Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Söyüş dolu lətifə nağıl kitabına necə düşüb? [Tərtibçi danışır]


Azərbaycan Folklor külliyyatı
Azərbaycan Folklor külliyyatı

«Səmimi deyirəm ki, bu cür materialı mən verə bilməzdim. Elə o biri adam da. Səhv olub. Tək bir nəfərdən asılı deyil ki. Bu geniş oxucu kütləsi üçün deyil. O cür materiallar toplansa da, arxivdə saxlanır, çap olunmur».

-
Lüğətə düşməyən sözlər, ifadələrlə zəngin, bayağı bir əhvalat – «Arzuolunmaz kürəkən» nağılı Azərbaycan Folklor külliyyatının 6-cı cildinə necə düşüb? Külliyyat AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Onun tərtibçisi iki nəfərdir: Hüseyn İsmayılovOruc Əliyev. Oruc Əliyevin AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

- Oruc müəllim, lüğətə düşməyən sözlərlə zəngin, dərin mənası olmayan bu nağılmı deyim, əhvalatmı deyim, necə olub həmin kitaba düşüb?

- Vallah bu, bir az mürəkkəb məsələdir. Mən özüm tərtib elədiyim hissədə beynəlxalq nağıl süjet göstəricisi verilib. Bir də toplayıcı və söyləyici dəqiq göstərilib. Ordasa qeyri-müəyyəndir.

- Oruc müəllim, amma həmin nağılı ora Siz salmısız, tərtibçi Sizsiz...

- Vallah mən salmamışam.

- Bəs kim ora salıb?

- Mən bildiyimi deyirəm ki, siz orda baxsanız... Birinci deyim ki, bizim məqsədimiz o tipli şeylər vermək deyil, başqadır. Əsas məqsəd odur ki, ən yaxşı mənəvi keyfiyyətlər orda əks olunsun. 99 faiz də belədir. İndi bir dənə şey düşüb, necə düşüb, qeyri-müəyyəndir.

- Bəs onda o nağılı ora kim daxil edib? Digər tərtibçi Hüseyn İsmayılov?

- Mən heç kimi günahlandırmaq istəmirəm. Məqsədimiz o deyil ki, bu cür şeyləri verib özümüzü biabır edək. Biz Azərbaycan Folkloru külliyyatı, Azərbaycan Folkloru antologiyası seriyasından kitablar buraxmışıq. Bir də ilkin nəşrlər seriyasından. İkinci tərəfdən bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulmayıb. Məhdud dairə üçün hesablanıb. Yəni, azyaşlı uşaqlar, yeniyetmələr üçün nəzərdə tutulmayıb. Sırf mütəxəssislər üçün hazırlanıb bu toplular.

- Amma istənilən halda maraqlıdır. Tərtibçi deyir bilmirəm, o nağıl ora necə düşüb, Redaksiya Heyətinin üzvü Qara Namazov deyir ki, o nağılı oxumayıb. Bəs o zaman kim nəzarət edib? Kitab Elmi Şuranın qərarı ilə çıxmayıbmı? Bu nağıl bu qədər gözdən necə yayına bilərdi?

- Mən elə demirəm ki... Deyirəm ki, bu cür nağıl tərtib vermək bizim məqsədimiz deyil. Necə düşüb Allah bilir.

- Bəs kim bilir?

- Mən də bilmirəm demirəm ki... Orda məntiqsizlik var ki, söyləyici və toplayıcı haqda məlumat yoxdur. O nağıldan başqa orda maraqlı bir şeyə rast gəlmədinizmi?

- Kitabı açırsan və belə bir nağılı görəndə çaşırsan. Nə uşaq oxuya bilir, nə özün…

- Uşaqlar üçün deyil o kitab.

- Amma Azərbaycan nağılları külliyyatıdırsa, uşaq da kitabı aça, oxuya bilər.

- Uşaqlar üçün çap olunan folklor nümunələrində yaş xüsusiyyəti, nağılın xüsusiyyəti nəzərə alınmalıdır. Hər nağılı uşaqlara vermək olmaz.

