Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:18

Əkrəm Əylisli onun tərcümələrində qüsur tapanlara qəzəbləndi


Əkrəm Əylisli: "Mən onu zarafatla demişdim"
Gözlə

No media source currently available

0:00 0:58:48 0:00
Direct-ə keçid

Əkrəm Əylisli: "Mən onu zarafatla demişdim"

“İndi də 150 cildlik Dünya ədəbiyyatı kitabxanası hazırlanır. Bu giqantomaniyadır. Bu xəstəlikdir. 150 cildi tərcümə etmək üçün bir institut açıb, tərcüməçilər yetişdirib sonra başlamalıydılar”.

Yazıçı, tərcüməçi Əkrəm Əylisli bunu “Pen klub” proqramında deyib.

PROQRAMI DİNLƏ

Onunla tərcümə kitablarının keyfiyyəti ilə bağlı “Oxu zalı”nda açılmış polemikanın axarında söhbət etdik.

“RUS DİLİNİ BİLƏNDƏN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏ OXUMAMIŞAM”

- Əkrəm müəllim, axırıncı dəfə Azərbaycan dilinə tərcümə edilmiş hansı əsəri oxumusuz?

- Açığı, rus dilini biləndən bu yana Azərbaycan dilində heç vaxt tərcümə oxumamışam. Ola bilər ki, kimsə desin ki, bax gör bu tərcümə necədir, onda oxuyaram, ola bilər. Amma rusca oxuya biləcəyim şeyi Azərbaycan dilində oxumuram. Qəti surətdə. Ona görə ki, məni qane eləmir.

- Ancaq bəzi tərcümələrlə bağlı rəy bildirirsiz. Bu necə olur? Məsələn, Günel Mövlud Markesin “Yüz ilin tənhalığı” romanını tərcümə etmişdi və siz demişdiz ki, istəyirəm deyim yaxşı tərcümədir, amma...

- Dilim gəlmir, hə? Bir qəribə mühit yaranıb. Cəmiyyətdə bir aqressivlik yaranıb, bu, yazıçıların da canına hopub. Bir kəlmə söz deyəndə - bu Günellə bağlı deyil – cəld özlərini müdafiəyə başlayırlar. Problemi araşdırmaq istəmir, bunu deyən kimdir, məqsədi nədir, buna baxmırlar. Mənim tərcümə etdiyim bir yazım haqda çox danışırlar – Markesin “Gözlənilən qətlin tarixçəsi”.

- Böllün “O illərin çörəyi” haqda da danışılır.

- Əvvəlcə, mən tərcüməçiliyə niyə başladım, ona aydınlıq gətirim. Mən heç vaxt arxayın olmamışam ki, əsərlərimi Azərbaycanda çap edəcəklər. Heç kimsədən maddi kömək görməyən insan kimi fikirləşmişəm ki, tərcüməçilik nağd söhbətdir. Bu yaxınlarda Şahbaz Xuduoğlu mənim tərcümələrimi yığıb çap etmək istədi, heç bir cildə sığışmadı. 60-70 çap vərəqi həcmində tərcümə etmişəm mən. Özü də hər bir tərcümədə ürəyimin qan ləkəsi var. İlk tərcüməm əlcəzairli yazıçı Məlik Həddadın romanı idi – “Çevrilmiş səhifə”. Əlcəzairdə milli azadlıq hərəkatı haqqında idi. Əbülfəz Elçibəy rəhmətlik dedi ki, o mənim stolüstü kitabım idi. Mənim tərcümələrim böyük tirajla çıxırdı, tez də satılırdı.

- Dediniz ki, “Gözlənilən qətlin tarixçəsi” ən çox haqqında danışılan tərcüməniz oldu. Niyə?

- Ana dilimizə dürüst tərcümə olunub. Tərcüməçi kimi borcumuz əsəri ana dilimizdə nə qədər mümkündürsə asan oxunmasına şərait yaratmaqdır. Bu baxımdan indiki
Əkrəm Əylisli
Əkrəm Əylisli
tərcümələrdə tələsiklik var. Sovet dövründə 100 cildlik dünya ədəbiyyatından nümunələr buraxılmalıydı. Sovet hökuməti yıxıldı, çap olunmadı. İndisə 150 cildlik hazırlanır. Bu giqantomaniyadır. Bu xəstəlikdir. 150 cildi tərcümə etmək üçün bir institut açıb, tərcüməçilər yetişdirib sonra başlamalıydılar.

