Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:05

Monteneqro müxalifəti Azərbaycanın neft şirkətindən şübhələnir


Kumbor
Kumbor
-

Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Monteneqroya rəsmi səfərə gedib. İlham Əliyevin bu kiçik Balkan respublikasına səfəri zamanı rəsmi məlumata görə ölkələr arasında siyasi-iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Azərbaycan Dövlət Neft Şirkətinin keçən il Monteneqroda böyük istirahət mərkəzini kirayəyə götürməsi bu ölkədə müxalifət fəallarının narazılığına səbəb olmuşdu.

Keçən ilin yayında saytımızda yayılan məlumatı təqdim edirik:

***

“Bizim hökumətin həyata keçirdiyi özəlləşdirmə prosesində korrupsiya hallarının mövcudluğunu nəzərə alaraq Monteneqro hökumətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə konkret razılaşma əldə etdiyini açıqlamasını böyük narahatlıqla qarşılayırıq”.

Monteneqrodakı müxalifyönlü “Dəyişiklik Uğrunda Hərəkat”ın lideri Nebojsa Medojevic bunu Azadlıq Radiosunun Balkan xidmətinə müsahibəsində deyib.

Monteneqro hökuməti mənzərəli Kumbor ərazisində 242 min kvadratmetr ərazini istirahət zonası yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) icarəyə verməyə hazırlaşır.

Nebojsa Medojevic:

“ARDNŞ dünyada anti-korrupsiya tədbirlərinə qucaq açmayan şirkət kimi tanınır. Biz bilmirik ki, bu razılaşmanın Monteneqro iqtisadiyyatına nə təsiri olacaq? Əminik ki, bizim tərəfdən danışıqları aparan xarici işlər naziri bu razılaşma ilə bağlı bəzi korrupsiya hallarında iştirak edəcək. Buna görə də biz bu razılaşmanın həyata keçirilməsini diqqətlə izləyəcəyik. Parlamentdə də izləyəcəyik. Çünki bizim oxşar razılaşmalar ilə bağlı pis təcrübəmiz olub: alüminium zavodunda, enerji sektorunda və bütövlükdə ölkə iqtisadiyyatında”.

Kumbor
Kumbor
SOCAR Kumbor ərazisinə ilk 4 ildə 52 milyon, ümumilikdə isə 8 il ərzində 258 milyon avro sərmayə qoyacaq.

SOCAR ilk 45 ilin icarə haqqını avans olaraq ödəyəcək. O cümlədən, hər kvadratmetrə görə 1 avro və götürəcəyi gəlirin 5 faizini ödəyəcək.

Saziş hazırlıq prosesindədir. Yekun saziş və investisiya planı hələ dəqiqləşdirilir.

ABŞ ŞİRKƏTİ: "BUNUN NƏSƏ BAŞQA SƏBƏBİ VAR"

ABŞ-da yerləşən «NCH Capital» şirkəti tenderdə SOCAR-a uduzub. Şirkət nəticələrin etibarsız sayılması üçün Monteneqronun Ali Məhkəməsinə müraciət edib.

ABŞ şirkəti Monteneqro hökumətinə SOCAR-dan daha çox - ərazinin hər kvadratmetrinə 2 avro, üstəlik də, gəlirin 5.1 faizini təklif edirdi. «NCH Capital» əvvəlcə tenderi keçirən orqana rəsmi şikayət edib. Ancaq Monteneqro Özəlləşdirmə Şurası şikayətin gec verilməsini əsas gətirərək ona baxmayıb. «NCH Capital» isə şikayəti vaxtında verdiyini bildirir.

«NCH Capital» deyir ki, SOCAR-ın təklifi texniki səbəblərdən qəbul edilməməliydi. İkincisi də, «NCH Capital» SOCAR-dan daha səmərəli təkliflər irəli sürüb:

«Siz BP və ya «Exxon» şirkətlərini istirahət yerləri salan görə bilməzsiniz. Bunun nəsə başqa bir səbəbi var».

ARDNŞ TƏNQİDLƏRİ ƏSASSIZ SAYIR

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Azadlıq Radiosuna bildirib ki, onlar Monteneqrodan səslənən tənqidləri qəbul etmirlər: "Biz sadəcə, tenderdə iştirak etmişik və tenderi udmuşuq. Qalib gəlmişik. Əgər kiminsə bu məsələdə iradı, təklifi varsa, tenderi keçirənlərə olmalıdır".

N.Quliyev deyir ki, şirkətin şəffaflığa meylli olmaması ilə bağlı iradları əsassız sayır.

"Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüslərinə ilk qoşulan ölkələrdən olub. Bizim şirkətin hesabatlarını hər il dünyanın tanınmış audit şirkətləri yoxlayır. ARDNŞ-in saytı daim yenilənir, mətbuat xidməti daim jurnalistlərlə ünsiyyətdədir, öz qəzetimiz çıxır, şirkətin fəaliyyəti ətraflı işıqlandırılır".

Azərbaycan daxilində Monteneqro razılaşması haqda səslənən tənqidlərə gəlincə, N.Quliyev deyib ki, bunlar siyasi motivlidir: "ARDNŞ ölkənin ən böyük şirkətidir, çalışırlar ona qara yaxsınlar".
Kumbor
Kumbor
XS
SM
MD
LG