Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:04

Babək Yusifoğlu. Otuz yaşında "doğulan" yazıçı...


Babək Yusifoğlu
Babək Yusifoğlu
"Hitler şəxsən onu "fransız yəhudisi Kramer" adlandıraraq nifrətini bildirmişdi. Bir sıra ədəbiyyatçılar ona qarşı ən alçaq kampaniyaya başladılar.

Hətta iş o yerə gəlib çatdı ki, onun romanı həlak olmuş dostundan çırpışdırdığını, öz adına çıxdığını iddia etdilər..."



Babək Yusifoğlu


OTUZ YAŞINDA "DOĞULAN" YAZIÇI...


İnsanlar həmişə azadlığa can atıblar. Həyatın nə olduğunu dərk edər-etməz daim çalışıblar ki, istədiklərinə, arzuladıqlarına sahiblənsinlər, kimsə onların üzərində diqtə etməsin.

Və çox qəribə də olsa, onu qeyd edim ki, insan oğlu nail olduğu, ya ola bilmədiyi azadlığın sərhədlərini heç vaxt özü üçün müəyyənləşdirə bilməyib. Hər dəfə də yenisi, daha yenisi yaranıb.

Yəqin ki bütün bunlar insan xislətinin özəyində qərarlaşmış bir genetik koddur. Hətta ən iddiasız, ən tərki-dünyaçı şəxslərin də daxilində kiçik, zahirən görünməyən, gizli azadlıq arzuları var.

Sadəcə, xarakterlərdən, yaşam tərzindən, dünyagörüşdən, təsəvvürlərdən və fantaziyalardan aslı olaraq azadlıq istəkləri mahiyyətcə fərqli, müxtəlif olur.

Adını unutduğum bir mütəfəkkirin nə vaxtsa azadlıq haqqında belə bir fikrini oxumuşdum: "hər kəsin arzuları onun azadlığı boydadır"...

Əslində bu fikrə fərqli münasibətlər də çoxdur. Və bəlkə də onları sadalamaqla bitirmək olmaz. Lakin əsərlərini sevə-sevə oxuduğum bir yazıçının, daha dəqiq desəm, dünya nəsrinin ən tanınmış isimlərindən olan Erix Mariya Remarkın insanın azadlığı ilə bağlı həmişə dediyi bir fikri digərlərindən daha çox fərqli hesab etmişəm. Remark deyirdi:

"Azad yalnız o adamdır ki, uğrunda yaşadığı hər bir şeyi itirib".

Bəli, o, azadlığı tamam fərqli görürdü. Və mənə elə gəlir ki, əslində məhz belə fərqliliklər insanların müxtəlif cür, rəngarəng həyat yolu seçməsində əsas rollardan birini oynayır. Məncə, Remarkın özü də azad olduğu qədər yazıb-yarada bilmişdi. Və unutmaq olmaz ki, o, başqalarından daha çox azad insan idi... Belə olmasaydı dünyaca məşhur əsərləri yarada bilməzdi...

"QƏRB CƏBHƏSİNDƏ DƏYİŞİKLİK YOXDUR"

...Berlinin böyük keçmişə malik qəzetlərindən biri - "Fossişe tsaytunq"in 1928-ci ilin noyabr tirajlarından bir seriyası satışda rekord əldə etdi.

Əvvəl bunun səbəbini başqa yerə yozmağa çalışsalar da çox keçmədi məlum oldu ki, 10 noyabrdan 9 dekabra qədər bu qəzetin səhifələrində Erix Mariya Remarkın "Qərb cəbhəsində dəyişiklik yoxdur" (“Qərb cəbhəsində təbəddülat yoxdur”) romanı dərc edilir. Və əsərə olan inanılmaz maraq həqiqətən də hər tərəfdə böyük səs-küy yarada bilib. Maraqlıydı, müharibənin üstündən 10 il keçməsinə baxmayaraq bu mövzu insanların diqqətini niyə belə cəlb etmişdi? Müharibəmi, yaxud həmin dəhşətlərin şahidlərinin çoxunun hələ həyatda olmasımı? Yaxud faciənin böyüklüyümü?

Hətta Remarkın bu əsərindən əvvəl işıq üzü görən ilk iki kitabının uğursuzluğunu da nəzərə alsaq belə nailiyyəti sürpriz də adlandırmaq mümkündü. Yeri gəlmişkən, həmin uğursuz kitablar o dövrün elə tənqidi ilə üzləşmişdi ki, Erix Mariya bundan necə qurtulacağını belə bilmirdi. Hətta əlacı olsaydı, cap edilmiş bütün nüsxələri öz puluna alıb yandırardı.

Amma dediyim kimi, bu dəfə oxucular "Fossişe tsaytunq"un hər nömrəsini səbirsizliklə gözləyirdilər ki, romandan növbəti parçanı oxusunlar. Əsərə maraq o qədər artdı ki, növbəti ilin başlanğıcında - 31 yanvarda roman kitab kimi cap olundu. Və qeyd edim ki, öz gündəlik satışına görə Avropa rekordçularının sırasına girdi. İnanılmaz idi, əsərin hər gün 20 minə yaxın nüsxəsi satılırdı. Elə həmin il roman dünyanın 12 dilinə tərcümə edilərək cap olundu. İlin sonunadək isə əlavə daha on dildə nəşr edildi.