DİNLƏYİCİ ƏKRƏM ƏYLİSLİDƏ HANSI QÜSURLARI TAPDI?

Şahnaz Bəylərqızı:

- Bir dinləyicimiz yazır ki, özünü Azərbaycanın ən böyük tərcüməçisi adlandıran Əkrəm müəllimin Markesdən elədiyi “Gözlənilən bir qətlin tarixçəsi”ndə N sayda sözlər buraxılıb, tərcümə edilməyib, ya da səhv çevrilib. Və daha sonra sizin tərcümələrdən nümunələr gətirib:

костюм цвета хаки - başqa köynək və şalvar
прицельное оружие - qızılquş ovu üçün lazım olan əslah.
с оружием под подушкой - tapançası yastığının içində
винчестер - çoxaçılan “vinçester”
Не поддался искушению пальнуть - silaha güllə doldurmağı ağlına gətirməməli idi
двуствольный "хорнет-22" с телескопическим прицелом - eyni vaxtda iki hədəfə vuran “xornet-22”
отправлялся каждый понедельник в Дивино Ростро, животноводческую ферму, которую унаследовал от отца - atasından qalan “Mələksima” adlandırdığı mülkə baş çəkməyə gedəndə
стальные пули которого, по его словам, могли перебить хребет лошади - bu tapançanın bir doldurumluq gülləsi ilə atı tən ortasından iki yerə bölmək olardı.

Bundan sonra da əvvəl Markesin əsərindən bir parça verir, sonra da sizin tərcüməni:

"Если бы не ожидавшийся епископ, он бы надел костюм цвета хаки и
сапоги для верховой езды, в чем отправлялся каждый понедельник в Дивино Ростро, животноводческую ферму, которую унаследовал от отца, и теперь управлял ею очень толково, хотя и без особых доходов.
Собираясь на пастбище, он цеплял к поясу "магнум-357", стальные пули которого, по его словам, могли перебить хребет лошади. В пору охоты на куропаток он брал с собой прицельное оружие. В шкафу у него хранились "манлихер-шенауэр-30.06", голландский "магнум-ЗОО", двуствольный "хорнет-22" с телескопическим прицелом и "винчестер". Он, как и его отец, всегда спал с оружием под подушкой, но в тот день перед выходом из дому он вынул из револьвера патроны, а револьвер положил в тумбочку у кровати. "Он никогда не оставлял его заряженным",- сказала мне его мать. Я это знал и еще знал, что оружие он держал в одном месте, а патроны - в другом, отдельно, так, чтобы никто, даже случайно, не поддался искушению пальнуть в доме".


"Əgər yepiskopun gəlmək məsələsi olmasaydı, o, əyninə başqa köynək və şalvar geyib – yol üçün münasib uzunboğaz çəkmələrini ayağına keçirəcəkdi, çünki hər bazar ertəsi Santyaqo Nasar ona mal-qarası ilə birgə atasından qalan “Mələksima” adlandırdığı mülkə baş çəkməyə gedəndə həmişə belə geyinirdi; oradan elə də böyük mənfəət götürməsə də, o mülkü Santyaqo Nasar gözəl idarə edirdi.

Şahnaz Bəylərqızı və Əkrəm Əylisli
Şahnaz Bəylərqızı və Əkrəm Əylisli
Dağa gedəndə o “Maqnium 357” tapançasını qayışına keçirirdi, Santyaqo Nasarın öz dediyinə görə, bu tapançanın bir doldurumluq gülləsi ilə atı tən ortasından iki yerə bölmək olardı. Kəklik ovlamaq mövsümündə isə Santyaqo Nasar tapançadan savayı qızılquş ovu üçün lazım olan əslah da götürürdü. Bütün bunlardan əlavə o öz şkafında “malinxerşonauer-3006”, “Hollandmaqnium-300”, eyni vaxtda iki hədəfə vuran “xornet-22” və çoxaçılan “vinçester” tüfəngləri saxlayırdı. Yatanda eynən atası kimi, tapançası həmişə yastığının içində idi; həmin gün evdən çıxanda o, gülləsini boşaltdığı tapançanı stolun siyirməsinə qoymuşdu. “Heç vaxt qoymazdı ki, silahın içində güllə qalsın”, - bu sözləri mənə Santyaqo Nasarın anası demişdi. Mən bunu bilirdim və üstəlik onu da bilirdim ki, Santyaqo Nasar silahı bir yerdə, gülləni isə başqa yerdə saxlayır, evdə heç kəs heç bir zaman silaha güllə doldurmağı ağlına gətirməməli idi".

