Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:59

“Şah İsmayıl adında Azərbaycan qəhrəmanlığı ağ yalandır”


Polemikaya jurnalist Fəxrəddin Hacıbəyli də qoşuldu: “Bu gün Azərbaycan dövlətçiliyinin də bütün yanlarıyla Səfəvilərin mənəvi və siyasi varisi olan xomeynizm tərəfindən təhdid edilməsi də bu üzdəndir”.

Şah İsmayılın türk dilini dövlət dili élan etməsi ilə bağlı heç bir sənəd yoxdur. Bu, Sovet Azərbaycan tarixçiliyinin uydurmasıdır.

Səfəvi varisi xomeynizm sekulyar bir Azərbaycan dövlət modelini qəbul edə bilmir və nə yazıq ki, ölkəmizdə kök salmış səfəvi kültürü də İranın Azərbaycanda təxribat aparması üçün xomeynizmə yardımçı olmaqdadır.


Almaniyada yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəyli bu məqaləsi ilə Güntay Gəncalpın bu yaxınlarda "Qanun" nəşriyyatında çap edilmiş "Səfəvilər" kitabı ilə bağlı "Oxu zalı"nda başlanan polemikaya qoşulur.


Fəxrəddin Hacıbəyli


TƏRSLİKDƏN AZAD EDİLƏN TARİX

(Güntay Gəncalpın Bakıda çap olan ”Səfəvilər” kitabı” üzərinə)

Bütün Şərqdə tarix bəlli ideologiyaların xidmətində duran bir sahə olmuşdur.

Çünkİ demokatiya və düşüncə azadlığının olmaması heç bir araşdırmaya imkan verməmişdi. Dövlətlərin ideologiyasına görə tarix yazılmış və bu yalan yazıları da mütləq həqiqət kimi topluma təqdim edərək cəmiyyətin düşüncəsini tabularla doldurmuşlar.

Bu tabulardan biri bizdə Səfəvilər və Şah İsmayıl məsələsi olmuşdur.

O qədər Şah İsmayıl haqqında yalanlar və mədhiyyələr uydurulub ki, birdən bir araşdırmaçı tarixi qaynaqlarla isbat edəndə ki, Şah İsmayılın adamyeyən dəstələri olub, kimsə inanmaq istəmir.

Çünki bu istiqamətdə İranda fars, Azərbaycan Respublikasında sovet tarixçiliyi insanların beynini yalanlarla o qədər doldurublar ki, doğrunun insan ağlına yol tapa bilməsi üçün iynə dəliyi qədər yer qalmayıb. Ancaq çağımızda diktatorlar və onların uydurduqları yalançı tarix bir-birinin ardınca yıxılmaqdadır.

Rəsulzadənin çağdaşlıq adlandırdığı aydınlanma bizim də tariximizin qaranlıqlarını devirməkdədir. Çirkinliklər ifşa edilir. İnsanların beyninə doldurulmuş saxtakarlıqlar dağlır və insan azadlığa doğru, aydınlanmaya doğru hərəkət edir. Qaranlıq tarixin əsarətindən qurtulmayan nə fərd, nə də millət azad ola bilməz.

O səfəvi tarixi ki onun mənəvi və siyasi varisləri olan terrorçular bizim Rafiq Tağı kimi aydın yazarımızı qətl etdi. O tarix ki M.F. Axundov kimi mütəfəkkir bir Səfəvi kitabının bütün bir milləti məhv edib qaranlığa gömə biləcəyini yazırdı. Ancaq aydınlıq da sönmək bilmir.

Millət olaraq aydınlanmamızda Güntay Gəncalpın yazdığı ”Səfəvilər” kitabının böyük təsirinin olacağına inanıram. İstər bu kitabı oxuyub aydınlığa qovuşanlar, istərsə rədd edənlər düşünmək zorunda qalacaqlar.

Aydınlanma sürəcinin başlanmasında bu tip araşdırmalar stimuldur. Əsas məsələ də budur. Tarixmizdə əksik olan da budur: Düşünmək.

