Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

XIX əsrə tək Zərdabi yetərdi!


Həsən bəy Məlikov (Zərdabi)
Həsən bəy Məlikov (Zərdabi)
Bu həftə Zərdabi həftəsidir.

Çünki həftə sonu - 22 iyul Zərdabi günü, «Əkinçi» günüdür.

Azərbaycan mətbuatı 137 yaşına çatır.

İyul ayı bizim bayramımızdır.

Biz jurnalistlər illərdir ki, Zərdabinin 1875-ci ildə milli mətbuatın əsasını qoyduğu günü bayram edirik.

Nə xoşbəxtik biz jurnalistlər, deyilmi?

Örnək götürəcəyimiz bir insan var.

Özü də, bu insan bizdən iki əsr öncə yaşamasına baxmayaraq, müasirimizdir, çağdaşımızdır!

Zərdabinin böyüklüyü, nəhəngliyi də elə bundadır.

Gələcək hər nəsil onu öz müasiri biləcək.

Gələcək hər nəsil ondan nümunə götürəcək.

Gələcək hər nəsil keçmişi onun timsalında dindirəcək.

İnanın, XIX əsrə bir Zərdabi yetərdi!

Amma Böyük Yaradan sandığımızdan daha lütfkarmış.

O əsrdə neçə-neçə şəxsiyyətlər doğuldu, yaşadı, yaratdı, tarixə düşdü.

Mirzə Fətəlini, Abbasqulu Ağanı, Üzeyir bəyi, Mirzə Cəlili, Məhəmməd Əmin bəyi, Sabiri yada salın.

Bu siyahını nə qədər desən artırmaq olar.

Amma Zərdabinin yeri bir ayrıdır...

Rəhman Bədəlov demişkən, Zərdabi Azərbaycanın yeni tarixi, yeni düşüncəsi deməkdir.

Onunla çağdaş tariximiz başlayır.

O, tarixdən kənar yaşamaqdan utandı.

Ulu babalarımızı dünya ilə təmasa səslədi.

O, XIX əsrdən XX əsrə keçiddə bizim ən əsas, ən faciəvi qəhrəmanımızdır.

Rəhman müəllimin fikrincə, Həsən bəy yazdıqlarından da böyük insandır. İstəkləriylə, səhvləriylə, məğlubiyyətləriylə, həyata keçirə bilmədikləriylə birgə böyük İnsandır.

Professorun fikrincə, biz daim onun çağırışlarına cavab verməliyik.

Odur ki, Zərdabini düşünəndə, özümüzü düşünmürüksə, heç Zərdabini anmağa dəyməz…

Və ya Zərdabi haqqında az düşünürüksə, demək məğlubiyyətlərimizin səbəbini dərk edə bilmirik...

Bu «İZ»də sizləri bir daha Zərdabini düşünməyə dəvət edirik.

İyulun 22-nə düz bir həftə qalır.

Düşünmək, özünə nəzər salmaq üçün bir həftə də yetər.

Verilişi burdan dinlə:

XS
SM
MD
LG