Erich Maria Remarque
Erich Maria Remarque
Çox qısa dövrdə bu cür uğuru, elə tirajı da heç məşhur ədiblər də qazanmamışdı. Yazıçı kimi "doğulub" belə şöhrətin kandarından daxil olanda Erix Mariya Remarkın cəmi 30 yaşı vardı...

REMARKLAR VƏ ERİX PAUL

Əslində kimsə dəqiq söyləyə bilməz ki, Remarkın çap olunmuş əsərlərinin sayı neçə milyonu adlayıb. Lakin bircə o çoxuna məlum idi ki, Remark uzun illərdi dünyanın ən çox oxunan yazarlarından biri hesab edilir. Elə onun şəxsi həyatı, keçdiyi yaradıcılıq yolu da çox maraqlıdı.

Öncə onu deyim ki, alman yazıçısı hesab edilən Remarkın soyadı çoxlarında sual doğururdu. Çünki o, 1898-ci ildə Rusiya imperiyasında, əyalət şəhərlərinin birində - Osnabryukda dünyaya gəlsə də, daşıdığı Remark fransız familyasıydı. Bu da onunla bağlı idi ki, Erixin əslən fransız olan babası Almaniyada doğulmuş, sonradan elə alman qızla da evlənmişdi.

Erixin atası Peter Frans və alman əsilli anası Anna Mariya katolik olaraq dindar adamlardı. Onun cildçilik edən atasının qazancı elə də çox olmadığı üçün dörd uşaqlı bir ailənin təminat içərisində yaşadığını söyləmək olmazdı.

Ailədə ikinci uşaq olan Erixdən böyük bir qardaşı - Teodor və iki kiçik bacısı vardı: Erna və Elfrida. Amma nə yazıq ki, Teodor xəstə olduğu üçün çox yaşamadı, 5 yaşına çatar-çatmaz öldü.

Vaxtının çoxunu xəstə oğluna qulluqda keçirən Anna Mariya əslində övladlarının hamısına qayğıkeş və diqqətli idi. Böyük oğlunu itirəndən sonra sarsılan ana digər övladlarının, xüsusən də ikinci oğlunun üstündə daha çox əsirdi. 1904-cü ildə valideynləri onu katolik kilsəsinin məktəbinə qoydular.

O, xalq məktəbi adlanan təhsil ocağında səkkiz il oxudu. Sonra isə müəllimlik seminariyasında təhsilini davam etdirmək üçün üç il hazırlıq keçdi. Sonra isə Erix Paul hərbi xidmətə çağrılanadək Osnabryukda müəllimlik seminariyasında oxudu. Elə ilk sevgi həyəcanını da orada yaşadı...

Əslində əsgərliyə qədərki illərdə onun həyatı üçün çox vacib olan bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, onun atası cildləyici olduğu üçün evə çoxlu kitablar gətirərdi. Və kiçik yaşlı Erix Paul da macal tapan kimi həmin kitabları oxumağa girişərdi.

Bu qədər mütaliə isə təsirsiz ötüşə bilməzdi. Yəqin elə bu səbəbdən idi ki, Erix Paulun bədii zövqü elə erkən yaşlarından da formalaşmağa başlamışdı. Dünya nəsrinin şedevri Dostoyevski, eləcə də Sveyq, Tomas Mann, Prust, Höte... onun dönə-dönə oxuduğu müəlliflər idi.

Və mənə elə gəlir ki, seminariyada oxuduğu zaman şair, rəssam və filosof Frits Herstemeyerin, eləcə də yaratdığı dərnəyin onun formalaşmasında əvəzsiz rol oynadığını söyləyən tədqiqatçılar heç də səhv etməyiblər. Məhz Herstemeyerilə tanışlıqdan sonra Erix Paulun həyata, ətraf mühitə baxışlarında köklü dəyişikliklər yaranmağa başladı.

ƏSGƏRLİK VƏ HƏYATININ ƏN BÖYÜK İTKİSİ

1916-cı ildə əsgərliyə aparılması Erix Paulun təhsilini yarımçıq qoydu. Hər kəs yaxşı xatırlayır ki, məhz həmin illərdə nəinki Almaniya, hətta bütöv Avropa müharibə alovunun içərisində idi. Və çox çəkmədi ki, onu Qərb cəbhəsinə göndərdilər.

Arzuları hələ yetkinləşməmiş, bərkdən-boşdan çıxmamış 18 yaşlı gənc Erix müharibə dəhşətlərinin şahidi oldu. Hətta qurbanlardan birinə çevrildi. Belə ki, cəbhədəki növbəti ilində - 1917-ci ildə mərmi partlayışı nəticəsində boynundan, sol əlindən və sağ ayağından yaralandığından onu qospitala göndərdilər. Və Erix Paulun müalicəsi xeyli çəkdi. Demək olar ki, müharibənin sonunadək. Bu ağır, dəhşətli səhnələrin, oradakı həyatın şahidi olan Erix inanırdı ki, bütün bunlar onun yaddaşından heç vaxt silinməyəcək.

