Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:51

«Varlı qadın» bu dəfə «Tuqanlıq»da...


Arxiv foto
Arxiv foto
Başqırdıstanın mərkəzi Ufa şəhərində bu ilin 6 – 13 sentyabrında keçiriləcək türkdilli xalqların V Beynəlxalq «Tuqanlıq» teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin «Varlı qadın» komediyası ilə çıxış edəcək.

Xəbəri AzadlıqRadiosuna Əli Əmirli verib.

«Dagestanskaya pravda» qəzetinin verdiyi xəbərə görə «... dünya, rus və milli dramaturgiya nümunələri ilə zəngin olan Kumık teatrının məhz azərbaycanlı dramaturqun əsərinə üstünlük verməsi komediyanın ideya və məzmununun postsovet məkanı ölkələrinin xalqları üçün başa düşülən və son dərəcə aktual olması və ən əsası tamaşanın böyük uğurla oynanması» ilə bağlıdır.

«Varlı qadın»ın Kumık versiyasının quruluşçu rejissoru Rusiya Federasiyasının əməkdar incəsənət xadimi İslam Kaziyevdir. Ötən ilin mart ayından Kumık teatrında oynanan komediyanın bütün tamaşaları anşlaqla keçir.

Xatırladaq ki, Əli Əmirlinin 1999-cu ildə qələmə aldığı «Varlı qadın» pyesini ilk dəfə Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyev tamaşaya qoyub.

2003-cü ildə «Varlı qadın» Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında, sonralar isə ölkənin əksər teatrlarında uğurla səhnələşdirilib.

2008-ci ildən «Varlı qadın» Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistanın bir sıra teatrlarında rus və yerli dillərdə tamaşaya qoyulub.

Orta Asiya ölkələrinin Almatı şəhərində keçirilən II Beynəlxalq teatr festivalında Tacikistanın M.Vohidov adına Dövlət Gənclər Teatrı məhz «Varlı qadın» tamaşası ilə təmsil olunub və iki nominasiya üzrə festivalın qızıl medalına layiq görülüb.

«Krımskaya pravda» qəzetinin verdiyi xəbərə görə, «Varlı qadın» bu dəfə Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulacaq.
XS
SM
MD
LG