Güntay Gəncalpın bu kitabı yaxın zamanlarda olmasa da, uzun vədədə irançılıqdan, şiə fanatizmindən qurtulmamız üçün yardımçı olacaq. Buna sonsuz ümidlə inanmaqdayam. Bu kitab Mirzə Cəlilin, M. Ə. Sabirin, H. Cavidin 21-ci əsrdə hayqıran fəryadları şəklində anlaşılmalıdır desəm, heç də mübaliğəyə varmış olmaram . Onlar ədəbiyyat sahəsıində bu xürafatla savaşdılarsa, ”Səfəvilər” kitabı tarixi gerçəkləri aydınladaraq bu missiyanı davam etdirməkdədir. Bu əsəri təqribən 150 illik aydınlanma tariximizin bir uzantısı kimi anlamaq gərəkdir.

Əkbər N.Nəcəf bəyin yazısını oxuduqdan sonra həm kitab haqqında təəssüratımı yazmaq, həm də Əkbər N.Nəcəf bəylə bir dialoğa girmək zərurəti hiss etdim.
Dekart ”Düşünürəm, eləysə varam” deyirdi. Səfəvilərdən etibarən başlayan qaranlıq tariximizdə bunun tam tərsini yaşamışıq. ”Düşünmürəm, təqlid edirəmsə, yamsılayıramsa, mənim əvəzimə molla düşünürsə, varam” görüşü bizim həyat şəklimizə, düşüncə tərzimizə çevrilib. Çünki ”Səfəvilər” kitabında ayrıntıları ilə anladılan ”ruhani”, ”ayətullah”, ”təqlid edən”, ”təqlid olunan” kimi anlayışlar Səfəvilərdən bəri zehnimizə, dünyagörüşümüzə girib.

Bu gün Azərbaycan dövlətçiliyinin də bütün yanlarıyla Səfəvilərin mənəvi və siyasi varisi olan xomeynizm tərəfindən təhdid edilməsi də bu üzdəndir. Səfəvi varisi xomeynizm sekulyar bir Azərbaycan dövlət modelini qəbul edə bilmir və nə yazıq ki, ölkəmizdə kök salmış səfəvi kültürü də İranın Azərbaycanda təxribat aparması üçün xomeynizmə yardımçı olmaqdadır.

Əkbər N.Nəcəf bəy bəlkə millətin gələcəyini, tarixi azadlığını düşünür, ancaq dar çərçivədə düşünür. Türkiyədə ”Şah İsmayıl Divanı”nı hazırladığı üçün öz elmi dərəcəsinin hayındadır. Ancaq bir millətin azadlığı, onun dünyəvi inkişaf istəyi bu kimi dar iddialardan daha çox önəmlidir.

Şah İsmayıl tabusunun ölkəmizdə yıxlıması böyük fəlsəfi cərəyanlara, aydınlanmaya yol aça bilər. Çünki heç bir millət yalan üzərində yüksələ bilməz və Şah İsmayıl adında Azərbaycan qəhrəmanlığı ağ yalandan başqa bir şey deyildir.

Günümüzdə azadlığa çıxmış millətlər bu yalanlardan qurtulduqları üçün inkişaf etdilər. Şah İsmayıl 16-ci əsrdə millətimizi səfəvi zehniyyətinin qaranlığına soxduğunda almanlar saxta və qaranlıq, yalançı tarixə protest etdilər. O gündən Qərb irəli, biz geriyə doğru hərəkət edirik və bu sürəc hələ də davam etməkdədir.

Əkbər N.Nəcəf bəy kitabı və onun yazarını məsxərə etmək üçün məqaləsinin adını ”Tərsinə çevrilmiş tarix” qoymuş. Mən də məqaləmin adını ”Tərslikdən azad edilən tarix”
qoyuram. Əkbər N.Nəcəf bəy “top səsindən belə ayılmayan” tarixçilərimizin səssizliyi...” ifadəsi ilə başlayır. Nə qədər də haqlıdır bu ifadəsində.