“BU TERMİNLƏRİ BİLMƏYƏ BORCLU DEYİLDİM Kİ...”

Əkrəm Əylisli:

- İstənilən tərcüməyə irad tutmaq olar. Tərcümədə “bukvayedlik” olmaz. Mən Markesin ruhunu vermişəmsə, ona sevinməlidir ki, Latın Amerikası yazıçısının əsərinin ruhu mənim tərcüməmdə özünü göstərib. Mən silah üzrə mütəxəssis deyiləm, səhv də edə bilərəm. Bu heç nəyi həll etmir. Bir silahın, bir sözün yerinə ayrı söz işlətmək, bu heç nədir. O vaxt nəsə həll edər ki, bu, bədii tərcümə yox, siyasi sənədin tərcüməsi olsun. Bədii əsərdə bu olur. Mən məsələn, Çingiz Aytmatovun “Əlvida, Gülsarı”sını tərcümə etmişəm, orda atçılıqla bağlı terminlər vardı. Bunların böyük qismini mən bilmirdim. Bilməyə də borclu deyildim ki.

- Onda həmin terminləri tərcümə etmədiz?

- Etdim. Sadəcə, orda da səhv edə bilərdim. Mahiyyətdən qaçmaq lazım deyil. Mən özümü böyük tərcüməçi hesab etməmişəm. Məni böyük tərcüməçi ediblər, bu cür hesab edənlər var. Bu cür nadan söhbətlərin efirə çıxmasına ehtiyac yoxdur. Mən heç vaxt, heç yerdə deməmişəm ki, dünyanın bir nömrəli tərcüməçisi mənəm, Azərbaycanda məndən yaxşısı yoxdur.

- Amma “kulis.az”a demişdiz.

- Ola bilər o sözü uşaqlara zarafatla demişəm. Onu ciddi demərəm. Ağlı başında olan adam gördüyü işi tərifləmir. Mənim gördüyüm işə qiymət verənlər var və mən onlara minnətdaram. Bir adam durub Markesin tərcüməsində eşib 3 səhv tapıb, o boyda çəkilən əzab-əziyyəti, zəhməti qırağa atırsa, xırda adamdır, içi yoxdur! Onun içində kin-küdurət, aqressivlik var.

- Amma Əkrəm müəllim, yazıçı necə ifadə edibsə, tərcüməçi də olduğu kimi verməli, o sözün qarşılığını tapmalıdır. Orda nələrisə ürəyi istədiyi kimi tərcümə etməyə tərcüməçinin haqqı yoxdur axı.

- Markes bir fikir deyib, bir ağrını təsvir edib. Sən bu ağrını, bu psixoloji anı, bu ruhi vəziyyəti öz dilinə çevirib yarada bilmisənsə, bu tərcümədir. Yoxsa sözü belə demə, elə
de, təhrif elə, əlli dənə şey... O, həlledici moment deyil tərcümədə. Klassik tərcüməçilər qabağıma tərcümə qoyublar, görmüşəm ki, əsərin ruhu yoxdur orda. Yəni yazıçının öz ahəngi var, öz ritmi var, öz ab-havası, öz ovqatı var, bunlar həlledicidir. Yoxsa mən özüm bu yazıda 50 misal taparam. Özü də Əkrəm Əylisli SSRİ miqyasında guruldayan yazıçılardan idi. Mənim tərcüməçiliyə ehtiyacım yox idi. Tərcüməni etmişəm ki, mən Markesi oxumuşam, sevmişəmsə, başqaları da görsün, oxusun.

- Amma bir qədər əvvəl başqa söz deyirdiz. Dediniz ki, tərcümə işinə ona görə gəldim ki, pul qazanım.

