Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:43

Zamin Hacı.Meyvə


-

MEYVƏ

Hardan biləydim axı, beləymiş axırımız;
Bu payızdan sağ çıxım, bir də çiçək açmaram.
Gəldiniz qan gördünüz, görüb qorxub qaçdınız,
Bağlaram üzünüzə, bir də ürək açmaram.

Yadımdan çıxmayıbdı, ürək qayıqcığazlar
Titrək yarpaqlar kimi, sellərə düşmüşdülər.
Çiçəklər pəncərə tək açılan o baharda
Ağaclar dəli olub, çöllərə düşmüşdülər.

Keçib getmək də bilmir, dəvə donqarlı günlər,
Bu səhralıq dünyadan nə idi umacağım?
Axşamların gözündən düşdüm bir axşam çağı,
Daha nəyimə lazım, bu sarı göz muncuğu?

Sovulub meyvələrim küləklərin əlində,
İçi sovqatla dolu xurcun, heybə gözləmə.
Pəncərə şüşələri göz yaşı gətiribdi -
Bu gecikən payızdan özgə meyvə gözləmə.
XS
SM
MD
LG