Düşüncə dünyamızda aydınlıq işartıları doğur, ancaq nədənsə bir çoxları hələ də tarixin qoxumuş qaranlıqlarında hərəkətsiz qalmaqdan xoşlanırlar. Mən öz növbəmdə ölkəmizin aydınlamasından yana olan bir şəxs olaraq zehnimizi işğal edən qaranlıqları topa tutan ”Səfəvilər” kitabının yazarı Güntay Gəncalpa minnətdarlığımı bildirirəm.

Hər bir oxucunu narahat edəcək və sarsıdacaq bu kitabı yazdığı üçün ona təşəkkür edirəm. Çünki düşünmək rahatsızlığın, sarsılmanın nəticəsidir. Dəmirin polada çevrilməsi, bərkiməsi üçün o, almanların “kalter schok” (soyuq şok) dediyi prosesdən keçməlidir. Soyuq şok prosesindən keçmiş nisbətən kövrək dəmir daha sərt və möhkəm polada çevrilə bilər. Eləcə də sarsılmayan fərdlər və millətlər bərkiyə, düşüncə ürəticisinə çevrilə bilməzlər. Bütün inkişaf etmiş millətlər öz nailiyyətlərində onları öz düşüncələri ilə sarsıdan fikir adamlarına borcludurlar.

Axundov, M. Ə. Sabir, Mirzə Cəlil, H. Cavidi də oxuduğumuzda sarsılmırıqmı? Azərbaycanda bir aydınlıq əsəri varsa, bunun üçün onlara borclu deyilmiyik? Sarsıdanları ya boğarlar, Rafiq Tağını boğduqları kimi, ya da aydınlığa qovuşar və sarsıdıcılara minnətdar olarlar. Çox təəssüf ki, kitabın məzmununa diqqət etmədən Əkbər N.Nəcəf bəy sadəcə öz monoqrafiyasını savunmaqla kifayətlənib. İmla səhvləri ilə uğraşmış. (Əslən güneyli olan bir yazarda imla səhvləri təbii və bağışlanandır. Nəzərə alaq ki, şiə-fars rejiminin basqısı altında olan Güney Azərbaycan türklərinin içərisindən ədəbi dilimizdə hətta imla səhvləriylə də olsa yazanların olmasi təqdirəlayiq haldır və bu, güneyli bir yazar üçün qaxınc predmeti olmamalıdır. Ən azı etik baxımdan).

Əkbər N.Nəcəf bəy yazır: "Tarixçilərin Şah İsmayılın zalım və müstəbid bir hökmdar olduğunu da iddia etmək haqqı var. Amma elmi ciddiyyətdən uzaq, səriştəsiz və savadsızca fikirlər milləti fəlakətə və böyük bədbəxtliyə düçar edir". Bu sözləri yazmaq zorunda qalmış.

Şah babalarının qəddar olduğunu yazmasaydı, fikirlərinin qalanını izah edə bilməzdi. Ancaq bu, özü də müsbət bir haldı. Bu cümlələr özü də əslində Şah İsmayıl tabusunu dağıdır. ”Ədalətli”, ”Azərbaycan dövlətçiliyini qurmuş”, ”türk dilini dövlət dili etmiş” kimi yalanların üzərinə işıq salır. Əkbər N.Nəcəf bəy Şah İsmayılın adam əti yeyən dəstələrinin olduğunu qəbul edir. Bəs harada qaldı bizim ”Şah babamız” deyib duyğulandığımız ədalətli padşah? Əkbər N.Nəcəf bəy yazır: ”Halbuki hökmdarın kəlləsindən qədəh hazırlamaq qədim türk inanc sistemində o hökmdara hörmətin əlaməti idi". Bu, qədim türk inanc sistemini Şah Ismayılı savunmaq adına ləkəməkdən başqa bir şey deyildir.

