Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:22

London 2012: Geyimlərin olimpiadası


Ruslar olimpiya komandaları üçün geyimi İtaliyanın «Bosco» firmasına etibar ediblər
Ruslar olimpiya komandaları üçün geyimi İtaliyanın «Bosco» firmasına etibar ediblər
-
Belə bir deyim var: «Gözəllik ondur, doqquzu dondur».

Hərçənd bunu olimpiya oyunları iştirakçılarının geyimlərinə şamil etmək çətindir, məhz bu, London Yay Olimpiadası ərəfəsində ən çox siyasi debatlara səbəb olan məsələyə çevrilib.

ABŞ milli komandasının London Olimpiadasının açılışında geyinəcəyi kostyumların bəzi elementlərinin Çində tikilməsi istər Konqresdə, istərsə də Senatda qızğın mübahisələrə səbəb olub.

Bir çox siyasətçilər ABŞ millisi üçün paltarların Çində tikilməsini «qeyri-vətənpərvər hərəkət» adlandırıblar.

Bəziləri isə Çinin insan haqlarını və beynəlxalq ticarət qanunlarını pozmasını əsas gətirərək, belə bir sifarişin Çinə verilməsini rüsvayçılıq kimi qiymətləndiriblər.

Bəzi siyasətçilər hətta bu kostyumların yandırılmasını təklif ediblər.

ABŞ Olimpiya Komitəsi və geyimlərin dizayneri Ralph Lauren isə öd püskürən debatlara «su çiləmək» üçün vəd ediblər ki, növbəti olimpiadanın geyimləri ABŞ-da tikiləcək.

Bir sözlə, məsələ siyasi mübarizə müstəvisinə keçib.

Lakin bu sayaq siyasiləşdirmə təkcə ABŞ-da baş vermir.

«VƏTƏNİN İSTEDADLI DİZAYNERLƏRİNDƏN İSTİFADƏ EDİLMƏYİB»

Yeni Zelandiya komandasının geyimi üçün sifariş «Kiwinin Rodd&Gunn» firmasına verilib. Öz növbəsində, bu məşhur şirkət İtaliyada dizaynlanmış kostyumları Türkiyədə, Çində və İtaliyada tikdirib.

Buna bir çox zelandiyalı, o cümlədən ölkənin tanınmış geyim dizayneri Denise L'Estrange-Corbet etirazını bildirib.
Böyük Britaniya komandasının geyimi də tənqidlə üzləşib
Böyük Britaniya komandasının geyimi də tənqidlə üzləşib
O deyib ki, «vətənin istedadlı dizaynerlərindən istifadə edilməyib».

Milli Olimpiya Komitəsi öz qərarını müdafiə edib və bildirib ki, bütün tanınmış şirkətlər öz məhsullarını xaricdə istehsal edirlər.

Denise L'Estrange-Corbet isə sakitləşmək bilmir:

«Mən təsəvvür edə bilmirəm ki, İngiltərə komandasının geyimi Bolqarıstanda dizayn edilsin».

Yəqin, Denise L'Estrange-Corbet bixəbərdir ki, Böyük Britaniya komandasının geyimi də Britaniyada tənqidlə üzləşib. Bu formaları «Adidas» üçün dizayn edən Stella McCartney (o, məşhur Paul McCartney'nin qızıdır) Britaniya bayrağının qırmızı-mavi rənglərindən deyil, yalnız mavi çalarlarından istifadə etdiyi üçün «qeyri-vətənpərvərlikdə» günahlandırılıb.

Olimpiya qiyafəsini elə həmin «Adidas»a sifariş edən Almaniyada rənglər mübahisə doğurmayıb. Almaniya komandasını oyunların açılışında çəhrayı geyinmiş qadınlar və mavi geyinmiş kişilər təmsil edəcəklər. Bu rənglərin heç biri Almaniyanın dövlət bayrağında yoxdur.

Yeri gəlmişkən, Stella McCartney Olimpiada üçün dizayn edən yeganə müğənni qızı deyil. Məşhur qaradərili müğənni Bob Marley'in qızı Cedella Marley «Puma» firması ilə birlikdə Yamayka idmançıları üçün olimpiya geyimlərini hazırlayıb.
Azərbaycan olimpiya millisinin geyimi
Azərbaycan olimpiya millisinin geyimi

NİYƏ VOLODARSKİ FABRİKİ YOX?

Lakin ölkələr də var ki, milli olimpiya komandaları üçün geyimlərin xaricdə tikilməsi heç bir siyasi debatlara səbəb olmur.

Məsələn, Azərbaycan olimpiya millisinin geyimlərini İtaliyanın məşhur «Ermanno Scervino» firması tikib. (Kim italyan kostyumu geyinmək istəməz ki…). Və heç kim də sual etmir ki, bu sifariş, məsələn, niyə keçmiş Volodarski fabrikinə (indi onun adı başqadır) verilməyib. Halbuki, keçmiş Volodarski fabriki Azərbaycan ordusu üçün NATO standartlarına uyğun hərbi formaları tikməsi ilə öyünür.

Amma məsələ burasındadır ki, yerli istehsallı paltarları Azərbaycanda indi heç müxalifət də geyinmir.

Elə Rusiyanı götürək. «Adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar» deyimini tez-tez işlədən ruslar öz milli olimpiya komandaları üçün geyimi İtaliyanın «Bosco» firmasına etibar ediblər.

Lakin idmançıların əynində yalnız açılış günü, təxminən 7 saat olacaq paltarlara görə bu qədər dedi-qoduya dəyərmi?

Həqiqət budur ki, idman yarışlarında «adamı geyiminə görə qarşılayıb…nəticələrinə görə yola salırlar».
XS
SM
MD
LG