Əslində bütün bunlar onun gələcək yaradıcılığı üçün canlı, gerçək faktlar idi. Və Remark onları özünün şedevrinə çevirəcəkdi. Bütün bunlarsa illər sonra baş verəcəkdi. O dövrlərdə isə həyat onun üçün başqa sürprizlər hazırlayırdı...

1917-ci ilin payızında dünyada ən çox sevdiyi, necə deyərlər, nəfəs aldığı anası Anna Mariya vəfat etdi. Bu xəbəri hərbi qospitalda alan Erix çox böyük çətinliklərlə olsa da özünü anasının dəfninə çatdıra bildi. Və bu itki demək olar ki, onu dərindən sarsıtmışdı. Gənc yazar özünə təsəlli olsun deyə və həm də anasının xatirəsi, adı onun adı ilə birgə yaşasın deyə ikinci adını - Paulu dəyişərək Erix Mariya Remark oldu. Həmin hadisələrdən bir neçə il sonra o cəbhədə, həyatda, ətrafında gördüklərini qələmə almağa girişdi.

Onu da qeyd edim ki, müharibədən sonrakı həyatının ilk dövründə o, müxtəlif sahələrdə
"Qərb cəbhəsində dəyişiklik yoxdur"
"Qərb cəbhəsində dəyişiklik yoxdur"
işləməyə başladı: mühasib köməkçisindən, reportyorluqdan tutmuş jurnalistliyədək məşğul oldu. Artıq qəzetlərdə tez-tez onun məqalələri, şeirləri, hekayələri dərc olunmağa başlamışdı. Hətta roman yazmağa da girişmişdi. Məhz həmin illərdə - 1920-ci ildə "Röyaların yuvası" adlı ilk iri həcmli əsərini yaratdı. Lakin gənc yazar həmin əsəri ilə ədəbi aləmdə heç də yumşaqlıqla qarşılanmadı.

REDAKTORLUQ

Belə rəylər onda güclü tərəddüdlər yaratsa da yazmağı birdəfəlik tərk etmək haqqında düşünmürdü də. Nəhayət qeyri-adi bir addım atmağa qərar verdi. Erix Mariya həmin dövrlərdə artıq kifayət qədər məşhurlaşan yazıçı-publisist Stefan Sveyqə məktub yazaraq ondan məsləhət istədi və onun yazıçılıq iddialarına real qiymət verməsini xahiş etdi.

Maraqlıdır ki, özünün qəribə maneraları ilə digərlərindən seçilən məşhur yazıçı tanımadığı bu gəncin duyğularına hörmətlə yanaşaraq ona xoş arzularını göndərdi. Remark onsuz da yazmaq arzularının qarşısında dura bilməyəcəkdi. Onun əslində hər şeydən çox buna ehtiyacı vardı.

Amma necə deyərlər, onun vaxtı hələ gəlməmişdi. 1922-ci ildə Hanneverə gələn Remark "Kontinental əks-səda" jurnalının redaktoru vəzifəsində fəaliyyətə başladı. 1924-cü ilədək burada çalışan gənc nasir elə həmin dövrlərdə "Qem" romanı üzərində işlədi.

Bütün bunlarla yanaşı Erix Mariya bu illərdə daha çox gənclik həyəcanlarını yaşamağa, içki içməyə, qadınlarla vaxt keçirməyə can atırdı. Belə həyat tərziylə sanki o ən müxtəlif duyğulara, gəncliyin dəliliklərinə... yol açırdı. Amma, sən demə, hər işdə bir səbəb varmış.

Belə ki, 1924-cü ilin sonlarında - oktyabrda gənc yazar Edit Dyerri adlı bir qızla tanış oldu. Yazıçının həyatını araşdıranların yazdıqlarına görə, məhz Berlində nəşr olunan "İdman illüstrasiyalarda" jurnalının baş redaktoru Kurt Dyerrinin qızı Editlə tanışlığı onun Berlinə gəlməsinə səbəb olub. Amma çox maraqlıdır, qızın valideynləri onların ailə qurmasına qarşı çıxsalar da Kurt Dyerri Erix Mariyanın həmin jurnalda redaktor işləməsinə göstəriş verdi. Lakin yaşadığı bu sevgi romanının da ömrü uzun olmadı...

EVLİLİYİ VƏ QƏRİBƏLİKLƏRİ

Yeni tanışlıqları davam etməkdəydi. İşlər elə gətirdi ki, Erix görüşdüyü gözəl bir xanımla İlza Yutta Zambona ilə ailə qurmağa qərar verdi. Əslində bəziləri onun bu münasibətlərinə o qədər də ciddi baxmırdılar. Çünki İlza bir rəqqasə idi və onu tanıyanlar Erixin cəmiyyətdəki müəyyən dəyərlərə önəm verdiyini bildikləri üçün gənc yazıçının həmin tanışlığının əyləncədən uzaq gedəcəyinə, nikahla sonuclanacağına o qədər də inanmırdılar. Amma sən demə, belə deyilmiş, gənclər 1925-ci ildə evləndilər.