Əkbər N.Nəcəf bəy davam edir: "Kitabın bir neçə yerində “səfəvilərin insan əti yediyi” qeyd olunur. Bu məlumat doğrudur və mənbələrin şahidliyinə görə, skiflərdən bəri mövcuddur.” Əcəba cinayətlər hər zaman kiçik hərbi dəstə tərəfindən edilməmişmi? İndinin özündə səfəviliyin siyası və mənəvi varisi olan xomeynizmin zindanlarında kiçik bir dəstə tərəfindən, hətta cavan oğlanlar cinsi təcavüzə məruz qalmırlarmı? Şah İsmayıl da, Güntay Gəncalpın verdiyi tarixi qaynaqlara görə, bayındırlı cavan oğlan uşaqlarına təcavüz edirmiş. Bunun bir səbəbi onun pedofil olması ilə izah edilə bilər. Əsas səbəbi o zamankı Təbriz sünni əhalisinin namusuna təcavüz edərək, bu yolla onları aşağılayaraq şiələşdirmək olmuşdur. Yəni şiəliyi, ya da fars inanc sistemini qəbul etməyən bu dərəcədə qəddarcasına aşağılanırdı.

Şah İsmayıl düşmən saydığı bayındırlı cavanları belə təhqir etmiş. Hətta öz anasını da bayındırlı olduğu üçün öldütməsi bilinməkdədir.

Əkbər N.Nəcəf bəy yazır: ”G.Gəncalp “Şərq tarixində siyasi fəlsəfənin olmadığını” iddia edir. Bunu səbəbini də “ağlın susdurulmasında” görür. O zaman G.Gəncalpdan soruşmaq lazımdır: Bəs İslam tarixində və siyasi-fəlsəfi fikrində “dövlət anlayışı” necə yarandı?

Hansı siyasi şərtlər İmam Qəzzalini və Mavərdini “dövlət fəlsəfəsi” yaratmağa sövq
Əkbər N.Nəcəf
Əkbər N.Nəcəf
etmişdir? Və bu anlayış Səlcuq türklərinin birbaşa dəstəyi ilə gerçəkləşmiş, hətta Nizamiyyə mədrəsəsi bu məqsədə xidmət etmişdir.” Gerçəkdən çox təəssüflər olsun ki, Əkbər N.Nəcəf bəy belə önəmli tarixi mövzulara sadəcə ağızdan eşitdiyi sözlərlə münasibət bildirib. İslam şərqində fəlsəfi düşüncəni söndürən məhz elə Qəzzali olmayıbmı? İslam şərqindəki fəlsəfi oyanış yunan fəlsəfəsinin 8-9-cu əsrlərdə ərəb dilinə tərcümə edilməsinin məhsulu idi.

Bu oyanışa ən böyük zərbəni vuranlardan biri Qəzzali olmuşdur. Qəzzalidən bər əsr sonra yaşamış böyük mütəfəkkir İbni-Rüşd bu haqda, yəni İmam Qəzzalinin tənqidi ilə bağlı bir kitab da yazmışdır. Fəlsəfəni, azad düşüncəni “Tühafət-ül fəlasifə” (filosofların tühaflıqları, qəribəlikləri) kitabı ilə susduran Qəzzaliyə İbni-Rüşd “Tühafət-ül tühafə” kitabı ilə cavab verib. İbni-Rüşd Şərqin bütün bədbəxtliklərinin səbəbkarlarından biri kimi məhz Qəzzalini göstərir.

Əkbər N.Nəcəf bəy şiə-sünni memarlığı məsələsinə toxunur. Şiə məscidlərinin memarlıq üslubunun sünnilikdən fərqli olduğunu bilmirsə, artıq belə bir araşdırmaçı ilə polemika mümkünsüzdür. O zaman “Səfəvilər” kitabını bu araşdırmaçı necə oxuyub? Axı orda qaynaqlarla Şeyx Kərəkinin sünni məscidlərini yıxdığı tarixi dəlillərlə isbat edilir. Güya sünni məscidlərdə qiblə xətalı imiş. Bu memarlıq fərqini anlamaqda çətinlik çəkirsə, İranın Azərbaycanda təsis etdiyi məscidlərlə Türkiyənin və digər ölkələrin tikdiyi məscidlərin fərqinə baxa bilər.

