyev
Mehman Əliyev
20 milyon ayırıblar, sabah yenə 20 milyon ayıracaqlar.

İctimaiyyətin, alimlərin, mütəxəssislərin burada iştirak etməməsi çox ciddi problemlər yaradır. Bu, Kür daşqınlarında özünü daha yaxşı göstərdi.

Şəffaflığın olmaması küllü miqdarda yeyintilərin olmasına gətirib çıxardı. Dövlət pullarını öz maraqlarına uyğun xərcləyirlər, hətta evlərin tikintisində də materiallardan oğurluq edirlər. Bu problemlər bu gün də qalır».

İCTİMAİ NƏZARƏT OLMASA...

Mehman Əliyev deyir ki, Kür-Araz daşqınlarında yaşanan bu cür neqativ halların Zaqatala zəlzələsində zərərçəkənlərin də yaşayacağı gözlənilir. Xüsusən də, rəsmi qurumlar tərəfindən görülən işlərə ictimai nəzarət olmazsa.

Elə Zaqatala rayonu Qımır kənd sakini Qürbət Qocayev də ümidsizdir. Deyir, təbii fəlakətin baş verməsindən 3 gün keçsə də, rəsmi qurumların ona ümid verəcək bir əməlini görməyib:

«Kəndimizin 1800 nəfər əhalisi var, təxminən 100-120 nəfərlik çadır var. Qalan camaat maşında, maşının altında yatır. Heç bir yardım yoxdur, evlərin də 90-95 faizi yararsız haldadır. Gedək istənilən evə baxaq, görəcəksiz ki, orda oturmaq da mümkün deyil. Hətta 90 faiz camaat evindən əmlakını çıxara bilmir. Yağış da hər gün yağır. Bir rəhbər gəlib maraqlanmır ki, harada qalırsız, nə edirsiz».
XS
SM
MD
LG