Yazıçının bu evliliyi ilə bağlı çox maraqlı məqamlar var. Özü də vərəmdən əziyyət çəkən bu qadın Remark üçün həmişə başqalarından fərqli olmuşdur.

Belə ki, İlzanın solğun çöhrəsi, xarakteri yazıçıya bir sıra bədii obrazları yaratmağa kömək elədi. Diqqətli oxucular bu qadının gerçək obrazını Remarkın bəzi əsərlərindəki personajlarda sezə bilərlər. Bunun parlaq misalı yazıçının ən məşhur əsərlərindən biri sayılan "Üç yoldaş" romanındakı Pat obrazıdır.

Ümumiyyətlə, Erix Mariyanın yaratdığı bədii qəhrəmanların bir hissəsi onun real həyatda qarşılaşdığı insanlarıdır. Məhz bu üzdəndir ki, yazıçının yaratdığı obrazlar oxucuya daha təbii, daha səmimi təsir bağışlayır.

Ailə qurması heç də onun yaradıcılığına təsir etmədi. O hansı manera, hansı prinsiplərlə yazırdısa, elə də davam edirdi. Ümumiyyətlə, Mariya Remarkın başqalarında təəccüb yaradacaq hərəkətləri çox idi. Bəzən o xeyli müddət qələmə yaxın belə düşmürdü. Və ya fasiləsiz yazmağa başlayırdı.

Özünün mənsub olduğu zümrədən imtina etmə çabaları, ziyalı, oxumuş olsa belə aid olduğu qeyri-zadəgan keçmişindən qurtulmaq istəkləri kənardan çox qəribə görünürdü. Erix Mariya cəmiyyətdə müəyyən təsəvvürlər yaratmaq üçün dəbdəbəli kostyumlar, monökllər geyinməyə, başlamışdı.

Onu tez-tez arvadı ilə birgə teatr, konsert salonlarında görmək olardı. Ən dəbdə olan restoranlarda şam yeməkləri onun həyat tərzinə çevrilmişdi. Hətta Remark zadəgan titulunu qazanmaq üçün maraqlı bir vasitəyə də əl atmaqdan çəkinməmişdi. O, mötəbər zadəganlar nəslindən olan Huqo fon Buhvaldla sövdələşməyə girib 500 reyxsmarka pul əvəzində oğulluğa götürülməsinə nail oldu. Erix Mariya bununla da kifayətlənmədi. Buhvaldlar rəmzi və adı ilə özünə vizit kartlar da düzəltdirdi.

REMARKIN ŞEDEVRİ

Yaradıcılığını isə dayandırmamışdı. 1927-ci ildə yazıçı çoxdan onun xəyallarını zəbt
Erix Mariya Remark
Erix Mariya Remark
etmiş mövzunu ciddi şəkildə işləməyə qərar verdi. Və beləliklə Avropa nəsrinin ən dəyərli əsərlərindən biri hesab edilən "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanını yazmağa başladı. Lakin bununla yanaşı o daha bir əsər üzərində də çalışırdı: "Üfüqdəki stansiya".

Erix Mariya həmin romanı daha tez tamamladı və əsər noyabrdan "Şport im Bild" jurnalında hissə-hissə çap olunmağa başladı. Və əsər birmənalı qarşılanmadı. Maraqlıdır, onun tanışı olan yazıçılardan biri bu əsər haqqında belə demişdi: "birinci dərəcəli radiatorların və gözəl qadınların haqqında kitab"dır. Növbəti il Erix Remark artıq başa çatdırdığı "Qərb cəbhəsində dəyişiklik yoxdur" əsərini çap etdirmək üçün əlyazmalarını "C. Fişer Ferlaq" nəşriyyatına göndərsə də oradan rədd cavabı aldı. Semuyel Fişer əsərlə tanış olandan sonra bildirmişdi ki, müharibə haqqında kitabı kimsə oxumağa həvəs göstərməyəcək.

O, bu dəfə Berlin nəşriyyatlarından birinə - "Ulştayn"a müraciət etdi. Bu dəfə əsərin çapına şərtlər daxilində razılıq verdilər. Belə ki, naşir özünü maliyyə ziyanından sığortalamaq üçün Remarkla sövdələşdi ki, roman uğursuzluğa düçar olarsa, müəllif həmin zərərin qapadılması üçün jurnalist kimi nəşriyyatda işləməlidir.

Yeri gəlmişkən, "Qərb cəbhəsində dəyişiklik yoxdur"un digər maraqlı tarixçələrindən biri də budur ki, Remark romanının bir sıra hissələrini aktrisa tanışı Leni Rifenştalın evində qələmə almışdı. Hansı ki, həmin illərdən cəmi beş il sonra bu dostlar tamam əks barrikadalarda dayanacaqdılar: Remark ölkədə qadağan olunmuş müəlliflərin siyahısında ilk sıralarda duracaqdı, əsərləri meydanlardakı tonqallarda yandırılacaqdı, Leni isə faşizmi təbliğ edən sənədli filmlər rejissoru kimi şöhrətlənəcəkdi.