Ayrıca, Güntay Gəncalp “sənətin dönüşüm tarixi” məsələsini bir tək memarlıq üzərinə mərkəzləşdirməyib. Ədəbiyyat, rəssamlıq kimi digər sənətlər də nəzərdə tutulub. Sənət əsərində ortaq sosial davranışların etkiləri mövcuddur. Özəlliklə dini əsərdə. şiənin namaz qılması, ibadət şəkli, yas törənləri, ibadət ayinləri bütünüylə sünni İslam anlayışımdan fərqləndiyindən onun bütün sənət anlayışı, o cümlədən memarlıq səliqəsi də fərqli idi. Bunu anlamaq üçün dərin düha lazım deyildir.

Səlcuqlu, Osmanlı, Abbasi memarlıq anlayışları eyni məzhəbə mənsub olan dövlətlərin fərqli memarlıq məktəbləri olmuşdur. Şiəninki isə fərqli deyil, ziddiyyətli bir baxışın məhsuludur.

İbni-Fəzlanın Volqa boyu səfərləri o əhalinin İslamı qəbul etdiyi anlamına gəlməz. Bütün mötəbər türk qaynaqları və dünyanın tanınmış tarixçiləri Qaraxanlı dövlətini ilk türk-islam dövləti adlandırırlar. Bunun üçün google-da xeyli sayda qanyaqlar mövcuddur. İslamın qəbulu sadəcə İbni-Fəzlan kimi təbliğatçıların təbliği ilə olmamışdır. Bəlli mənafeyi üçün bir hökmdar islamı qəbul etdikdən sonar əhalini də bu dini qəbul etməyə zorlamışdır. Qaraxanlı hökmdarı Satuq Buğranın islamı qəbul etdikdən sonra əhalini də islamı qəbul etməyə dəvət etdiyini və ya zorladığını bütün tarixçilər yazır. Volqa Bolqar dövlətində hansı sultan bu işi görmüş? Bu sualı özündən verməmişdir. Çünki cənab Əkbər N.Nəcəf bəyin burada iddia etdiyi fikirlərin heç birinin tarixi qaynağı yoxdur. O öz təxəyyül məhsulu olan əsassız “dəlillər”inin diliylə danışır. Ya da bilgilərini tarixi kitabdan deyil, hansısa bir bədii əsərdən, romandan oxuyub.

Əkbər N.Nəcəf bəy ”Müəllif dini ziyarətgahların Xorasanda Qəznəvi və Səlcuqlu dövlətləri zamanı yarandığını qeyd edir və bunun ətrafında “pirpərəst təriqətlərin” formalaşdığını iddia edir.” Bu məsələdə də Əkbər N.Nəcəf bəyin kitabı səthi oxuduğu üzə çıxır. Burada söhbət islamdan sonrakı “pirpərəst” cərəyanın ortaya çıxmasından gedir. Kitabın heç bir yerində əski türklərdə bu adət-ənənənin olmadığı barədə söz söylənilməmişdir. Sanki Güntay Gəncalp bu cərəyanın daha öncə olmadığını yazmış və Əkbər N.Nəcəf bəy də onun yanlışlığını ifşa etmişdir.

Əlbəttə ki, Qəznəvi və Səlcuq zamanında türklər islamı yenicə qəbul etmişdilər və bəzi əski gələnəklərini hələ unutmamışdılar. Misir dili ilə bağlı işarələrinə də heç bir qaynaq göstəməmiş. Heç bir dilçilik qaynağına və tarixinə dayanmayan əfsanələrini elm kimi təqdim edir və başqasının da çalışmalarına alim sözünü dırnaq içərisində verərək rişxənd edir. Kitabın harasında Güntay Gəncalp özünü alim adlanırmış ki, “alim” sözü də dırnaq içində yazılsın? Adam zəhmət çəkib, bir araşdırma aparıb və bu yoldakı araşdırmalarını kitab şəklində yayınlayıb.