- Mən bildiyim qədər o kitabın üstündə və ya girişində yazılmayıb ki, 18 yaşdan yuxarı uşaqlar üçündür.

- O satış üçün nəzərdə tutulmayıb.

- Ədəbiyyatda bəzən çılpaq, ədəbsiz ifadələrdən, jarqon və söyüşdən istifadə olunur. Amma bu hansısa məqsədə xidmət edir, yerinə düşür. Bu hekayədəsə ümumiyyətlə, məna yükü yoxdur, mesaj yoxdur. Və ya ibrətamiz əhvalat deyil ki, deyəsən oxucu oxuyub nəticə çıxaracaq. Onu çap etmək nə qədər məntiqə uyğundur?

- Bilmək istəyirsizsə, mən elə şey haqda düşünmürəm. Elə nümunə toplamaq ağlıma da gəlməyib, toplamamışam.

- Bəs tərtibçi olaraq onu çıxarmaq istəmədizmi?

- Tərtibçi tək mən deyiləm.

- İki nəfərsiz. Siz çıxarılması ilə bağlı etiraz edə bilərdiz.

- Beş-altı il əvvəl nəşr olunub.

- O doğrudurmu ki, həmin nəşri yığıb ləğv etmək istəyirlər?

- Nə deyim vallah. Nəşr olunan kitabda yüzlərlə nağıl var. Biz Azərbaycan folkloru seriyasından Borçalı, Qarabağ, Dərbənd, Ağbaba folkloru haqda antologiyalar hazırlamışıq. Bu cür işləri yaymaq, təbliğ etmək daha yaxşı olardı, nəinki hər hansı xoşa gəlməyən şeyi müzakirə etmək, yaymaq. Çox pis təsir edir bu mənə.

- Gördüyünüz işlərin üstündən heç kim xətt çəkmir. Yəqin mütəxəssislər də qiymətini verəcək. Sadəcə, belə əhvalatın kitaba düşməsinə aydınlıq gətirmək istəyirik.

- Səmimi deyirəm ki, bu cür materialı mən verə bilməzdim. Elə o biri adam da. Səhv olub. Tək bir nəfərdən asılı deyil ki. Olub da, təsadüfdür. Bu geniş oxucu kütləsi üçün deyil. O cür materiallar toplansa da, arxivdə saxlanır, çap olunmur.

- Amma yenə də demədiz ki, o nağıl ora necə düşüb və onu nağıl sayırsızmı?

- Məndən asılı olsaydı, əlbəttə verməzdim. Necə düşməyini bilsəydim, ora düşməzdi axı...

- Bir də Azərbaycan nağıllarının ləhcəylə nəşri nə qədər lazımlıdır, düzgündür?

- Bizim ünlü folklorçularımız Məmmədhüseyn Təhmasibi, Nurəddin Seyidovu, Əhliman Axundovu və başqalarını həmişə tənqid ediblər. Təhmasib müəllim «Koroğlu» dastanını bir neçə dəfə çap etdirib. O, həmişə folklor materialını təmizləyib, belə qeyri-etik şeyləri çıxarıb, üzərində işləyib, folklor mətnlərinə müdaxilə edib. Və ləhcədə, şivədə verməyib. Söyləyicinin dilində yox, ədəbi dildə verib. Təhmasib müəllim özü də yazır ki, bəzi Azərbaycan nağıllarını ədəbi dil normalarına uyğunlaşdırıb nəşr etmişik. Çünki bunu uşaqlar da oxuyur. İndi biz bunu 5 min tirajla çap edirik. O zaman 40-50 min tirajla çıxırdı. Ona görə ədəbi dilə uyğunlaşdırıblar. Buna görə də həmin folklorçular tənqid olunublar. Buna görə «Koroğlu» dastanının Moskvada nəşr olunmadığı da deyilir. İnstitut işə başlayanda, biz də bu amili nəzərə aldıq. Folklorşünaslıqda tələb olunur ki, mətnə müdaxilə etmək olmaz. Ancaq kütləvi nəşrlərdə üzərində işləmək lazımdır.
XS
SM
MD
LG