Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:42

Rusiyada «Milyonların marşı» keçirildi [Fotolar]


Moskvada etiraz aksiyası
Moskvada etiraz aksiyası
-


“Ölkəmiz hakimiyyəti zəbt edən adamdan xilas olmalıdır. O adam ki, hakimiyyətdə ömürlük qalmaq və bizi quldurcasına soymaq istəyir”.

Bunu iyunun 12-də Moskvada keçirilən mitinqdə Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov deyib.

Mitinqə çıxanlar prezident Putinin istefasını və seçki qanunlarının təkmilləşdirilməsini tələb ediblər.

Polis küçələrə 10 min adamın çıxdığını deyir, müxalifətsə mitinqdəkilərin sayının 20 mindən çox olduğunu bildirir.

TV-LƏR TƏNQİD EDİLİR

Başqa bir müxalifət lideri Udaltsov deyib ki, xalqın tələblərinə televiziyalarda yer verilməlidir.

Udaltsova görə, onlar tezliklə ölkədə azad və ədalətli parlament, eləcə də prezident seçkilərinə nail olacaqlar.

Mitinqçilərdən biri – 29 yaşlı Andrey deyir ki, əvvəlcə 2 dəfə prezident olmuş, indi yenidən prezidentliyə gəlmiş Putin ölkədə baş alıb gedən qanunsuzluqların qarşısını almaq əvəzinə onların daha da artmasına şərait yaradır.

“Mən bura niyə gəlmişəm? Mən Putinə və hakimiyyətdəki bütün adamlara etiraz edirəm. Onlar ölkədə nələrin baş verdiyini görmək istəmirlər. Xalqa deyirlər ki, guya biz vətənpərvər deyilik, narıncıyıq və s.”

Moskvada müxalifətin prezident Putinə qarşı mitinqi, 12 iyun, 2012
Moskvada müxalifətin prezident Putinə qarşı mitinqi, 12 iyun, 2012
Bu mitinq müxalifətin “Milyonların marşı” adlandırdığı silsilə tədbirlərinin tərkib hissəsidir.

Bir neçə tanınmış müxalifət lideri mitinqə qatıla bilməyib.

Onları istintaqa çağırıblar və mayın 6-da keçirilən, polislə toqquşma ilə başa çatan yürüşə görə sorğu-sual ediblər.


1 MİLYON AVRO MÜSADİRƏ EDİLİB

Bir sıra müxalifət liderləri və fəallarının evlərində axtarış aparılıb.

Polis deyib ki, axtarışlar müxalifət fəalları İlya Yaşin və Ksenya Sobçakın evindən 1 milyon avronun müsadirə edilməsi ilə nəticələnib.

Bundan qabaq Rusiya hakimiyyəti bir neçə dəfə bildirib ki, müxalifətin aksiyaları xaricdən maliyyələşdirilir.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, müxalifətin aksiyası insidentsiz başa çatıb.

Keçən həftə isə Putin yeni qanun imzalayıb. Qanuna görə, icazəsiz mitinqlərdə iştirak edənlər və icazəli mitinqlərin qaydalarını pozanlar yüksək məbləğdə cərimə ediləcəklər.

Fərdi şəxslər 10 min dollaracan cərimə edilə bilərlər.

Cəriməni verə bilməsələr, onlar 200 saatlıq icbari işə cəlb ediləcəklər.

ABŞ bildirib ki, Rusiyada “müxalifətə qarşı açıq təzyiqlərdən narahatdırlar”.
XS
SM
MD
LG