Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

Yaddaşınıza ömürlük həkk olunan kino kadrları hansıdır? (Sorğu)


“İndi də o kadr yadımdan çıxmır. Mən bu barədə Rəşid Behbudova da, Leyla Bədirbəyliyə də danışmışam. Allah hər ikisinə rəhmət eləsin, çox təəccübləndilər”.


AzadlıqRadiosunun “İz” proqramında yeni rubrika açılır. “Kinosorğu” adlanan rubrikada ölkənin tanınmış şəxslərinə bir sualla üz tutmağa qərar verdik: Dünya kinosunda yaddaşınıza həkk olunan, sizi titrədən kadr varmı, varsa hansıdır? İlk cavablar qarşınızdadır:


Aydın Kazımzadə, kinoşünas:

- 1945-ci ildə “Arşın mal alan” filmi (rejissor Rza Təhmasib, Nikolay Leşşenko) çəkiləndən sonra mən ona ilk dəfə 1946-cı ildə 6 yaşımda baxmışam. O vaxtlar “Beşmərtəbə”nin yanında yay kinoteatrı var idi. Rəşid Behbudovla Leyla Bədirbəylinin finalda bir səhnəsi var—bir-birlərinə baxıb ariya oxuyurlar. Axı, Gülçöhrə özünü asmaq istəyir. Əsgər də gəlir onu qoymur özünü öldürsün... Bax, o kadr məni elə tutdu ki, “Kubinka”dakı evimizə çatana qədər özümə gəlmədim...

İndi də o kadr yadımdan çıxmır. Mən bu barədə Rəşid Behbudova da, Leyla Bədirbəyliyə də danışmışam. Allah hər ikisinə rəhmət eləsin, çox təəccübləndilər. Dedilər ki, 6 yaşlı uşaq bunu necə qavraya bilər? Mən sonra Muxtar Dadaşova (filmin operatorlarından biri) da danışdım bu barədə...



O filmdə məni iki şey tutmuşdu. Birincisi, çox ürəyəyatan film idi. Üzeyir bəydir də... Ondan böyüyü yoxdur ki?... İkincisi də, Rəşid Behbudovun yaraşığı, Leyla xanımın cazibədarlığı çox uyuşmuşdu bir-biriylə. Həm ariyanın oxunuşu, həm də onların bir-birlərinə baxmaları məni sehrləmişdi. Odur-budur, o kadr beynimdə həmişə dolaşır. Azərbaycan kinosundan yazanda da, o kadrı həmişə məqalələrimin yanına qoyuram...

Aydın Talıbzadə, teatrşünas:

Andrey Tarkovskinin “Güzgü” (Zerkalo) adlı (1975) bir filmi var. O filmdən belə bir kadr həmişə yadımdadır. Çəpərin üstündə Marqarita Terexova əyləşib. O yaxın adamının yolunu gözləyir. Uzaqdan əliçantalı bir adam görünür, amma bu ayrı bir adamdır, Terexovaya yaxınlaşır, söhbət edirlər və həmin adam yoluna davam edir... Çəpərin qarşısından göy çəmənlik başlayır… Hər tərəf sakitlikdir. Birdən bu çəmənliyin, yaşıllığın üstü ilə bir külək qaçışır. Bu çox subyektiv kadr mənim yadımdan çıxmır…



Bir də, “Gün keçdi” filmində Arif Babayevin çəkdiyi unikal bir kadr var. Bakılı olduğum, Bakını çox sevdiyim üçün bu kadr həmişə mənimlədir. Filmin rejissoru Arif Babayev İçərişəhərdən - damların üstündə asılmış zivələrdən, paltarlardan Bakının ponoramını verir…



Bax, bu iki kadrı həmişə xatırlayıram.

Azad Əliyev, dirijor, Opera Studiyasının rəhbəri:

Ən sevdiyim filmdən bir kadr həmişə yadımdadır: Francis Ford Coppolanın “Xaç atası” (The Godfather) filmində (1972) Siciliya adasında cavan Maykl Karleone-nin (Al Pacino) adaxlısı maşına minir və…maşın partlayır. Bax, o faciə ürəyimi titrədir və mənə daha yaxındır…



Bəs səni silkələmiş kadrlar hansıdır?
XS
SM
MD
LG