Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:33

Yol polisləri və qəflətən ölən sürücü


Arxiv foto
Arxiv foto
Bakı sakini Sabir Hüseynov «Qaynar xətt»ə danışıb ki, 31 yaşlı oğlu Əli Hüseynov 2010-cu ilin dekabr ayının 28-də Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində yol patrul xidmətinin əməkdaşları ilə söhbət edərkən qəflətən ölüb. Ata oğlunun ölüm səbəblərinin hələ də qaranlıq qaldığını bildirir:

«OĞLUM POLİS MAŞINININ YANINDA YERƏ YIXILMIŞDI»

Sabir Hüseynov: «Yol polisinin maşını bizim maşının arxasında dayandı. Polislər özləri maşından düşmədiklərinə görə, oğlum məcbur olub özü düşdü və onların maşınına yaxınlaşdı. Oğlum əvvəlcə sükan arxasında oturan polisə yaxınlaşıb soruşdu ki, məni niyə saxlamısız? Həmin polis yanında oturmuş başqa polisi göstərdi, dedi, ona yaxınlaş. Oğlum da ikinci polisə yaxınlaşdı, əyildi, maşının pəncərəsindən boylanıb başladı həmin polislə danışmağa. Bu yerə qədər mən onları müşahidə edirdim, gördüm söhbət edirlər, üzümü çevirdim, başladım oğlumu gözləməyə. Gördüm gəlib çıxmır, maşından düşdüm ki, görüm söhbətləri nə yerdə qalıb. Bir də baxdım ki, polislərdən biri maşından düşüb mənə tərəf gəlir. Dedi, gəl gör oğluna nə oldu? Oğlum polis maşınının yanında yerə yıxılmışdı, huşsuz idi. Təcili yardıma zəng elədilər, o da gəlib çıxmadı».

Sabir Hüseynov deyir ki, yol polisləri oğlunu polis maşınına qoyaraq Xocəsəndəki təcili yardım stansiyasına aparıblar. Ancaq həyatını xilas etmək mümkün olmayıb.

«Nə qədər şikayət elədik ki araşdırsınlar görək, sağlam oğluma polislər nə etdilər ki, yerə yıxıldı, öldü. Ancaq şikayətlərimizə baxmadılar».

«SÜRÜCÜ ÜRƏK ÇATIŞMAZLIĞINDAN ÖLÜB»

Binəqədi rayon prokurorluğundan «Qaynar xətt»ə bildirdilər ki, Sabir Hüseynovun yol polisləri ilə bağlı cinayət işi başlanmasına dair ərizəsi prokurorluqda araşdırılıb. Oğlu Əli Hüseynlinin öz əcəli ilə öldüyü müəyyən edildiyi üçün cinayət işi başlanması rədd edilib.

Yol polisi Vüqar Ələkbərov izahatında bildirib ki, polis baş serjantı Azad Ağayevlə birlikdə Bakı-Şamaxı-Yevlax yolunun 10-cu kilometrliyində xidmət apararkən yol hərəkəti qaydasını pozduğuna görə sürücü Elşən Hüseynliyə maşını saxlamaq işarəsi veriblər. Sürücü maşından düşüb onlara tərəf gəlib. Əvvəl maşını idarə edən Azad Ağayev tərəfə yaxınlaşıb, «rəis, nəyə görə saxladın, nə qulluq» deyə soruşub. Sonra maşının arxa tərəfindən keçərək ön salonda əyləşmiş Vüqar Ələkbərova yaxınlaşmaq istəyib. Arxa qapıya çatanda qəflətən yerə yıxılıb. Polislər sürücünün qoluna girərək onu səkiyə oturdublar. Onlara yaxınlaşan atası Sabir Hüseynovdan oğlunun hər hansı xəstəlikdən əziyyət çəkib-çəkmədiyini soruşublar. Təcili yardım çağırsalar da, gözləmədən öz maşınlarına qoyub Xocəsəndəki təcili yardım stansiyasına gətiriblər. Süni nəfəs və tibbi yardım göstərilsə də, sürücünün həyatını xilas edə bilməyiblər. Sonradan onlara məlum olub ki, sürücü ürək çatışmazlığından ölüb.

Binəqədi prokurorluğundan onu da bildirdilər ki, ekspert Elşən Hüseynlinin burnunda yüngül, sağlamlığa zərər vurmayan xəsarət aşkar edib. Bu, yıxılmadan alınan xəsarət kimi qiymətləndirilib. Ölümə səbəb isə ürək çatışmazlığı olub.

Beləliklə, prokurorluqdakı araşdırmanın nəticəsinə görə, Elşən Hüseynli öz əcəli ilə ölüb. Yanvarın 24-də müstəntiq Elşən Məmmədov cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarıb. Ata isə qərarla razılaşmayaraq məhkəməyə şikayət edib. Məhkəmə müstəntiqin qərarını əsaslı hesab edərək Sabir Hüseynovun şikayətini təmin etməyib.
XS
SM
MD
LG