Lakin hər şeyə rəğmən roman ilk dəfə 1928-ci ildə qəzet səhifələrində çap edildi. Və qəzet variantının maraqla qaşılanmasından sonra Berlində "Propileyen- Ferlaq" nəşriyyatı əsəri nəşr etdi. Və inanılmaz nəticə. Əsər işıq üzü görər-görməz Almaniyada əsl sensasiya kimi qarşılandı. Oxucular görünməmiş bir maraqla romanı alırdılar. Bu səbəbdən də bir il ərzində "Qərb cəbhəsində dəyişiklik yoxdur"un bir milyon yarım nüsxəsi satıldı. Bu həmin dövrdə gənc yazıçı üçün qeyri-adi bir göstərici, rəqəm idi.

Oxucular Avropanın daha bir böyük qələm sahibinin gəlişini hiss etdilər. Bəli, həqiqətən Erix Mariya Remark məhz bu əsəri ilə böyük bir yazıçı olaraq doğuldu, möhtəşəm populyarlıq qazandı. Onu da qeyd edim ki, roman 36 dilə tərcümə edilərək 43 nəşriyyat tərəfindən çapdan buraxılıb. Hətta bir il sonra "Qərb cəbhəsində dəyişiklik yoxdur" ekranlaşdırıldı da. (Filmin rejissoru L. Milşteyn "Oskar" mükaftı aldı). Bütün bunlara rəğmən 1929-cu ildə Remark Nobel mükafatına təqdim edildi. Amma...

HÜCUMLAR VƏ TƏZYİQLƏR...

1930-cu illəri Erix Mariyanın həyatında yeni hadisələrin başlanğıcı hesab etmək mümkündü. Yazıçı İlza Yutta ilə nikahını sürdürə bilmədi və onlar boşandılar. Bundan başqa, ölkədə artıq faşizm hərəkat halına gəlməkdəydi. "Qayıdış" romanının qəzet variantı işıq üzü görəndən sonra ona cürbəcür təzyiqlər artmağa başladı. Hitler şəxsən onu "fransız yəhudisi Kramer" adlandıraraq nifrətini bildirmişdi.

Bir sıra ədəbiyyatçılar ona qarşı ən alçaq kampaniyaya başladılar. Hətta iş o yerə gəlib çatdı ki, onun romanı həlak olmuş dostundan çırpışdırdığını, öz adına çıxdığını iddia etdilər.

Əlbəttə, bütün bunları qulaqardına vurmaq o qədər də asan məsələ deyildi. Hər yerdə kimsə tapılırdı ki, ona qarşı şantajlar irəli sürsün. Və onun kimi həssas biri bütün bunlara uzun müddət duruş gətirə bilməzdi. O, mənəvi təzyiqlərin təsirini azaltmağın yolunu içkidə gördü və həmin dövrlər Remark çoxlu içki içməyə başladı. Lakin görünən bu idi ki, heç içki də köməyə çatmaq gücündə deyil.

Amma bununla belə Remark artıq yazıçı kimi maddi cəhətdən özünü təmin edə bilmişdi. Dostlarından birinin israrlı məsləhəti ilə o, İsveçrədə bir villa - "Kaza Monte Tabor"u aldı. Və əşyalarını ora köçürdü.

Sən demə, bunlar heç də boşuna getməyəcəkmiş. Çünki hakimiyyətlə münasibətlər sürətlə kəskinləşməyə doğru gedirdi. Onun bank hesablarındakı bəzi pullar hesabından silindi. Remarka qarşı qeyri-qanuni məhkəmə qurularaq başqa bank hesabları da təhlükəyə məruz qaldı, cərimələr ödədi. Nəhayət ölkəni tərk etmək məcburiyyətində qalan yazıçı aldığı həmin villaya yerləşdi.

"ÜÇ YOLDAŞ" VƏ KÖHNƏ NİKAHIN TƏZƏLƏNMƏSİ

1932-ci ildə Erix Mariya özünün daha bir məşhur əsəri - "Üç yoldaş" (əsər əvvəl "Pat" adlandırılıb) üzərində işləməyə başladı və bir il sonra onu tamamladı. Əvvəlcə "Qud Xauskipinq" jurnalında ingiliscə, 1936-cı ilin ortalarında isə Kopenhagendə datca nəşr edilən roman müəllifə Avropada daha böyük populyarlıq gətirdi.

Remark "Üç yoldaş"ında özünü bir yazıçı kimi, individual xarakterlərin ustası kimi göstərə bildi. Çünki təsvir edilən baş qəhrəmanların hər birinin fərqli, fərqli olduğu qədər də bir süjet ətrafında ustalıqla birləşən taleləri əsərə çox güclü bədii-estetik çalar verir. Əsərin əvvəlində hər biri ayrı-ayrılıqda görünən bu personajları müəllif oxucuya elə dillə təqdim edir ki, az sonra oxucu asanlıqla onların hər birini xarakterinə görə tanıyır.

Onun yazıçı məharətlərindən biri də budur ki, romanda qeyri-adi dramatik hadisələr tüğyan etməsə də, oxucu əsərdən ayrıla bilmir. Təsvir olunan qəhrəmanlar həyatda sıradan biri kimi elə təbii çalarlarla təqdim edilir ki, sanki biz dəflərlə onlara, lap elə onların oxşarına haradasa rast gəlmişlk.

