Balzak məsləhəti
Günlərin bir günü gənc yazıçılardan biri yeni yazdığı əsərini götürüb Balzakın yanına məsləhətə gəlir.
Balzak əsərlə tanış olduqdan sonra ona deyir ki, sən bu əsəri çap etdirməyə tələsmə.
Onu məşhurlaşandan sonra çap etdirərsən. Yoxsa bu əsər sənin məşhurlaşmağına mane olacaq.
Görəsən, Balzak bununla gənc yazıçıya nə demək istəyirdi? Şübhəsiz, Balzakın məqsədi onu məşhurluğa həvəsləndirmək deyildi.
Dahi yazıçının bu sözləri gəncə deməkdə əsas məqsədi bu idi ki, ədəbiyyat aləminə qədəm qoyan istənilən gənc yazıçı ortaya tutarlı bir yaradıcı işi ilə (yəni kitabla) gəlməlidir.
Çünki yazıçının ilk kitabı ədəbiyyat aləmində, belə demək mümkünsə, onun vizit vərəqi hesab edilir. Yazıçı bəzən ilk kitabı ilə yaddaşlarda qalır. Əgər ilk kitab uğursuz olsa (təbii ki, söhbət yaradıcılıq keyfiyyətindən gedir), sonradan uğurlu kitab çıxartsa belə, ilk uğursuzluq uzun müddət çoxlarının yaddaşından silinmir.
Balzakın verdiyi məsləhətin alt qatında, şübhəsiz, başqa bir önəmli mətləb də yatır. Həmin o mətləb də bundan ibarətdir ki, yazıçının yaradıcılığı onun məşhurlaşmasına deyil, əksinə, məşhurlaşması yaradıcılığına xidmət etməlidir.
Yəni yazıçı ilk kitabı ilə özünün yüksəkkeyfiyyətli qələm məhsulunu ortaya qoyduqdan və ədəbi brendə çevrildikdən sonra o, keyfiyyət cəhətdən zəif olan kitabı da (ümumiyyətlə, bir yazıçının bütün kitabları keyfiyyət cəhətdən yüksək sənət nümunəsi də olmaya bilər) ilk kitabının qazandığı uğurun köməyi ilə öz oxucularına oxutdura biləcək.
Dünya ədəbiyyatında buna misal olacaq çox hadisələrin şahidi olmuşuq; məsələn, dünyanın dahi yazıçılarından olan Dostoyevski 1846-cı ildə ilk kitabını “Yoxsul insanlar” adı ilə çap etdirir. Kitabı oxuduqdan sonra bu əsər haqqında öz təəssüratlarını bölüşmək üçün dövrünün tanınmış tənqidçilərindən biri Dostoyevskiyə yazdığı məktubda bunları qeyd edir: "Siz problemin dərinliklərinə enmiş və bir neçə xətt boyu böyük bir həqiqəti ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə, böyük bir yazıçı ola bilərsiniz".
Bu kitab oxucu kütləsinin rəğbətini qazanmaqla yanaşı, tənqidçilərin də rəğbətini qazanır. Tanınmış rus tənqidçisi Belinski “Yoxsul insanlar” romanını oxuduqdan sonra Dostoyevskinin gələcəkdə böyük bir yazıçı olacağına şübhə etməyərək roman haqqında xeyli müsbət fikirlər söyləyir. Məşhur rus şairi Nikolay Nekrasov isə Dostoyevski haqqında öz məşhur fikrini deyir: “Yeni bir Qoqol doğuldu"...
Göründüyü kimi, ilk kitabın uğuru Dostoyevskini qısa bir müddətdə məşhurlaşdırır. Dahi yazıçı bu romandan az müddət sonra “Oxşar” romanını çap etdirsə də, bu kitab onun ilk kitabının uğurunu təkrarlaya bilmir. Hətta əsəri Belinski də bəyənmir. Dostoyevski bundan sonra da daha bir neçə kitab yazıb çap etdirsə də (“Ev sahibəsi”, “Bəyaz gecələr” və s.), heç cür ilk kitabının uğurunu üstələyə bilmir. Bundan çox məyus olan Dostoyevski hətta yazıçılıqdan ümidini belə üzür. O, yazıçılığı bir kənara qoyub siyasətlə maraqlanmağa başlayır.
Hazırda dünya oxucusu üçün Dostoyevski adı, şübhəsiz, ədəbi brendə çevrilib. Yazıçının “Cinayət və cəza”, “Karamazov qardaşları”, “İdiot”, “Şeytanlar”, “Ölülər evindən qeydlər” kimi sonradan yazdığı yüksək keyfiyyətə malik dünya şöhrətli romanlarına xatir oxucular onun uğursuz əsərlərini belə sevə-sevə oxuyurlar. Çünki o əsərləri Dostoyevski yazıb. Belə misallar dünya ədəbiyyatında yetərincədir.
Bəs bizim müasir ədəbi mühitdə vəziyyət necədir? Söhbət gənc nəsildən gedirsə, burada vəziyyət çox acınacaqlıdır. Bir sıra gənc yazıçılar öz yaradıcılıqlarından daha çox, şəxsi həyat tərzləri ilə məşhurdurlar; məsələn, elə yazıçı var ki, adı dillər əzbəri olsa da, oxucu onun bircə kitabının adını belə bilmir.
Şühbəsiz, belə müəlliflər də ədəbiyyatın şou-biznes nümayəndələridir. Elə yazıçı da var ki, onun hansısa jurnalda çap etdirdiyi əsər oxucular arasında əl-əl gəzir.
Təəssüf ki, əksər gənc yazıçılarımız (burada istisnalar da var) əsərlərindən daha çox öz imzalarını tanıtmağa meyllidir. Şou-biznesin “soyuqdəyməsi ilə xəstələnən” belə yazıçılar otraya uğurlu kitab qoya bilmədiklərinə görə hansısa qeyri-adi davranışları ilə gündəmdə qalmaq istəyirlər.
Bu tip yazıçıların öz piarlarını aparmaları və sadə oxucu kütləsi toplamaları hələ bir yana qalsın, bunlar heç dünya ədəbiyyatında gedən prosesləri belə doğru-düzgün izləmirlər.
İnanmıram ki, heç bu tiplər müasir dünya yazıçılarının yaradıcılıqlarını da ciddi şəkildə izləsinlər. Bu onların dünya ədəbiyyatı haqqında olan bəsit məlumatlarından da bəlli olur. Bununla bərabər, onlar ortaya uğurlu bir əsər də qoya bilmirlər.
Amma unudurlar ki, insan məşhurluqla deyil, çətin zəhmət, ədəbi təcrübə, intellektual səviyyə və istedad hesabına əsl yazıçı ola bilər. Yoxsa necə deyərlər, utanmasan, Koelyo olmağa nə var ki...
P.S. Görəsən, yazının əvvəlində barəsində söz açdığım o gənc yazıçı kim idi? Maraqlıdır, o, Balzakın məsləhətinə qulaq asıb məşhur yazıçı ola bildimi? Yəqin, məşhurlaşa bilməsə belə, naməlum əsgər məzarı kimi yaddaşlarda qala bildi...