Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Sabirin 150 yaşı olur, amma məqbərəsi bərbad gündədir…


M.Ə. Sabirin məqbərəsi
M.Ə. Sabirin məqbərəsi
«Şeirləri dünyaya səs salan M.Ə. Sabirin məqbərəsi bərbad gündədir»
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Şamaxıdan olan Laçın Məmişov söylədi.

SANKİ RƏSSAM BÖYÜK ŞAİRİN MƏZARINA MAMIRDAN PEYZAJ ÇƏKİB…

Novruz Bayramında dostları ilə böyük şairin məzarını ziyarət edən qonağımız qəribə mənzərə ilə üzləşib: «Mən dostlarımı restoranlara aparmıram. Adətən başlayıram rəhmətliklərin yanından. Seyid Əzimin, Şah Xəndanın, Mahmud Ağanın ziyarətinə gedirik. Bu dəfə də Sabirin məzarına çatanda dostlarım təəccüb qaldı. Məqbərə bərbad gündədir. Mərmərlər qırılıb, içəri nəmişlikdir. Ətrafı mamır basıb. Elə bil rəssam peyzaj çəkib. Döşəmə çatlayıb və çöküb…».

MƏQBƏRƏNİ GÜLAĞA TƏNHA TİKDİRİB
Laçın Məmişov
Laçın Məmişov

Laçın bəy məqbərəni bir neçə il əvvəl xeyriyyəçi və şair Gülağa Tənhanın tikdirdiyini dedi: «Öz vəsaiti ilə Şamaxının «Yeddi Kümbəz» qəbiristanlığında Sabirin məqbərəsini inşa etdirdi. Məndə olan məlumata görə, ora 150 mindən çox pul xərcləyib. Hər şey mərmərdən, qranitdəndir. Yüksək səviyyədə bir iş gördü. Allah ondan razı olsun. Fikrimcə, inşaat işlərində qüsura yol verildi. Şamaxının şaxtası, dağ yeri olduğu nəzərə alınmadı. Ona görə də, məqbərə tezliklə bu hala düşdü».

PREZİDENT FƏRMANI İCRA OLUNMUR

AzadlıqRadiosuna üz tutan qonağımızın sözlərinə görə, mayın 30-u Sabirin 150 yaşı tamam olur: «2010-cu il iyun ayının 1-dən bu yubileyi keçirmək haqqında prezident fərmanı var. Əgər prezidentin sərəncamı iki ildir icra olunmursa, bunun iki izahı var. Ya prezidentin sərəncamının qüvvəsi yoxdur, ya da bizim məmurlar harınladıqlarından prezidentin fərmanını saya salmırlar».

SABİRİN MƏQBƏRƏSİ NAZİRLİYİN BALANSINDADIR

Laçın Məmişov bununla bağlı Şamaxı rayon İcra Hakimiyyətinə müraciət edib: «İcra başçısının köməkçisinə zəng etdim. O mənə bildirdi ki, məqbərə Mədəniyyət Nazirliyinin balansındadır. Soruşdum ki, bəs yubileylə bağlı nə işlər görülür? O dedi bəzi təşkilati işlər görülür. Sabirlə bağlı rayon ərazisində nə varsa, heykəli-filan abadlaşdırılır. Qayıtdım ki, bəs nazirlikdən bir tədbir görməyəcəklər? Dedi, sabaha-birigünə başlayacaqlar. Amma hələ də bir iş görülmür».

TUTAQ Kİ, SABAH YUBİLEYDİR…

Qonağımız yubileyə sayılı günlər qaldığından çox nigarandır: «Tutaq ki, sabah yubiley tədbirləri başladı. Diplomatik korpusun nümayəndələri, xarici qonaqlar gəldi, Sabirin qəbrini görmək istəyən olmayacaqmı? Axı, bu cinayətdir…Sabirə qarşı belə yanaşma cinayətdir! Mən bir Azərbaycanlı kimi, Şamaxılı kimi, qələm əhli kimi, Azərbaycan vətənpərvəri kimi buna qarşı etirazımı bildirirəm».

QONAĞIMIZ ŞAMAXININ HANSI NƏSLİNDƏNDİR?