Sanki kitabı oxuyarkən çox əzab çəkən cənab Əkbər N.Nəcəf bəy çox gülünc şeylər yazır: “Hər şeydən əvvəl, Türkiyə türkcəsində “albay” ilə “elbəy” fərqli sözlərdir.” Əkbər N.Nəcəf bəy bilmir ki, burada albaylıq və elbaylıq fərqli rütbələrdi. Yəni bir elbay (vali) albay ola bilər. Necə ki, günümüzdə də əski generallar prezident də ola bilirlər. “Albaylıq” hərbi, “elbaylıq” isə idari rütbələrdir. Orta çağlarda dövlət orqanlarında çalışan insanların çoxunun hərbi rütbəsi də olurdu.

”Səfəvilər” kitabının yazarını məsxərəyə qoyaraq “xan” sözünün açıqlamasında Əkbər N.Nəcəf bəy bilmədiyi mövzulara toxunur. Fars dilində “xan” sözü süfrə anlamındadır. Süfrə anlamında olan bu sözün “xanigah” ifadəsində etkili olma rolu ola bilməzmi? “Xani-şahan”, “xani-səlatin” kimi ifadələr əski ədəbiyyatda yetərincədir. Yəni şahların, sultanların süfrəsi. Yaxşı olmazdımı ki, adam bilmədiyi mövzular haqqında sussun və ancaq bildikləri haqqında ehtiyatla danışsın? Çünkü hər zaman bildiklərimizdə də bir əksiklik ola bilər.

Şiə məzhəbi haqqında lazımı bilgisi olmayan Əkbər N.Nəcəf bəy Uzun Həsənin Cüneyd və Heydərin gizlin hədəflərindən xəbərsiz qalmasını qeyri-mümkün sayır. Bu, o deməkdir
Şah İsmayılın portreti
Şah İsmayılın portreti
ki, Əkbər N.Nəcəf bəy şiəlikdəki “təqiyyə”nin mənasını bilmir. Təqiyyənin anlamı “Səfəvilər” kitabında ayrıntıları ilə açıqlanmışdır. Şiənin təqiyyə anlayışında ta iqtidara gəlməyincə inancını gizlin saxlamalı və özünü yalandan günün adamı (praqmatik) kimi göstərməlisən. Bir növ yalançılığı ustalıqla tətbiq etmək.

Əkbər N.Nəcəf bəy “Müəllif “türklər İslamı ərəblərdən çox, farslardan öyrənmişdir. Buna görə də “namaz”, “dəstəmaz”, “abdəst”, “oruc” kimi islami sözlər fars dilindən türk dilinə keçmişdir” yazır. Bunu iddia edən müəllifin həmin sözlərin türkcədəki mənasına baxması üçün “Divani lügət-it-türk” kitabına müraciət etməsi gərəkirdi. Bu lüğətdə İslamı qəbul edən türklərin “cin”ə - “yel”, dua üçün verilən pula “ürüng”, “ağıl”a – “us”, “mərsiyə”yə - “ağıt”, “nəzər”ə - “kovuz”, “cənnət”ə – “uçmaq”, “cəhənnəm”ə – “tabu”, “namaz”a - “yükünc” dedikləri aydın olur.” Bu sözləri Əkbər N.Nəcəf bəy özünü çıxılmaz vıziyyətə salmaq üçünmü yazıb? Mənim bilıdiyim qədəriylə Güntay Gəncalp türk dilinin təmizliyinə önəm verən biridir. Ancaq istər Səfəvilər dönəmində olsun, istərsə indi biz “namaz”, “oruc”, “abdəst” kimi sözlərin türkçəsinimi söyləmişik və ya söyləyirik. Bu anlayışların türkçə qarşılığını bütün türk dünyasında kimlər bilir?

Əkbər N.Nəcəf bəy bir gülünc sual daha soruşur: “Türkcə bilməyən Lahici, ancaq türkcə bilən İsmayıla necə ərəb və farsca öyrədib?” Cənab Əkbər N.Nəcəf bəy bu günün İranında bir kəlmə farsca bilməyən türk çocuqlarına farscanı necə öyrədirlərsə, elə o zaman da Şah İsmayıla o şəkildə öyrətmişlər. Dil öyrənmək üçün başqa dili ilk gündən bilməkmi gərəkir? Bəndəniz almancani dil kurslarında Azərbaycan türkəsində bir kəlmə bilməyən alman müəllimdən öyənib. Bir dili elə o dildə öyrənmək indi də geniş istifadə olunan metodikadır. Bu bir tədris metodikası məsələsidir, bundan müəllifi haqsız göstərən dəlil görüntüsü yaratmağa dəyməz.

