Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:52

AXC-nin 23 illiyi necə qeyd olundu?


Əli Kərimli
Əli Kərimli
-
«Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan Xalq Cəbhəsi Azərbaycana ikinci dəfə müstəqillik gətirib və Azərbaycanda təmiz xidmət, fədakarlıq, islahat nümunəsini yaradıb».

Bunu AXCP sədri Əli Kərimli deyir.

Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 23 il keçir.

İyulun 16-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçirilən tədbirdə AXCP sədri Əli Kərimli Azərbaycan Xalq Cəbhəsinin keçdiyi yolun ağır və şərəfli olduğunu deyib:

«Son 19 ildə Azərbaycan Xalq Cəbhəsinin varisi Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəmizdə avtoritarizmin daha da möhkəmlənməsinə, tam bir diktatorluğun bərqərar olmasına qarşı ardıcıl mübarizə aparıb. Bu müddət ərzində sıralarımızdan yüzlərlə siyasi məhbus vermişik. Minlərlə cəbhəçi inzibati həbs cəzası alıb. Minlərlə cəbhəçi işini itirib, təzyiqlərə, məhrumiyyətlərə məruz qalıb. Hal-hazırda da həbsdə olan cəbhəçilər var. AXC həmişə təzyiqlərin əsas hədəfi olub. Buna baxmayaraq, biz yorulmuruq, sarsılmırıq».

XEYİR-ŞƏR YERİNDƏ TƏSİS KONFRANSI

​Müsavat başqanı İsa Qəmbər isə 23 il əvvəli – Əbülfəz Elçibəylə birlikdə AXC-nin təsis konfransını belə xatırlayır:

«Mən həmin isti yay gününü xatırlayıram. 16 iyul 1989-cu ildə müəyyən gedişlərlə o zamankı milisin diqqətini başqa istiqamətə yönəltdik və bildirdik ki, təsis konfransı Bakı bağlarının birində keçiriləcək. Milisin diqqəti ora yayındıqdan sonra konfrans iştirakçılarını taparaq 8-ci mikrorayondakı məhəllələrin birində xeyir-şər yerinə yönəltdik və o şəraitdə təsis konfransı başladı. Bir neçə saatdan sonra konfransın keçirilməsindən xəbər tutan milis ərazini mühasirəyə aldı. O zaman Azərbaycan rəhbərliyinin nümayəndələri həmin əraziyə gəldilər, konfransın işini dayandırmağa çalışdılar. Amma cəbhəçilərin və konfransda iştirak edən tanınmış ziyalıların prinsipial mövqeyi nəticəsində bu cəhdin də qarşısı alındı. Konfrans işini uğurla davam etdirib, başa çatdırdı».

AZƏRBAYCANI MÜSTƏQİL OLMA TARİXİ

Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli Azərbaycan Xalq Cəbhəsində vaxtilə Nəcəf Nəcəfov, Yusif Səmədoğlu kimi ziyalıların olduğunu xatırladıb.
Cəmil Həsənli
Cəmil Həsənli
O, bildirib ki, Azərbaycanda xalq iki dəfə öz hakimiyyətini formalaşdıra bilib – 1918-ci ildə və 1992-ci ildə:

«Təxminən 100 il ərzində Azərbaycan xalqı 2 dəfə belə bir imkan əldə etmişdi. Hər iki imkanda nəinki Azərbaycana, həm Azərbaycanın yerləşdiyi regiona, həm də çağdaş dünyaya nümunə olacaq seçki keçirilib, hakimiyyət formalaşdırılıb. Ona görə də, AXC-nin tarixi Azərbaycanın müstəqil olma tarixidir. AXC-nin tarixi Azərbaycanın milli birlik tarixidir».

RAFİQ ƏLİYEV: «BU XALQIN AYILMASI YAMAN OLUR...»

Professor Rafiq Əliyev isə çıxışında siyasi partiyaların münasibətlərinin normallaşmasının əhəmiyyətindən danışıb. O, çıxışına mərhum alim Xudu Məmmədovun yazdığı bayatıyla başlayıb və elə bayatıyla da yekun vurub:
Rafiq Əliyev
Rafiq Əliyev

«Göydə ulduz sayılmaz,
Çiy yumurta soyulmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

Xudu Məmmədovun arzusu 90-cı illərdə yerinə yetdi. Mən bir məsələni də mesaj kimi demək istəyirəm ki, bu xalqın ayılması da yaman olur. Bir dəfə görmüşük bunu...».

Azərbaycan Xalq Cəbhəsi 1989-cu il iyulun 16-da yaranıb. İlk sədri Əbülfəz Elçibəy olub.
XS
SM
MD
LG