- O heç. Mən sizə 1960-cı illərdən danışırdım, Markesi 80-ci illərdə tərcümə etmişəm. O zaman tərcümədən pul qazanmağa ehtiyacım yox idi. Özüm “Azərbaycan” qəzetinin redaktoru idim. “Gözlənilən qətlin tarixçəsi”ndə çox adi bir süjet var. Bir qız ərə gedib və bakirə çıxmayıb. Və bunun bakirə çıxmaması ətrafında fəlakət yaranıb. Bunu bir Azərbaycan yazıçısı yazsaydı, müsibət yazardı, gülünc, mənasız bir şey yazardı. Mən istədim sübut edim ki, Markes texnikanın gücünə belə fəlsəfi, dahiyanə əsər yazıb. Mən ömrüm boyu ədəbi maarifçiliklə məşğul olmuşam. Bir şeyi də deyim sovet tərcümə məktəbi mahiyyəti etibarilə fərqli idi. Azərbaycanda tərcümə sənəti də rus tərcümə sənətinin tərkibindəydi, ordan qidalanırdı. İndiki tərcümə biznesdir. Biznesin də öz qaydaları var. Sovet tərcümə məktəbisə böyük mərkəz idi.

- Amma 150 cildlik Dünya ədəbiyyatı kitabxanası layihəsinin redaktoru Salam Sarvan deyir ki, layihənin redaktorları söyüş söyməyə sovet dövrü tərcümələrinin redaktə prosesində alışdılar. “Elə dəhşətli “tərcümə” məqamlarına rast gəlirdik ki, adam heyrətə gəlirdi. Doğrudanmı, sovet dövründə tərcümə sahəsinin bir yiyəsi olmayıb?”

- Salam Sarvanın bu fikrini mən on dəfələrlə demişəm. Mənim tərcümə haqqında dediklərimi oxusunlar. Mən sovet dövrünü tərifləmirəm. Amma tərcüməçiləri yetişdirmək lazımdır.

“MARKESİ ORTABAB TƏRCÜMƏ ETMƏKDƏNSƏ...”

- Günel Mövlud deyir ki, “Yüz ilin tənhılığı”nın mükəmməl deyil, yaxşı tərcümə olduğunu özüm də dəfələrlə mətbuatda demişəm. Amma Əkrəm müəllim bu tərcümə barəsində danışanda nəsə narahatlıq hiss elədim: asan deyil, Markesin ən yaxşı tərcüməçisi Əkrəm Əylisli hesab olunur, amma Markesin ən məşhur və ən iriçaplı əsərini Azərbaycan dilinə arıq-uruq, uzunburun bir qız çevirir. Onilliklər boyu Əkrəm müəllimin nə özü, nə də onun nəslindən heç bir yazar bu əsərin məsuliyyətinin altına girməyə cəsarət eləməmişdi…

- Tamamilə doğru deyir. Məsələ burasındadır ki, Markesin “Patriarxın payızı” əsərini – əslində, əsərin adını belə tərcümə eləmək olmaz, orijinaldakı mənanı vermir – bu əsəri tərcümə etmək istədim. Gördüm ki, onu tərcümə etməyə mənə düz bir il vaxt lazımdır.
Əkrəm Əylisli və Şahnaz Bəylərqızı
Əkrəm Əylisli və Şahnaz Bəylərqızı
Ya da “Yüz ilin tənhalığı”nı tərcümə etmək üçün hər gün işləmək şərtiylə mənə il yarım vaxt gərəkdir... O ki qaldı indiki tərcüməçilərə, cavandırlar, özlərini yavaş-yavaş təsdiqləyirlər. Onlara bir az heyfim gəlir. Markesi ortabab tərcümə etməkdənsə, Günel o gözəl şeirlərini yazsa yaxşıdır.

“ƏGƏR SALAM SARVAN ALMAN DİLİNİ BU QƏDƏR GÖZƏL BİLİRSƏ...”

- Əkrəm müəllim, indi fikirlər səslənir ki, üçüncü dildən tərcümə düzgün deyil.

- Bunlar şərti söhbətlərdir. Bir Əhməd Şmide vardı, Qərbi Almaniyada yaşayırdı. Mənim ilk hekayəmi o, tərcümə etmişdi almancaya. Mən əlaqələr yarananda Henrix Böllün “O illərin çörəyi”ni göndərdim. Mənə yazmışdı ki, siz bunu ruscadan tərcümə etmisiz, amma alman dilinə necə də yaxındır. Mən bunu 25 yaşımda tərcümə etmişdim.