Müəllif yazır: “Kitabın 133-cü səhifəsində müəllif “İsmayılın türk dilini dövlət dili elan etməsinə” inanmadığını qeyd edir və buna sübut kimi “tarix əsərlərinin farsca yazıldığını” göstərir. Bu məntiqlə yanaşsaq, monqollar dövrünün tarixi əsərləri farsca və çincə olduğu üçün Çingiz xanın dövlətinin dili də monqolca olmadığını iddia etməliyik.” Görünür ki, fikrin müəllifi moğol tarixi haqqında bir tək kitab da oxumayıb. Moğollların “Gizlin tarixi” tamamı ilə moğolca yazılmışdır.

Çingiz Xan ölümündən və moğol vahid imperatorluğunun bölünmələrindən sonra başqa dillər də moğol dövlətlərinə yol tapmışdır. Bu da təbii idi, çünkü moğollar azınlıqda və idarə etdikləri xalqlar çoxluqda idilər. Ancaq Səfəvilərin türk dilini dövlət dili élan etməsi ilə bağlı bir sənəd yoxdur. Bu, Sovet Azərbaycan tarixçiliyinin uydurmasıdır. Bir də Sultan Səlimlə Şah İsmayılın yazışmalarında İsmayılın türkcədən istifadəsi bu tarixi uydurmani əsaslandıran yeganə dəlil kimi göstərilir.

Həqiqət isə ondan ibarətdir ki, həmin yazışmalarda məktub ünvanlandığı dövlətin rəsmi dilində yazılırdı. Beləliklə İsmayilin Səlimə türkcə, Səliminsə İsmayila farsca məktub yazması Səfəvi sarayında işlək dilin iddia edildiyi kimi türkcə deyil, əslində farsca olmasını ortaya qoyur. Bundan əlavə də qədim zamanlarda ümumiyyətlə anayasada dövlətin dili haqda maddə olmazdı. Sovet dönəmində “qızıl” sözü müqəddəsləşmişdi. “Qızıl ordu”, “qızıl baş” kimi anlayışları qoşalaşdırmışdılar. Əkbər N.Nəcəf bəyin hələ də bu psixologiyanın etkisi altında qaldığı bəllidir.

Yazır: “Kitabın 148-ci səfihəsində müəllifin nə farsca, nə ərəbcə, nə də türkcə savadının olmadığı öz təsdiqini tapır. Müəllif qeyd edir ki, səfəvilərdən etibarən xalq arasında “Əlinin, Həsənin, Hüseynin qulları olaraq əliqulu, həsənqulu, hüseynqulu kimi insan ləyaqətini və şəxsiyyətini alçaldan adlar yayıldı. Kimliklərini bilmədikləri adamların qulları oldular”. Əvvəla, “qulu” sözünün bizim coğrafiyamızda yayılması monqolların təsiri ilə olub. İkincisi, qədim türk dilində “qul” sözü indiki mənada “qul, kölə, heç bir haqqı olmayan” mənasında olmayıb, “məmur” mənasındadır.” Moğollar zamanından öncə də “qul” sözü dilimizdə ola bilərdi. Ancaq “qul” sözünün adam adına əklənməsi məhz Səfəvilərdən sonra başlanır.

Kitabda bu haqda Şah Abbasın özünü Əlinin köpəyi adlandırması ilə bağlı bilgi də öz əksini tapır. Ərəblərdə “qul” mənasında olan “əbd” sözünün olması bizi ilgiləndirməz. Səfəvilərdən sonra insan ləyaqətini təhqir edən “əliqulu, həsənqulu,...” kimi adlar yayğınlaşmışdı. Bu haqda kitabdakı bilgiləri məncə Əkbər N.Nəcəf bəyin yenidən oxumasında yarar var.
XS
SM
MD
LG