Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:07

«Rüşvət vermədim, oğlumu həbsə atdılar»


Telman Əliyev
Telman Əliyev
Saray qəsəbəsində yaşayan Telman Əliyev «Qaynar xətt»ə oğlunun haqsız yerə həbsə atıldığını deyib. Deyir, məhkəmə il yarım əvvəl baş vermiş bir bədbəxt hadisədə oğlu Aslan Əliyevi günahlandıraraq, onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sonradan apelyasiya instansiyası cəzanın üstündən 2 il götürüb. Ancaq ata hesab edir ki, oğlu ümumiyyətlə həbsdə qalmamalıdır. Onun sözlərinə görə, baş vermiş və ölümlə nəticələnmiş uçqun hadisəsində oğlunun heç bir günahı yoxdur.

Telman Əliyev danışır:

TƏMİR SEXİNDƏ UÇQUN

«Oğlum Güzdəkdə daş karxanasında sürücü işləyirdi. Hadisədən bir az əvvəl idarə etdiyi «Kamaz» yük maşınında nasazlıq yaranıb. Ona məsləhət görüblər ki, maşını ustaya göstərsin. O da Güzdək-2 qəsəbəsindəki maşın təmiri sexinə gəlib. Maşını sexin içərisinə sürüb, ustayla danışıb, usta maşını düzəltməyə başlayıb, özü isə maşının kabinəsində oturub gözləyib. Həmin vaxt orda yeməkxanada işləyən bir qadın var, sexə girib. Oğlum hiss edib ki, kabinənin üstünə daş, torpaq düşür. Maşının qapısını açmaq istəyəndə qəflətən tavandakı beton plitələr üstlərinə gəlib, bina uçub. Ustayla həmin qadın beton plitələrin altında qalıb ölüblər, oğlum maşının kabinəsində olduğuna görə, maşın əzilsə də özü salamat qalıb».

Hadisə ilə bağlı Abşeron rayon Prokurorluğu əvvəlcə fakt üzrə ehtiyatsızlıq maddəsi ilə cinayət işi başlayıb. Ancaq sonradan maddə dəyişdirilib:

«DEDİLƏR XEYRİ YOXDUR, PUL GƏTİRMƏSƏN BİR ŞEY TAPIB YAZACAĞIQ»

«Mən tələb etdim ki, iş düzgün aparılsın. Mən özüm uzun illər tikinti üzrə mühəndis işləmişəm, bu sahəni yaxşı bilirəm. Ümumiyyətlə, sənaye üçün nəzərdə tutulan binalar adi binalardan fərqli, daha möhkəm tikilir. Ancaq bu bina 50-ci illərdə tikilmiş və sənaye binası kimi tikintisində qaydalara əməl olunmamış, sonradan qəzalı vəziyyətə düşmüş bir bina idi. Hər cəhdlə hadisəni oğlumun üstünə atmağa çalışırdılar. Əvvəl dedilər, oğlun maşının kuzasını qaldırıb, kuza dəyib tavana bina uçub. Biz eksperiment keçirdik və gördük ki, maşının kuzasını qaldıranda belə tavanla arasında 2 metr ara qalır. Gördülər bu variant keçmir, dedilər, oğlun binaya çatanda maşını zərblə divara çırpıb. Dedim, hadisə yerinin şəkilləri də var ki, bina uçanda maşın binanın içərisində hərəkətsiz vəziyyətdə olub. Usta hərəkətdə olan maşını necə təmir edə bilərdi? Dedilər, xeyri yoxdur, pul gətirməsən, bir şey tapıb yazacağıq».

Telman Əliyev deyir, istintaq davam etdikcə ondan istənilən rüşvətin məbləği də arta-arta gedirmiş. 1000 manat sonradan 5, daha sonra 10 min manata qalxıb. Ata isə oğlunun günahsız olduğunu bildirərək ümidini məhkəməyə bağlayıb ki, onsuz da məhkəmə araşdırıb əsl həqiqəti üzə çıxaracaq və oğluna bəraət verəcək.

Telman Əliyev:

«Gördülər bizdən pul çıxmır, maddəni ağırlaşdırdılar, oğluma 263-cü maddənin ağır hissəsini verdilər. Məhkəmədə gözlədiyimin əksi oldu. Oğluma 7 il yarım cəza kəsilənə qədər inanmırdım ki, ona bu qədər iş verərlər. Mən təəccüb qalmışdım ki, iki vəkil oğlumun təqsirsizliyinə görə hər cür sübutu, dəlili, qanunu ortaya qoyur, ancaq nə hakimin, nə prokurorun tükü tərpənmir».

EKSPERTLƏR DEYİR Kİ...

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində mühəndis texniki ekspertlər şöbəsinin eksperti olan Ələsgər Mirzəyev isə bildirib ki, hadisə yerinin ekspertizası aparılarkən məlum olub ki, hadisə Aslan Əliyevin idarə etdiyi yük maşınının kuzasının divara çırpılması nəticəsində baş verib. Həm də hadisə vaxtı sürücü sərxoş olub.

Zərərçəkmişlər Ceyran Ömərova və İlqar Cəbrayılov Bakı Apelyasiya Məhkəməsinə ərizə yazaraq baş verənləri bədbəxt hadisə kimi qiymətləndiriblər. Aslan Əliyevə qarşı şikayətləri olmadığını, onun azadlığa buraxılmasını xahiş ediblər. Bakı Apelyasiya Məhkəməsi isə Aslan Əliyevin həbs cəzasını 2 il azaldıb. Ancaq Telman Əliyev deyir ki, bununla razılaşmırlar və bəraət tələb edirlər:

«Zərərçəkmişlər də gəldilər məhkəmədə dedilər ki, bu, bədbəxt hadisədir, bu adamdan şikayətçi deyilik və həbsdə qalmasını da istəmirik. Ancaq bununla belə məhkəmə heç nəyə baxmadı. Dedi, əvvəldən iş belə aparılıb, biz heç nə edə bilmərik. Uzaqbaşı cəzasının üstündən bir az götürə bilərik».

İndi həbsdə olan Aslan Əliyev azadlığa buraxılması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun atası Telman Əliyev də son ümidini bu məhkəməyə bağlayıb.
XS
SM
MD
LG