Həmin illər ərəfəsində dünyanın bir sıra ölkələrinə səfərə çıxan Erix Mariya Venetsiyada həyatının növbəti qadını Marlen Ditrixlə tanış oldu. Amma çox maraqlıdı ki, yazıçının bu qadınla dostluğu sürdüyü halda o öz əvvəlki sevgilisi-arvadı İlze Yutta ilə yenidən görüşməyə başladı və bir müddət sonra onlar təkrar evləndilər. Bəzi təhqiqatçılar bu nikahın Almaniyanı tərk edib İsveçrəyə yerləşmək naminə bağlandığını söyləsələr də, fakt bu idi ki, yazıçı həmin qadına həmişə fərqli münasibətlər bəsləmişdir. Lakin bununla belə, Erix Mariyanın nəinki arvadına, hətta hansısa sevgilisinə sədaqətli qaldığını söyləmək mümkün deyil.

Elə böyük dəyər verdiyi İlza ilə münasibətlərini təkrar rəsmləşdirsələr də o, digər qadınlarla da görüşməkdən qalmırdı. Bu həmin illər idi ki, "Üç yoldaş" Amsterdamda alman dilində də böyük tirajla nəşr edildi. Elə həmin dövrdə - 1938-ci ildə növbəti əsərini - "Özünə yaxını sev" romanını ərsəyə gətirdi. Artıq Almaniyada onu düşmən kimi görənlər hakimiyyətdə idilər və hər yerdə onun adı lənətlə anılırdı. İş o yerə çatdı ki, həm onun özünü, həm də arvadını alman vətəndaşlığından çıxardılar.

Erix Mariya Remark ölkəni tərk etmək məcburiyyətində qaldı. Və məhz bu zaman İsveçrədə aldığı mülk onun əsas evinə çevrildi. Amma artıq bu da yazıçını qane etmirdi. Amerikaya getməyi düşünürdü. Onsuz da yenə böyük bir müharibə Avropanın astanasındaydı...

"YENİ DÜNYA"YA

1939-cu illər idi. Onun "Yeni dünya"ya getmək məsələsi artıq həll olunmuşdu. Belə ki, yaxın münasibətlərdə olduğu Marlen Ditrixin köməyi ilə Amerikaya getmək üçün viza alaraq tərəddüd etmədən Birləşmiş Ştatlara gəldi. Bir sıra görüşlərdən və toplantılardan sonra yazıçının öncə işgüzar sayılan səfərinin məramı dəyişməyə başladı. İndi o, Avropaya dönməyə lüzum görmürdü.

Eyni zamanda Hollivudun kino dünyasının tanınmış simaları yazıçı ilə görüşüb birgə yaradıcılıq planları barədə müzakirələr aparırdılar. Qeyd edim ki, artıq Mariya Remarkı bir yazıçı kimi Amerikada da yaxşı tanıyır, əsərlərini oxuyurdular. Və həmin yaradıcılığa olan böyük maraq Remarkın beş əsərinin ekranlaşdırılmasına gətirib çıxardı. Məhz həmin bədii sanbala görəydi ki, lentlərdə o dövrün ən məşhur aktyorları çəkilirdilər.

Bütün bunlarla yanaşı pullar da sel kimi gəlirdi. Təkcə onu demək kifayətdir ki, "Zəfər tağı" filmi yazıçıya 235 min dollar gəlir gətirdi. Bu da həmin zaman üçün böyük məbləğ sayılırdı. Üstəlik buradakı həyat da çox cəzbedici idi. Və Amerika kimi bir ölkə azadlığı hər şeydən önəmli tutan Erix Mariya üçün çox rahat idi. Remark daimi vətəndaşlıq almaq üçün hökumətə rəsmən müraciət etdi. Amma deyim ki, bütün məşhurluğuna, göstərilən hörmətə rəğmən ona yalnız 1947-ci ildə Birləşmiş Ştatların vətəndaşlığı verildi. Lakin həmin vaxtlar buna 7 il qalırdı...

BACISININ EDAMI

Yazıçının hər şeyin çox yaxşı getdiyini düşünən bir zamanı idi ki, Avropadan - daha dəqiq desəm vətənindən dəhşətli bir xəbər aldı. Bacısı Elfrida Remarkı (Ərə gedəndən sonra Elfrida Şolts) Almaniyada nasistlər həbs etmişdilər. Əslində heç bu da hələ faciənin hamısı deyildi.

O, "düşmənin leyhinə təbliğat apararaq ölkənin müdafiə qabiliyyətinə zərbə vurmaqda" ittiham edilərək ölüm cəzasına məhkum olunmuşdu. Və dəhşətin ən böyüyü qabaqda idi. Yəni, 1943-cü ilin 30 oktyabrında "Berlin-Plyetsenze" türməsində Elfrida Remarkın boynu gilyotində vuruldu. Və bu dəhşətli hadisə ümumiyyətlə, ailə üzvlərini çox sevən yazıçıya çox güclü mənəvi-psixoloji zərbə vurdu. Bəzi mənbələr yazıçının həmin faciəni yalnız iki il sonra öyrəndiyini göstərir. Amma gerçəklər gerçək olaraq qalırdı...