- Salam Sarvansa deyir ki, redaktorlardan biri Əkrəm Əylislinin tərcümə etdiyi “O illərin çörəyi”ni layihədən çıxarmağı təklif edib. “Çünki burada tərcümənin ən elementar prinsipləri pozulmuşdu. Böllün uslubu, yazı texnikası təhrif olunmuş və əkrəmləşdirilmişdi. Ancaq layihənin rəhbəri Kamal Abdulla Əkrəm bəyin tərcümələrini layihədən çıxarmağa imkan vermədi”. Başqa bir yazar isə deyir ki, Böllün cümlələri qısadır, Əkrəm Əylisli isə onları başqa cür tərcümə edib...

- Əgər Salam Sarvan alman dilini bu qədər gözəl bilir, intonasiyaları hiss edirsə, bunu anlamaq olar. Əgər elə-belə deyirsə... Sovet vaxtı tərcüməçi müəllifin iri cümləsini kiçildə, kiçik cümləsini böyüdə bilməzdi. Mümkün deyildi. Böyük tələbkarlıq vardı. Ona görə, həmin fikirlər yanlışdır. İkincisi, Salam Sarvana da, başqalarına da deyirəm ki, mən tərcüməçi deyiləm. Mən yazıçıyam. Mənim tərcüməmdə qüsur axtarmaq əlacsızlıqdan mənə nəsə yaxmaq istəyənlərin işidir. Mən rus yazıçılarından da tərcümələr etmişəm, orda bir kəlmə o yan-bu yana tapa bilməzlər. Çexovu, Korolenkonu tərcümə etmişəm, Şukşini tapsınlar. Orda heç nə dəyişə bilməzlər. Şukşini Azərbaycan dilində mümkün variantında yaratmışam.

“TƏRCÜMƏÇİLİK MƏNDƏ AZƏRBAYCAN DİLİNİN QÜDRƏTİNƏ İNAM YARADIB”

- Nadir Qocabəyli yazır ki, mən tərcümə edilən mətnə bu qədər sərbəst yanaşmanı doğru hesab etmirəm (əvvəlki şərhdə göstərilmiş misallara münasibət bildirir – red.). Burada mizan Əylislinin fərdi üslubu xeyrinə pozulub. Əslində isə, tərcümə elə olmalıdır ki, həm orijinal ciddi təhrif olunmamalı, həm də Azərbaycan dili ziyan çəkməməli, əksinə, yeni sözlər, ifadə formaları, sintaktik qəliblər hesabına zənginləşməlidir.

- Çox həvəslə hər kəs hər kəsi öyrədir. Durub mənim tərcümələrimi yoxlamaq gülünc gəlir. Ancaq tənqid etmək xisləti əskik insanlara aiddir.

- Heçmi bəyəndiyiniz tərcüməçi yoxdur?

- Şeir deyirsizsə yadıma gəlmir. Nəsrə gəlincə... Yadıma düşdü, Vidadi Babanlı Rasputindən gözəl tərcümə etmişdi. Natiq Səfərovun tərcümələrinin bir qismi çox yüksək səviyyədə idi. Əgər “xaltura” etmirdisə, vurub tərcümə etmirdisə.... O zaman yetişirdilər.

- Bircə indikiləri bəyənmirsiz?

- Niyə bəyənmirəm ki?.. Düzünü deyim, rusca oxuduğumun Azərbaycan dilinə tərcümədə üçqat itirildiyini görürəm.

- Tərcüməçilər həm də Azərbaycan dilinin imkanlarının məhdud olmasından gileylənirlər. Siz də tərcümə zamanı belə çətinliklərlə qarşılaşmısızmı?

- Dəhşət çətinliklər olub. Amma tərcüməçilik məndə Azərbaycan dilinin qüdrətinə etiqad yaradıb, inam yaradıb. Elə ki cümləni qurtarmışam, elə sevinmişəm... Yəni dilimizdə bu alınırmış, dilimiz buna qadirmiş! Tərcüməçinin əsas işi odur ki, başqa dildəki sehri öz dilində də verə biləsən.
XS
SM
MD
LG