Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:19

Kitab piratlarına qarşı əməliyyat keçirildi


İyunun son günlərində İstanbul polisi piratçılıq yolu ilə kitab nəşr edən və satan 6 ünvanda əməliyyat keçirib.

4 nəfər saxlanıb.

Şişlidə bir kitab dükanının zirzəmisində müəlliflik hüququ pozularaq qanunsuz çap edilmiş belə kitabların anbarı aşkar edilib.

Minlərlə kitab müsadirə edilib.

Ələ keçirilən kitablar arasında yeni nəşr edilmiş əsərlərin də pirat versiyalarının olduğu diqqəti çəkib.

Pendikdə isə qanunsuz kitab nəşr edən mətbəə aşkarlanıb.

Çap edilmiş və çap edilmə ərəfəsində olan çoxlu kitab müsadirə edilib.

İstanbul polisinin məlumatına görə, son 8 ildə paytaxtda 11 milyon nüsxə qanunsuz kitab aşkarlanıb.

2004-cü ildən bəri piratlara qarşı 4 minə yaxın əməliyyat keçirilib.

7 mindən artıq insan həbs edilib. 210 mətbəə qapadılıb.

Türk nəşriyyatları piratçılıq yolu ilə kitab nəşr edib onların qanuni qazancına şərik olan mətbəələrə qarşı əməliyyatlardan məmnundurlar.

Onlar indi də məktəb və universitetlərdə kitabların kseroks aparatı ilə çoxaldılmasının önlənməsi üçün Təhsil Nazirliyindən kömək istəyirlər.

Yayımcı Meslek Birlikleri Federasyonu-nun (YAYFED) rəhbəri Bayram Murat deyib:

"Federasiya olaraq son illərdə polislə əməkdaşlığımız nəticəsində kitab piratçılığına böyük zərbə vuruldu.

Lakin məktəb və universitetlərdə kitabların fotosurətinin çıxarılması yolu ilə çoxaldılmasına qarşı tədbir görə bilmirik. Milli Təhsil Nazirliyinin məktəblərdə kitab piratçılığına qarşı mübarizədə bizə yardımçı olmasını istəyirik".
Türkiyədə piratçılıq yolu ilə nəşr edilmiş kitabların ümumilikdə kitab bazarının 50 faizini təşkil etdiyi ehtimal edilir. Qanunsuz kitabların böyük hissəsini dərsliklər təşkil edir.

Amma bir çoxları məktəb və universitetlərdə kitabların üzünün çıxarılmasına "sempatik suç" kimi baxırlar.
XS
SM
MD
LG