Elfridanın edam edilməsi ilə bağlı maraqlı bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, şahidlərin xatirələrində bildirilir ki, nəticəsi onsuz da bəlli olan məhkəmədə hakim istehza ilə Elfridaya baxaraq belə deyibmiş: "Bədbəxtlikdən sizin qardaşınız bizdən gizlənməyi bacardı, amma siz bunu bacarmayacaqsınız". Taleyin qəribə ironiyası: Təxminən yarım əsrdən sonra Osnabryukun küçələrindən birinə Elfrida Remarkın adı verildi.

Təhqiqatçılara görə, bu hadisədən sarsılan Erix Mariya 1939-cu ildən yazmağa başladığı "Zəfər tağı" romanını tamamlayandan sonra 1945-ci ildə bacısının ölümünə həsr edəcəyi "Həyat işığı" əsərini yazmağa girişdi. Amma...

Elə həmin günlərdə də anasının ölümündən sonra atasının evləndiyi qadının - Henriki Balmannın intihar xəbərini aldı. Ümumiyyətlə, Erix Mariyanın həyatda məruz qaldığı mənəvi-psixoloji zərbələr, yaşadığı itkilər, gərginliklər onun səhhətində dərin izlər buraxmışdı. Məhz elə bu nədənlər ucbatından da Remark həyatının müəyyən dövrlərində ağır depressiyalar yaşamışdır.

"ZƏFƏR TAĞI" VƏ...

Mənə elə gəlir ki, müəllifin daxilində zaman-zaman özünü göstərən pessimist əhval-ruhiyyə onun yaradıcılığından yan ötməyib və bütün bunlar özünü bir sıra əsərlərində büruzə verib. Elə "Zəfər tağı"nda da bunları duymaq mümkündü. Oxucu romanda milliyyətcə alman olan Ravikin Fransaya sığınaraq həyatını necə bədbincəsinə sürdürdüyünün şahidi olur.

Əsərin baş qəhrəmanı həkim olsa da ətrafında bir yaxını - dostu, tanışı, daxilini bölüşə bildiyi kimsə yoxdur. Hiss olunur ki, bu bədbinlik təkcə Ravikin tez-tez həyəcan keçirməsi, ətrafında cərəyan edən qorxulu proseslər ilə bağlı deyil və bu daha dərindən gələn bir təzahürdür. Remark yaradıcılığı üçün ən xarakterik xüsusiyyətlərdən biri də onun təhkiyə üsuludur. O, hadisələri qəhrəmanın və ya yazıçının dilindən oxucuya elə çatdırır ki, aydın olmayan bircə hadisə, insan duyğuları belə qalmır. Hər kəs, hər şeyi peşəkar yazıçı təhlili ilə öyrənə bilir. Bir də onun gerçəkçi ədəbi pafosu, orijinal təsvirləri, bədii kinayəsi... onun əsərlərinə təkrarsız çalar gətirib.

Erix Mariyanın "Zəfər tağı" romanı da böyük rəğbətlə qarşılandı. Oxucular yenə müharibə mövzusunda əsərlə tanış olsalar belə həmişəki kimi bu dəfə də təkrarsız bir bədii nümunə ilə qarşılaşmışdılar. "Zəfər tağı" doğrudan da onun yaradıcılığının parlaq nüsxələrindən biridi. Onun kitab variantı ilin axırında Nyu-Yorkun "Eplton-Sençyuri" nəşriyyatında çap edildi. Və əvvəldə qeyd etdiyim kimi, yazıçı həm kitablarının
Erich Maria Remarque.
Erich Maria Remarque.
çapından, həm də əsərlərinin ekranlaşdırılmasından o dövr üçün çox böyük məbləğ sayılan qonorarlar alır, lakin bu hesabların xəsisliyini etmirdi.

Remark millətçi-sosializmin qurbanlarına məmnuniyyətlə öz yardımını göstərirdi. Təhqiqatçıları yazır ki, Erix Mariya yazıçı Albert Erenşteynə ömrünün sonunadək maddi yardım göstərmişdir.

Müharibə bitdi. Amma onun yaraları nə Remarkın, nə də onun kimi milyonlarla insanın həyatından, psixologiyasından, xatirələrindən, yaddaşlarından silinib getmədi. Remark bir neçə il əvvəl yazmağa başladığı "Həyat işığı" və "Yaşamaq və ölmək zamanı" romanlarını 1947-ci ilin sonlarına yaxın bitirdi. Remarkın Birləşmiş Ştatlarda işləri və həyatı yaxşı keçsə də, artıq Amerika vətəndaşı olsa da hiss edirdi ki, "qoca qitə", doğma yerlər onu özünə çəkir.

Okeanın o tayındakı 9 illik zamandan sonra yenidən Avropaya döndü. Müharibənin yaralarıyla əlləşən Avropaya. ilk dövrlər müxtəlif ölkələrə səyahət edən Remarkın Romada tanış olduğu Nataşa Braun adlı xanımla yaşadığı sevgi münasibətləri də təxminən iki ildən artıq sürmədi.

