Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Arxeoloqlar Ağsuda xəzinə tapıblar


Qafar Cəbiyev
Qafar Cəbiyev
İyunun 22-də səhər saat 8:30-da Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası işinə davam edərkən dəfinə tapıb. Ekspedisiyanın rəisi Qafar Cəbiyevlə söhbəti dinləyin.


- Qafar müəllim, Ağsuda arxeoloji qazıntılar nə zamandan başlayıb?

- Ağsuda artıq üçüncü ildir arxeoloji tədqiqat aparırıq. Orta əsr Ağsu şəhər ərazisi deyilən sahədə. 15 min kvadratmetrə qədər olan geniş bir ərazidir.

- Bu üç ildə nələr tapılıb?

- Siz mənə sual verin ki, nələr tapılmayıb? (gülüşmə) Bu, XVIII əsrə aid şəhərdir. 1731-ci ildə Nadir şahın göstərişi ilə salınıb. 40 hektara qədər sahəni əhatə edir. Kvadrat formalıdır. Qiblə istiqamətində tikilmiş sırf İslam şəhəridir. Qazıntılar nəticəsində şəhərin bir sıra ictimai binaları, sənətkarlıq məhəllələri, emalatxanaları, əsas və ara küçələr, meydanlar, şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinə aid geniş qurğular, möhtəşəm hamam binası, şəhərin 56 sütundan ibarət Cümə Məscidinin qalıqları, iki ədəd nəhəng su anbarı və nəhayət hazırda tədqiqatını apardığımız çox böyük anbar binası aşkar etdik. Anbar 250 kv.m. ərazini tutur.

- Dəfinə tapmağı umurdunuzmu?

- Adətən, şəhər qazıntılarında dəfinə nadir hallarda çıxır. Amma təəccüblənmədik. Çünki ötən illər mis pullardan ibarət dəfinə tapmışdıq. Şəhərin çörək satılan məhəlləsində iri bir təndir var. Təndirin yanındakı daşın altından 30-35 ədəd mis pul tapmışdıq...

- Belə çıxır, çörək mis pula satılırmış?

- Çörəkçi gün ərzində yığdığı pulları daşların altına qoyurmuş. Yəqin ki, nə vaxtsa günün sonunda fövqəladə bir hadisə baş verib və pullar elə daşaltındaca qalıb...Bir də, Ağsu tədqiqatının ən önəmli cəhəti odur ki, biz ilk dəfə olaraq Azərbaycan tarixində yerli pullar tapdıq. Orada kəsilib. Biz digər şəhərlərdə kəsilən pullar da tapdıq. Dünyanın başqa şəhərlərindən ticarət yolu ilə gətirilmiş pullar da üzə çıxdı. Bu, Ağsunun dünya ticarətində iştirak etməsini təsdiqləyən dəlillərdir. Və nəhayət, iyun ayının 22-də səhər saat 8-30 radələrində tədqiqat prosesində qızıl sikkələr üzə çıxdı. Təxminən 35-40 sm. əraziyə səpələnmişdi. 37 ədəd holland dukatıdır. 1781-ci ildən 1800-cü illərə qədər olan dövrdə zərb olunub. 6 ədədi 1781-96-cı illərə aiddir. 31 ədədi isə 1800-cü ilə məxsusdur.

- Sikkələrdə nə təsvir olunub?

- Sikkələrin üzərində - numizmatikada buna avers deyirlər - belə bir yazı var—İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası Hökumətinin sikkəsidir. Mərkəzi hissədə - reversdə isə zirehli cəngavər təsvir olunub. Sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində isə bir topa ox təsvir olunub. Cəngavərin sağ tərəfində aşağı hissədən miladi tarixinin ilk iki rəqəmi, solunda isə sonuncu iki rəqəmi göstərilib. Digər üzündə isə yazılar bu cürdür: Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya—Güc birlikdədir. Bu pullar Hollandiya dövlətinin tərkibində olan Belçika əyalətinin pullarıdır. Dövrünün çox yayılmış pullarıdır. Orta əsrlərdə, xüsusilə də, XVIII əsrdə holland tacirləri dünya ticarətinə nəzarət edirdilər.

- Bu dəfinə Azərbaycan ərazisinə necə düşə bilərdi?

- Bu dəfinə qəsdən gizlədilmiş dəfinə deyil. Aşkar olunan yer şəhərin böyük anbarlarından biri hesab olunur. Görünür, holland taciri ora hər hansı bir şey almaq üçün gəlib. O anda, ola bilsin ya pul kisəsini itirib, ya da şəhərdə bir qaçaqaç düşüb...Məlum olduğu kimi, 1805-ci ildə həmin şəhəri Mustafa xanın göstərişi ilə dağıdıblar və əhalini köçürüblər. Ola bilsin həmin vaxta düşüb və pullar itib. Nəticədə də, bu pulu arxeoloqlar tapası oldu...

- Bəs dəfinəni nə etdiniz?

- Sevda xanım, bunun qaydası belədir ki, dərhal yerindəcə fotosunu çəkdik. Sonra ekspedisiya elmi heyətinin iştirakı ilə akt tərtib olundu. Sikkələr yerindən götürülüb ekspedisiya heyəti tərəfindən iki gün ərzində oxundu. Fotoları gələcək nəşrlər üçün çap olundu. Və Bakıya gətirilərək Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə təqdim olundu. Qanunvericiliyin tələb etdiyi kimi, Azərbaycanda olan Qızıl Fonduna—bu da Milli Tarix muzeyindədir—təhvil verdim.

- Qazıntılar davam edirmi?

- Qazıntılar davam edir. Dəfinənin tədqiqi istiqamətində işlər də həmçinin.

- Yenə dəfinə tapmaq istərdinizmi?

- Bizim tariximiz bu cür minlərlə dəfinədən daha dəyərlidir. Yetər ki, tariximizi sistemli şəkildə tədqiq edək, öyrənilməmiş məqamlarına, səhifələrinə aydınlıq gətirək. Bu, Azərbaycan alimlərinin hər biri üçün—tarixçilər, arxeoloqlar üçün həm peşə, həm vətəndaşlıq borcudur, həm də şərəf işidir.

- Təşəkkürlər, Qafar müəllim. Yolunuz açıq olsun.
XS
SM
MD
LG