Mənsub olduğu ailənin Şamaxının tarixində böyük rol oynadığını söyləyən Laçın Məmişov 10 arxa dönəmini tanıdığını bildirdi: «Böyük nəsil şəcərəmiz var. Götürək, Şamaxının Cümə Məscidini. 1902-ci il Şamaxı zəlzələsində məscid dağıldı. O vaxt məscidin axundu, Bakı İslam Məclisinin sədri Məcid Əfəndi idi. Siz vaxtilə «İz» proqramında Əfəndizadələr nəsli barədə veriliş hazırlamısınız. Bax, həmin Hacı Məcid Əfəndi Şamaxının varlılarını, mütərəqqi fikirli insanlarını bir yerə topladı. Orada söylədi ki, mənim və məscidin vəsaiti zəlzələdən zərər çəkənlərə istifadə olunur. Odur ki, məscidi yenidən tikməyə təklikdə gücüm çatmayacaq. O toplantıda mənim babam da iştirak edirdi. Babam öz daş karxanasından məscidin özül daşlarını pay verib. Həmin toplantıda yığılan məbləğin ikiqatını mənim babam verib. Yeri gəlmişkən, indiki «bərpa»da həmin daşları söküb atıblar yerə. Yerinə aqlay—bir-iki il davam gətirəcək daşlar işlədiblər. Bu da bir məsələ…».

HAMIYA SƏSLƏNİRƏM!

Laçın Məmişov verilişimiz vasitəsilə üzünü ölkəni idarə edənlərə tutub belə söylədi: «Əvvəla, sizdən xahiş edirəm, çünki bu, prezidentin sərəncamıdır. Sonrası da, sizdən tələb edirəm! Çünki vətəndaşam. Dövlətin əsas vəzifəsi vətəndaşın hüquqlarını qorumaqdır. Mən də bunu özümün mənəvi hüququm hesab edirəm. Tələb edirəm ki, bu sərəncam yerinə yetirilsin. Az vaxt qalıb. Əgər oranı yenə bərbad günə qoyacaqsınızsa, hər şeyi üzdən edəcəksinizsə, əl vurmayın. 1912-ci ildə Sabirin «Hophopnamə»si həyat yoldaşının köməyi və sadə vətəndaşların ianəsi ilə çap olundu. Əgər dövlətin gücü bu sərəncamı icra etməyə çatmırsa, onda biz Şamaxıda bir fond yaradaq, qapı-qapı pul toplayaq, bu işə sərəncam qılaq».

VÜCUDUMU XALQIMIN YOLUNDA ÇÜRÜTDÜM...

Laçın bəy Sabirin ölümündən əvvəl qəzetə son müsahibəsini də xatırlatdı: «Ölümünə yaxın bir Qasımov soyadlı jurnalist ondan müsahibə alıb. Sabir deyib: Qəzetdə yazarsan: Mən vücudumu, olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Allah Sabirə rəhmət eləsin! Əvəzsiz xidmətləri var. Ancaq Sabir demədi ki, qəbrimin daşlarını da qırın, tökün, dağıdın. Sovetlər Birliyini bəyənmirik. Heç olmasa, 1958-ci ildə Sabirin adına bir marka buraxdı. Yaxşı, marka istəmirik, markalarımız çoxdur. Heç olmasa, məzarını bərpa edin. Çünki dünya gəlir üstünə...».

NƏSİMİ HƏLƏBDƏ QALSIN, FÜZULİ İRAQDA...

Laçın Məmişov sonda ünlü Avropa şairlərini xatırladı: «Şekspir, Bayron...Hansı birinə Avropada belə münasibət var? Yaxşı, Nəsimi Hələbdə qalsın, Füzuli İraqda qalsın. Deyək ki, onları gətirə bilmirik, müəyyən maneələr var. Sabir ki, Azərbaycandadır. Azərbaycan mədəniyyətinin beşiyi, qədim paytaxtı Şamaxıdadır. Nəyə görə belə? Mən bu suala cavab tapmaq istəyirəm».

«İz» proqramını bu səhifədən dinləsəniz, qonağımızın oxuduğu ölməz Sabir şeirlərini də eşidəcəksiniz.

XS
SM
MD
LG