Həmin ərəfədə artıq çox qocalmış atası ilə görüşən Erix Mariya çox az sonra özü ağır şəkildə xəstələndi və həkimlər ona "menyera" xəstəliyi diaqnozu qoydular. Bu xəstəlik Remarkı fiziki cəhətdən üzməklə yanaşı onun sinir sisteminə də pis təsir göstərirdi. Müəyyən məqamlarda müvazinəti pozulur, yenidən tez-tez depressiyaya qapılırdı. Vəziyyəti o həddə qədər pisləşdi ki, Remark Karen Horni adlı psixoanalitikə müraciət etmək məcburiyyətində qaldı.

Bir il sonra Nyu-Yorka qayıdan Remark o dövrlərdə növbəti romanını - "Lissabonda gecə"ni yazdı, eyni zamanda "Cənnətdə kölgələr" əsərinə başladı. Bu illəri onun xəstəlikdən əziyyət çəkdiyi dövr hesab etsək də, əslində həmin mərhələni də Erix Mariyanın yaradıcılığının məhsuldar hissəsi saymaq mümkündü. Çünki Remark sadaladığımız əsərlərlə yanaşı "Həyat işığı"nın ungilis dilindəki versiyasını, "Qara obelisk", "Borc həyat" və digər əsərlərini ərsəyə gətirdi. Bunlarla yanaşı o bir neçə ssenarini də tamamlayıb rejissorlara təqdim etdi.

Həmin ərəfədə onun şəxsi həyatında da dəyişikliklər davam edirdi. Braunla əlaqələrini bitirdikdən sonra rəsmən nikahda olduğu İlza Yutta ilə də münasibətlərinə son verdi. Amma qeyd etdiyim kimi, Remark bu qadına olan qeyri-adi duyğularını heç vaxt unutmayıb. Hətta ayrılsalar belə yazıçı Yuttanın həmişəlik maddi cəhətdən təminatını da öz üzərinə götürmüşdü. Qadın onun hesabına ömürlük pensiya ilə təmin edildi.

Sonradan İlzanın Monte-Karloya getdiyi söylənir. Erix Mariyanınsa subaylıq həyatı çox da uzun sürmədi. Belə ki, Brenfordda dünyaca məşhur aktyor Çarli Çaplinin keçmiş arvadı Polett Qodarla evləndi və bir neçə ildən sonra onlar daimi yaşamaq üçün İsveçrəyə köçdülər.

SON...



1963-cü ildə Neapolda olarkən Remarkın halı yenidən kəskin şəkildə pisləşdi. Bu dəfə onu ürək tutması ilə həkimə gətirdilər. Uzun müalicədən sonra yazıçının vəziyyəti nisbətən stabilləşdi. Və Remark yaradıcılığında yarımçıq qalmış yazılarının üzərində işlədi, ekran üçün ssenarilər yazdı. Lakin xəstəlik yavaş-yavaş öz işini görməkdəydi.

Həmin hadisədən bir neçə il sonra o, arvadıyla Milana səyahət edərkən ürəyi yenidən tutduğundan təcili olaraq onu klinikaya yerləşdirib intensiv müalicəyə başladılar. Və belə demək mümkünsə, Tanrı bu dəfə də ona yaşamaq imkanı saxladı və o, ayağa qalxa bildi.

Məhz elə həmin illərdi ki, Almaniya Federativ Respublikası dünyaca məşhur olan böyük yazıçısı Erix Mariya Remarkın zəhmətlərini dəyərləndirməyə qərar vermişdi və o, "Almaniya Federativ Respublikası qarşısında xidmətlərə görə" Ordeni ilə təltif edildi və bir il sonra isə Alman Dilçiliyi və Poeziyası Akademiyasının müxbir üzvü seçdi.

Yazıçı ömrünün son iki qışını arvadı Polett Qodarla Romada yaşadı. Artıq səhhəti ona imkan vermirdi ki, tez-tez səyahətlərdə olsun. Ona görə də gəzməyi xoşlayan Remark axır zamanlar çox nadir hallarda yerini dəyişirdi. 1970-ci ilin yayında yazıçının ürəyində yeni tutmalar baş verdi. Bu dəfə vəziyyəti daha kritik görünürdü. Yazıçını Lokarnoda klinikaya yatırsalar da, irəlidə yaxşı nəsə görünmürdü. Həkimlər onu vəziyyətdən çıxarmağa çalışsalar da, bütün canlıların vaz keçilməyən qonağı olan əcəl bu böyük yazıçıyla da görüşə gəldi.

Dünyanın məşhur söz adamlarından, sevilən müəlliflərindən, çox oxunan yazıçılarından biri Erix Mariya Remark 1970-ci il, 25 sentyabrda gözlərini bu dünyaya əbədi yumdu. Onu elə İsveçrədə Lokarnoda Ronko qəbiristanlığında torpağa tapşırdılar.

P.S. Remarkın ölümündən 20 il sonra vəfat edən Polett Qodar da yazıçının yanında dəfn edilib.
XS
SM
MD
LG